Siyasət

Brüsseldə Bakıya qarşı erməni oyunu alınmadı - TƏFƏRRÜAT

15 May 2019 12:03
Baxış: 2 592

"Brüsseldə "Şərq Tərəfdaşlığı" toplantısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənmədi, rəsmi Bakı da yekun qərara veto qoydu.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb.

Toplantıda Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı" təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib.

Azərbaycan nümayəndə heyəti yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə edib və onun dəyişdirilməsini istəyib. Çünki sənəddə ərazi bütövlüyü prinsipi dəstəklənmirdi.

Lakin bəyannamənin mətnini dəyişdirməyiblər və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Mogerini imzalayıb.

Bu, müxalifət mediasının, xaricdəki "siyasi fəal"ların və "azad bloqer"lərin açıqlamalarıdır. Və "sırf təsadüf"dən Ermənistan mediasında analoji informasiyalar, təhlillər və açıqlamalarla tam üst-üstə düşür.

Gerçək isə tam fərqlidir.

Fəqət, tələsməyək və situasiyanı anlamaq üçün bir qədər əvvələ nəzər salaq.

Hələ iki ay əvvəl, martın 11-də  Ermənistan mediasında isteriya başlamış, "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, bu səbəbdən də Brüssellə Bakı arasında tərəfdaşlıq sazişinin imzalanması bu qədər gecikir" iddiası səslənmişdi.

Martın 15-də bu mövzu Avropa ölkələrinə sığınmış başabəla "siyasi mühacir"lərimizin lüğətinə düşdü və onlar YouTube ilə Facebook-dakı canlı yayımlarında şivənə başladılar. Ki, "Avropa İttifaqı Dağlıq Qarabağı və erməni işğalında olan ərazilərimizi Azərbaycan torpaqları saymır, günahkar Bakıdır".

Martın ikinci ongünlüyündə "Meydan TV", "Azadlıq" radiosunda eyni iddialar yer aldı.

Daha sonra ABŞ-dakı "baş mühacir ana" - Sevinc Osmanqızı estafeti qəbul etdi.

Azərbaycandakı radikal müxalifətdəki "canlı meyit"lər də oyuna itələndilər.

AXCP sədri Əli Kərimli, "Milli Şura"nın "baş akın"ı Cəmil Həsənli, Müsavatın təsərrüfat müdiri Arif Hacılı, daha sonra Tofiq Yaqublu və daha kimlər, kimlər - bu danışan simalar dil boğaza qoymadan "Bakı günahkardır" motivlərində özfəaliyyətdə idilər.

Nəhayət, mayın 13-ü yetişdi, Brüsseldə Azərbaycana qarşı kampaniyada iştirak edəcək marionetlərə "Başlayın!" əmri verildi.

"Mühacir bloqer" Orduxan Bəbirov Azərbaycanın nümayəndə heyətinin qaldığı otelə yürüdü, otelin qarşısında insident yaratmaq üçün var qüvvəsilə çalışdı, Facebook-da canlı yayıma çıxıb bəsit aktyorluq "məharət"ini göstərdi.

Sammit əsnasında isə Leyla Yunus və dəstəsi "peyda" olub həmişəki amplualarına sadiq qaldılar, "insan haqları, demokratiya, siyasi məhbuslar" refreninin təkrarlandığı vaysınmalarını nümayiş etdirdilər.

Ssenari primitivdi: çöldə Orduxan "haqlı vətəndaş etirazı" görüntüsü yaratmalı, Leyla Yunus və dəstəsi müzakirələrdə nalə çəkərək Azərbaycanın az qala Mordor olduğunu vurğulamalı, sosial şəbəkələrdəki marazmatik idiotlar səs-səsə verib "geniş müzakirəli etirazlar" fonu formalaşdırmalı, Azərbaycandakı "siyasətçi"lərsə onları dəstəkləyərək "xalqın mövqeyi"ni ortaya qoymalıydılar.

YouTube və Facebook-da yeni isteriya başlandı və məlum oldu ki, Ermənistanın kütləvi informasiya vasitələrində "Şərq Tərəfdaşlığı"nın 10-cu illiyinə həsr olunmuş yubiley sammiti və bu sammitdə Azərbaycanın iştirakı ilə bağlı xəbərlərin başlıqlarını, məzmunlarını və stilini özlərini "bloqer"lərlə "hüquq müdafiəçiləri" adlandıran yığnaq sözbəsöz təkrarlayır.

Kakafoniyaya Əli Kərimli, Gültəkin Hacıbəyli və başqa siyasi kuklalar da qatıldılar: əmr belə idi axı.

Brüsseldə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş zirvə toplantısında XİN başçılarının görüşündən sonra yekun sənədin imzalanması, ümumiyyətlə, nəzərdə tutulmamışdı.

Xarici işlər naziri Elmar Məmmədyarov bu məsələ barədə "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş mətbuat konfransında yetərincə müfəssəl danışıb.

Reallıq budur ki, "Şərq Tərəfdaşlığı" proqramına üzv dövlətlərin, habelə Avropa İttifaqının üzvlərinin və Avropa strukturlarının da imzalayacaqları vahid sənəd, ümumiyyətlə, prosedur səciyyəli təklif idi.  Müzakirələr də məhz sənədin mətni ilə bağlı idi. Daha konkret olsaq, sənədin müxtəsər və ya geniş, hərtərəfli və ya əvvəlki sammitlərdə olduğu kimi, ən kiçik detallarla təfərrüatların əks olunduğu variantda olub-olmayacağı ətrafında idi.

Məhz bu səbəbdən Azərbaycan, Gürcüstan və Moldova birgə təkliflə çıxış edərək yekun sənədin qəbul ediləcəyi təqdirdə orada bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsiplərin əks olunmasını istəmişdilər.

Daha sonra isə sənədin mətninin çox geniş və uzun-uzadı olmaması məqsədilə "Şərq Tərəfdaşlığı"na üzv dövlətlərin Avropa İttifaqının üzvü olan ölkələrlə və Avropa strukturları ilə müzakirələr zamanı əvvəlki sammitlərdə qəbul olunmuuş bəyannamələrə istinadların yer alması, bununla da sözügedən prinsiplərin vurğulanması ilə bağlı ilkin razılaşma vardı.

"Sədrin yekun əlavələri" adlı, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Mogerininin imzalıdığ sənəddə də əvvəlki sammitlərin sənədlərinə istinadlar var.

Eyni zamanda, qlobal geosiyasətin çağırışlarını, şərtlərini və mövcudluq prinsiplərindən yaranan ikiüzlü, yaramaz və çoxsaylı standartlara əsaslanan davranış modellərini də unutmayaq.

Avropa İttifaqında indi iki lider ölkə Fransa və Almaniyadır. Onların ikisinin də qlobal jandrm və hegemon rolunu oynamağa çalışan ABŞ ilə münasibətləri sərindir.

Rəsmi Paris və Berlin "Şərq Tərəfdaşlığı" proqramından bəhrələnərək Birləşmiş Ştatlara bəlli messiclər verir, eyni zamanda Vaşinqtonun qəvi rəqibi Rusiya ilə münasibətləri korlamamaq üçün Moskvaya ümid siqnalları yollayır.

Dağlıq Qarabağ məsələsində Almaniya ilə Fransanın mövqeləri bəllidir: hər iki dövlət qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını və suverenliyini dəstəkləyib. Belə mövqelərin Brüsseldə, "Şərq Tərəfdaşlığı" sammitində nümayişkaranə şəkildə təkrarlanması həm də Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım, Luqansk və Donbasla bağlı mövqenin izharı demək olardı. Parislə Berlin isə Rusiyanı ifrat dərəcədə qıcıqlandırmaq istəmirlər hələlik.

Onu da unutmayaq ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Şərq Tərəfdaşlığı Proqramı"nın 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransın açılışında "dondurulmuş münaqişələrin həlli Avropa üçün prioritet məsələlərdən biridir" demişdi.

Yeri gəlmişkən: 2018-ci ildə Aİ ilə Azərbaycan arasında imzalanmış ikitərəfli "Tərəfdaşlıq Prioritetləri" sənədində münasibətlərin suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəyi vurğulanıb.

Avropanın sülh məkanına dönməsinin çox mühüm məsələ olduğunu vurğulayan cənab Yunker bununla, əslində, Gürcüstanla Ukraynanın mövqelərinə də üstüörtülü işarə vurub. Yəni o, rəsmi Tbilisi və Kiyevin yekun bəyannamə ilə bağlı tutduqları mövqelərdən narazı qalıb, çünki Gürcüstan və Ukrayna israrlı, qətiyyətli və iradəli davranış nümayiş etdirmədilər.

Azərbaycana gəldikdə isə, Gürcüstan və Ukraynadan fərqli olaraq biz Avropa İttifaqına qoşulmağı xarici siyasətimizin prioritet məsələsi hesab etmirik.

Üstəlik, Moqerinin imzaladığı sənəd təki bəyannamə və qətnamələr heç bir halda, heç bir formada Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlar prosesini sürətləndirmir.

Sadəcə, növbəti açıqlamadır, vəssalam.

Brüsseldəki sənəd həm də Azərbaycanla Avropa İtiifaqı arasındakı münasibətləri gərginləşdirəcək və ya sərinləşdirəcək amil də deyil.

Səbəblər çoxdur.

Əvvəla, Avropa İttifaqı üçün Azərbaycan ən önəmli tərəfdaşlardan və strateji müttəfiqlərdən biridir. Enerji təhlükəsizliyinin təminatı, Avropa İttifaqı ölkələrinin Rusiya neftindən və ələlxüsus da təbii qazından asılılıqdan qurtulmasında Azərbaycan alternativ qismində müstəsna önəmə malikdir.

TAP və TANAP layihələri Avropa üçün ən önəmli projelər sırasında ilk yerləri tutur.

Və ən nəhayət: "Şərq Tərəfdaşlığı" proqramına üzv dövlətlərin bütün sammitlərində üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi birmənalı olaraq tanınan, bəyan edilən, şübhə altına alınmayan məqamlardır.

Bu səbəbdən "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımadı" tipli iddialar, daha doğrusu, bisavadlıqla yüklənmiş isteriya mənasız və puçdur.

Belə iddiaları irəli sürülənlərə məsləhət görərdim ki, F.Moqerinin imzaladığı sənədi diqqətlə oxusunlar. Sənəddə "Şərq Tərəfdaşlığı" proqramının əvvəlki sammitlərində qəbul edilmiş bəyannamalərə istinadlar var. Həmin istinadlarda isə Azərbaycanın ərazi bütövlüyü aprior məsələ, aksiomdur.

"Siyasi fəallar", "ekspertlər", sifarişli iş görənlər və xüsusilə də "azərbaycanlı" olduqlarını deyərək Azərbaycana düşmən kəsilən bisavad elementlər birdəfəlik anlamalıdır ki, ölkəmizin yürtdüyü xarici siyasət beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmaqla yanaşı, Azərbaycanın maraqlarını və dövlətin mənafeyini əks etdirir.

Azərbaycan üçün milli maraqlar ən ümdə məsələdir: hansısa təşkilatların maraqları, dövlətlərin mənafeləri Bakı üçün təzyiq vasitəsinə çevrilə bilməz.

Çünki ölkəmiz kimlərinsə diqtəsi ilə yaşamayıb, dövlətimiz də marionet banan respublikası deyil.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.