Milli.Az gənc fəal Bəxtiyar Hacıyevin "qafqazinfo"ya müsahibəsini təqdim edir."Bir-iki qız şəkli paylaşıram, hakimiyyət də sakitləşir"
- Son zamanlar Bəxtiyar Hacıyevi görə bilmirik. Niyə görünmürsüz?
- Son bir neçə ayda mən beynəlxalq tədbirlərdə iştirak etmək üçün səfərlərdə oldum. İşlərim çoxaldığı üçün mətbuatda görünmürəm.
- 2015-ci il parlament seçkilərində namizəd olmağı düşünürsənmi?
- Bu barədə hələ qərar verilməyib. Əgər bir qrup gənc namizədliyini irəli sürmək haqda qərar versə, birlikdə namizəd olacağıq. Həmin dövrdə mənim namizədliyim həbsimlə nəticələndisə, indiki dövrdə namizəd olmaq daha risklidir.
- Müzakirələr kiminlə aparılır?
- Potensial namizəd olacaq şəxslərlə. Bu gənclərlə başqa planlarımız da var. Biri də budur ki, yeni mərkəz yaradılsın. Biz bu təşkilatı Avropada yaratmaq istəyirik. Bu təşkilat bir çox sahələri əhatə edəcək. Xaricdə təhsil alan gənclər öz sahələri üzrə Azərbaycanda nələri dəyişmək istədiyi haqda sənəd hazırlayacaq. Hökumət özü qərar verəcək ki, bu islahatları edəcək, ya yox.
- Həbs olunmaq riski sizi qorxudur?
- Həbsdən qətiyyən qorxmuram. Həbsdə olmayan insan daha çox qorxur. İndi elə həbsxanalar var ki, mən oranı Avropadakı 3 ulduzlu otellər kimi təqdim edirəm. Kürdəxanıdakı Bakı İstintaq Təcridxanası belə şəraiti olan bir yerdir. Həbsxana elə də qorxulu yer deyil. Fəaliyyətimi dayandırmaqdan ehtiyatlanmasaydım, məmnuniyyətlə, gedib bir müddət yenə həbsxanada qalardım. Həbs riski isə həmişə var. Mən o riskləri azaltmağa çalışıram. Mən bu fikirdəyəm ki, kiminsə həbs olunması cəmiyyətə heç nə vermir. Həbs olunmaqdan qurtulmaq imkanı varsa, mütləq o imkanlardan yararlanmalıdır. Nidaçı gənclər həbsdən azad olunması üçün müraciətini müsbət qiymətləndirirəm.
- AXCP ilə Müsavat davasına yanaşman necədir?
- Mən maksimum çalışıram ki, iqtidar-müxalifət və müxalifət-müxalifət davasında obyektiv olum. İqtidarla müxalifət düşmən olmalı deyil. ABŞ-da demokrat senatorla şam yeməyi edən respublikaçı senatoru heç kim satqın adlandırmır. Azərbaycanda hətta əks siyasi mövqedən olan şəxslərlə ailə qurmağı, qohum olmağı qəbul etmirlər. Elə müxalifyönlü insanlar da var ki, demokratik dəyişiklik istəyir, amma şəxsi keyfiyyətləri aşağıdır. Siyasi baxışlara görə ailə qurmaq haqda qərar verməsini düzgün saymıram.
- Gənclər xarici xanımlara üstünlük verir. Sizin seçiminiz və kriteriyanız nədir?
- Bir çox mədəni və dünyagörüş fərqlərinə görə azərbaycanlı xanımlara daha çox üstünlük vermək istəyərəm. Amma son zamanlar müşahidəm onu göstərir ki, təhsil səviyyəsinin aşağı olması, TV-lərdə bayağı mövzuların işlənməsinə görə gənclərdə, xüsusilə xanımlarımızda daxili boşluq hiss edirəm. Xarici görünüşcə gözəl olan çoxlu xanımlarımız var. Amma mən xaricdə olanda adi görünüşlü qadınla saatlarca danışmaqdan yorulmuram. O qədər dərin daxili aləmləri, geniş dünyagörüşləri var ki, səni hərtərəfli özünə çəkir. Amma müəyyən səbəblərə görə ailə qurmaq mərhələsinə gəlib çatmır. Kriteriyalarımı açıqlamayım, kimlərsə həmin kriteriyalarda üstün olduqlarını göstərməyə çalışacaqlar.
- Siz Harvardı bitirən bir neçə azərbaycanlıdan birisiz. Amma nəticə gözlənilən olmadı. Bunda günahkar kimdir?
- Son bir neçə ayda bu sual ətrafında xeyli fikirləşmişəm. Gəncəyə valideynlərimin yaşadığı evə gedəndə fikirləşirəm ki, Harvard diplomu nəyə görə orada qalmalıdır? Bu yaxınlarda mən müəyyən dəyişiklik etməyi düşünürəm. Ola bilsin ki, gedib Azərbaycandan kənarda yaşadım. Ona görə də yaxın müddətdə hansısa dəyişiklik olmasa, mən ölkəni tərk edəcəyəm. Bu mühacirət və ya başqa ölkənin vətəndaşlığını almaq olmayacaq. Bəzi layihələr var ki, onları Azərbaycanda reallaşdırmaq mümkün deyil.
- Həbs olunmadan öncəki və həbsdən sonrakı Bəxtiyarda fərq var. Səbəb nədir?
- İnsanların hər yaşda edə biləcəyi işlər var. Hansısa veb saytın qurulmasına, imzatoplama kampaniyasına 20 yaşda daha çox vaxt ayıra bilərəm. Bu yaşda isə insan daha böyük işlər görmək istəyir.
- Həbsdən sonra eniş olduğunu etiraf edirsənmi?
- Eniş yox, dəyişiklik deyərdim. Mən həbs olunmadan öncə daha emosional idim, hər şeyə dərhal reaksiya verirdim. Həbsxana həyatı insana soyuqqanlı olmağı öyrədir. Görürsən ki, bunlar tək-tək həll olunacaq məsələlər deyil.
- Hər kəs həbsdə olmalıdır?
- Hər kəsə həbs lazımdır. Çünki mən həbsin ilk günlərində həbsxananın nəzarətçisi qapını 10 dəqiqə gec açanda emosional reaksiya verirdim ki, bizim hava almaq hüququmuz var və həmin nəzarətçi ilə münasibətlərim korlanırdı. Nəzarətçi gedib həbsxana rəhbərinə deyirdi və onunla da münasibət korlanırdı. Sonra başa düşdüm ki, davakar xarakterlə daha çox insan itiririk.
- İndi daha çox "qız şəkli paylaşan Bəxtiyar Hacıyev" kimi tanınırsız. Bu, sizi narahat etmir?
- Tək qız deməzdim, təbiət, bina şəkilləri də var. Bunun özü də bir yanaşmadır. Bu gün müxalif partiyalarda səhv olan metodlardan biri davamlı olaraq neqativ siyasi mesajların paylaşılmasıdır. Bu da, onsuz da, biganə olan gəncləri daha da uzaqlaşdırır. Mən çalışıram siyasi mesajı foto və ya musiqi ilə paketləyim. İki qız fotosu paylaşıb insanları səhifəyə cəlb edirəm. Sonra bu iki qız fotosunun ortasında hansısa problemlə bağlı tənqidi status yazıram. İnsanlar bu statusu rahatlıqla qəbul edir və yorulmadan müzakirə etməyə başlayır.
- Bir müddət öncə türkiyəli iş adamı ilə məsələnizdə onun həyat yoldaşı demişdi ki, siz həbsxanadan olan "vorzakon" dostlarınızla ərini döymüsüz. Belə dostlarınız varmı?
- Həbsxanada kriminal aləmdə kifayət qədər hörməti olan insanlarla tanış olmuşam. Onlar bir çox hallarda təklif ediblər ki, istənilən məsələdə dəstək verə bilərik. Dediyiniz məsələyə görə isə kriminal aləmdə hörməti olan kimisə narahat etməyə dəyməz. Onların bir çoxunun elə dəyərləri var ki, ictimai-siyasi sferada olan bir çox insandan daha üstündürlər. Kriminal aləmdə ağır cinayət törətsə də, bir kişi, başqa kişiyə heç vaxt şər atmaz. Bunu edən insana da heç vaxt salam vermirlər. Amma ictimai sektorda elə gənclər var ki, siyasi partiyaların rəhbərliyinə qədər çəkilib, amma mənəviyyatsızcasına başqalarına şər atır. Kriminal aləmdə hörməti olan insanlar dürüst siyasi məhbuslara hörmətə yanaşırlar. Məsələn, həbsdə olanda gedib su gətirmək istəyirdik. Həmin insanlar deyirdi ki, siz gedin kitabınızı oxuyun, siz bizə lazımsız. Suyu başqası gətirirdi.
- Həbsdə olanda kriminal aləmə aid nələr öyrənə bildin?
- Çox şey öyrəndim. Məsələn, ailə üzvü uzaqda olan, ailəsi olmayan və ya maddi vəziyyəti yaxşı olmayan məhbuslar da var idi, imkanı yaxşı olan şəxslər də. Kiminsə yanına çoxlu ərzaq, meyvə gətiriləndə kriminal sahədə hörməti olan insanlar təşkil edirdilər ki, gələn sovqatlar paylaşdırılsın. Bundan başqa çalışırdılar ki, kimsə fiziki gücündən istifadə edib zəif olan birini nəyəsə məcbur etməsin.
- Həbsxanada olanda düzəltdiyin əl işləri oldumu?
- Kibrit çöplərindən müxtəlif evlər hazırlamışdım. Mənlə görüşə gələn şəxslərə hədiyyə edirdim.
Milli.Az