Siyasət

Səfir: "Qarabağ probleminə göz yuman beynəlxalq təşkilatların mövqeyi Krım hadisələrində də özünü büruzə verdi"

7 Aprel 2014 20:44
0 Şərh     Baxış: 926

"Ukraynada baş verən hadisələr KİV-lərdə şişirdilir. Ukryananın heç bir yerində insanlar separatizm tərəfdarı deyil". Milli.Az xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko "Kanal S"ə verdiyi müsahibəsində ölkəsində baş verən son hadisələr, Krımdakı son vəziyyət, beynəlxalq təşkilatların məsələ ilə bağlı mövqeyi və bu kimi məsələlərə aydınlıq gətirib.

Səfir deyib ki, bu gün Ukrayna beynəlxalq partnyorları ilə həm danışır, həm də bəzi məsələləri müzakirə edir: "Müzakirələr zamanı bir sıra məsələləri də gündəmə gətiririk. Bura Qarabağ problemi, həm də Gürcüstanın Rusiya tərəfindən zəbt edilmiş əraziləri ilə bağlı məsələlər də daxildir. Əgər bu gün Rusiyanın qarşısı alınmasa, digər xoşagəlməz nəticələr də ola bilər. Bu gün Qarabağ və Gürcüstandakı problemlərə laqeyd yanaşan, göz yuman bir sıra beynəlxalq təşkilatların mövqeyi Krım hadisələrində də özünü büruzə verdi.

Əgər bu gün Krım üçün də eyni aqibət yaşansa, biz bundan sonra nə olacağına zəmanət verə bilmərik. Əgər Rusiya bu hərəkətlərinə görə cəzalandırılmasa, öz hərəkətlərinə davam edəcək. Və bu zaman əsl xaos başlayacaq. Mən düşünürəm ki, dünyada bir çoxları bilirlər ki, Gürcüstanın və Azərbaycanın ərazi bötüvlüyünü qorumaq üçün zamanında lazımi addımlar atılmayıb. Və bütün bunları Krımda baş verən hadisələrin xəbərçisi hesab etmək olardı. Ukraynanın heç bir bölgəsində separatizm dəstəklənmir. Sizin Kütləvi İnformasiya Vasitələrində gördükləriniz dezinformasiyadır və kütləni aldatmaq məqsədi daşıyır. Kütləvi İnformasiya Vasitələrinin əli ilə Ukraynada bu cür hadisələrin olması fikrinin formalaşdırılmasına çalışılır.

Vətəndaşları buna inandırmağa çalışırlar. Əgər real olaraq baxılarsa, bu mitinqlərdə iştirak edənlər 100-200 nəfərdir. Onlar 5 milyonluq Donbasın və ya 2 milyon əhalisi olan Luqanşinanın, ya da 4 milyon əhalisi olan Xarkovun adından çıxış edə bilməzlər. Rusiya özünün 200 min yaraqlısını əraziyə yerləşdirib, onları ukraynalılar kimi təqdim edirsə, əlbəttə, bu yalandır. Əslində Ukrayna xalqı vahid düşüncəyə xidmət edir və biz xalqın istəkləri əsasında özümüz öz dövlətimizi yaratmaq istəyirik".

Qeyd edək ki, səfirlə müsahibə tam şəkildə növbəti bazar günü (13 aprel) saat 20:00-da Region TV-nin efirində yayımlanacaq "Həftə" Analitik İnformasiya Buraxılışında efirə gedəcək.


Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.