Siyasət

Prezident İlham Əliyev Avropa Komissiyasının yeni sədrini təbrik edib

17 İyul 2014 18:34
Baxış: 477

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının yeni seçilmiş sədri Jan-Klod Yunkerə təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Yunker,

Avropa Komissiyasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu mənada Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi, əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.

Bu gün siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük potensiala malik əlaqələrimiz uğurla inkişaf etməkdədir. Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biri sayılan enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin etibarlı tərəfdaş olduğunu sübut etmişdir.

İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Hörmətli cənab Yunker, Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə Sizə və Komissiyanın gələcək heyətinə uğurlar diləyirəm".

Milli.Az

 






Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.