Siyasət

Kəlbəcərlilər BMT-yə müraciət etdilər

2 Aprel 2014 13:34
Baxış: 506

Azərbaycanın Kəlbəcər rayon ictimaiyyəti nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət ediblər

Trend-in məlumatına görə, Kəlbəcər faciəsinin 21-ci ildönümü ilə bağlı bu gün keçirilmiş anım mərasimində qəbul edilən müraciətdə qeyd olunub ki, dəhşətli Xocalı soyqırımının davamı olaraq Kəlbəcər faciəsini törədən Ermənistan silahlı qüvvələri dinc əhaliyə amansızlıqla divan tutaraq, növbəti soyqırımı törədib:

"Belə ki, Ermənistan ordusu hələ 1992-ci il aprelin 8-də Kəlbəcərin 800 nəfərə yaxın əhalisi olan Ağdaban və Çayqovuşan kəndlərinə hücum edərək 130-dan çox evi yandırıb, 33 nəfəri, o cümlədən 2 azyaşlı uşağı, 90-100 yaşlı 8 qocanı işgəncə ilə öldürüb, 7 qadını girov aparıb, 12 nəfərə ağır bədən xəsarəti yetirib. 1993-cü ilin aprelində rayonun Başlıbel kəndi eyni faciəni yaşadı. Erməni quldurları kənddə 28 nəfər dinc sakini qətlə yetirdi, 18 nəfər kənd sakinini girov götürdü.

Erməni qəsbkarları Kəlbəcər rayonunu işğal edərkən 511 nəfəri qətlə yetirmiş, 665 nəfəri girov aparmışdır. Onlardan 122 nəfəri sonralar geri qaytarılmış, digərlərindən indiyədək heç bir xəbər yoxdur".

Müraciətdə bildirilir ki, Kəlbəcər rayonu yarandığından işğal olunduğu vaxtadək bu ərazidə heç bir erməni yaşayış məntəqəsi olmayıb:

"Ermənistan 21 ildir ata-baba yurdlarımızı işğal altında saxlayır. Bu gün də oradakı təbii sərvətlər talan edilir. Suriyadan, Livandan və digər bölgələrdən qaçqın düşən ermənilər Kəlbəcərdə məskunlaşdırılır. Biz öz yurd-yuvamızdan, el-obamızdan uzaqlarda məcburi köçkün vəziyyətində Azərbaycanın 55 rayon və şəhərinin 800-dən çox yaşayış məntəqəsində müvəqqəti sığınacaqlarda ağır vəziyyətdə, doğma yurd yerimizə qayıtmaq ümidi ilə yaşayırıq.

Kəlbəcərin qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822 saylı Qətnaməsi hələ də Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilmir. Onlar sülh danışıqlarını yubadır, torpaqlarımızdan çıxmaq istəmir, işğal faktını yaddaşlardan sildirməyə çalışırlar. Kəlbəcərlinin iradəsini ifadə edərək Sizdən xahiş edirik ki, Ermənistanın silahlı qüvvələrinin Kəlbəcərdən və digər işğal olunmuş torpaqlarımızdan çıxarılmasına, işğala son qoyulmasına kömək göstərəsiniz.

Sizdən xahiş edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qanlı münaqişənin sülh yolu ilə həll edilməsi üçün apardığı davamlı siyasəti birmənalı olaraq dəstəkləyəsiniz, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanı işğal olunmuş torpaqlarımızı azad etməyə məcbur edəsiniz".

Müraciətdə daha sonra vurğulanıb ki, Kəlbəcər rayonunun əhalisi, bütövlükdə Azərbaycan xalqı sülh istəyir: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına tərəfdarıq. Ermənistanın hazırkı rəhbərliyi, Xocalı soyqırımını törətmiş Serj Sarkisyan və onun komandası sülh danışıqlarını müxtəlif yollarla pozmağa, hakimiyyətlərinin ömrünü uzatmağa, torpaqlarımızın işğal olunması faktını azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışır.

Üzümüzü Sizə və bütün dünyaya tutub bir daha bəyan edirik ki, Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" yaratmaq barədə ermənilərin xam xəyallarının baş tutmasına heç vaxt imkan verməyəcəyik! Biz öz doğma yurdumuzdan heç vaxt əl çəkməyəcəyik!

Əgər Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının Qətnamələrini yerinə yetirməzsə, hər birimiz bir müsəlləh əsgər kimi Ali Baş Komandanımızın rəhbərliyi ilə öz doğma torpaqlarımızı erməni işğalından hərbi yolla azad edəcəyik. Sizdən bir daha xahiş edirik ki, bizim haqq səsimizə səs verəsiniz, ədalətsizliyə son qoyasınız, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunmasına kömək göstərəsiniz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.