Siyasət

Arzu Nağıyev: ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağla bağlı deklarativ açıqlamalarla kifayətlənməməlidirlər

31 Mart 2020 18:20
Baxış: 1 146

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma "seçkilər" keçirməsi birmənalı olaraq qanunlara və beynəlxalq hüququn prinsiplərinə ziddir və bu fakt dünya ictimaiyyətinin, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətindən kənarda qalmamalıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı şəraitində qondarma "seçkilər"in keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil:

"Bu addım beynəlxalq hüquq normalarının, o cümlədən BMT Nizamnaməsinin, Helsinki yekun aktının və erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Azərbaycanın Dağlıq Qarabağ regionunda seçkilər yalnız Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün regionun əhalisinin iştirakı ilə, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması şərti ilə, azərbaycanlı əhalinin Qarabağa qayıtmasından sonra və müvafiq olaraq Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının iştirakı ilə keçirilə bilər".

Deputat qeyd edib ki, çoxillik münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində və sərhədlərinin toxunulmazlığı prinsipinə əsasən mümkündür:

"Erməni separatçıların işğal olunmuş Qarabağda koronavirus pandemiyası fonunda qondarma "seçkilər" keçirməsi onu göstərir ki, erməni hökumətinin maraqları insan amilindən üstündür. Tamamilə aydındır ki, erməni baş nazir bu yolla ölkəsində özünü təsdiq etməyə və hakimiyyətdə qalmağa çalışır. Bu qanunsuz hadisənin 31 mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə salınması da təsadüfi deyil və Ermənistan hökumətinin düşünülmüş addımıdır. Aydındır ki, regionda və dünyada yaranmış mürəkkəb vəziyyətdə qondarma "seçkilər"də beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən beynəlxalq müşahidəçilər iştirak etməyəcək. Bu cür birmənalı olmayan vəziyyətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin passiv reaksiyası diqqət doğurur. Onlar faktiki olaraq çoxillik münaqişənin nizamlanması üzrə deklarativ açıqlamalarla kifayətlənir. Hesab edirəm ki, işğal olunmuş Qarabağda qondarma "seçkilər"in keçirilməsi qəbuledilməzdir, çünki bu, danışıqlar prosesinə ciddi zərbə vurur, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin susqunluğu danışıqlar prosesini dalana dirəyir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.