Siyasət

Türkiyə-Rusiya-İran "üçlüyü": Suriyada bir addım da irəli

18 Sentyabr 2019 19:07
Baxış: 1 657

Milli.Az newtimes.az-ın yazısını təqdim edir:

Ekspertlər Astana prosesinin təminatçısı olan Rusiya, Türkiyə və İranın dövlət başçılarının Ankaradakı zirvə görüşünə çox həssaslıqla yanaşırdılar. Onlar məsələni iki aspektdə aktual hesab edirdilər: birincisi, Yaxın Şərqdə müşahidə edilən son hadisələrin fonunda bu üç dövlətin hansı taktiki-strateji mövqe seçəcəyi, ikincisi, konkret olaraq İdlibdə meydana gələn yeni ziddiyyətlərin fonunda "üçlüyün" dağılacağı, yoxsa daha da möhkəmlənəcəyi? Hər iki aspektlə bağlı dövlət başçıları konkret bəyanatlar verdilər və məlum oldu ki, Ankaradakı müzakirələrdən ziddiyyət və ayrılıq gözləyənlər çox yanılırlar. Bütövlükdə Yaxın Şərqlə bağlı geosiyasi aspektdə ortaq mövqe ifadə olunub. O cümlədən Suriya məsələsində həm İdlib mövzusunda, həm də yeni konstitusiyanın hazırlanmasında razılıqlar əldə olunub. Bütün bu məqamların geosiyasi kontekstdə analizi üzərində geniş dayanmağa ehtiyac duyduq.

Fikir ayrılığından ortaq mövqeyə: Ankara, Moskva və Tehran nümunəsi

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi fonunda Rusiya, Türkiyə və İran prezidentlərinin Astana formatında danışıqların növbəti raundu çərçivəsində görüşünü ekspertlər maraqla gözləyirdilər. Məsələ həm də İdlib ətrafında yaranmış ziddiyyətlər aspektində "üçlük" ölkələri arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ilə əlaqəli aktual görünürdü. Belə ki, Rusiya və İranın dəstəyi ilə Bəşər Əsədə sadiq hərbi birləşmələr İdlibə hücum edir, hətta orada yerləşmiş türk müşahidə məntəqələrinə qarşı təxribatlar törədirdilər. Ankara buna cavab verir, eyni zamanda, xəbərdar edirdi ki, belə hallar təkrar baş versə, bu, əks-reaksiyaya səbəb olacaq.

Bütün bunlara son günlər Səudiyyə Ərəbistanına məxsus neft terminalının partladılması, İsrailin baş nazirinin müəyyən bəyanatları, Yəməndə vəziyyətin daha da kəskinləşməsi və Əfqanıstanda terror hadisəsinin baş verməsi də öz damğasını vururdu. Ankarada üç dövlət başçısının görüşü çox maraqlı keçdi. Vladimir Putin və Həsən Ruhani Türkiyə rəhbərliyinə mehriban münasibət göstərdilər. Öz növbəsində Rəcəb Tayyib Ərdoğan da kifayət qədər aktiv surətdə qonaqlarla müzakirələr apardı. Onun xüsusilə Rusiya Prezidenti ilə görüşü ekspertlərin diqqətindən yayınmadı. Onlar hesab edirlər ki, Rusiya ilə Türkiyə münasibətlərini yeni səviyyəyə yüksəldə biliblər.

Danışıqlardan sonra liderlərin verdikləri bəyanatlar vurğulanan fikirləri təsdiq edir. Tərəflər V.Putinin sözləri ilə desək, "demək olar ki, bütün məsələlərdə ortaq mövqe nümayiş etdiriblər". Müzakirələrdən sonra yayılan ortaq bəyannamədən göründüyü kimi, hər üç lider konkret punktlar üzrə fikir mübadiləsi aparıblar. Burada regionun ümumi geosiyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, ayrıca Suriya məsələsi də hərtərəfli müzakirə olunub.

Burada bir məqamı vurğulamağa ehtiyac görürük. Bir sıra rusiyalı jurnalistlər Ankarada aparılan müzakirələri Rusiya Prezidentinin diktəsi ilə keçən proses kimi təqdim etməyə çalışıblar. Bu, həm dövlətlərarası əməkdaşlığın ruhuna yad olan subyektiv yanaşmadır, həm də real vəziyyətin təhrifidir. Çünki açıq görünürdü ki, vəziyyət Türkiyə Prezidentinin tam nəzarəti və iradəsi altındadır və bunu hər iki qonaq çox normal qəbul edir. Məsələ ondan ibarətdir ki, bəzi dairələrin hay-küy salmasına baxmayaraq, İdlibin taleyi Türkiyənin məsələyə necə yanaşmasından asılıdır. Bunu hər kəs qəbul etməlidir.

Yekun bəyannamədə yer almış fikirlər dediklərimizi təsdiqləyir. Orada ümumi olaraq Yaxın Şərqdə geosiyasi sabitliyin bərpası üçün Türkiyə, Rusiya və İranın əməkdaşlığının ciddi rol oynadığı vurğulanır. Bu baxımdan İsrailin davranışı və Səudiyyə Ərəbistanının neft terminallarına olan hücumlara obyektiv münasibət ifadə olunur. Bəyannamədə aydın göstərilir ki, bu məsələ birbaşa Rusiyanın məsuliyyət daşıdığı problem deyil. V.Putin hətta "Qurani-Kərim"dən sitat gətirib. Onun dediklərindən aydın olur ki, müsəlmanlar özləri bir-birinin ümumi dəyərlərinə hörmət etməli, qiymət verməli, narazılıqları arxa plana atmalıdırlar. Bunlara Türkiyə Prezidenti münasibət bildirərək V.Putinin bu fikrinə haqq qazandırıb, lakin "Qurani-Kərim"də "inanc sahiblərinin bir-birinə qardaş olduqları"nın vurğulandığını da qeyd edib. Yəni əgər bir müsəlman lider öz dindaşlarını məzhəb fərqinə görə qətlə yetirirsə, bu, necə "qardaşlıqdır"? Və ayrıca sualdır ki, belə məqamları tarixi yaddaşdan silmək lazımdırmı, yoxsa yox? Əslində, bu qiyabi dialoq başqaları kimi, rusiyalı jurnalistlərə də müəyyən məqamları anlatmalı idi, ancaq, deyəsən, anlamaq məsələsi qəlizdir.

Perspektiv: Suriya probleminin siyasi həlli imkanları

Suriya məsələsinə həmin prizmadan baxdıqda, prezidentlərin doğrudan da tarixi bir razılaşma əldə etdiklərini deyə bilərik. Yekun bəyannamədə həmin tezisi təsdiq edən konkret punktlar mövcuddur. Bu barədə V.Putin, H.Ruhani və R.T.Ərdoğan xüsusi danışıb. Rusiya Prezidenti nədənsə "Заевфратья" kimi yeni termin işlədib. Ekspertlər bunun, adi dilə çevirəndə, "Fəratın o tərəfi, yəni faktiki olaraq Türkiyənin üzərində dayandığı ərazi" anlamını verdiyini deyirlər. Burada sülhün bərqərar olması zərurətini vurğulayan V.Putin açıq deyib ki, Türkiyənin təhlükəsizliyinin təmin edilməsi çox önəmlidir. Konkret olaraq, orada yuva salmış və Türkiyəyə təhdid yaradan terror qrupları zərərsizləşdirilməli, o cümlədən Fərat çayının şərqi terrorçulardan azad olunmalı, Suriya ilə dövlət sərhədi boyunca təhlükəsizlik zolağı yaradılmalıdır.

Ancaq bir şərtlə - bu proses Suriyanın ərazi bütövlüyünü və orada Suriya iqtidarının suverenliyini təmin etməklə sonuclanmalıdır! Bizcə, tamamilə normal, zəruri və təbii bir şərtdir. Həmin ərazi vahid Suriyanın bir hissəsidir və orada kənardan kimsənin təsiri yerli hakimiyyətdən üstün olmamalıdır. Bunlara ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, İran və Türkiyə ilə yanaşı Rusiya da aiddir!

Təbii ki, bu şərt Ankaranı tam təmin edir. Çünki V.Putin onu da vurğulayır ki, Türkiyənin oradakı radikal terrorçu qüvvələri təmizləmək haqqı var və Rusiya buna mane olmayacaq. Moskva qəbul edir ki, İdlibdən yeni qaçqın dalğası olmamalıdır, çünki bunun nəticələrini Türkiyə təkbaşına aradan qaldıra bilməz. Bu baxımdan bəyannamədə ayrıca bir punkt da diqqəti çəkir.

Orada vurğulanır ki, Dəməşqin İdlibdəki bütün terror qruplarına qarşı məhdud təmizləmə əməliyyatlarına Astana prosesinin üç təminatçı ölkəsi də dəstək verəcək. Bir şərtlə: dinc əhalinin təhlükəsizliyi və evlərində qalması təmin edilməlidir. Ankara bu şərti həvəslə qəbul edib. Məsələyə H.Ruhaninin münasibəti də çox maraqlıdır.

İlk dəfədir ki, İran lideri Türkiyənin Suriyanın şimalında ona olan təhlükələri aradan qaldırmaq haqqına malik olduğunu dilə gətirib. Bununla Rusiya Prezidenti kimi, o da Türkiyənin mümkün hərbi əməliyyatlar keçirməsinə etiraz etmədiyini bəyanlayıb. Ancaq H.Ruhaninin də öz şərtləri vardır. Əlbəttə, ABŞ! Amerika öz hərbi qüvvələrini Suriyadan tamamilə çıxarmalıdır. Bu o deməkdir ki, İran Türkiyə və ABŞ-ın təhlükəsizlik zolağındakı ortaq nəzarətinə müsbət baxmır. Orada müvəqqəti olaraq ancaq Türkiyənin olmasını, lakin perspektivdə Ankaranın da oranı tərk etməsini tələb edir. Bizcə, bu da normaldır, bir şərtlə: İran da oranı tam tərk etməlidir.

Ankaranın bu məsələ ilə bağlı KİV-də kifayət qədər işıqlandırılan mövqeyi tam aydındır. Bu səbəbdən onun üzərində dayanmırıq. Əvəzində, sənəddə mühüm yer tutan və Suriya problemi üçün vacib sayılan bir məqama diqqət yetirək. Prezidentlər Suriya məsələsinin həllinin siyasi mərhələsi ilə bağlı konkret fikirlər ifadə ediblər. Bu, Suriyanın yeni konstitusiyasının hazırlanması ilə bağlı olub.

V.Putin deyib ki, yeni konstitusiya ilə bağlı yaradılan komissiyada bir nəfərlə bağlı yaranmış ziddiyyət R.T.Ərdoğanın ciddi səyləri sayəsində aradan qaldırılıb. Bununla konstitusiya komissiyasının qarşısında duran bütün maneələr aradan qaldırılıb. Görünür, Suriyada azad seçkiləri ölkənin bütün ərazisində təşkil etmək imkanı yaxın zamanlarda baş tutacaq.

Vurğulanan məqamların işığında dövlət başçılarının yekdil olaraq Ankara müzakirələrini çox faydalı və səmərəli adlandırmaları həqiqəti ifadə edir. Bəzi dairələrin gözlədiyi kimi, üç təminatçı ölkə bu görüşdən fikir ayrılığı ilə deyil, daha sıx birləşmə ilə çıxıblar. Hətta Rusiya Prezidenti Türkiyə Prezidentini oktyabrda yenidən Moskvaya dəvət edib. İki ölkə ayrıca olaraq əməkdaşlığı yeni mərhələyə yüksəltməyə çalışır.

V.Putinin həmin kontekstdə bir daha rusiyalı turistlərin Türkiyəyə axınının rekord səviyyəyə yüksələcəyi ilə bağlı dedikləri ekspertlərin marağına səbəb olub. Bundan başqa, bütün sferalarda, o cümlədən hərbi-texniki əməkdaşlıqda iki böyük dövlət arasında münasibətlərin inkişafı nəzərdə tutulur. Rusiya İranla da eyni istiqamətdə qarşılıqlı əlaqələri inkişaf etdirməkdə qərarlıdır.

Deməli, Suriya məsələsində irəliyə doğru bir addım da atıldı. Bunun ciddi geosiyasi təsiri olacağına şübhə yoxdur. Müsbət tərəfi danılmazdır. Eyni zamanda, bir sıra dairələrin təxribatlar vasitəsilə bu vəziyyəti dəyişməyə çalışacağı ehtimalı da az deyil. Həmin kontekstdə "üçlük"də ən həssas "həlqə" İrandır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.