Siyasət

"Bu təlim Qarabağda rəqabət aparmaq istəyən qüvvələrə siqnal olacaq" - FOTO

18 Yanvar 2021 14:57
Baxış: 1 616

Türkiyə və Azərbaycandan düşmənə növbəti "Dəmir yumruq"  nümayişi Azərbaycan və Türkiyə arasında hərbi təlimlər, dövlətlər arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mütəmadi olaraq keçirilir. Ənənəvi olaraq keçirilən ikitərəfli təlimlərə "Qış təlimi", "Erciyes", "Anadolu Ulduzu", "Anadolu Ankası", "Kurtaran", "Anadolu Qartalı", "Mustafa Kemal Atatürk", "Sarsılmaz Qardaşlıq", "Eternity", "Turan Qartalı" və "Qafqaz Qartalı" aid edilir. 

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, təlimin keçiriləcəyi Qars rayonunun ərazisi Qarabağın şimalındakı rayonlarla oxşardır:

"Türkiyə Müdafiə Nazirliyinin 17 yanvarda paylaşdığı məlumatda Azərbaycan hərbi qulluqçularından ibarət heyətin qardaş ölkəyə daxil olduğu məlum oldu. Hər iki qardaş ölkənin silahlı qüvvələrinin bölmələrinin təlimləri sərt iqlimi ilə seçilən Qars şəhərində həyata keçiriləcək.

Türkiyə Silahlı Qüvvələrinin genişmiqyaslı "Qış təlimi-2021" fevral ayının 1-dən 12-nə qədər keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrini təlimlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təmsil edəcək. Təlimlərdə hər iki ölkənin xüsusi təyinatlı, kəşfiyyat, tank, artilleriya, snayper bölmələri və helikopterləri iştirak edəcək. Təlimdə iştirak edəcək Azərbaycan hərbi qulluqçuları təlimlərin başlanmasına 2 həftə qalmasına baxmayaraq, artıq Türkiyədədir. Azərbaycandan olan şəxsi heyətin vaxtından əvvəl qardaş ölkəyə səfər etməsi, təlimlərin hazırlıq mərhələsinin də birgə həyata keçirilməsi ilə əlaqədar olduğu ehtimal edilir. 

Təlimlər daim Türkiyənin Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş qərargahının rəhbərliyi, qoşun konamdanları, təlimdə iştirak edən və digət tərəfdaş ölkələrin rəhbər heyətləri (attaşeləri) tərəfindən yerində və diqqətlə izləniləcək. 

Təlimlərin məqsədi

Hər iki ölkədən təlimə qatılan qərargahlar təhdidlərin aradan qaldırılması məqsədilə döyüş əməliyyatlarının birgə planlaşdırılmasında və hazırlanmasında qərargahların hazırlığına, bölmə komandirlərinin tapşırıqların icrası üçün döyüş niyyətinin təyin edilməsinə, tabeçilikdə olan bölmələrin tətbiqi ilə bağlı qərar qəbul edilməsinə ciddi diqqət yetiriləcəyi ehtimal edilir. Təlimlərdə Azərbaycan Ordusunun həm Tovuz hadisələri, həm də Vətən Müharibəsi zamanı qazandığı döyüş təcrübəsinin qardaş ölkənin və digər tərəfdaş ölkələrin hərbçiləri ilə paylaşması və bu təcrübə əsasında bölmələrin birgə döyüş atışları keçirəcəyi də gözlənilir. Azərbaycanın bu təlimlərə 2 həftə öncədən yola düşməsi də məhz yeni ssenarinin yuxarıda göstərilən təcrübə ilə uyğunlaşdırılması məqsədi daşıdığı ehtimal olunur.

Təlimlərdə birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanın təmin edilməsi, silahlanmada mövcud olan, silahlanmaya yeni daxil olan və müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silah və sursatlarının, həmçinin hərbi nəqliyyat vasitələrinin texniki imkanları da sınaqdan keçiriləcək. Bundan başqa bölmələr dərin qar və şiddətli soyuq iqlim şəraitində həm atəşin idarə edilməsi, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində vərdişlərini inkişaf etdirəcəklər. Sərt iqlim şəraitində bölmələrin ərazidə yerləşməsi, əlaltı vasitələrdən, o cümlədən qalın qar örtüyündən istifadə etməklə müşahidə məntəqələrinin, səngərlərin və sığınacaqların hazırlanması, atəş sisteminin qurulması, döyüş təminatının həyata keçirilməsi, texnikalara texniki xidmətin təşkili, şəxsi heyətin qorunması, onların maddi təminat məsələləri və s. təlimlərdə diqqət yetiriləcək əsas məqamlardan olacaq. Təlimlərdə axtarış-xilasetmə və antiterror əməliyyatları üzrə ssenarinin məşq edilməsi də günün tələblərinə uyğun gələ bilər. Ümumilikdə təlimlər ən sərt şəraitdə qoşunların silah və döyüş qabiliyyətlərini sınaqdan keçirmək üçün real imkan yaradacaq.

Təlimlər həm pilotlu və pilotsuz aviasiya, həm də artilleriya ilə fasiləsiz atəş dəstəyi şəraitində tank bölmələrin hücumu ilə bərabər hava yolu ilə düşmən arxasına desant çıxarılması, snayperlərin vacib düşmən hədəflərini maksimal məsafələrdə zərərsizləşdirilməsi, döyüş təminatının davamlı həyata keçirilməsi, düşmən müdafiəsinin darmadağın edilməsi ilə növbəti vəzifələrin yerinə yetirilməsi, maddi texniki təminata və şəxsi heyətin məişət şəraitinə aid fəaliyyətlərin davamlı həyata keçirilməsi və s. kimi aktual məsələlərin həm real ərazi və iqlim şərtlərində yerinə yetirilməsin, həm də yeni metodların və qeyri-standart qərarların tətbiqi üçün geniş imkanlar yaradacaq.

"Qış təlimi" adı altında keçirilən təlimlərin hədəflərinə bölmələrin sərt qış şəraitində döyüş vəzifələrini icra etməsi, silahların və texnikaların optimal tətbiqinin araşdırılması, dağlıq ərazidə real arktik döyüş şəraitinin canlandırılması, bölmələrin həm döyüş, həm də manevr imkanlarının sınaqdan keçirilməsi, şəxsi heyətin donvurmadan qorunması, iştirakçı ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin və sinxronlaşdırılmış fəaliyyət səviyyəsinin artırılması, şəxsi heyətin həyatda qalma tədbirlərinin icrası, ərazidə yerləşmə, qidalanmanın təşkili, geyim, qış şərtlərində təchizatı və istismarı kimi əsas məsələlərdə qoşunların hazırlanması və həyatda qalması aid edilir. Bu hədəflər ayrı-ayrı sahələr üzrə yeni silah sistemlərinin tətbiqi ilə davamlı inkişaf etdirilir.

Təlimlərin əhəmiyyəti

Təlimin keçiriləcəyi Qars rayonun ərazisi, Qarabağın şimalındakı işğaldan azad edilən rayonları və Naxçıvanın dağlıq əraziləri ilə oxşar olduğundan, bu təlimlər Azərbaycan Ordusu üçün mühüm əhəmiyyət kəsb edir. Bu təlimlərin keçirilməsinin digər bir mənəvi əhəmiyyəti də mövcuddur. Bilirik ki, 106 il əvvəl bu gün keçirilən təlim zonasına yaxında yerləşən Sarıqamış hərəkatında 90 min türk, 1993-cü ilin sonu - 1994-cü ilin əvvəllərində isə cəmi 50 gün əvvəl erməni tapdağından azad edilən Kəlbəcərdə yüzlərlə Azərbaycan əsgəri şəhid oldu. Onların çoxu məhz soyuq iqlim şəraitində donvurma səbəbindən həyatları ilə vidalaşmalı olmuşdu. Bu təlim isə baş verən ağrılı-acılı hadisələri və qəhrəman şəhidlərimizi unutmadığımızı, tariximizin acı dərslərindən zəruri nəticələr çıxardığımızı da göstərir. Əslində, bu təlim böyük türk millətinin, qəhrəman türk əsgərinin şəhidlərimiz qarşısında bir vəfa borcudur. 

Qarabağda Qələbə əldə edilsə də, hələlik nə Qarabağın mərkəzi rayonlarından silahlı ermənilər çıxarılıb, nə erməni revanşistlər tərəfindən səslənən absurd bəyanatların ardı arası kəsilməyib, nə erməni terrorçuların Hadrut və Xocavənd istiqamətində xain hücumlarına son verilməyib, nə də münaqişə tərəfləri arasında sülh müqaviləsi imzalanmayıb. Döyüş əməliyyatlarının aktiv fazası müəyyən mənada bitmiş hesab edilsə də, münaqişə fərqli formatda davam etməkdədir. Belə bir vəziyyətdə Azərbaycanın real döyüş əməliyyatlar teatrında, həm də Türkiyə Silahlı Qüvvələri ilə birlikdə bu təlimlərdə iştirak etməsi mühüm hərbi-siyasi əhəmiyyət daşıyır.

Bu, ilk növbədə, Qarabağda iştirakını artırmağa meyilli olan sülhməramlılara verilən bir ismarıcdır. İkincisi, bu təlimlər düşmən ordusunun maksimum komplektləşdirilməsi zamanı ilk əks hücum zərbəsindən sonra 20 km enində yarılan cəbhəni unudan erməni revanşistlərə "Dəmir yumruğun" istənilən çoğrafi ərazidə, istənilən iqlimdə, gecə və gündüzün istənilən anında döyüşə hazır, həm də düşmənin çox yaxınlığında olduğu barədə son xəbərdarlıq etməyə imkan verir.

Təlimlərdə xüsusi təyinatlıların müxtəlif üsullarla, o cümlədən hava yolu ilə düşmən arxasına çıxarılması, terror ocaqlarının məhv edilməsi, vacib obyektləri (əraziləri) əsas qüvvələrin gəlməsinə qədər əldə saxlanılması, düşmən ehtiyatlarının döyüşə daxil edilməsinin qarşısının alınması məqsədilə artilleriya atəşinin tənzimlənməsi kimi fəaliyyətlər fərqli ssenarilər üzərində məşq ediləcək. Bu isə Azərbaycan və Türkiyə ilə Qarabağda rəqabət aparmaq istəyən qüvvələrə, xüsusən də Ermənistandakı döyüş zamanı kolda-kosda gizlənən revanşistlərə verilə biləcək ən təsirli siqnal olacaq".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.