Siyasət

"Alo, bura bax" deyən qadın: "Sosial bomba" ona ümid edənləri peşman etdi

11 Oktyabr 2019 14:26
Baxış: 54 816

Bakının mərkəzində müasirliklə feodallıq, sərbəstliklə güruh, quruculuqla dağıdıcılıq qarşılaşmışdı həmin gün. Siyasətin məzhəkəyə döndərildiyi, bir dəstə adamın aksiyanı mərəkə etdikləri məqamda bir qadın vardı. Kənarda durub seyr edir, hərdən uca səslə danışırdı.

"Alo! Bura bax! Qarabağda Paşinyan at oynadır!" Son günlər sosial şəbəkələrin qəhrəmanına çevrilmiş azərbaycanlı xanım, azərbaycanlı ana və Azərbaycan qızı Pərvanə Əhmədova sinirlərinə hakim olmadığı anda kameralara düşmüşdü. Və bir anda məşhurlaşdı.

Pərvanə Əhmədovanı "sosial bomba"ya çevirməyə çalışırlar. Onu "hakimiyyətə qarşı çıxan xalqın bariz nümunəsi" kimi təqdim edir çoxsaylı və mənşəyi, məzmunu, özü və sözü məlum internet kanalları, xaricdəki bloqerlər, Facebook-dakı səhifələr.

Kimdir Pərvanə Əhmədova?

"Axırıncı dəfə əti 6 manat 50 qəpik olanda almışam. O vaxtdan bəri yediyimiz toyuq, buddur. Sıxıntılar, məhrumiyyətlər içindəyəm".

Bunu söyləyən Pərvanə Əhmədova oktyabrın 8-də "Milli Şura"nın Bakıda, şəhər icra hakimiyyətinin binası önündə keçirdiyi piketə qatılmışdı.

Qatılmışdı deyəndə ki, bir kənarda durub baş verənləri seyr edir, danışırdı.

O danışığı Pərvanə Əhmədovanı sosial mediada fenomenə çevridi.

Onu da söyləyir ki, kasıblıq, yoxsulluq və imkansızlıq səbəbindən təhsil arzusunu gerçəkləşdirə bilməyib, erkən nikaha vadar olunub. Xəstədir, müalicə ala bilmir, uşaqlarını kasıblıq ucbatından məktəbə yollaya bilmir.

"6-cı sinifdə oxumalı olan övladımı iki ildir ki, pal-paltarı olmadığından, imkansızlıqdan məktəbə də göndərə bilmirəm. Böyük oğlum da əsgəri xidmətdən yeni qayıdıb", - Pərvanə Əhmədova deyib.

Bir Pərvanə xanım da var.

Şəkinin Kiş kəndində yaşayan Pərvanə Hümmətova. Oğlu, aprel döyüşlərində şəhid olmuş Orxanın palçıqlı əsgər çəkmələrini sinəsinə basaraq ağlayan, oxşayan Pərvanı xanım da sosial şəbəkələrdə bir anda tanınmışdı.

"Nə vaxt evə gəlirdisə, çəkmələri, paltarları palçığın içərisində olurdu. Deyirdim ki, ay bala, siz elə palçıqda təlim keçirsiniz. Bir dəfə də palçıqlı çəkmələrinin torpağını təmizləyib, bir torbaya yığıb dedi: "Ana, Şəkidə Qarabağın torpağını Kiş kəndinə gətirən bir nəfər varsa, o da mənəm". Torpağı yığıb mənə verdi, dedi ki, "Şuşa alınıncaya qədər saxla"" ,- Pərvanə Hümmətova demişdi.

İki ana, iki xanım, iki Azərbaycan qadını - iki Pərvanə.

Pərvanə Hümmətovanın dediyinə görə, ailəsinin problemlərinin tam əksəriyyəti həll olunub. Şəhid balamız Orxanın tikintisinə başladığı ev artıq inşa olunub.

Çünki Orxan kiçik evi tikib bitirə bilməsə də, Azərbaycan adlı Böyük Evi qorumaq üçün canını verib.

Pərvanə Əhmədova da bu Evin sakinlərindən biridir. 10 milyondan biri və bu on milyonun qayğısına qalası bir xanım.

Çünki...

Pərvanə Əhmədova iki övlad anasıdır, nəvəsi var. Səhhəti ilə əlaqədar olaraq iki il əvvəl işdən çıxıb.

Piketə gəldikdə isə, polislərin onunla davranışından gülərək danışır: "Dedilər dayan, ay xanım, qulaq asmadım. Arxadan elə hey çağırdılar, aldatdım onları, dedim dönər alıb gəlirəm. İki-üç dəfə qaçdım. İkisi-üçü gəldi, heç nə etmədilər mənə".

Orta məktəbdən 8-ci sinifdə oxuyanda valideynlərinin qərarı ilə çıxarılan Pərvanə xanımın arzusu ingilis dilində səlis danışıb yazmaqdır. Əvvəllər yaxşı bildiyini, indisə ingilis dilini unutmağa başladığını deyir: "Rus dilini sərbəst bilirəm, ingilis dilində də belə də, çulumu sudan çıxarıram".

Facebook-da aktivdir Pərvanə xanım.

Qayğıları, dərdləri, problemləri çox olan adi xanım.

İstənilən ölkədə belə insanlar var. Azərbaycanda da.

Fəqət, ölkəmizdə olmamalıdır dərd çəkən insan.

Xarici ölkələrə sığınan, özlərini "müstəqil jurnalist" və "azad bloqer" adlandıran kəslər, habelə Facebook-dakı bəlli səhifələr və xüsusilə də "Meydan TV" Pərvanə Əhmədovanı məhz hakimiyyətə və dövlətə qarşı "sosial bomba" qismində istifadə etmək fikrindədirlər.

Hətta bu yığnağın fikrincə, "bomba artıq partlayıb".

AXCP sədri və bloqer Əli Kərimli, onun yandaşları, habelə sosial şəbəkədəki "sadiq" trollar indi bu xanımdan yararlanırlar.

Kobud, primitiv şəkildə, daşlaşmış təfəkkürlərinə və isterika həddinə çatan açıqlamalar istehsal edən şüurlarının səviyyəsində.

Onlar hesab edirlər ki, P.Əhmədova "əziyyət çəkən, zillətdə olan Azərbaycanın timsalıdır".

Və onlar həmişəki kimi, səhv edirlər, özlərini rüsvay edən, əsl niyyətlərini ortaya qoyan və məramlarına ayna tutan əməli icra edirlər.

Səbəblər çoxdur və onların, sadəcə, bəzilərinə nəzər salaq.

Pərvanə Əhmədovanın "sosial bomba" qismində seçilməsi radikal müxalifətin əksinə işlədi. Oktyabrın 8-də BŞİH qarşısında keçirilən piketin "uğurlu və möhtəşəm" alındığını, "geniş xalq kütlələrinin dəstəyini qazandığını" göstərmək üçün bütün vasitələri işə salan AXCP-"Milli Şura" dueti həmin aksiyanın, əslində, çox sönük və uğursuz alındığını ört-basdır etməyə çalışır. P.Əhmədovanın açıqlamaları, onun çox qısa müddətdə sosial şəbəkələrdə inflüens reklamı vasitəsilə populyarlaşması Əli Kərimlinin əleyhinə işləyən ən ağır, hətta AXCP sədri+bloqerin olmayan "lider" imicini darmadağın edən amilə çevrildi.

BŞİH binası qarşısındakı aksiyada AXCP-nin, habelə "Milli Şura" adlı marionet, Cəmil Həsənli və Gültəkin Hacıbəylinin "siyasi forma"da tutulması üçün mövcud olan fantom strukturun funksionerləri yetərincə idi.

Üstəlik, iki qızına və xanımına divan tutması ilə bağlı məlumatlarla danılmaz faktlar yayılandan sonra guya AXCP sədrinin müavini postundan istefa verən Fuad Qəhrəmanlı kimi siyasi lümpen də arxasına bir dəstə "tərəfdar"ını salaraq şəhərin mərkəzindəki küçələri dolaşır, öz aləmində "moskit mitinqi" taktikasını reallaşdırırdı.

Və ən nəhayət, Müsavat başqanı postu uğrunda mübarizəyə qatılmış Tofiq Yaqublu da BŞİH binası qarşısında əl-qol ölçərək danışır, yenə də harasa çağırır, tələblərini səsləndirirdi.

Məntiqlə, piketlə bağlı sosial şəbəkələrdə "danışan fiqurantlar" həmin adamlar olmadılar, ola da bilmədilər. Müxalifətin ifrat radikallaşmış nümayəndələrinə inamın ifrat dərəcədə azalması Əli Kərimli və Co-nun iflası, siyasi tənəzzülüdür.

Əks təqdirdə "müxalifət düşərgəsinin lideri" Əli Kərimli belə fiaskoya uğramazdı.

Piketdən az qala bir həftə əvvəl Ə.Kərimli ABŞ-da yaşayan, daha doğrusu, Birləşmiş Ştatlara birləşən və bloqer Ə.Kərimlinin mətbuat katibliyini yerinə yetirən Sevinc Osmanqızının YouTube-dakı kanalı vasitəsilə gündə bir neçə dəfə "Hamı piketə!" çağırışlarını mantra kimi təkrarlıdığı üçün bir nəticə hasil olardı.

Əli Kərimlinin Müsavat partiyasında səlahiyyətsiz, səlahiyyət davası döyən və fövqəladəliksiz səfiri Tofiq Yaqublunun bunca çıxışı, müsahibələri, siyasətdən olduğunu iddia etdiyi populist moizələri nəyəsə səbəb sayılardı.

Əksinə, tam absurd teatrı yaşanırdı.

Əli Kərimli və komandası var qüvvələri ilə sinə vururdular ki, pəs həzarat, biləsiniz ki, hakimiyyət aksiyamızı istəmir, qoymur.

Halbuki bloqer Ə.Kərimli də, yanındakılar da o zaman icazəni artıq almışdılar, sadəcə, onlara hələ də inanan sadəlövhlərdən gizlədirdilər.

DİN və BŞİH rəsmi məlumatı yayanda naçar qalan bu dəstə yeni müzakirələrə başladılar və dərhal istiqaməti dəyişərək piket əvəzinə, mitinq yapmaq istədiklərini vurğuladılar.

Və hakimiyyət Əli Kərimlini yenə ələ saldı.

Rəsmi açıqlamanın "tərcüməsi" belə idi: "Buyurun, gəlin, etiraz aksiyası keçirməyə imkan verilmədiyini deyəcəyiniz etiraz aksiyasını keçirin".

O da məlum oldu ki, sən demə, hakimiyyəti "hədələyən" Əli Kərimli ilə dəstəsi piket üçün müraciət ediblərmiş.

O adamlar ki, son həftələrlə sosial şəbəkələrdə "qorxmayın, biz qorxmuruq, icazə də eynimizə deyil, icazə olsa da, olmasa da, aksiya keçirəcəyik" tipli bəyanatları Əli Kərimli çıxışlarında saitləri sıraladığı kimi düzmüşdülər virtual məkana.

Onlar icazəli aksiyanı icazəsiz aksiya kimi ruhsuz şüurlarına sırımaqda ikən, haimiyyət çox aşkar və net mesaj vermişdi.

Vəziyyət, həqiqətən də, əndrəbadi idi: hakimiyyət rüsxət verir ki, bəydadaşlar, buyurun, o nadidə vücudlarınıza əziyyət verib gəlin şəhərin düz mərkəzinə, durun yanaşı, qışqırın ki, pəs ay həzərat, ay kainat, ay qalaktika - bizə burada durmağa icazə vermirlər, sərbəst toplaşıb elə o tövr də dağılışmağımızın qarşısını alırlar.

Beləcə, AXCP və "Milli Şura"nın bəydadaşları icra hakimiyyətinin qarşısına yığışıb yığışa bilmədiklərini qışqırmaqda ikən, sosial fəaliyyəti arvadını döyməkdən və qızının dizini qırmaqdan ibarət olmuş Fuad Qəhrəmanlı da "Getdik, əəə!" deyib arxasındakı dəstəni küçələrdə dolaşdırırdı.

Və bu dəm Pərvanə Əhmədova kameralara düşdü.

Piketə getməyən Əli Kərimli bunu əla şans saydı və özü kimi aranı qatıb aradan çıxmış Cəmil Həsənli, Gültəkin Hacıyeva və digər bəylərlə gəlinciklərin siyasi çullarını məğlubiyyət suyundan çıxarmağa çalışdı.

Alınmadı.

Alına da bilməzdi.

Pərvanə Əhmədova siyasi fiqur, etirazçı, piketçi kimi qəbul olunmadı.

O, sadəcə, problemlərini deyən xanımdır və sosial şəbəkələrdə də bu cür tanındı.

Pərvanə Əhmədovanı az qala Ancela Devis kimi təqdim etməyə can atan Əli Kərimli isə, yenə də yanlış notlarla nə isə ifa etməyə çalışır.

Yoxsa ki, biri qonşusunun zəbt etdiyini torpağını istəyən, digəri kişilərin qaş aldırıb burunlarında əməliyyat etdirmələrində hakimiyyəti suçlayan, üçüncüsü əmisioğlundan şikayətlənən adamlar təki vətəndaşlardan ibarət dəstəni "hakimiyyət uğrunda mübarizə aparan mətin müxaliflər" kimi təqdim etmək olmur axı.

Azadlıq yaxşı nəsnədir. Amma sabah Əli Kərimli desə ki, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında üç qoyun və iki dana kəsəcəyik, bu, sərbəst toplaşmaq və yığışmaq azadlığımızdır - təəccüblənməyin.

Pərvanə Əhmədovanın ümidinə qalan qaragüruhun qara bəxtindən qurtulmaq istəyi onları daha nələrə vadar edə bilməz ki...

"Qarabağda Paşinyan at oynadır!" ifadəsi isə yanlış olsa da, əslində, Azərbaycanda siyasi reallıqları anlamayan, siyasəti emosiyalar çələngi kimi görən sadə insanların səhvi deyil.

Səhv bu insanlardan istifadə etməyə çalışmağın nadürüstlük olduğunu anlamamaqdır.

Pərvanə Əhmədovanın problemlərinin ən yaxın zamanda həll olunacağı şübhəsizdir.

Dövlət vətəndaşını unutmur, görür və bağrında bəsləyir çünki.

Həll olunmayacaq məsələ isə bir para şüurlardakı kliniki hal almış fəsadlardır.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.