Siyasət

"Müsavat"da növbəti qalmaqal

4 May 2015 20:45
Baxış: 787

Partiyanın qurucularından biri Vurğun Əyyub partiya sıralarından xaric edilib

Müsavat partiyasının qurucularından biri hesab olunan Vurğun Əyyub partiya sıralarından xaric edilib. Partiyanın yerli təşkilatı Vurğun Əyyubun partiya iclaslarına qatılmaması, üzvlük haqqını ödəməməsi, qərarlara tabe olmamasını əsas gətirərək belə bir qərar qəbul edib.

Vurğun Əyyub ANS-ə açıqlamasında partiyadan çıxarılmasının gözlənilən olduğunu və indiki qeyri-legitim Müsavat rəhbərliyinin buna çoxdan hazırlaşdığını və ondan intiqam aldığını söyləyib.

Qərara etiraz olaraq daha bir Müsavat fəalı, həkim ekspert Adil Qeybulla partiyadan istefa verib.

Bir qrup Müsavatçı isə partiya qərargahı qarşısında aksiya keçirmək qərarı verib.

"Qurultaydan sonra indiki partiyanın rəhbərliyi siyasi opponentlərini sıradan çıxarmaq yolunu tutub. Bu isə Müsavatın nə adına, nə onun nizamnaməsinə, nə də proqramına qətiyyən uyğun gəlmir. Vurğun Əyyubun absurd ittihamlarla partiya sıralarından xaric edilməsi partiya daxili mövcud durumun sübutdur", - deyə keçmiş müsavatçı Adil Qeybulla bildirib.

Müsavatda yaranan qalmaqalı partiya başqanın müavini Elman Fəttah cavablandırıb: "Vurğun Əyyub son 6 ayda öz fəaliyyəti ilə əslində, Müsavat Partiyasından kənarda qoymuşdu. Müsavat Partiyasının Binəqədi rayon təşkilatı Vurğun Əyyubun Müsavat Partiyasına qarşı olan fəaliyyətinə adekvat, yəni partiya sıralarından xaric edilməsi qərarı ilə cavab verib", - deyə fikrini açıqlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.