Oktyabrın 21-də Fransanın "Total" neft şirkətinin prezidenti Kristof de Marjeri Moskvada "Vnukovo" hava limanında baş vermiş müəmmalı qəza nəticəsində həlak olub. "Total" prezidentinin, 2 ekipaj üzvünün və bir stüardessanın olduğu "Falcon" təyyarəsi havaya qalxarkən uçuş zolağına çıxan qar təmizləyən maşına çırpılaraq alışıb. Qəza nəticəsində təyyarədə olan 4 nəfərin hamısı həlak olub.Moskvanın "Vnukovo" aeroportunda dünyanı heyrətləndirən müəmmalı qəza ilə bağlı yeni faktlar üzə çıxıb; olaydakı sirr pərdəsi qatılaşır
Qeyd edək ki, "Total" şirkəti 1924-cü ildə yaradılıb, hazırda Fransanın ikinci ən böyük şirkətidir. Şirkətin bazar dəyəri 100 milyard dollardan artıqdır. Avropanın 3-cü ən böyük neft şirkəti olan "Total" Rusiya ilə yaxından tərəfdaşlıq edib. Şirkətin prezidenti de Marjeri Rusiya hakimiyyətinə, konkret olaraq prezident Putinə çox yaxın şəxs hesab olunurdu. "Total" prezidenti Rusiyaya qarşı sanksiyaların tətbiqinə qarşı çıxış edirdi. Bu səbəbdən də bir sıra dairələrdə onun ölümünün sui-qəsd olması ehtimalı ortaya atılıb. Rusiya mediasında isə qəzanı Qərb xüsusi xidmətlərinin təxribatı kimi təqdim etmək cəhdləri var. Artıq "Total" şirkətinə yeni prezident seçilib. Uzun illər şirkətdə çalışmış Tierri Demarre "Total"ın başına gətirilib.
"Total" şirkətinin prezidentinin öldüyü qəza ilə bağlı bir sıra şübhəli məqamlar var. Mütəxəssislər məhz bu məqamlara istinad edərək qəzada qəsd əlamətlərinin olduğunu bildirirlər. İlk növbədə qəza zamanı təyyarənin tez bir zamanda alışıb tamamən yanması, ancaq təyyarənin toxunduğu qar təmizləyən texnikaya heç bir xəsarət dəyməməsi, hətta traktorçunun xəsarət almaması şübhə yaradır. Bundan başqa, hər zaman yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü hava limanında uçuş zolağına qartəmizləyənin çıxması və uçuş ərəfəsində bunun heç kim tərəfindən qeydə alınmaması və qartəmizləyənin uçuş zolağına rahat şəkildə çıxması şübhə doğurmaya bilməz. Bu səbəbdən bir sıra mütəxəssislər bu hadisəni ən azından çox dəhşətli məsuliyyətsizlik, ən çoxu isə xüsusi-xidmət orqanının hazırladığı sui-qəsd hadisəsi hesab edirlər.
"Total" şirkətinin prezidentinin öldüyü qəzanın sui-qəsd olması ehtimallarını artıran daha bir məqam isə şirkətin prezidentinin personası ilə bağlıdır. Ekspertlərin hesablamalarına və analizinə görə, Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində ölkənin neft və qaz sektoruna ciddi zərbə dəyib, sanksiyalar ən əsası Rusiyanın neft və qaz sənayesinin yenidən qurulması, istehsal, emal qurğularının yenilənməsi və yeni geoloji axtarışların aparılması üçün müasir avadanlıqların alınması lazım idi. Sanksiyalar səbəbindən Rusiya hazırda bunu edə bilmir.
Ancaq yalnız "Total" şirkətinin prezidenti Kristofer de Marjeri Avropa dövlətlərinin iradlarına baxmayaraq sonuncu görüşdə Putinlə 50 milyardlıq razılaşma imzalayıb. Gizli anlaşmaya əsasən "Total" şirkəti ən müasir neft və qaz istehsalı avadanlıqlarını "Total" şirkətinin Rusiyadakı fəaliyyəti üçün lazım olan avadanlıqlar adı ilə Rusiyaya gətirəcəyi ilə bağlı öhdəlik götürüb. Yəni ən müasir neft və qaz istehsalı avadanlıqları "Total" şirkəti üçün alınacaq və Rusiyaya aparılacaqmış. Bu razılaşmanın qarşılığında Rusiya hakimiyyəti "Qazprom"un əli ilə Çinə ixrac olunacaq neft-qazda "Total"a pay alacağına söz verib. Bu saziş Rusiya hakimiyyəti üçün çox önəmli olub, çünki bunun baş tutacağı təqdirdə Rusiya 2020-ci ilə qədər nəzərdə tutulan neft-qaz istehsalı layihəsinin icrası üçün lazım olan texnikanın 80 faizini əldə edə biləcəkdi. O da bildirilir ki, Fransa rəhbərliyi bu məsələdən qismən xəbərdar olub və Moskva görüşündən qabaq Marjeriyə bu barədə xəbərdarlıq ediblər. Ancaq "Total" prezidenti bu xəbərdarlıqlara əhəmiyyət verməyib.
Bəs mütəxəssislər nə deyir? "Vnukovo" hava limanında baş verən qəza idi, yoxsa sui-qəsd?
"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, Rusiya rəhbərliyi ilə "Total" rəhbəri arasında yaxınlıq olsa da, konkret bu hadisədə terror ehtimalı azdır: "Qəza ilə bağlı versiyalar kimi, pis hava şəraiti, dispetçerlərin və ya pilotların səhvi, qar təmizləyən texnikanın sürücüsünün istismar qaydalarını pozması araşdırılır. Cinayət işi ilə bağlı dörd nəfər - sürücü, iki nəfər dispetçer və uçuş rəhbəri şübhəli şəxs qismində saxlanılıb. Məlumdur ki, Kristof De Marjeri Rusiyaya qarşı iqtisadi sanksiyaların əleyhinə çıxış etmiş və siyasətin iqtisadiyyata təsirinin daima əleyhinə olmuş, danışıq yollarının tərəfdarı kimi çıxışları ilə yadda qalmış, Avropa İttifaqının bu hərəkətlərini qınamışdır. Bir sözlə, məhz onun səyləri nəticəsində "Total" şirkəti RF-lə əməkdaşlığı davam etdirmişdir".
A.Nağıyev bildirdi ki, "Total" prezidentinin bu fikirlərinin olması, onun həlakı versiyasının birinin də terror aktı və ya sui-qəsd kimi qələmə verilməsi ciddi görünmür: "Çünki bu terror aktının maraqlı tərəflərinin Avropa Birliyi və ya ABŞ düşünülsə də, bu addımı atmaq onlar tərəfindən ağlasığmaz görünür. Yəni səbəb və məqsəd aydın deyil. Məlumdur ki, "Total" şirkətinin sanksiyaların əleyhinə getməsi tək prezidentin iradəsi ilə həyata keçirilmir, sadəcə olaraq, onu işdən də azad etmək olardı və ya haqqında digər inzibati qərarlar da qəbul etmək olardı. İkinci tərəfdən isə bu qəzanın məhz Rusiya ərazisində törədilməsi də terror məsələsini inkar edir. Bu versiyalara təkan verən söz-söhbətlərdən biri də qar təmizləyən texnikanın sürücüsünün istintaqçılar tərəfindən əvvəlcə sərxoş olması, sonradan isə onun ümumiyyətlə xəstəliyi ilə əlaqədar içki qəbul etməməsi haqqında yaydıqları məlumatlardır. Belə nəticəyə gəlmək olar ki, "Total" şirkətinin təyyarəsinin qar təmizləyən texnika ilə toqquşmasında Kristof De Marjeri yə qarşı terror və ya sui-qəsd ehtimalı yoxdur".
Texniki elmlər doktoru, aviasiya üzrə mütəxəssis Ədalət Əliyev deyir ki, baş verən hadisə bütün Rusiyada davam edən nizam-intizamsızlığın "Vnukovo" hava limanında özünü büruzə verməsidir: "Bu, idarə olunan prosesdir və görünür ki, idarəetmə işində ciddi yanlışlığa, intizamsızlığa yol verilib. Birincisi, sürücünün içkili olması, ikincisi qartəmizləmə işlərinin qeyri-qənaətbəxş şəkildə təşkil olunması, nəticədə dispetçer heyətinin nəzarətsizliyi olub və bu, çox biabırçı hadisənin baş verməsi ilə nəticələnib. Hətta məndə belə bir fikir yaranıb ki, bu, qəsdən törədilmiş hadisədir. Rusiyada anarxiyanın hökm sürdüyü, korrupsiyanın ən yüksək həddə çatdığı ölkədə belə halların baş verməsi adi haldır".
Ə.Əliyev bu hadisənin sui-qəsd olması ehtimalının da qüvvətli olduğunu deyir: "Mümkündür, ola bilər ki, hansısa kommersiya problemi ilə əlaqədar qəsd törədilib, yəni bunu da istisna etmək olmaz. Ancaq ilk növbədə bu, hava limanında texniki işin yararsız təşkili nəticəsində baş verən hadisədir. Bunu heç bir halda izah etmək, hansısa səbəb tapmaq, don geyindirmək olmaz.
Belə bir hadisənin bu günə qədər baş verməsi haqqında eşitməmişəm. Uçuş zolağında təyyarə başqa bir təyyarə ilə toqquşub. Bu, səhv ucbatından olub. Ancaq bu hadisə tamamilə məsuliyyətsizlikdir. Çünki yer texnikası uçuş zolağında işləyən zaman uçuş zolağı tamamilə bağlı olur. Uçuş zolağının açılmasına yalnız uçuşları idarə edən birinci şəxs özü uçuş zolağını o başından bu başına gedərək uçuş zolağı üçün heç bir maneənin olmadığını müşahidə etdikdən sonra dispetçer sisteminə zolağın eniş və qalxış üçün yararlı olması haqda məlumat verir. Başqa cür də mümkün deyil. Orda olan bütün texnika kənara çəkildikdən sonra uçuşa icazə verilməlidir. Təlimat bu cürdür".
Ədalət Əliyev deyir ki, bu hadisə ilk növbədə Rusiyada baş alıb gedən korrupsiya və anarxiyanın nəticəsi kimi qymətləndirilməlidir: "Ukraynanın şərqində Malayziya təyyarəsini Rusiyanın dəstəklədiyi separatçılar BUK raket kompleksi ilə vurub saldılar. İndi hər gün Rusiya KİV-ləri təbliğat aparır ki, təyyarəni ukraynalılar vurub. Bu hadisələr oxşardı. Orda da intizamsızlıq oldu, burda da. Ukraynada kortəbii siyasi hərəkət oldu, Moskva aeroportunda isə bu cür texniki məsuliyyətsizlik oldu. Bütün bunlar Rusiyada hökm sürən anarxiyanın, özbaşınalığın nəticəsidir".
"Yeni Müsavat"