Siyasət

Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı

24 Noyabr 2020 18:30
Baxış: 568

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələri, o cümlədən Şuşa şəhərinin işğaldan azad olunması, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu münasibətlə vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazmaqda davam edirlər.

Milli.Az Trend-ə istinadən məktublardan bəzilərini təqdim edir.

Günel Əliyevadan, Cizak, Özbəkistan
Hörmətli cənab Prezident.
Özbəkistanda yaşayan azərbaycanlılar adından Sizi və bütün Azərbaycan xalqını möhtəşəm Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Erməni təcavüzü nəticəsində şəhid olan bir neçə qohumumuz var. Onların ruhu bu gün şaddır. Vətən yolunda şəhid olanlara Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Uca Tanrı Sizi və xalqımızı qorusun!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Ernad Deni Çomaqadan, Frankfurt, Almaniya
Hörmətli cənab Prezident.
Qarabağda suverenliyinizin bərpa olunması münasibətilə Bosniya diasporu adından Sizi təbrik edirəm.
Bosniya xalqı Azərbaycan xalqının vəziyyətini yaxşı anlayır və onunla eyni çətinlikləri yaşayıb. Biz də yalnız müsəlman olduğumuz üçün təcavüz, zülm və soyqırımına məruz qalmışıq. Azərbaycanın qələbəsini ədalətin zəfəri kimi görməkdən məmnun olduq. Bu, bizə bir daha sübut etdi ki, xalq öz istəyi ilə azadlıq uğrunda səy göstərməsə, heç kim onun yerinə bunu etməyəcək.
Azanın Şuşa və Ağdam məscidlərindən əbədi səslənməsini, həmçinin Bosniya xalqı ilə Azərbaycan xalqının qardaşlığının daimi olmasını arzu edirik.

Yavər İsmayılovdan, Masallı, Azərbaycan

Möhtərəm Prezident, cənab İlham Əliyev,
Sizi, xalqımızı, Ordumuzu möhtəşəm Qələbə münasibətilə Masallı rayonu Ləngan kənd sakinləri adından ürəkdən təbrik edirik.
Cənab Prezident, Sizin komandanlığınızla bu müqəddəs hisləri bizə yaşadan Müzəffər Ordumuza dərin minnətdarlığımızı bildiririk. Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız ildən-ilə daha da çiçəklənəcək, xalqımızın rifahı daha da artacaq. Bütün xalqımız Sizə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsi təklifini dəstəkləyir.
Uca Tanrıdan Sizə, ailənizə, sevdiklərinizə uzun ömür, cansağlığı arzu edirik.

Gülnar Salahovadan, Gəncə, Azərbaycan
Çox hörmətli liderimiz!

Əvvəla Sizi əldə etdiyiniz Qələbə münasibətilə ailəmiz adından ürəkdən təbrik edirik. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq xalqımızın xilaskarı oldunuz. Allah hər zaman yolunuzu açıq etsin!
Cənab Prezident, bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Əminik ki, geri qaytarılmış torpaqlarımızda Sizin sayənizdə azad yaşayacağıq. Evimizin ağsaqqalı ilə birlikdə biz Sizin hər bir çıxışınızı diqqətlə izləyir və verdiyiniz Qələbə xəbərlərini sevinc göz yaşları ilə qarşılayırıq. Cənab Prezident, Sizə olan inamımız, güvənimiz sonsuzdur. Vətənimiz uğrunda şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyərək, Vətən sağ olsun deyirik!
Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!

Məmməd Məmmədovdan, Naxçıvan, Azərbaycan
Qəhrəman Prezidentimiz.
Qarabağ torpaqlarının düşməndən alınması münasibətilə bütün naxçıvanlılar adından və ailəm adından Sizi təbrik edirik. Allah Sizi, Ordumuzu və Qarabağımızı və bütün xalqımızı qorusun. Naxçıvanlılar Sizinlə fəxr edir.
Qarabağ Azərbaycandır!

Lyudmila Qribovadan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz Qələbəyə ürəkdən inanırdıq və o gün gəldi! Qələbə! Sonsuz sevinc və göz yaşları bir-birinə qarışdı.
Ümummilli liderimiz Heydər Əliyevin layiqli oğlunun - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında bizim şanlı Ordumuz çoxdan həsrət qaldığımız Dağlıq Qarabağ torpaqlarını özümüzə qaytardı. Qəlbimiz sevinc və qürurla doludur ki, xalqımız yenilməzdir!
Mən Şirvan şəhərində doğulub boya-başa çatmışam, hazırda 13 nömrəli orta məktəbin müəllimiyəm. Ailəm də artıq 6-cı nəsildir ki, bu bərəkətli torpaqlarda yaşayıb, yaşayır və yaşayacaq. Bizim başqa Vətənimiz yoxdur! Çünki bu Vətən mənə pulsuz təhsil verib, yaxşı tərbiyə verib, iş verib. Mən şəhər partiya komitəsində də işləmişəm, məktəb direktoru da olmuşam və heç kəs mənə deməyib ki, "sən russan".
Altı nəsil az deyil. Hər zaman sevincdə də, kədərdə də öz xalqımızla birlikdə olmuşuq və nə qədər ki, ürəklərimiz döyünür - belə də olacaq!
Respublikamızın ən çətin günlərində - 1993-1997-ci illərdə mənim neftçi-mühəndis və ehtiyatda olan zabit həyat yoldaşım Silahlı Qüvvələrdə xidmətə çağırılıb, kapitan rütbəsində şərəflə öz torpaqlarını qoruyub. Mənim övladlarım və nəvəm burada böyüyüb, Azərbaycan Respublikasının layiqli vətəndaşları olaraq yetişmişlər.
Hörmətli Prezidentimiz, Sizə, ailənizə xoşbəxtlik, bütün xalqımıza səmimi-qəlbdən rifah arzulayıram.
Yaşasın Azərbaycan!

Kərimət Əliqayevadan, Balakən, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda qazandığımız Qələbəyə, Zəfərə görə Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Çox şükürlər olsun ki, bundan belə biz şəhid analarının gözlərindən yaş axmayacaq, şəhid oğullarımızın qanı yerdə qalmadı, daha qan tökülməyəcək, ah-nalələr göyə ucalmayacaq. Bir şəhid anası olaraq ən böyük arzum 21 il öncə şəhid olmuş oğlumun qanı tökülən yeri ziyarət etməkdir. Bu imkanı bizə bəxş etdiyiniz üçün Sizə minnətdaram, ey böyük Sərkərdəmiz!

Mədəd Hacıyevdən, Füzuli, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Apardığınız məqsədyönlü siyasəti dəstəkləyir və bu ağır Vətən Müharibəsində dövlətimizin qalib olub öz torpaqlarına qovuşmağı sevincini bizə yaşatdığınız üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı. Bütün Füzuli camaatı adından Sizə təşəkkür edirəm.
Allah şəhidlərimizə rəhmət eləsin. Allah Sizi və Ordumuzu qorusun!
Yaşasın müstəqil Azərbaycan!

Elsevər Nağıyevdən, Gədəbəy, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Bu gün ölkəmiz naminə həyata keçirilən tədbirlərə, görülən işlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Torpaqlarımızın azadlığı uğrunda əldə edilmiş Qələbə münasibətilə Sizi təbrik edir, Sizə xoş arzularımı bildirirəm.
Biz gənclər daim Sizə güvənərək Sizin ətrafınızda sıx birləşmişik. Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Vüsalə Bağırovadan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni dəstəkləyirik. Çünki Siz bu mübarizə ilə tarix yazırsınız. Ən yeni tarix, o tarix ki, Azərbaycan əbədi bir dövlət olduğunu sübut edir.
Biz Sizin siyasətinizi ailəliklə alqışlayırıq.
Qarabağ Azərbaycandır.

Pərvanə Məmmədovadan, Masallı, Azərbaycan
Cənab Prezident.
Sizi və bütün Azərbaycan xalqını erməni vandallar üzərində qazanılmış bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm və əmin-amanlıq arzulayıram. Sağ olsun, mənim Rəhbərim.
Uca Allahdan bu müqəddəs yolda canlarından keçən qəhrəman Azərbaycan övladlarına rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Yaşasın Azərbaycan!

Gülşən İsmayılovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, ölkənin yenilməz sərkərdəsi.
Mənim 65 yaşım var. Özüm Qarabağlı olsam da 17 yaşından Bakı şəhərində yaşayıram.
Kəlbəcər, Laçın və Şuşanı görən, gəzən adam kimi yenidən həmin yerləri görmək nisgili ilə yaşayırdım.
Siz isə Qarabağ nisgilini ürəyimizdən sildiniz, bizi göylərə qaldırdınız.
Şəhid ailələrinin qarşısında baş əyir, onlara səbir arzulayır, şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm.
Siz bizim ölkəmizi inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandansınız. Siz xalqımızın adil rəhbəri, müdrik atasısınız. Sizin qızıldan heykəliniz qoyulmalıdır.
Allah Sizə kömək olsun! Rəbbim Sizi qorusun! Allah Sizi bədnəzərdən qorusun.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.