Siyasət

Azərbaycana qarşı yeni "kampaniya"lar hazırlanır

21 Aprel 2019 16:27
Baxış: 1 579

Qərb və Şərq anlamında müxalifətin nə işlə, hansı fəaliyyətlə məşğul olmasının gərəkdiyi ilə bağlı fərqli yanaşmalar var. Və bu, təbiidir.

Qərb, yəni Avropa ölkələrindəki klassik müxalifət strukturu aktiv fəaliyyəti ehtiva edir. Əsl müxalifət əslində hakimiyyətin məşğul olduğu işlərə baş vurur. Təbii ki, kağız üzərində olsa da, işlər ciddidir.

Məsələn, Almaniya, Fransa, Britaniya və ya İtaliyada mövcud hakimiyyət təki, müxalifət də qanun layihələri, fərmanlar və sərəncamlar hazırlayır. İdeologiyanı ərsəyə gətirir, problemlərin həll yollarını arayır, böyük layihələri müzakirə edir.

Sonda layihələr vətəndaşlara təqdim olunur. Məqsəd hakimiyyətlə müxalifətin eyni məsələ ilə bağlı mövqelərinin müqayisəsi və ən optimal variantın seçilməsidir.

Məhz bu səbəbdən Avropa ölkələrində "kölgə kabinet"ləri yaradılır, müxalifət düşərgəsində lider mövqelər tutan partiyalar həmin kabinetlərdə nazir portfellərini paylayır və koalisiyalar yaradır.

Hakimiyyətdə struktur yerdəyişməsi və ya kadr dəyişikliyi olanda da iqtidar mütləq şəkildə "kölgə kabinet"lərinə üz tutur, orada dəyərli və gərəkli hesab etdiyi müxalifətçini vəzifəyə gətirir.

Bir qədər də bəsit desək, normal cəmiyyətdə adekvat müxalifət hakimiyyəti ələ keçirmək üçün yox, hakimiyyətin nəzərdən qaçırdığı problemləri çözmək, durumu yaxşılaşdırmaq, cəmiyyəti inkişaf etdirmək üçündür.

Azərbaycanda müxalifət bunu anlasa, əsl müxalifət olacaq.

Yalnız belə olarsa, müxalifətimiz aqressiv davranışdan, psixoz bəyanatlardan, radikal tələblərdən qurtularaq qisasçılıq və qiyamçılıq ünsürlərinin zərərli olduğunu dərk edəcək, cəmiyyətdə yerini tuta biləcək.

Əfsuslar olsun ki, yazdıqlarım hələ də illüziya, istək olaraq qalır.

Azərbaycanda aparılan genişmiqyaslı islahatlar əslində hakimiyyətin başladığı inqilabdır. Cəmiyyətdə çox nadir hallarda baş verə bilən prosesi yaşayırıq: iqtidardakı qüvvə özü yenilənmədə, dəyişikliklərdə və yenidənqurmada maraqlı tərəf kimi çıxış etmək bir yana - təkanverici qüvvə, müəllif və icraedicidir.

Xaricdəki anti-Azərbaycan qüvvələr barədə çox danışmışıq. Bəli, məhz anti-Azərbaycan, çünki onların məqsədi ölkəmizdə hakimiyyət dəyişikliyi ilə bitmir.

O qüvvələr Azərbaycanı total asılı, ən kiçik məsələlərdə belə, müstəqil mövqeyini sərgiləyə bilməyən "banan dövlət"lərdən birinə döndərmək istəyirlər.

Həmin dövlətlərin sayı bəlli: dünyanın siyasi xəritəsinə baxmaq yetər ki, kənar ölkələrdən və hətta transmilli korporasiyalardan asılı dövlətləri sadalayaq. Hamısının da taleyi acıdır.

Çünki hakimiyyətin kənardan maliyyələşən "müxalifət" vasitəsilə, qiyam və çevriliş yolu ilə dəyişdiyi ölkələrdə çevrilişlər, qiyamlar sıralanır.

Presedent yaranır. Latın Amerikası, Mərkəzi Amerika, Afrika, Asiya - bütün məkanlarda hakimiyyətə kənardan alınan pul, güc və dəstək hesabına gələn dəstə bir müddət sonra içərisindən yetişən "müxalif"lərin qəzəbli üsyanına tuş gəlir.

Və beləcə, çevrilişlər sıralanır.

Azərbaycanda isə fərqli mənzərədir.

Millətin maraqlarının və dövlətin mənafeyinin ön plana çəkildiyi xarici siyasətin üzvi şəkildə çulğalaşdığı məntiqli və konstruktiv daxili siyasət nəticəsində ölkənin iqtisadi gücü artır, əhalinin sisial rifahı yüksəlir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir.  Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət xalqın maraqlarına xidmət edir.

Çünki son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib.

Və ən nəhayət, çünki mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib.

Səbəb sadədir: Dövlət başçısının sosial sahədə atdığı mühüm addımlar əhalinin rifahının yüksəlməsinə səbəb olub.

Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurmuşdur, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. 

Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazrlanması artıq yekun mərhələyə  qədəm qoyub.

Bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək.

Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevə layiq olduğu sonsuz böyük etimad göstərir, rəğbət bəsləyir, onun siyasətini tam dəstəkləyir. "Opinion Way" şirkətinin bu yaxınlarda keçirdiyi sorğu bunu bir daha arqumentlərlə təsdiq etdi.

Təbii ki, mövcud vəziyyət Ermənistanı, erməni lobbisini, xaricdəki bəzi anti-Azərbaycan qüvvələri ciddi narahat edir. Onlar situasiyanı ləngərindən çıxarmağa, sosial mizanı yana ləngər vurmağa vadar etmək istəyirlər.

Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər.

Onların sifarişlərini yerinə yetirən "Transparency İnternational", "Amnisty İnternational", OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon" vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.

Bir düşünün: Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir.

Azərbaycan ictimaiyyəti, ekspertlər xarici anti-Azərbaycan və daxildəki "5-ci kolonun" bu cəhdlərinin  arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq.

Zaman, hadisələr və təcrübə bunu göstərir.

Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcək.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.