Siyasət

Sabah Xəzərin hüquqi statusu ilə bağlı tarixi gün olacaq - VİDEO

11 Avqust 2018 20:42
0 Şərh     Baxış: 1 985

Sabah Xəzərin hüquqi statusu ilə bağlı tarixi bir gün olacaq. Belə ki, Xəzərin statusu ilə bağlı davam edən 22 illik danışıqlar yekun sənədin imzalanması ilə başa çatacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Xəzərin hüquqi statusu ilə bağlı ilk görüş 1996-cı il avqustun 12-də keçirilmişdi. Bu tarixdən etibarən davam edən danışıqlar nəhayət elə həmin gün yekun sənədin imzalanması ilə başa çatacaq. Bunun üçün sabah Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin prezidentlərinin yekun sənədi imzalayacağı gözlənilir.

Ancaq bu proses heç də asan keçməyib. Çünki müzakirələrdə dövlətlər arasında ciddi fikir ayrılıqları vardı.

Millət vəkili Rasim Musabəyov bildirir ki, ilk olaraq Rusiya-Azərbaycan-Qazaxıstan dənizin dəyişilə bilən xəyali sərhədlər daxilində sahil xəttinə uyğun bölünməsini təklif edirdilər. Ancaq İran və Türkmənistan bu bölgü ilə razılaşmaq istəməyib.

Millət vəkilinin sözlərinə görə, mübahisəli ikinci məsələ isə Transxəzər layihələrinə bütün sahil dövlətlərinin birgə razılığının verilməsi idi. Ancaq bu təklif də Azərbaycanın xeyrinə həllini tapdı.

Müzakirəsi uzun illər davam edən mövzulardan biri isə İranın Amerika hərbçilərinin Xəzər dənizinə yerləşdirilməsi ilə bağlı narahatlığı idi. Bu məsələ də öz həllini tapıb. Belə ki, imzalanacaq yekun sənəddə Xəzərin sahilində yerləşən ölkələr xaricində digər dövlətlərin hərbi qüvvələrinin bu dənizdə mövcudluğu qadağan olunur.

Politoloqlar hesab edir ki, bu qərar, əslində bütün hövzə ölkələri üçün sərfəlidir və regionun sabitliyi baxımından əsas şərtlərdən biridir.

Rasim Musabəyov onu da qeyd edir ki, Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı imzalanacaq sənəd hər bir ölkə kimi Azərbaycan üçün də geniş fəaliyyət üçün hüquqi baza rolunu oynayır. Və bu hüquqa əsaslanaraq Azərbaycan Xəzər dənizinin ehtiyatlarından daha səmərəli və problemsiz olaraq istifadə edə biləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sabah Xəzərin hüquqi statusu ilə bağlı tarixi gün olacaq

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.