Siyasət

Müxalifətdən qorxan iqtidar və hakimiyyətə satılmış "millət qəhrəmanları"

5 Sentyabr 2014 01:00
0 Şərh     Baxış: 2 070

Erməni Milli Konqresi, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun, "Çiçəklənən Ermənistan" və İrs partiyalarından ibarət "Dördlük" prezident Serj Sarkisyan qarşısında aylar əvvəl "12 tələb" adlı şərtlər qoymuşdu.
 

Həmin tələblərdən heç biri yerinə yetirilməyib. Erməni mediası Ovik Abramyanın baş nazir postuna təyinatını "müxalifətin mövqelərinin nəzərə alınması" kimi təqdim etsə də, əslində həmin təyinat bilavasitə iqtidarın gedişi idi və hakimiyyətin maraqlarının təminatına yönəlmişdi. Bu səbəbdən də Serj Sarkisyanın göstərişinin reallaşdırılmasını onun müxalifət qarşısında geri çəkilməsi kimi dəyərləndirmək olmaz.
 

İrs Partiyasının parlament fraksiyasının rəhbəri Rubik Hakopyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, bundan sonra hökumətin istefası tələbilə çıxış etmək mənasızdır: "Hakimiyyətin tam dəyişdirilməsi məsələsini gündəmə gətirməliyik. Yəni Serj Sarkisyanın istefasını tələb etməliyik".
 

Gerçəkdən də, ölkə siyasətində "qaynar payız" vəd edən müxalifət qüvvələrinin bu ay yenidən "hökumətin istefasını tələb edirik" şüarlarıyla çıxış etmələri tam absurd olardı. Bununla belə, Serj Sarkisyanın istefasının daha inandırıcı, daha radikal şəkildə tələb olunması da erməni müxalifəti üçün sınağa çevriləcək. Axı başda Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan olmaqla müxalifətçilər indiyədək məsələnin belə qoyuluşundan ehtiyatlanır, yeni repressiyalara və təqiblərə səbəb olmaq istəmirdilər.
 

İstefa tələbi məsələsində "Çiçəklənən Ermənistan" Partiyası və Erməni İnqilabi Federasiyası-Daşnaksutyun müxalifətin digər seqmentlərindən fərqli olaraq, "ehtiyatlı" davranıblar və onların bundan sonra "qəflətən" radikallaşacaqlarını gözləməyə dəyməz.

ÇEP-in sədri, oliqarx Qagik Sarukyan müxalifətçi görüntüsü yaratmaqla məşğuldur və o, sürəkli olaraq hakimiyyətlə kuluar sövdələşmələri apardığından heç bir halda Serj Sarkisyanın hakimiyyətdən kənarlaşdırılmasını tələb edən deyil.
 

Daşnaklara gəldikdə isə, xarici ölkələrdəki erməni diasporunun maraqlarının təmsilçisi olan bu şəxslər Yerevandakı rejimin yenilənməsində hələlik maraqlı deyillər.
 

Erməni Milli Konqresi və İrs Partiyasına gəldikdə isə, doğrudur, bu strukturların liderləri Levon Ter-Petrosyanla Raffi Hovannisyan sürəkli qaydada S.Sarkisyanın istefasını istəyirlər. Di gəl, "lider"lərin sözlərinin səmimiliyinə inanmaq olmur.
 

Ter-Petrosyanla Hovannisyan, gerçəkdən də, Yerevandakı rejimin hakimiyyətdən kənarlaşdırılmasını, Serj Sarkisyanın siyasətdən uzaqlaşdırılmasını istəyən siyasətçilər olsaydılar, hakimiyyətin siyasi marionetkası, müxalifət düşərgəsinə yeritdiyi kreaturası olan Qagik Sarukyanla indiyədək müttəfiq qalmazdılar.
 

Özlərini "lider" adlandıran şəxslər etiraf etmək istəməsələr də, hazırda "Dördlük" çərçivəsində olayların gedişatını məhz ÇEP və bu partiyanın sədri Qagik Sarukyan müəyyənləşdirir.
 

ÇEP də indiyədək istefa tələbini səsləndirmədiyindən "Dördlük" üzvü olan digər strukturların S.Sarkisyanın hakimiyyətdən uzaqlaşması ilə bağlı tələbləri ciddi əhəmiyyət kəsb etmir.
 

Levon Ter-Petrosyan və Raffi Hovannisyan hakim komandanın cinayətkarlar yığını olmasından, Serj Sarkisyanın da iqtidardan qovulmasının gərəkdiyindən danışırlarsa, ÇEP belə şüarlar səsləndirməyib. Hətta Qagik Sarukyan ölkədəki mövcud durumla bağlı S.Sarkisyanın bilavasitə məsuliyyət daşımasından bəhs etmək belə, istəmir.
 

ÇEP-in ideoloqlarından sayılan sabiq xarici işlər naziri Vardan Oskanyana gəldikdə isə, bəli, bu şəxs S.Sarkisyanın istefasını istəyir, hakimiyyətin total korrupsiyasından tutmuş, Dağlıq Qarabağ münaqişəsindəki total məğlubiyyətindən dəqiq, səlis və konkret danışır.

Fəqət V.Oskanyan rəhbərliyində təmsil olunduğu ÇEP-də sıxışdırılır və erməni mediası bir yana, Rusiyanın kütləvi informasiya vasitələrində də Ermənistanın sabiq XİN başçısının partiyanı tərk edərək özünə yeni siyasi təşkilat qurmaq niyyətindən bəhs olunur.
 

Məntiqi addım olardı. Çünki "Çiçəklənən Ermənistan" Partiyasının fəaliyyəti və bu qurumun sədrinin davranışları ilə bəyanatlarından asılı olmayaraq V.Oskanyan ÇEP-in panoramasının bir subyektinə çevrilmədi, iqtidarın əlaltısı Qagik Sarukyanın "danışan kukla"sına dönmədi.
 

Ermənistanın daxili siyasətində vəd olunan "qaynar payız"la bağlı durum və ümumiyyətlə, müxalifət qüvvələrinin vəziyyəti, sadəcə, Serj Sarkisyanın istefa tələbləri ilə bitmir. Söhbət bu tələbin yerinə yetirilməsinə yönəlmiş fəaliyyətdən yox, Ermənistandakı cəmiyyətin ilkin hissiyyat qavranması səviyyəsindən çıxmasından gedir. Hakimiyyət dəyişikliyinə yönəlmiş fəaliyyətin dəstəklənməsi üçün çağırışlar və sözlərlə yanaşı, əməllər də gərəkdir. Ermənilər S.Sarkisyanın istefası tələbləri ilə yanaşı, hipotetik yeni hakimiyyətlə bağlı aydın təsəvvürə də malik olmağa can atırlar.
 

Ermənilər kimin kimi dəstəklədiyini, kimin kimi yolundan kənarlaşdırdığını, kimin kimi hakimiyyətə gətirməyə can atdığını bilmək istəyirlər.
 

Yerevanda kütlə indiyədək belə suallara cavab aramırdı, lakin ötən illər çox hadisələri yaşatdı. Bir-birlərini qətllərdə, ən ağır cinayətlərdə, millətin maraqlarına və dövlətin mənafelərinə xəyanətdə suçlayanlar, düşmən olduqlarını deyənlər sonradan müttəfiqlərə çevrildilər.
 

Hakimiyyəti söyənlər elə həmin iqtidarın kölələrinə, Serj Sarkisyanın istefasını istəyənlər Ermənistan prezidentinin muzdlu mirzələrinə döndülər. Bu səbəbdən də ermənilər özlərinə maksimal dərəcədə qarantiyalara nail olaraq mümkün qədər çox suallara cavab verilməsini istəyirlər.
 

Əks təqdirdə yeni absurd yaşanacaq.
 

Axı 2008-ci il martın 1-də Yerevan küçələrində prezident seçkilərindən narazılara divan tutulmasına görə bir-birlərini suçlayan, hakimiyyətə işləməkdə ittiham edən Erməni Milli Konqresi ilə "Çiçəklənən Ermənistan" Partiyası indi müttəfiqdir.
 

Martın 1-i isə adi siyasi aksiya və kütləvi nümayiş yox, Serj Sarkisyanın fırıldaqlar və saxtakarlıqlar yolu ilə prezident "seçilməsi"ni qanunsuzluq adlandıranların gülləbaran edilməsi, ermənilərin qətlə yetirilməsi idi.
 

Erməni müxalifətinə cəmiyyət inanmır. Müxalifətçilər deyirlər ki, indiki hakimiyyətin alternativi "Dördlük"dür.
 

İndiki formatda, bir-birlərini məhv etməyə hazır, amma üzdə "müttəfiq" olduqlarını deyən 4 strukturun perspektivsiz, heç bir gələcəyi olmayan birliyi?! Belədirsə, "Dördlük"dən prezidentliyə və baş nazirliyə namizəd kimlər olacaq, hökumətdə nazir portfelləri kimlərə etibar ediləcək?!
 

Bəlli deyil. "Dördlük" daxili intriqalar, qarşıdurmalar və toqquşmalar burulğanında olduğundan hər an içdən dağıla bilər. Axı bu struktur yalnız mövcud iqtidarın istefası məsələsində vahid mövqedən çıxış edə bilmirsə, bir neçə ay baş nazir postuna namizədini müəyyənləşdirməyi bacarmadısa - hakimiyyətə necə və hansı yollarla gələcək?
 

Normal ölkədə həll olunası problemlər, cavab tapılası suallardır. Ermənistanda isə mümkünsüzdür.
 

Yerevanda iqtidarla müxalifət üzdə düşmən, kuluarlarda isə daim sövdələşən tərəflər olduqlarından Serj Sarkisyanın istefasına nail olmaq faktiki mümkünsüz istəkdir.
 

Ermənistanda hüquq sistemi bir yana - sabit siyasi sistem formalaşmayıb.
 

Belə şəraitdə cəmiyyətin kimi hakimiyyətə gətirəcəyi və ya nəyin hakimiyyət dəyişikliyinə təkan verəcəyi aktuallaşır.
 

İdeya, proqram, yoxsa bəzilərinin hakimiyyət nisgili?

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.