Siyasət

Azərbaycan–Türkiyə münasibətləri daha da güclənir

5 Aprel 2014 16:55
0 Şərh     Baxış: 800

Martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərindən və hakim Ədalət və İnkişaf partiyasının (AKP) qələbəsindən sonra ölkənin ən güclü siyasi fiqurlarından olan Baş naziri Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana etdi.
 

Türkiyədə bir çox siyasi analitiklər AKP-nin bələdiyyə seçkilərində qələbə qazanacağı təqdirdə Ərdoğanın ilk səfərinin ABŞ-a olacağını ehtimal etsələr də, Baş nazir Bakıya gəldi.

O, səfər öncəsi verdiyi açıqlamada Azərbaycana səfərinin ənənəvi olduğunu qeyd etdi.

Səfər çərçivəsində tərəflər arasında siyasi, iqtisadi, hərbi, mədəni əlaqələrin daha da gücləndirilməsi məsələləri ilə yanaşı, heç şübhəsiz, Dağlıq Qarabağ problemi də müzakirə olundu.

"Bir millət, iki dövlət" prinsipinə söykənən iki qardaş ölkə arasında gələcək əməkdaşlığın perspektivlərinin əsas müzakirə mövzusu olması təbiidir.

Ümumiyyətlə, Ankara-Bakı münasibətlərinin tarixinə nəzər salsaq, Azərbaycanın müstəqilliyinin tanınmasından bu günə qədər əməkdaşlığın yalnız yüksələn xətt üzrə inkişaf etdiyinin şahidi olmaq olar.

Rəsmi Ankara bütün məsələlərdə, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəklədiyi kimi, rəsmi Bakı da hər zaman bütün məsələlərdə Ankaraya dəstək verib.

Bu dəfə də Baş nazir Ərdoğan verdiyi açıqlamada Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyinin sabit olduğunu və bundan sonra da dəyişməz qalacağını açıqladı.

Ümumiyyətlə, Türkiyə iqtidarını kimin təmsil etməsindən asılı olmayaraq, Ankaranın Dağlıq Qarabağ probleminin həllində mövqe dəyişikliyi edəcəyi qeyri-mümkündür.

Azərbaycan və Türkiyə arasında müzakirə olunan digər önəmli məsələlərdən biri də regional, eyni zamanda qlobal əhəmiyyət daşıyan TANAP layihəsi oldu. TANAP-la yanaşı, regionun digər iqtisadi layihələri də müzakirə obyekti idi.

Baş nazir Ərdoğanın qeyd etdiyi kimi, Azərbaycana səfər hər nə qədər ənənəvi xarakter daşısa da, regionda baş verən geosiyasi hadisələrin fonunda bu səfərin çox önəmli olduğunu görmək olar.

Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyətinə müxtəlif prizmalardan yanaşmaq olar. Bunlardan biri də Azərbaycan-Türkiyə əlaqələrinin sadəcə siyasi müstəvidə deyil, eyni zamanda bütün sahələrdə inkişaf etməsidir.

Ən önəmli məqamlardan biri də, Azərbaycan və Türkiyəni dünyanın energetika siyasətini dəyişdirə biləcək iqtisadi layihələrin birləşdirməsidir.

Ərdoğanın seçkilərdən sonra ilk olaraq Azərbaycana səfər etməsi Azərbaycanın türk dövlətləri arasında Ankara üçün xüsusi əhəmiyyət kəsb etdiyini göstərir.
 

Türkiyə Azərbaycan münasibətlərinin tarixinə nəzər salınsa, bu əlaqələrin hazırda ən yüksək səviyyədə olduğunu və bundan sonra da yüksələn istiqamətdə davam edəcəyini söyləmək olar.

Rufiz Hafizoğlu,
Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.