Siyasət

Ukrayna ssenarisini Azərbaycana gətirmək baş tutmadı

18 Aprel 2014 16:40
Baxış: 1 092
Müxtəlif dönəmlərdə ABŞ-a bağlı təşkilatlar tərəfində Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 14 milyon dollar vəsait ayrılıb. İşin maraqlı tərəfi budur ki, həmin vəsaitlər ölkədə yalnız hakimiyyətə qarşı olan təşkilatlar üçün xərclənilib. Bitərəf və hökumətə loyal olan heç bir təşkilat ABŞ təşkilatlarının ayırdığı qrant layihələrindən faydalana bilməyib.

Milli.Az-ın məlumatına görə, ayrılan pullar haqqında araşdırma aparılan haqqın.az saytında maraqlı faktlar göstərilib. Məqalədə iddia olunur ki, vəsait Azərbaycanda qarışıqlıq yaratmaq məqsədi daşıyıb.

Millət vəkili Zahid Oruc Milli.Az-a açıqlamasında deyir ki, hər bir xarici dolların məhz inqilab üçün sərmayə olduğunu düşünməsə də və bundan xüsusi narahatçılıq keçirməsə də, qeyd olunan tendensiyalar var. Bunun ən sonuncu nümunəsi Ukraynadır.

"Maydanın necə təşkil edilməsi, siyasi-texnoloji planların orada necə qurulması, lider yetişdirmə, qarşıdakını kompromatla sarsıtma, beyin yuma, rəyə süni yeridilmiş siyasi ştrixlər və s. geniş arsenalı ilə postsovet ölkələrinin birində artıq ikinci dəfə sınandı. Hazırda Ukraynanın siyasi xəritədə varlığı belə sual altındadır. Bu mənada Azərbaycanda həmin 14 milyonun məhz inqilab üçün verildiyini iddia eləməsəm də, mütləq dövləti yönləndirənləri təsir dairəsində saxlamaq, onlara təzyiq göstərmək, müxtəlif məsələlərlə onları bloklamaq və müəyyən çərçivəyə almaq üçün həmin QHT strukturlarından geniş faydalanırlar. Mühüm beynəlxalq dönəmlərdə onları bir az da aktivləşdirirlər", - millət vəkili Milli.Az-a açıqlamasında bildirib. 

Onun sözlərinə görə, istənilən beynəlxalq donor qruplarının fəaliyyəti Azərbaycanda deyil, digər ölkələrdə də haqlı narazılıqlar və digər bir sıra kəskin münasibətlər doğurur. Bunun da bəlli səbəbləri var. Çünki ötən əsrin 80-ci illərində qərbin dünya üzərində daha zorakı metodlarla siyasi dəyişikliklərə nail olmaq planı yaranıb və çox mühüm bir doktrina qəbul olunub. Həmin doktrina üçüncü sektor vasitəsi ilə - "Think tank"lar, yəni beyin mərkəzləri, siyasi institutlar adı altında həmin ölkələrin iç işlərində iştirak eləməkdir.

Z.Oruc deyib ki, insan haqları, demokratiya və siyasi hüquqlar mühüm bir beynəlxalq prinsiplərdir və bunu təsbit edən beynəlxalq konvensiyalar, qanunvericilik aktları var, onun üzərində də başqa ölkələrin planları quruldu. Ona görə də üçüncü sektorun himayəsi əslində öz-özlüyündə hansısa bir vətəndaş birliyinin formalaşması, mərkəzləşmiş idarəçilikdən çıxaraq əhalinin özünün problemlərinə yaxından cəlb olunması deyil, daha çox dərəcədə üçüncü dövlətlərin əlinə işləyir.

"Araşdırma kifayət qədər faktoloji baza ilə zəngindir. Bunu uydurma adlandırmaq yanlış olardı. Bundan əvvəl seçki dövründə müxtəlif mənbələrdən, konkret müxalif partiyanın rəhbərinin hesabına hansı vəsaitlərin gəldiyi ortaya qoyulmuşdu. Bu dəlillərin çoxu narazı bəyanatlarla guya cavablandırıldı, ancaq əsl həqiqətləri sona qədər inkar edə bilmədilər", - millət vəkili vurğulayb.

Millət vəkili deyib ki, bu gün QHT strukturları içərisində təsir agentlərinin, nüfuz qruplarının, ictimai rəyi öyrənmə adı altında sanki kəşfiyyat və şpionaj fəaliyyətinin nümayəndələri var. Bunu adi gözlə də görmək olur.

"Nə açıq cəmiyyət institutu, nə də digər bu kimi beynəlxalq layihələrdə yalnız dövlətlə əməkdaşlığı, yəni ayrı-ayrı nazirliklərlə əməkdaşlığı çıxmaq şərtilə hakimiyyətyönlü qüvvələr o maliyyələrə layiq görülmürlər. Əksərən iqtidarın əleyhinə olan, hakimiyyətlə münasibətləri ciddi problemlərə dayanan, həmçinin bəzən milli-etnik mənşəyi də şübhə doğuran və Azərbaycan üzərində zəiflətmə siyasətində razılıq verən insanların təşkilatları şişirdilir, onların rəyi ilə Azərbaycan vurulur və bir sıra iqtisadi və geopolitik maraqlar məhz dediyimiz tezislərindən formalaşır", - o əlavə edib.

Millət vəkili onu da bildirib ki, qeyd olunan təşkilatlarda maliyyə vəsaiti alan və böyük bir qrup mühüm siyasi dönəmlərdə hüquq müdafiə təşkilatları adı altında qüvvələrin hüquqlarının müdafiəsi kimi çıxış edirlər.

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.