Siyasət

Azərbaycan müxalifətinin "sirdaş"ları: Pensilvaniyadan Quma uzanan yol

5 Aprel 2018 15:00
Baxış: 4 691

Ey milleti mərhumə, əsla yalana inanma... Nurun işığı daha bir mənbədən yayılmağa başladı.

2013-cü il, ABŞ-ın Pensilvaniya ştatındakı Seylosburq şəhəri. Bu şəhərin cənubunda 500 hektarlıq ərazisi olan malikanədə Fəthullah Gülən çox nadir açıqlamalardan biri ilə çıxış edir.

"Qızıl Saray" adlandırılan, əsas malikanə və 20 villadan ibarət kompleksin sahibi, "nurçuluq" sektasının rəhbəri İranda da "nurun yayılmağa başladığını" söyləyirdi.

"Şadam ki, bizi anlayanların, məqsədimizi dərk edənlərin, yolumuzu bölüşənlərin sayı artır", - F.Gülənin "rəsmi" saytlarından biri sayılan, onun "əsər"lərinin, çıxışlarının, müraciətlərinin və ümumiyyətlə, ideologiyasının paylaşıldığı "Herkül" saytında yer alan bəyanatda belə deyilirdi.

Aldanmış Gülən

Həmin vaxt 71 yaşı olan Fəthullah Güləni sevindirən, vəcdə gətirən məqamsa İranın Qum şəhərində "Nur Mədəniyyət Mərkəzi"nin yaradılması idi.

3 il sonra, 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişi etməyə çalışacaq, Türkiyədə şəbəkələnən və ölkənin, vətəndaşların qanına susayan tərəfdarlarını Pensilvaniyadan idarə edəcək F.Gülən teokratik İranda da "nurçuluq" ideyalarınnı daşıyıcılarının olmsına sevinirdi. Daha doğrusu, o, İranda "nurçular"ın ilk dəfə açıq şəkildə varlıqlarını bəyan etmələrindən şad-xürrəm olmuşdu.

Fəqət, F.Gülən yanılırdı - onu aldatmışdılar.

"Xoca" ləqəbli Gülən aldandığını 19 saat sonra anladı. Sinirləndi, malikanəsindəki 20 villadan birində yaşayan və "Yaxın Şərq bölgəsi üzrə məsul" olan Hüseyn Çopuru otağına çağırıb, yumşaq desək, əməllicə tənbeh etdi.

Az sonra isə F.Gülənin bəhs etdiyimiz bəyanatı əvvəlcə "Herkül"dən, sonra da "nurçu"ların bütün saytlarından silindi.

Çünki Qum şəhərində yaradılan, daha doğrusu, yaradıldığı barədə bəyanatı yayılan təşkilatın "nurçuluq"la heç bir əlaqəsi yoxdu. Tam əksinə, bu qurum "nurçuluq" sektasını "masonların, səlibçilərin, imperialistlərin və İsrailin nökərlərinin dəstəsi" adlandırmış bir şəxsin "fərdi təşəbbüsü" kimi qələmə verilirdi.

Həmin şəxs İsgəndər Hüseynəli oğlu Hüseynov  idi.

Cəlilabad rayonunda anadan olmuş 51 yaşlı bu şəxs 21 il əvvəl, 1996-cı ildə ailəsi ilə birlikdə İrana qaçmış, Qum şəhərində məskunlaşmışdı.

İrana yollanandan sonra soyadını dəyişərək "Hüseynzadə" etmiş İsgəndər Hüseynov 2008-ci ildə İ.Hüseynov barəsində "terrorçuluq" və "dövlətə xəyanət" maddələri ilə cinayət işi açılıb, elə həmin il də Azərbaycan DİN-nin müraciəti ilə MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Fəqət F.Gülənin Azərbaycanla bağlı planları təxirə salınmayıb. O, ölkədəki "istinad qrup"una, xüsusilə də radikal müxalifət düşərgəsindəki sadiq tərəfdarlarına güvənir və nə zamansa onlardan yararlanmağı düşünür.

"Cəfəri"li "Nur"

2011-ci il, avqust ayı. Azərbaycanın Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti, DTX) birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirərək ölkəmizə qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən üç nəfəri - Abgül Nemət oğlu Süleymanovu, Ramin Cahangir oğlu Bayramovu və Arif Gülsuvar oğlu Qəniyevi saxlayıb.

Abgül Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan "Cəfəri" adlı radikal dini qrup yaradaraq ona rəhbərlik edirdi. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparıb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrı-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanmasını təşkil ediblər. "Cəfəri" qrupu təbliğat işini genişləndirilmək üçün "islam-azeri.az" adlı sayt yaratmışdı.

Sayta rəhbərlik Ramin Bayramova həvalə olunmuşdu.

"Cəfəri" ilə Azərbaycandakı radikal dindarlar, xüsusilə də Azərbaycan İslam Partiyasının 3-cü sədri Mövsüm Səmədovla, sonradan "Müsəlman Birliyi Hərəkatı" kimi tanınacaq ifrat radikal qruplaşmaların liderlərinə çevriləcək Taleh Bağırov və Elçin Qasımovla çox sıx əlaqələr qurmuşdular.

Ən aktiv, hətta intensiv təmaslar isə İranın Qum şəhərində "Haqq yolu" adlı "elmi-mədəni müəssisə"nin direktoru olan İsgəndər Hüseynəli oğlu Hüseynov ilə idi.

2008-ci ildən bəri axtarışda olan İ.Hüseynov "Cəfəri"yə, habelə bu qrupun əlaqələr qurduğu dəstələrə "ölkənin müxalifət partiyaları ilə təmaslara keçin, dindar qardaş və bacılarımızı fəal siyasətə gətirin" demişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə Mövsüm Səmədov 12 il azadlıqdan məhrum edilənədək "Cəfəri"lər, Azərbaycan İslam Partiyası və formalaşan "Müsəlman Birliyi Hərəkatı" özünə tərəfdaş aramış, tapmışdı.

Həmin tərəfdaş AXCP-nin sədri Əli Kərimli idi.

Məhz 2011-ci ildən sonra Əli Kərimli müavini Fuad Qəhrəmanlı vasitəsilə Azərbaycandakı radikal dindarlarla əlaqələr qurmağa, danışıqlar aparmağa başlamışdı.

Və elə məhz həmin dövrdən sonra AXCP liderinin ritorikasında Nardaranda mövcud olan radikal dindar qruplaşmanın şüarları ilə az qala eyni ifadələr yer almağa başlamışdı.

Məsələn, Əli Kərimlinin birbaşa göstərişləri ilə hərəkət edən Fuad Qəhrəmanlı sosial şəbəkələrdə "İslam və milli məfkurədəki birlik" mövzusunda çağırışlar edirdi.

Təsadüfdür? Ola bilər. Amma nəzərə alsaq ki, Qumdakı "Haqq yolu"nun əsas şüarı və "Müsəlman Birliyi Hərəkatı"nın sloqanı "İslam və Milli Məfkurədə Ümmətçilik" idi, həmin "təsadüf"ün fəlsəfənin təməl qanunlarına uyğun şəkildə mütləq olması zəruri olan hadisə təsiri bağışlaması şübhə doğurmurdu.

Elə həmin fəlsəfənin bir aksiomu da var: "Eyni təsadüflərin cəmi isə zərurətə bərabərdir".

"Cəfəri" çox fəaldı. İş o yerə çatmışdı ki, bu qrupun rəhbərləri və aktiv üzvləri rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunuları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar edirdilər.

Və məhz "Cəfəri" qrupu Bakıda ABŞ və İsrail səfirliklərinin blinaları qarşısında radikal dindarların icazəsiz keçirdikləri bütün (!) aksiyalarının təşkilatçısı idi.

Axı qrupun banilərindən biri Arif Qəniyev həm də İslam Partiyasının sədri Mövsüm Səmədovun müavini idi, özbaşına hərəkət etmirdi.

Bunu "Müsəlman Birliyi Hərəkatı"nın "İdarə Heyəti"nin üzvü Ağəli Yəhyayev bir neçə dəfə dolayısı ilə olsa da, etiraf etmişdi.

Axtarış zamanı Arif Qəniyevin maşınından "PM Makarov" tapançası və patronlar, Ramil Bayramova məxsus qarajdan "Baykal" tapançası, tapança səsboğucusu, 2 "F-1" əl qumbarası tapılmışdı,

İsgəndər Hüseynov "Cəfəri"in rəhbərləri və üzvləri yaxalanandan, Bakı ilə bağlı planları alt-üst olandan sonra dərhal izləri itirməyə çalışmışdı. O, "Nur yolu"nun adını dəyişərək "Nur Mədəniyyət Mərkəzi" qoydu.

Zülmət kimi "Nur"

Qum həhərində yaşayan İsgəndər Hüseynov, daha doğrusu, Hüseynzadınin nisbi "sükut"u tam iki il davam etdi. Bu illər ərzində o, əsasən, Nardarandakı "vəziyyətlə maraqlanmaq"la, habelə "Azərbaycanda müsəlman ümmətinin birliyinə nail olmaq üçün fəaliyyət göstərmək"lə məşğul idi.

Lakin onun əsas diqqəti Azərbaycan İslam Partiyasına yönəlmişdi.

Məsələn, 2012-ci ilin mart ayında Azərbaycanda həbs olunan radikal dindarlarla, daha doğrusu, dinlə pərdələnən ekstremistlərlə bağlı "dəstək yığıncağı" təşkil edən İ.Hüseynzadə demişdi: "Azərbaycanda dini müqavimət hərəkatı son bir ildə formalaşsa da sürətlə genişlənməkdədir. Vəd edirəm ki, daha da fəal olacağıq".

Elə həmin ilin martın 11-də İranın İSNA xəbər agentliyinin "Şərqi Azərbaycan ostanındakı ofisi"ndə çıxış edən İ.Hüseynzadə söyləyib: "Azərbaycanda hicaba qadağa qoyulur, dindarlar sıxışdırılır, İsraillə sıx əlaqələr qurulur. Buna qarşı mübarizə aparırıq və aparacağıq".

2013-cü ilin oktyabrın 16-da, Qurban bayramı günündə isə Qumda "Nur Mədəniyyət Mərkəzi"nin təsis yığıncağı keçirildi.

İclas keçirilən məkanda yuxarı başda oturmuş İ.Hüseynov-Hüseynzadə təşkilatından danışıb, sonra Nizamnamə oxunub.

"İslam mədəniyyəti və bu konteksdə müsəlman Azərbaycanın tanıtdırılması" ilə məşğul olacağını vurğulayan İ.Hüseynzadə "Nur-Az.com" saytını təqdim edərək demişdi: "Müstəqil televiziya və radio şəbəkələri yaratmağı, onları işlətməyi də nəzərdə tutmuşuq".

"Nur Mədəniyyət Mərkəzi" və ya "Nur Nəşriyyat Evi" kimi tanınan struktura rəhbərlik edən İ.Hüseynov-Hüseynzadə hazırda 2 əməkdaşı ilə birlikdə çox fəal şəkildə, cani-dildən, özü demişkən, "siqlətlə" AXCP sədri Əli Kərimlini və "Milli Şura"nın sədri Cəmil Həsənlini dəstəkləyir.

O, sosial şəbəkələrdəki profillərində son 8 ay ərzində sürəkli olaraq "Azərbaycandakı təqvalı qardaş və bacıları" mitinqlərə, etiraz aksiyalarına səsləyir, ölkəmizdə dövlət çevrilişini arzuladığını, buna can atdığını vurğulayır.

Vətənə xəyanətdə suçlanan, din pərdəsi altında terrorçuluq və radikal ekstremizmlə məşğul olan bu şəxsin "Məhsul" stadionundakı hər mitinqdən sonra Əli Kərimlinin ünvanına məhdiyyələr yazması, son vaxtlar Avropa ölkələrində destruktivliklə məşğul olub fəallaşan və Azərbaycanda çevrilişə çağıran "siyasi mühacir-bloqerlər"i öz təbirincə desək, "tam dəstəkləməsi", habelə "Müsəlman Birliyi Hərəkatı" ilə Azərbaycan İslam Partiyasına "rəğbət" bəsləyənləri AXCP və "Milli Şura" liderlərinin "yanında olmağa" çağırması da təsadüf sayıla bilərmi?!

"Məhsul" stadionunda keçirilən, ən yaxşı halda 1500 nəfərin qatıldığı mitinqlərin istisnasız olaraq hamısında Tale Bağırovun və Mövsüm Səmədovun tərəfdarlarının xüsusi fəallıq etmələri də, təbii, səbəbsiz deyil.

Hər halda bütün mitinqlərdə Fuad Qəhrəmanlı ilə Tale Bağırovun portretləri yanaşıdır...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.