Bir dəli siyasi quyuya daş atdı, sonrası isə…
... Gürcüstan ərazisi olan Cənubi Osetiyadakı separatçı rejimin "parlament sədri" Anatoli Bibilov mayın 1-də Yerevanda Ermənistan parlamentinin spikeri Qalust Saakyanla görüşəndən sonra Xankəndiyə yollanıb.
Burada onu qarabağlı separatçıların liderlərindən biri, özünü "respublika" adlandıran qondarma strukturun "parlament"inin spikeri Aşot Qulyan gözləyirdi.
Əslində Xankəndiyə səfər qarabağlı ermənilərin keçirdikləri "parlament seçkiləri"ndə müşahidəçi qismində iştirak etməkdi.
Bibilovun müşahidəçiliyi Xankəndi və Şuşada iki seçki məntəqəsinə baş çəkməklə bitdi. Daha sonra o, oteldə dincəldi, üç ziyafətə qatıldı, hədiyyələrini aldı və geri qayıtdı.
Səfər qısamüddətli olsa da, onun nəticələri, daha doğrusu, fəsadları hələ uzun müddət davam edəcək.
Niyə məhz indi?
Martda Cenevrədə Cənubi Qafqazda məhəlli münaqişələrin çözülməsi və regional təhlükəsizliyin təminatı ilə bağlı Rusiya, Gürcüstan, habelə Abxaziya və Cənubi Osetiya nümayəndələrinin iştirak etdiyi müzakirələr keçirildi. Müzakirələrdə vasitəçiliyi Avropa Birliyi, ATƏT və BMT etdilər.
Elə həmin vaxtda Moskva və Sxinvali arasında yeni "Müttəfiqlik və inteqrasiya haqqında" müqavilə imzalandı. Sənəd, təbii ki, Tbilisi üçün xoşagəlməz sürpriz oldu.
Gürcüstan rəhbərliyi osetin separatçıları dəstəkləyən Moskvanı həmişə sərt tənqid edib, separatizm və terrorizmi yardımları ilə yeni aksiyalara təşviqdə suçlayıb. Fəqət, rəsmi Tbilisi anlamamış deyil ki, Cənubi Osetiyadakı separatçıların Rusiya ilə münasibətlərinin qarşısının alınmasının yeganə yolu elə Moskva ilə əlaqələrin normallaşdırılmasıdır.
Çünki osetin separatçıların indiyədək Rusiya ilə imzaladıqları bütün anlaşmalar mənasını avtomatik itirər. Pis perspektiv deyil, amma münasibətlərin normal müstəviyə keçidi asan sayılmaz.
Rusiya separatçıları dəstəkləməkdən vaz keçməsi üçün Tbilisi qarşısında bəlli şərtlər qoyacaq və həmin tələblərin də yerinə yetirilməsi Gürcüstanın xarici siyasət kursunda ciddi dəyişikliklərlə yanaşı, daxili siyasətdə də əhəmiyyətli korrektələri ehtiva edir.
Daha sadə desək, Rusiyanın şərtləri məlumdur: Tbilisi yenidən Moskvanın təsir dairəsinə qayıdır, MDB məkanındakı regional təşkilatlara qatılır, həmin qurumlarda aktiv iştirak edir, NATO və Avropa Birliyi ilə təmaslarını əməkdaşlıq proqramları ilə məhdudlaşdırır, orta perspektivdə isə hərbi-texniki və müdafiə sahələrində sıx tərəfdaşlığa start verir.
Tbilisi bu şərtlərlə razı deyil və Moskvanın tələblərini öz suverenliyinə təhdid sayır.
Gürcüstana təzyiqləri artırmaqda olan Rusiya bütün vasitələrdən, xüsusilə də Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimləri fəallaşdırmaqdan istifadə etməklə başladığı prosesi genişləşdirməyə çalışır. Elə bu səbəbdən də A.Bibilov ilk əvvəl Moskvaya yollanaraq zəruri təlimatlar almış, yalnız bundan sonra Yerevana, oradan da Xankəndiyə getmişdi.
Yerevanda Bibilov və Saakyan arasındakı danışıqlar barədə ilk məlumatı Ermənistan yox, Osetiyanın yayması da maraqsız deyil.
"Səfər proqramı çərçivəsində Ermənistan və Cənubi Osetiyanın ali qanunverici orqanlarının rəhbərlərinin görüşü baş tutdu. Görüş əsnasında Anatoli Bibilov və Qalust Saakyan dövlətlərarası münasibətlərin daha intensiv inkişaf etdirilməsi üçün işgüzar təmasları gücləndirməklə bağlı razılaşma əldə ediblər", - məlumatı Cənubi Osetiyanın "parlament"inin saytında yer almışdı.
Məlumat A.Bibilov və Q.Saakyanın Yerevandakı görüşdə çəkilmiş protokol fotosu ilə müşayiət olunurdu.
Amma ertəsi gün həmin məlumatla foto saytdan silinib.
Rəsmi Tbilisi də məlumatın yayılmasını və sonra da silinməsini səbəb göstərərək Bibilovla Saakyanın görüşmələri barədə xəbəri yalan, fotonu isə saxtakarlıq adlandırmışdı. "Bu barədə hələlik yalnız Sxinvalidəki separatçı rejim məlumat yayıb. Ermənistandakı səfirimizə tapşırmışıq ki, informasiyanın həqiqətə nə dərəcədə uyğun olduğunu yoxlasın. Məlumat təsdiqlənərsə, reaksiyamız adekvat dərəcədə sərt olacaq", - Gürcüstan XİN-in sözçüsü David Kereselidze demişdi.
Ermənistan parlamentinin mətbuat xidmətisə tam tərsinə, görüşün olduğunu təsdiqlədi, amma dərhal vurğuladı: "Görüş fərdi səciyyə daşıyırdı və heç bir rəsmi məsələ müzakirə olunmayıb.
Bir neçə saat keçdi, Gürcüstanın Yerevandakı səfiri Tengiz Şarmanaşvili Bibilovla Saakyanın görüşdüyünü təsdiqlədi.
"Ermənistanın xarici işlər nazirinin müavini Sergey Manasaryanla görüşdüm və bu faktın bizi dərindən narahat etdiyini onun nəzərinə çatdırdım. Cənab Manasaryana anlatdım ki, belə addımlar ölkələrimiz arasındakı mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinə əsla uyğun deyil", - səfir söyləyib.
S.Manasaryan da sən demə, vəziyyətin yaratdığı fəsadları yumşaltmaq üçün "baş vermiş hadisə ilə bağlı təəssüfləndiyini, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfindən tam dəstəkləndiyini vurğulayıb.
Buna rəğmən Ermənistanın Tbilisidəki səfiri Yuri Vardanyan Gürcüstan XİN-ə çağırılıb və orada XİN başçısının müavini Gigi Gigiadze "həddən artıq ciddi narahatlığı"nı səfirin diqqətinə çatdırıb.
Təsadüfmü?
Aydındır ki, Cənubi Osetiyadakı separatçı rejimin "parlament spikeri"nin əvvəl Yerevanda, sonra Xankəndidə keçirdiyi görüşlərin "təsadüfi və qeyri-rəsmi" olmasıyla bağlı Ermənistan rəsmilərinin açıqlamalarını Tbilisi yetərli saymayıb.
"Dost bildiyimiz ölkənin rəhbərlərinin separatçı, işğalçı rejimin nümayəndələri ilə istənilən formadakı təmasları bizim üçün qətiyyən qəbuledilməzdir", - Gigiadze deyib.
Bir neçə saat keçəndən sonra Ermənistanın baş naziri Ovik Abramyan Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşviliyə zəng vuraraq bildirib ki, sən demə, Anatoli Bibilov Dağlıq Qarabağda "qeyri-iş günündə özəl səfər"də olub, onun Yerevanda Ermənistan parlamentinin spikeri ilə görüşü isə "qeyri-rəsmi" olub: "Bu görüş zamanı Gürcüstanın işğal altında olan əraziləri ilə bağlı məsələlər müzakirə edilməyib".
Amma rəsmi Tbilisi sakitləşməyib. Gürcüstan rəhbərliyi hesab edir ki, osetin separatçılarının "parlament spikeri"nin Yerevana və Xankəndiyə səfəri əsla təsadüf deyil.
Diplomatiyada belə təsadüflər ümümiyyətlə olmur.
A.Bibilovun səfərlərinin ilkin, zahiri səbəbi "erməni soyqırımının 100-cü anım ili" ilə bağlı Yerevandakı vay-şivən tədbirlərinə Gürcüstan rəhbərliyinin qatılmaması idi.
Gürcüstanın prezidenti və baş naziri aprelin 24-də Yerevana yollanmadılar, ermənilərin ən böyük miflərindən birinin "həqiqət" olduğunu iddia edənlərin arasında yer almadılar.
Ermənistan bunun qisasını almalıydı və Yerevanın Rusiyaya "şikayət"indən, habelə təvəqqe və yalvarışlarından sonra Bibilovdan marionetka qismində istifadə etməyə qərar verildi.
Osetin separatçıların nümayəndəsinin Yerevan və Xankəndiyə səfəri, orada keçirdiyi görüşlər, heç şübhəsiz, Gürcüstan diplomatiyasının son illərdəki ən böyük uğursuzluqlarından birinə çevrildi.
Baş verənlər onu da göstərdi ki, Cənubi Qafqazda Rusiyanın yürütdüyü siyasət daha aqressiv, Ermənistanın davranışı daha həyasız, separatçıların iştahları isə daha artıq olub.
Eyni zamanda yaşananlar Dağlıq Qarabağdakı separatçıların "diplomatik aktivliyi"nin qarşısının alınması üçün səylərimizi aktivləşdirməyin gərəkli olduğunu da göstərir.
Anatoli Bibilovun səfərləri "bir dəlinin quyuya daş atması" yox, əvvəlcədən planlaşdırılan və Tbilisi ilə Bakıya qarşı yönələn siyasətin tərkib hissəsidir.
Cavabımız da məhz buna görə olmalıdır.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
XƏBƏR LENTİ
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz





