Siyasət

Pandemiya dövrünün Azərbaycan reallıqları: Mükəmməl və bənzərəsiz idarəçilik, fərqli iş prinsipləri

6 İyun 2020 18:48
Baxış: 936

Pandemiya. Sürətli yoluxma, çoxsaylı insan tələfatı, dərin iqtisadi tənəzzül. Planet ağır və çətin sınaqla üz-üzə qalıb. Ölkələr demək olar ki, virtual idarə olunur. Koronavirus hər şeyi unutdurub, indi həyat uğrunda mübarizədən başqa heç nə yada düşmür. Dünyanın bu günkü real mənzərəsi belədir.

Azərbaycan isə yenə fərqlənir. Prezident İlham Əliyevin mükəmməl idarəçiliyi, çevik və qətiyyətli liderlik məharəti ölkəmizi nümunəyə, örnəyə çevirir. Pandemiya ilə mübarizə effektivdir, uğurludur. Qabaqlayıcı tədbirlər nəticə verir. Səhiyyə sistemi yüksək hazırlıqlı vəziyyətədir. Ən müasir xəstəxanalar, son model tibbi avadanlıqlar, rekord test müayinələri. Tibb sahəsi, peşəkar həkim personalı özünü təsdiqləyir, etimadı doğruldur. Son günlərin sərt karantin tədbirləri gözlənilən mümkün təhlükələrdən, kütləvi yoluxma hallarından qorunmaq məqsədi daşıyır.

Dövlət vətəndaşının sağlamlığını, sosial rifahını düşünür. İnsanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün milyardlar xərclənir. Azərbaycan Prezidenti iqtisadi itkilərə rəğmən dövlətin maliyyə imkanlarını vətəndaşlardan əsirgəmir. Bütün güclər bir hədəfə yönəldilir. Prioritet yenə vətəndaş amilidir.

Xarici iqtisadi şoklar milli iqtisadiyyatımıza təsirsiz ötüşmür, lakin geriləmə çox cüzidir. İqtisadi dayanıqlıq qorunub saxlanır. Çünki, təməllər çox möhkəmdir. Uzun illərin təcrübəsi, gərgin əmək bahasına yaradılan iqtisadi güc özünü göstərir. Bəzi sahələrdə hətta irəliləmə var.

Azərbaycan dövləti bu ağır və həssas məqamda heç bir plana dəyişiklik etmir. Heç bir sosial layihə təxirə salınmır. Pandemiyanın mənfi təsirləri gündəlikdəki digər məsələləri arxa planda saxlamır. Regionların sosial-iqtisadi inkişafı, böyük infrastruktur layihələrinin icrası əvvəlki templə davam edir. Prezident İlham Əliyev demək olar ki, hər gün yeni obyektlərin açılışına qatılır. Dövlət başçısı tez-tez bölgələrə səfərə yollanır, vətəndaşlarla görüşür, görülən işləri şəxsən yoxlayır, layihələrlə yerindəcə tanış olur, problemləri öyrənir, həlli üçün dərhal tapşırıqlar verir.
Azərbaycan dövləti koronavirusla mübarizə ilə paralel olaraq regional inkişaf siyasətini əzmlə davam etdirir. Şəhərlə kənd arasında fərq sürətlə azalır. Bölgələrdə, ən ucqar kəndlərdə müasir infrastruktur qurulur. Yeni yollar, sosial obyektlər, istehsal müəsisələri yaradılır. Bütün güclər Azərbaycan vətəndaşının məmnunluğu və rahatlığına yönəldilir. Biz artıq tam yenilənmiş, siması başdan-başa dəyimiş Azərbaycan görürük.

İndi Azərbaycanın elə bir rayonu, kəndi və ya qəsəbəsi yoxdur ki, orada inkişaf, yenilik hiss olunmasın. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Tərtər, Ağcabədi və Ağdam rayonlarında yeni obyektlərin açılışını etməsi bu baxımdan xüsus əhəmiyyət daşıyır. Prezidentin Yuxarı Qarabağ bölgəsinə səfəri regionların sosial-iqtisadi inkişafı baxımdan böyük əhəmiyyətə malikdir. Diqqətdə saxlanılan ən vacib məqamlardan biri region əhalisinin rahat, təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsidir. Bu məqsədlə bölgələrdə müasir yollar çəkilir, on minlərlə insanın kənd və qəsəbələrdən rayon mərkəzlərinə rahat gediş gəlişi təmin edilir.

Müasir yollar həm də iqtisadi tərəqqi, turizmin, kənd təsərrüfatının və gidər sahələrin inkişafı deməkdir. Odur ki, dövlət başçısı kənd təsərrüfatının inkişafını da xüsusi diqqətdə saxlayır. Bu gün ölkənin bütün ərazilərində aqrar sektorun şaxələndirilməsi prioritet təşkil edir. Prezidentin Tərtər və Ağcəbədidə toxum emalı müəssisəsini istifadəyə verməsi, həmçinin əkin sahələrinə baş çəkməsi, taxıl biçinini izləməsi bölgənin inkişafını şərtləndirən əsas amillərdəndir. İri infrastruktur layihələri arasında əhalinin davamlı elektrik enerjisi ilə təminatı, içməli su və kanalizasiya sistemlərinin yenidən və ya sıfırdan qurulması ciddi sosial əhəmiyyətə malikdir. Tərtər və Ağcəbədi rayonlarında elektrik yarımstansiyalarının açılışı bu siyasətin davamıdır.

Azərbaycan vətəndaşlarına şəffaf və keyfiyyətli xidmətlər göstərmək, vətəndaş məmnunluğuna nail olmaq qarşıya qoyulan əsas hədəflərdəndir. Milli brendimizə çevrilən "ASAN Xidmət" mərkəzləri bu baxımdan əvəzsiz əhəmiyyətə malikdir. Paytaxtla yanaşı bölgələrdə də "ASAN Xidmət" mərkəzləri vətəndaşlara yüksək xidmət edir və bu mərkəzlərin sayı durmadan artmaqdadır. Prezident İlham Əliyevin Ağcəbədidə açılışını etdiyi "ASAN Həyat" kompleksi bölgə əhalisi üçün böyük hədiyyə idi. "ASAN Xidmət" Azərbaycanın intellektual brendidir. İlham Əliyevin ideyası olan bu mütərəqqi layihə artıq dünya miqyasında tanınır. "ASAN Xidmət" daim innovativ yeniliklərə imza atır. Burada əsas məqsəd insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qorumaqdır. Vətəndaşlara daha şəffaf və keyfiyyətli xidmətlər göstərməkdir.

Bütün bunlar qlobal pandemiya dövrünün Azərbaycan reallıqlarıdır. İlham Əliyevin idarəçilik ənənələri, fərqli iş prinsipləri xüsusi maraqla, heyranlıqla izlənilir. Azərbaycan Prezidenti özünəməxsus iş metodları, məsələlərə bənzərsiz yanaşması ilə digər həmkarlarından seçilir. Bu özəl xüsusiyyətlər dünyanın çox az liderlərinə xas ola bilər.

Sahil Kərimli
Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktor müavini

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.