Siyasət

Dövlət başçısı meliorativ tədbirlərlə bağlı konkret tələb və istiqamətləri açıqladı

6 Aprel 2021 21:07
Baxış: 306

30 ilə yaxın işğal altında qalan Qarabağın azad edilməsi Azərbaycanda su təsərrüfatı sisteminin də yenilənməsi zərurətini yaratdı. Çünki respublikanın əksər su mənbələri əsasən işğaldan azad olunan ərazilərdən formalaşır. Bu sahədə yeniliklərə və innovativ imkanlara malik olmaq üçün isə prosesə müasir menecmentliklə yanaşmaq tələb olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, məhz bu səbəbdən də Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin etdi. Dövlət başçısı aprelin 5-də Zaur Mikayılovu bu təyinat münasibətilə qəbul edərkən də məhz müasir menecment təfəkkürünə görə ona etimad etdiyini vurğuladı.

Əsas prinsip: Müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik

Dövlət başçısı bildirdi ki, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır: "Bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız".

Göründüyü kimi, digər sahələrdə olduğu kimi, su təsərrüfatı sahəsində də innovativlik, müsair münücmüntlik, dürüstlük və şəffaflıq artıq qaçılmazdır.
Əslində, dövlət başçısı bu qəbul zamanı öz nitqində sözügedən sahə ilə bağlı əsas istiqamətləri açıqladı. Məlum oldu ki, meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Xüsusən də su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər, suyun səmərəli istifadəsi olunmaması ilə bağlı da narahatlıq ifadə olundu. Bu sahədə əldə edilmiş uğurlarla yanaşı, çətinliklər və çatışmazlıqların da olduğu ifadə edildi. Dövlət başçısı konkret tapşırıq verdi ki, bunlar aradan qaldırılmalıdır.

Ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir

"Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi" - deyə, Prezident İlham Əliyev vurğuladı.
Yeni rəhbərlik qarşısında qoyulan əsas tələblərdən biri də ölkəyə müasir texnologiyaların gətirilməsi və idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir.
Dövlət başçısı məhz bu məsələyə toxunaraq qeyd etdi ki, biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Ona görə də Prezident birmənalı olaraq bildirdi ki, dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir: "Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması, əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir".

Qarşıya qoyulan digər əsas tələb isə kanalların təmiri və yenidən qurulmasıdır. Çünki sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Torpaq kanallar isə suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, nəticədə itkilər baş verir. Bu, həmçinin torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə də Prezident İlham Əliyev "Canımızı bu torpaq kanallardan qurtarmalıyıq" deməklə işin nə qədər önəm daşıdığını vurğulamış oldu. Eyni zamanda, qeyd elədi ki, dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmaq lazımdır. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək.

Suqovuşan nəzarətimizə keçəndən sonra...

Dünənki qəbulda xüsusi vurğulanan məqamlardan ən başçlıca olanı işğaldan azad olunan ərazilərin su potensialından düzgün istifadə ilə bağlı idi. Dövlət başçısı azad edilmiş torpaqlarda böyük su mənbələrimizin mövcudluğuna və su mənbələrimizin oradan formalaşmasına diqqət çəkərək bildirdi: "Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. Lakin o, kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.
Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaqdır".

Göründüyü kimi, dövlət başçısı görülməli olan meliorativ tədbirlərlə bağlı konkret tələbləri və istiqamətləri göstərib. Qalır bir an öncə təhlillər aparmaq və işə başlamaq. Dövlət başçısının hər məsələdə olduğu kimi, bu sahədə də ortaya qoyduğu qətiyyət onu deməyə əsas verir ki, ən qısa zamanda respublikanın su təsərrüfatı sistemi də ən müsair tələblərlə yenidən formalaşacaq. Bütün bunlar isə nəticə etibarı ilə vətəndaşlarımızın rahat və maneəsiz şəkildə təbii sularımızdan istifadəsinə hesablanıb.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.