Siyasət

Prezident İlham Əliyev: "Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır" - YENİLƏNİB - FOTO

15 Noyabr 2014 22:35
Baxış: 3 450

22:35

Milli.Az AzərTAc-a istinadən bildirir ki, noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.  

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.  

Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.  

Dövlətimizin başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı. 

Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.  

Sonra dövlətimizin başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb. 

Bildirildi ki, gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. 

Diqqətə çatdırıldı ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.  

X X X  

Sonra dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşdü. 

Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev dedi: 

- Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz bu gün Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. 

Beş il əvvəl biz burada bu nəhəng infrastruktur obyektinin təməl daşını qoyduq. Beş il ərzində çox gərgin iş aparılıb və bu işin nəticəsində biz bu gün bu gözəl infrastruktur obyektinin açılışını qeyd edirik. Bu işin icrasında iştirak etmiş bütün insanlara - inşaatçılara, mühəndislərə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir. 

Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək veriləcək. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə istifadə etməlidirlər. Əminəm ki, belə də olacaq. Yeni suvarılacaq sahələrdə bəri başdan düzgün planlaşdırma işləri aparılmalıdır ki, orada hansı məhsullar yetişdiriləcək, o məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni, hesab edirəm ki, biz bu məsələlərə indidən kompleks şəkildə yanaşmalıyıq və əslində artıq müəyyən işlər görülmüşdür. Bu gün Şəmkir rayonunda böyük aqroparkın təməli də qoyulacaq və əgər bu su anbarı tikilməsə idi, əlbəttə ki, o aqropark da tikilməzdi. Çünki oraya da çox böyük həcmdə investisiya qoyulacaq və əsas şərt suvarılan ərazilərdir. 

Bu, çox böyük investisiyatutumlu layihədir. 700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Biz keçən ilin sonunda Taxtakörpü su anbarının və kanalların açılışını qeyd etmişdik. O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu iki mühüm layihə əlbəttə ki, bugünkü Azərbaycanın gücünü və bizim siyasətimizin istiqamətini göstərir. Çünki bu gün kənd təsərrüfatını, sahibkarlığı inkişaf etdirmək üçün dövlət tərəfindən böyük vəsait qoyulur, böyük işlər görülür. Dövlət qeyri-neft sektorunun inkişafına böyük investisiyalar qoyur. Sahibkarlığın inkişafı üçün hər il güzəştli şərtlərlə kreditlər verilir. Son illərdə iqtisadiyyatın real sektoruna kredit şəklində 200 milyon manatdan çox vəsait qoyulub. 

Sahibkarlığı inkişaf etdirmək üçün hər il mənim rəhbərliyimlə geniş müşavirə keçirilir, həm siyasi dəstək verilir, həm iqtisadi məsələlər öz həllini tapır. İnfrastruktur layihələri, - elektrik stansiyaları, kənd yolları, içməli su layihələri, - bütün bu layihələr ölkəmizin çoxşaxəli inkişafını təmin edir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. 

Bildiyiniz kimi, birinci proqram 2004-cü ildə qəbul edilmişdir. Hazırda üçüncü proqram icra edilir. 2018-ci ilə qədər ölkəmizdə üçüncü proqramın icrası nəticəsində əsas infrastruktur və sosial məsələlər həllini tapacaqdır. 

Kənd təsərrüfatının, sahibkarlığın inkişafı isə bizim üçün prioritet istiqamətlərdir. Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. 

Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır. 

Sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan istifadə edəcəklər. Biz bu gün paralel olaraq su elektrik stansiyasının açılışını qeyd etdik. Bu da çox gözəl layihədir. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir, böyük rol oynayır. Bu rol getdikcə artacaq, ancaq, eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji güclərimizi artıraq, o cümlədən bərpa olunan enerji növləri hesabına. Bu istiqamətdə də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir. Ancaq bərpa olunan enerji növləri arasında əlbəttə ki, hidroenergetika prioritet təşkil edir. Son illərdə bir neçə gözəl layihə icra edilmişdir. Taxtakörpü su anbarında 25 meqavat gücündə elektrik stansiyası fəaliyyətə başlamışdır. Füzuli rayonunda 25 meqavat gücündə stansiya tikilmişdir. Naxçıvanda, Ordubad rayonunda böyük stansiya tikilmişdir. Naxçıvan Muxtar Respublikasını demək olar ki, 100 faiz bərpa olunan enerji növləri ilə təmin etmək üçün böyük işlər görülmüşdür. Biz artıq bu məqsədə də çox yaxınıq. Bu gün burada, Şəmkirdə 25 meqavat gücündə su elektrik stansiyası fəaliyyətə başlayır. Yeni stansiyaların tikintisi də mümkündür və biz bu məsələlərə də baxacağıq. Biz burada bu obyektin enerji potensialını bəlkə də 45 meqavata çatdıra bilərik. Bu, əlbəttə ki, ekoloji cəhətdən ən təmiz, eyni zamanda, ən ucuz enerji növüdür. Bu, bizə imkan verəcək ki, neft-qaz resurslarımızı xarici bazarlara daha da böyük həcmdə ixrac edək. 

Bax, Azərbaycan dövlətinin bu işlərə yanaşması bundan ibarətdir. Biz enerji, nəqliyyat təhlükəsizliyimizi təmin etmişik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir. Böyük infrastruktur layihələrini icra etmişik. 

Yeni dəniz ticarət limanı.Onun birinci hissəsi artıq fəaliyyətə başlamışdır. Yeni gəmilər alınır. Dəmir yoluna, hava nəqliyyatına böyük investisiyalar qoyulur. Yeni aeroportlar tikilir,ən müasir təyyarələr alınır, yeni marşrutlar açılır. Bakı-Tbilisi-Qars dəmir yolu.Bu da tarixi layihədir, artıq reallaşır, onun başa çatmasına az qalıb. Yəni, nəqliyyat infrastrukturu bundan ibarətdir. 

Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq.Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması vəŞərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilmişdir. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir.Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək. 

Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır. Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün bu işlərə dövlət dəstəyi verilir. Bütün bu layihələr planlı şəkildə icra edilir. Şəmkirçay su anbarının, elektrik stansiyasının və su kanallarının tikintisi ilə bağlı hələ 2005-ci ildə mən Sərəncam imzalamışdım. Ondan sonra işlər başlanmışdır.Texniki-iqtisadi əsaslandırma hazırlanmışdır. Xarici podratçı kontraktorlar seçilmişdir və işlər başlamışdır. 

Ancaq uzunmüddətli strategiyanı düzgün müəyyən etdikdə biz gözəl nəticələrə çata bilərik. Çünki bu nəhəng infrastruktur layihələri çox vaxt aparır. Ona görə 2005-ci ildə Sərəncam imzalandı, 2009-cu ildə işlər başladı, 2014-cü ildə isə biz artıq bu layihənin başa çatmasını qeyd edirik. Bu, yüzilliklər ərzində Azərbaycana xeyir gətirəcək, iqtisadi potensialımızı möhkəmləndirəcək. Əlbəttə ki, su kanallarının tikintisi bundan sonra da davam etdirilməlidir. Hazırda tikilən kanallar dediyim həcmdə yeni torpaq sahələrini əhatə edəcək. Ancaq yeni, gələcək planlar var və biz suvarılan torpaqların həcmini daha da artıra bilərik. Kanalların tikintisi nəticəsində təqribən iyirmi, bəlkə də otuz min hektar əlavə torpaq sahəsi suvarıla bilər. Bu layihə dörd rayonunsahəsini əhatə edir - Şəmkir, Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd təsərrüfatının inkişafı əlbəttə ki, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək. Bir məqamı da qeyd etmək istəyirəm, eyni zamanda, bu layihədən insanlar da içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə, o cümlədən Samux rayonunun bir neçə yaşayış məntəqəsinə içməli su veriləcək. Bu, təmiz içməli sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir. 

Suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir layihədə cəmləşən amillər.Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olmuşdur. Dünyada maliyyə və iqtisadi böhran davam edir. İnvestisiya qoyuluşu böyük dərəcədə aşağı düşüb. Bəzi ölkələrdə maliyyə böhranı kəskinləşir. Neft-qaz ilə zəngin olan ölkələr də yəqin ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən narahatdırlar, bu da təbiidir. 

Ancaq buna baxmayaraq, Azərbaycan böyük infrastruktur, investisiya layihələrini icra edir. Nə üçün? Çünki bizim xalqımıza, dövlətimizə lazımdır. Dövlətimiz daha da güclü olmalıdır. İqtisadiyyat daha da çoxşaxəli olmalıdır. Neft-qaz amilindən asılılıq daha da azalmalıdır. Biz bu layihələrin icrası ilə bir daha göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edə bilər. İki yüz ilə yaxındır ki, Azərbaycan nefti dünyada tanınır. Hasilatın əvvəlində dünya üzrə neftin bəlkə də 70 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti sovet enerji potensialının 70-80 faizini təşkil edirdi. 

Ancaq Azərbaycan müstəqilliyə qovuşanda bizim vəziyyətimiz necə idi?! Neft sənayesi dağılmış vəziyyətdə idi. Köhnə yataqlarda iş getmirdi. Hər tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət idi. Qaraşəhər, Böyükşor gölü, digər Balaxanı mədənləri nə gündə idi?! Yəni, bizə, müstəqil dövlətə bu qaldı. Neftin hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Biz özümüzü təbii qazla təmin edə bilmirdik. Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii qaz həm Ermənistana, həm Gürcüstana ötürülürdü, biz isə təbii qazı xaricdən almağa başlamışdıq. Bu idi müstəqilliyimizin əvvəlində müşahidə olunan mənzərə. Ona görə bir daha demək istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Çünki bizim taleyimiz öz əlimizdədir. 

Azərbaycan xalqı söz sahibidir. Azərbaycan xalqın iradəsi ilə idarə olunur. Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da edəcək. Çünki biz güclü dövlətik. Biz son illərdə iqtisadi və siyasi islahatlar nəticəsində dünya miqyasında böyük hörmət qazanmışıq. Davos İqtisadi Forumunun hesablamalarına görə biz rəqabətqabiliyyətlilik üzrə dünya miqyasında 38-ci yerdəyik. Biz beynəlxalq nüfuz qazanmışıq və iki il dünyanın ən mötəbər qurumu - BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərmişik və prinsipial ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyimizi orada ifadə etmişik. Budur müstəqilliyin nəticələri və Azərbaycan xalqı bunu görür, bilir, qiymətləndirir. 

Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq. Əminəm ki, gələcəkdə belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq. 

Mən bu gözəl gündə bu nəhəng infrastruktur obyektinin tikintisində iştirak etmiş bütün dostlara, yoldaşlara bir daha minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqını Şəmkirçay su anbarı kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sağolun.  

X X X  

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dedi:  

- Möhtərəm cənab Prezident. 

Hörmətli tədbir iştirakçıları. 

Bu gün, doğrudan da müstəqil Azərbaycanın tarixində yeni bir səhifə yazılır. Azərbaycanın coğrafiyasını çox gözəlləşdirəcək, dəyişdirəcək iki böyük obyekt bu güncənab Prezidentin iştirakı ilə istifadəyə verilir. 

Cənab Prezidentin çıxışından sonra danışmaq çox çətindir. Çünki cənab Prezident bu məsələləri o qədər ətraflı şərh etdi ki, ondan sonra layihə və görülən işlər haqqında nə isə demək çətindir. Bu Şəmkirçay su anbarının tikilməsi ideyası ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Hələ o vaxt - 1981-ci ildə bunun texniki-iqtisadi əsaslandırılması yaranmışdır. 

Uzun müddət - sovetlər dövründə də, sonrakı dövrdə də ölkənin imkanı olmadığı üçün bu tikintiyə başlamaq mümkün olmamışdır. Amma cənab Prezident bu layihənin həm müəllifi, həm də icra edilib başa çatdırılmasının təşkilatçısı oldu. Ona görə də bu layihəni bizdən daha yaxşı bilir. Biz ona layihə haqqında məlumat verəndə çox çətinlik çəkirik. Uzun müddət bu sahədə işləyən, təcrübəsi olan bir adam kimi, mən çətinlik çəkirəm. Çünki elə suallar verir ki, fikirləşirsən, yəqin cənab Prezident hidrotexnik təhsili alıb, ona görə də hidrotexnikanı bu dərəcədə bilir.

Bu kompleksin özülü qoyulandan bugünədək, layihənin müzakirəsindən tutmuş tikintinin başa çatmasınadək bütün işləri nəzarətdə saxlayıb və bu gün gəlib burada bu açılışı etməyi, işçilərin əməyini yüksək qiymətləndirməyi bizi çox fərəhləndirir. Cənab Prezident, biz hamımız Sizə minnətdarıq ki, Siz Azərbaycan xalqı üçün bu qədər böyük miqyaslı işlər görürsünüz. Sözün açığı, Taxtakörpü su anbarı, Samur-Abşeron suvarma sistemininyenidən qurulması layihələri həyata keçiriləndən sonra fikirləşmirdim ki, bunlarla paralel ikinci böyük tikintiyə başlamaq olar. Bu tikintiyə ancaq güclü dövlətin gücü çata bilər, bunu ancaq cəsarətli və güclü rəhbərin iradəsi edə bilər. Biz Sizə minnətdarıq, cənab Prezident. 

Bütün sahələrdə olduğu kimi, cənab Prezident, burada da təxminən on il əvvəl Sizin söylədiyiniz bir fikir bizim üçün örnək olub. Biz o fikri yadınıza salırıq. Siz o vaxt bir layihənin müzakirəsi zamanı dediniz ki, bizim əvvəllər tikmək imkanımız yox idi, amma indi imkanımız var, tikməməyə və pis tikməyə ixtiyarımız yoxdur. Biz həmin devizi həmişə yadda saxlamağa çalışmışıq və çalışırıq ki, tikək, Sizin tapşırıqları vaxtında yerinə yetirək, özü də keyfiyyətlə yerinə yetirək. Siz doğrudan da, Azərbaycan üçün möcüzələr yaradırsınız. Biz çalışmışıq ki, Siz bu günbelə birtikintiyə baxasınız, sevinəsiniz. Biz ona çalışmışıq, bilmirəm nə dərəcədə nail olmuşuq, amma verdiyiniz qiymətə görə bir daha Sizə minnətdarıq. 

Təkcə bu sahə deyil, başqa sahələrdə də çoxlu meliorasiya tədbirləri görülür - istər taxılçılıq təsərrüfatlarının yaradılması, istər köhnə hidrotexniki qurğuların bərpa olunması sahəsində. Mən burada bir sirri deyim ki, qoyAzərbaycan xalqı bilsin. 2013-cü ildə mən cənab Prezidentdən xahiş etdim ki, əgər icazə versəniz, əlli kənddə quyu qazarıq. Soruşdu ki, nə üçün yüz yox, əlli? Dedim ki, Siz icazə versəniz sayını artırarıq. Cənab Prezident 50 əvəzinə 107 quyu qazmağı tapşırdı. Biz bu tapşırığı 2013-cü ildə yerinə yetirdik. Bu ilin yanvarında yenə söhbətimiz olanda daha yüz quyunun qazılmasına icazə verilməsini xahiş etdim. Cənab Prezident dedi ki, niyə yüz, niyə iki yüz əlli yox? İki yüz əlli quyunun qazılmasına Sərəncam verdi. Mən, cənab Prezident, Sizə məruzə edirəm ki, həmin 250 quyu dekabr ayında tam qazılıb istifadəyə veriləcək. İki yüz əlli quyu iki yüz əlli kəndin, yaşayış məntəqəsinin sevincidir. Bu, Azərbaycanın bütün bölgələrini, rayonlarını əhatə edən bir layihədir. Biz ona görə də Sizə çox minnətdarıq. 

Sizin tapşırığınızla biz böyükmeliorasiya tədbirləribarədə plan hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Tapşırığınız ondan ibarətdir ki, Azərbaycanda kənd təsərrüfatının intensiv və ekstensiv üsulla inkişafı təmin edilsin, Azərbaycan iqtisadiyyatının inkişafı təmin olunsun. Bu da həm mövcud meliorasiya potensialından istifadə olunmasını, həm də ekstensiv inkişaf yolu ilə yeni sahələrin artırılması məsələsini əhatə edir. Biz layihəni hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Amma işin həcmi çox böyükdür. Layihəni təqdim edəndən sonra biz özümüz də fikirləşirik ki, işin həcmi böyükdür.Amma bir məsələni qeyd edim ki, on biril bundan qabaq Ulu Öndərimiz xalqımıza müraciətində demişdir: Mən İlham Əliyevə özümə inandığım qədər inanıram. O inam artıq on birildir tam sübuta yetirilib. Siz o inamla Azərbaycan xalqının özünə inamını, özünə güvənməsini artırdınız. Xalqımız əldə olunmuş uğurlara görə Sizə minnətdarlığını bildirir. 

Biz bu böyük dünyada yaşayırıq. Bu dünyada böyüklü-kiçikli dövlətlər çoxdur. Onların əksəriyyətinin rəhbərlərinin reytinqi seçiləndən bəri iki dəfə aşağıdüşüb. Amma mən xalqın qarşısında deyirəm ki, Sizin reytinqiniz yüzə-yüz artıb. Görülən bu işlərə görə xalq Sizi sevir. Biz də o inamla o layihəni təqdim etmişikki, gələcəkdə Siz bunları bizə tapşıracaqsınız və biz də onları dövlətimizin dəstəyi ilə həyata keçirəcəyik. 

Biz Sizə minnətdarıq. Melioratorlarımız, inşaatçılarımız Sizin rəhbərliyiniz altında işləməkdən çox zövq alırlar. Sizin tapşırıqlarınızı yerinəyetirmək üçün həmişə hazırıq.

Diqqətinizə görə sağ olun!  

X X X 

"Vətən-Az" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, fermer Azər Əmiraslanov dedi:  

- Möhtərəm cənab Prezident. 

Hörmətli mərasim iştirakçıları.

Bu gün biz ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən böyük bir hadisənin şahidi olduq. Siz bu gün Azərbaycanımızın növbəti bir tarixi nailiyyətinə imza atdınız. Nəhəng Şəmkirçay su anbarını, su elektrik stansiyasını, magistral su kanalını istifadəyə verdiniz. Bu layihənin reallığa çevrilməsi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və inkişaf etdirilməsinə, ölkədə ərzaq bolluğunun yaradılmasına fundamental yanaşmanın bir nümunəsidir. Gələcək fəaliyyətimizə ciddi təkan verəcək bu layihəyə görə Sizə bütün sahibkarlarımızın, fermerlərimizin adından minnətdarlığımızı bildiririk. Həyata keçirdiyiniz mühüm tədbirlər nəticəsində iqtisadiyyatımızda qeyri-neft sektorunun xüsusi çəkisi ildən-ilə artmaqdadır. Bu sahəyə böyük sərmayələr qoyulur, konkret proqramlar icra olunur. Son zamanlar istifadəyə verilən və tikintisi davam etdirilən dəryaçalar, su anbarları və həyata keçirilən digər infrastruktur layihələri bundan sonra da yüz illərlə xalqımıza, dövlətimizə xidmət göstərəcək,onları gələcəkdə yarana biləcək problemlərdən qoruyacaqdır. Hamıya məlumdur ki, vacib infrastruktur yaratmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyildir. 

Şəmkirçay su anbarı kompleksinin istifadəyə verilməsi bölgəmizin kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradacaqdır. Fermerlərimiz, sahibkarlarımız suvarılan torpaqları əkəcəklər, becərəcəklər, yeni emal müəssisələri yaradacaqlar və ölkəmizdə ərzaq təhlükəsizliyinin tam təmin olunmasına öz töhfələrini verəcəklər. Bu il təbiət sözün həqiqi mənasında insanlarımızı, xüsusən də kənd təsərrüfatı məhsulları istehsalçılarını sınağa çəkdi. Suvarma suyunun çatışmaması məhsuldarlığın azalmasına, bəzi hallarda əkinlərin məhv olmasına, çəkilən əziyyətin hədər getməsinə səbəb oldu. Bu, bir daha göstərir ki, ölkəmizin su təhlükəsizliyinin təmin edilməsi, su ehtiyatlarından səmərəli istifadə, yeni kanalların inşası, su anbarlarının yaradılması strateji əhəmiyyətli bir məsələdir. 

Cənab Prezident, əmin ola bilərsiniz ki, bu şəraitdən istifadə edərək insanlarımız daha çox çalışacaqlar. Heç şübhə yoxdur ki, susuzluqdan istifadəsiz qalan və ərazisi 10 min hektarlarla ölçülən boş torpaq sahələrini zəmilər, bostanlar, meyvə bağları əvəz edəcəkdir. Bu layihələr ölkədə məhsul bolluğunun yaradılmasına, əhalinin ekoloji cəhətdən təmiz ərzaq məhsullarına tələbatının ödənilməsinə, insanların həyat şəraitinin, maddi rifah halının daha da yaxşılaşmasına, məhsullarımızın xarici ölkələrə ixracının genişlənməsinə səbəb olacaqdır. Eyni zamanda, bu su anbarı bölgənin içməli suya olan tələbatını da ödəyəcəkdir. Mən bir sahibkar kimi kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri də izləyirəm. Son 10 ildə rayonumuzda kənd təsərrüfatı sahəsində güzəştli kredit almış sahibkarların sayı çoxalmış, əldə edilən gəlirlər dəfələrlə artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən azad edilməsi, onlara dövlət tərəfindən subsidiyaların verilməsi və bu cür infrastruktur layihələrinin həyata keçirilməsini görən xarici biznes tərəfdaşlarımız belə bizə həsəd aparırlar. 

Mənim 4 hektar istilikxanam və 10 hektar çiyələk tarlam var. İldə 120 ton xiyar, 150 ton pomidor, 200 ton çiyələk istehsal edirəm. Müəssisəmdə 115 nəfər rayon sakini daimi işlə təmin olunub. Şəmkirçay su anbarı kompleksinin işə düşməsi mənə əlavə imkan verəcəkdir ki, öz fəaliyyətimi əsaslı surətdə genişləndirim. Bu da əlavə iş yeri və əlavə gəlir deməkdir. Ümumiyyətlə, ölkəmizdə gedən yüksək inkişaf prosesləri Şəmkirin də simasını tamamilə dəyişmişdir. Rayonumuz gündən-günə gözəlləşir, abad bir diyara çevrilir. Bütün bölgələrimizdə olduğu kimi, ümumi sosial-iqtisadi inkişaf nəticəsində rayonumuzda da varlı insanlarımızın sayı 10 dəfələrlə artmışdır. Bizi yaşadan da, varlandıran da elə torpaqdır. Torpağı əkib-becərmək üçün bizə lazım olan bütün şəraiti Siz yaradırsınız. 

Möhtərəm cənab Prezident, çıxışımın sonunda bölgə sahibkarları adından Sizi əmin etmək istəyirəm ki, bizə yaratdığınız bu şəraitdən səmərəli istifadə edəcəyik, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəmizi verəcəyik. Vətənimizin iqtisadi baxımdan daha da güclü olması naminə fədakarlıqla çalışacağıq. Çox sağ olun, cənab Prezident.


-----------
18:01


Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında iştirak edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissənin ərazisində yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə tanış oldu.

Üçmərtəbəli bina ordu birliyinin tabeliyindəki birləşmə və hissələrin idarə olunması, idarə heyətinin generalları, zabit və gizirlərin xidmət aparmaları üçün təyin olunub və burada 76 xidməti otaq var. Yeni qərargahda taktiki siniflər, çertyoj və kompyuter otaqları, rabitə qovşağı və digər otaqlar yaradılıb. Ordu korpusunun rabitə sistemi də müasir tələblərə uyğun qurulub.

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev operativ müşavirə keçirdi.

Müşavirədə müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və təmas xəttindəki vəziyyət barədə məruzə etdi.

Prezident İlham Əliyev bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pislədi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı güclü döyüş qabiliyyətinə malik olan Silahlı Qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirdi. Prezident İlham Əliyev vəziyyətlə bağlı müvafiq göstərişlərini verdi.

Daha sonra dövlətimizin başçısına hərbi qulluqçuların yay-qış geyim formaları göstərildi. Bildirildi ki, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlülüyü və davamlılığı ilə fərqlənir. Eyni zamanda, hərbi qulluqçuların yataq şəraiti yaxşılaşdırılıb, köhnə tip əsgər çarpayıları müasir bir və ikimərtəbəli çarpayılarla əvəz olunub. Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlığının yeniləri ilə əvəz olunması istiqamətində müvafiq işlər görülür.

Onu da deyək ki, hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılmasına və bişirilən yeməklərin çeşidinin artırılmasına xüsusi fikir verilir. Hazırda bu işlərlə hərbçilər yox, mülki işçilər məşğul olur, bu da yeməklərin keyfiyyətinə öz müsbət təsirini göstərir.

Burada hərbi qulluqçular üçün nəzərdə tutulan 50 xidməti mənzildən ibarət, tam təmirli beşmərtəbəli yaşayış binası da inşa olunub.


---------
16:30


Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında iştirak edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməsi ilə əlaqədar olaraq sənayeləşmə siyasəti çərçivəsində qeyri-neft sektorunun şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet məhsulların istehsalı sahələrinin yaradılması, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri də Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, dövlətin güzəştli kreditləri hesabına çörəkbişirmə sənayesində ən müasir texnologiya və avadanlıqlar tətbiq edilməklə regionlarda və Bakı şəhərinin qəsəbələrində müasir çörək zavodlarının yaradılmasıdır. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 108 milyon manat, gündəlik istehsal gücü 820 tona yaxın olan 27 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 49 milyon 500 min manat güzəştli kredit verilib. Bu çörək zavodlarından gündəlik istehsal gücü 437 ton olan 12-si Bakı şəhərinin qəsəbələrində, gündəlik istehsal gücü 382,5 ton olan 15-i isə regionlardadır. Dünyanın aparıcı şirkətlərinin müasir texnologiya və avadanlıqları əsasında qurulmuş gündəlik istehsal gücü 695 ton olan 21 çörək zavodu artıq istifadəyə verilib. Bakı və Sumqayıt şəhərlərində ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının fəaliyyətə başlaması bu şəhərlərdə istehlakçıların 70-75 faizini yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları ilə təmin etməyə imkan yaradıb. Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir rayonunda inşa edilib.

Müəssisənin maketi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 2,8 hektar ərazidə inşa olunmuş və dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat güzəştli kredit verilib. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur şirkətlərinin ən son texnologiyaları əsasında qurulub. Məhsul buraxılışında istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirildikdən sonra bütün xammal - su, un, duz, şəkər, maya və s. xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsal prosesinə buraxılır. Bu da sanitar-gigiyenik normalara əməl edilməklə, yağdan istifadə olunmadan yüksək keyfiyyət standartlarına cavab verən çörək və müxtəlif çeşidli digər məmulatların istehsalına şərait yaradır.

Prezident İlham Əliyev zavodu işə saldı.

İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın "Daub" şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü sistemi olan anbar quraşdırılıb.

Zavodda "Nəfis çörək" brendi ilə ilkin olaraq 15 növ - sosial, baton, baton kəpəkli, kərpic dietik, kərpic çovdar, tost, dairəvi alman çovdar çörəyi, fransız bageti, türk batonu, borodin çörəyi, rus Baltik çörəyi, rus karavayı, litva çörəyi, duzbucaqlı və üzümlü çiabatta çörəkləri, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları istehsal olunacaq. Gələcəkdə məhsulların növləri artırılacaq. Gündəlik layihə gücü 50 ton olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Un xüsusi nəqliyyat vasitələri ilə zavoda gətirilərək hər birinin tutumu 30 ton olan 4 anbara boşaldılır. Bu andan etibarən istehsal prosesi başa çatanadək məhsula insan əli dəymir. Çörəklər növündən asılı olaraq xüsusi xətt vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır ki, bu da məhsulun istifadə müddətini 48 saatadək artırır.

Hazır məhsullarla tanışlıq zamanı Prezident İlham Əliyevə bildirildi ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir. Hazır məhsulların istehlakçılara çatdırılması üçün ixtisaslaşdırılmış 8 nəqliyyat vasitəsi alınıb və satışın həyata keçirilməsi üçün 15 brend mağaza yaradılır. Zavodda ikinövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 100-dək yeni iş yeri açılıb.

Prezident İlham Əliyev müəssisənin potensialından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

---------

15:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Şəmkir rayonuna səfəri çərçivəsində "Şəmkir Aqropark"ın təməlqoyma mərasimində iştirak edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Şəmkirçay çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan yeni aqroparkın yaradılmasına geniş imkanlar yaradıb. Dövlətimizin başçısının tapşırığına əsasən bu imkandan istifadə edilməklə rayonda aqropark tikintisi layihələndirilib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə "Aqropark" inkişaf konsepsiyası barədə məlumat verdi. Bildirildi ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, aqroparkla "Zəyəm Texnologiyalar Parkı" arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana konstruksiyalarının, damla, yağışyağdırma və çiləmə üsulu ilə müasir suvarma avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək. Bununla yanaşı, aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək.

Bu yeni xidmət müəssisəsi regionda fermerlərin sahibkarlıq fəaliyyətini gücləndirməklə onlara məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq. Aqroparkın təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək.

Məlumat verildi ki, respublikada ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika - məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. "Şəmkir Aqropark"da yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin böyük hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.

Dövlətimizin başçısı aqroparkın təməlini qoydu.

Sonra Prezident İlham Əliyev mənbəyini Şəmkirçay su anbarından götürən kanala baxdı. Bildirildi ki, uzunluğu 11 kilometr və su nəqli saniyədə 4,5 kubmetr olan kanal aqroparkın yaradılmasında mühüm rol oynayacaq. Saniyədə nəql olunan suyun təqribən 1 kubmetri aqropakda istifadə ediləcək, qalan hissəsi isə regionda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarına veriləcək.
 
X X X

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.

Dövlətimizin başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı.

Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Sonra dövlətimizin başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.

Bildirildi ki, gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən, orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.

Diqqətə çatdırıldı ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.

Sonra dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşdü.

Prezident İlham Əliyev Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu nəhəng infrastruktur layihəsi ölkə iqtisadiyyatına mühüm töhfədir. "Bu layihənin icrası nəticəsində suvarılan torpaqların sahəsi daha da artacaq", - deyən dövlətimizin başçısı Şəmkirçay və Taxtakörpü su anbarı layihələrinin Azərbaycanın iqtisadi qüdrətinin əyani nümunəsinə çevrildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev dövlət vəsaiti hesabına həyata keçirilən bu layihələrin Azərbaycanda qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın daha da inkişafına hərtərəfli dəstək olacağını dedi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edildiyini bildirdi. Dövlətimizin başçısı enerji təhlükəsizliyinin təmin edildiyi Azərbaycanda enerji güclərinin artırılması istiqamətində tədbirlər görüldüyünü və yeni su elektrik stansiyalarının inşa olunduğunu vurğuladı.

Prezident İlham Əliyev dedi ki, ölkəmizdə aparılan islahatlar nəticəsində Azərbaycan dünyada böyük nüfuz qazanıb və gələcəkdə belə layihələrin icrası davam etdiriləcək.

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə layihənin əhəmiyyətindən danışdı, onu ölkəmizin iqtisadi həyatında mühüm hadisə kimi dəyərləndirdi. Əhməd Əhmədzadə Şəmkirçay su anbarı layihəsinin icrasına verdiyi hərtərəfli dəstəyinə görə Prezident İlham Əliyevə melioratorların minnətdarlığını çatdırdı.

"Vətən-az" MMC-nin direktoru, fermer Azər Əmiraslanov da sahibkarlığın, kənd təsərrüfatının inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.
 
----------
12:56

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov abidənin ətrafında görülən abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Milli.Az

----------
18:01

Böyütmək üçün şəkillərə klikləyin.


Şəmkir hərbi birliyinin hərbi şəhərciyində yeni qərargah binası istifadəyə verilib




----------
17:12

Şəmkirdə yeni çörək zavodunun açılışı olub




----------
15:40

Prezident İlham Əliyev "Şəmkir Aqropark"ın təməlqoyma mərasimində iştirak edib



Azərbaycan Prezidenti İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib



Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.