"Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun".
Heydər Əliyev
Giriş
İnsanı ayaq üstə saxlayan çox faktorlar var. Amma ən əsası onun bel sütunudur. Əgər bu sütun olmasa və ya ona dəhşətli virus düşüb iflic etsə, digər orqanların heç bir faydası olmaz.
Dövlət də belədir. Elə qurumlar, orqanlar var ki, onlar dövlətin bel sütununu təşkil edir. Bunlar təhsil, səhiyyə, müdafiə-təhlükəsizlik orqanlarıdır.
Təsəvvür edin ki, bu ölkənin təhsil sistemi yoxdur, hamı da savadsızdır. Onda digərlərinin nə faydası? Savadsız insanlardan ibarət dövlətdə hansı idarəçilikdən danışmaq olar? Savadsız səhiyyə kimə nə xeyir verəcək? Savadsız sabit ölkəsini necə müdafiə və mühafizə edəcək?
Eləcə də əgər bir ölkənin normal səhiyyə sistemi olmasa, xəstəliklər baş alıb getsə, xəstə insanlardan ibarət cəmiyyət və dövlət kimə lazımdır?
Bir ölkəni ki düşməndən müdafiə edən ordusu və təhlükəsizlik sistemi olmasa, onda orada təhsil və səhiyyənin nə faydası olacaq?
Dövlətlər yaranandan bəri elə bir dövlət və elə bir dövlət qurumu olmayıb ki, orada hər hansı qanunsuzluq az və ya çox dərəcədə mövcud olmasın. Təbii ki, qanunları pozan, dövlətin dayaqlarını sarsıtmağa çalışan məmurlar vaxtında cəzalanmalı, xəstəlik törədən viruslar kimi onlar da orqanizmdən təmizlənməlidir.
Milli təhlükəsizlik haqqında
"Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci (Azərbaycan Respublikasının milli təhlükəsizliyi) maddəsində deyilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir. Həmin Qanunun 8-ci maddəsində (Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi və onun məqsədləri) göstərilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədləri aşağıdakılardır:
- insanın təhlükəsizliyi - insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ümumdövlət tədbirlərinin həyata keçirilməsi;
- cəmiyyətin təhlükəsizliyi - Azərbaycan xalqının həyati əhəmiyyətli maraq və tələbatlarının, habelə ictimai dəyərlər sisteminin təhlükə və təhdidlərdən qorunması;
- dövlətin təhlükəsizliyi - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunması.
Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsinə əsasən, MTN kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik xüsusi xidmət orqanı olaraq ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.
Yəni MTN xüsusi xidmət orqanı kimi insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunmasına birbaşa cavabdeh olan qurumdur və bu qurumun sadalanan istiqamətlərdəki peşəkar fəaliyyətinə dair çoxlu sayda bildiyimiz və bilmədiyimiz faktlar var. MTN-nin Azərbaycanın dövlət kimi qorunub saxlanmasında, bu cəmiyyətin mövcudluğunda və dolayısı ilə bir fərd olaraq hər birimizin təhlükəsiz yaşamağımızda xidmətləri danılmazdır. Bu orqanda minlərlə Vətən övladı Azərbaycana şərəf və vicdanla xidmət edir və bu qurumun daxilində kimlərinsə naqis hərəkətləri bu şərəfli yola ləkə sala bilməz.
Dövlət başçısının iradəsi və yolunu azmış bəzi "MTN-çi"lər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunları ilə bağlı keçirilən son iclasında icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını bəyan etdi və problemlərin aradan qaldırılmalı olduğu haqda son xəbərdarlıq etdi.
Dövlət başçısı tədbirdən sonra qəbul etdiyi qərarlar və atılan addımlarla isə sübut etdi ki, ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcək.
Milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması, sahibkarlığın inkişafına maneə törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü cənab İlham Əliyevin öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirdi.
Məlum oldu ki, dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilib ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətilə məşğul olması və onlara qarşı qanunsuz tələblər irəli sürməsindən narazıdırlar.
O da bəlli oldu ki, MTN-nin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozub, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırıb, onların qanuni mənafelərinə zərbə vurublar, bununla da ümumilikdə cəmiyyəti və dövlətin maraqlarını tapdayıblar. MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etməsi, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanıb.
Rəsmi şəkildə bəyan edildi ki, MTN-nin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Ciddi narahatlıq doğuran məqamlar
Lakin milli təhlükəsizlik nazirinin vəzifədən çıxarılması və bu mühüm dövlət qurumu ətrafında baş verən olaylar ətrafında bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yer alan bəzi bilərəkdən və ya bilməyərəkdən irəli sürülən fikirlər, məlumatlar narahatlıq doğurmaya bilmir.
Bəziləri zəncirdən qırılıbmış kimi dövlətin ən mühüm qurumlarından olan MTN və buradakı vəzifəli şəxslər barədə ajiotaj, gərgin mənzərə yaratmağa çalışırlar. Elə bil ki, Azərbaycanı bu vaxta qədər xarici kəşfiyyat və əks-kəşfiyyat, radikal, ekstremist, dağıdıcı qüvvələrdən qoruyan dövlətin əsas sütunlarından olan qurum haqqında yox, hansısa cinayətkar təşkilat haqqında danışırlar. Halbuki, onlar hətta bu fikirlərini belə MTN də daxil olmaqla, məhz Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən onlar üçün yaradılan rahat şərait hesabına irəli sürə bilirlər.
Bu ideoloji həmlələr təkcə bir quruma, oradakı qanunsuzluğa yol vermiş sui-istifadəçilərə yox, həm də dövlətimizin sütunlarından birinin - dövlətin, cəmiyyətin, insanların təhlükəsizliyinin təmin edilməsi sahəsində böyük uğurlar qazanmış quruma qarşı birdən-birə etibarın sarsılmasına gətirib çıxara bilər. Heç də əbəs deyil ki, MTN-nin İctimai Əlaqələr İdarəsi KİV-lərdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatların verilməsindən narahatlığını ifadə edib.
Təbii ki, qanun pozuntusuna yol vermiş şəxslərin əməlləri hüquq-mühafizə orqanları tərəfindən lazımınca araşdırılacaq və onlar kimliyindən, rütbə və vəzifəsindən asılı olmayaraq layiqli cəzalarını alacaqlar.
Amma hansısa cinayət törətməkdə ittiham edilən bir məmura görə bütünlükdə MTN-ni cinayətkar qurum kimi qələmə vermək yalnız Azərbaycanı istəməyən qüvvələrin, xarici xüsusi xidmət orqanlarının və onların əlaltılarının işinə yarayacaq. Biz onlara təhlükəsizliymizin əsas təminatçısı olan bir orqanın zəiflədiyi barədə düşünmə fürsəti verə bilmərik və belə imkanı yaratmamalıyıq.
Bu gün Azərbaycanın yerləşdiyi coğrafi məkan, cəlb olunduğu müharibə və nəyisə qoparmaq niyyəti ilə ona doğru uzanan caynaqlar bizi adi vətəndaşdan tutmuş Prezidentə kimi daim ayıq-sayıq olmağa sövq etməlidir. Düşmənlərimiz nəinki bilməli, hətta daim hiss etməlidir ki, Milli Təhlükəsizlik Nazirliyi adlı bir qurum, orada Azərbaycanın varlığı uğrunda canı-qanı bahasına xidmət edən Vətən övladları öz fəaliyyətini əzmlə davam etdirir.
Təbii ki, bu məsələdə mən nə həmkarlarımızın, nə də hər hansı şəxsin söz azadlığının məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Amma onların kimlərinsə əlində rupor olmasını, kimlərinsə nəyisə dəstəvuz edərək dövlətçiliyimizə şüuraltı həmlələr etməsinin əleyhinəyəm.
Bu, çox təhlükəli tendensiyadır.
Yekun
Yadınızdadırsa, uzun illərdir Azərbaycan Ordusu, həyata keçirilən hərbi əməliyyatlar və s. dövlət sirri təşkil edən məsələlər barədə məlumatların açıq-saçıq yayılması tendensiyası ötən ilin iyul-avqust aylarında öz ciddi mənfi təsirini göstərdi. Yalnız dövlət rəhbərliyi səviyyəsində görülən tədbirlərdən sonra bu təhlükənin qarşısı tam da olmasa, əsasən, alındı. İndi eyni mənzərə Azərbaycanın xüsusi xidmət orqanları ətrafında yaradılır.
Mən özüm heç zaman xüsusi xidmət orqanlarında xidmət etməmişəm. Lakin bir şeyi yaxşı bilirəm ki, hamılıqla uzaq-yaxın qohumlarımızın, dost-tanışlarımızın xidmət etdiyi bu strukturun tarixi ənənələr üzərində qurulmuş peşəkarlığı və mövcud gücü bizdə təəccüb və qürur doğuracaq səviyyədədir.
Unutmaq olmaz ki, bu gün xüsusi xidmət orqanının bəzi vəzifəli şəxslərinin fəaliyyətindən ciddi narazı olan Prezident İlham Əliyev MTN barədə daim yüksək fikirdə olub. O deyib: "Bizim uğurlu inkişafımızı istəməyən qüvvələr də var. Biz onları bilirik və mübarizə aparırıq. Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir".
İlkin İzzət
Milli.Az