Siyasət

Separatizm: Postsovet məkanının əsas problemi

5 Mart 2014 17:38
0 Şərh     Baxış: 997

Rusiyanın körüklədiyi bəla region ölkələrinin Avropaya inteqrasiyasını əngəlləyir

Ukraynada baş verən olaylar, xüsusilə də Krımda Rusiyanın son aktivləşməsi və muxtariyyətin mərkəzdənqaçma meyilləri postsovet məkanında separatizm problemini yenidən gündəmə gətirib.

Nəzər yetirsək, görmüş olarıq ki, postsovet məkanında öz inkişaf yolunu sərbəst müəyyənləşdirmək istəyən cəmiyyətlər, müstəqil siyasət yeritməyə meyil edən dövlətlərin hər biri separatizmdən əziyyət çəkir. Separatizm meyillərinin arxasında isə birbaşa Rusiya amilinin durması heç kəsə sirr deyil. Həm Dağlıq Qarabağ, həm Abxaziya və Osetiya, həm Dnestryanı, həm də son vaxtlar aktuallaşan Qaqauziya və Krım problemləri açıq şəkildə Rusiyanın SSRİ-nin şinelindən çıxmış dövlətlərə təzyiq vasitəsi olduğunu ortaya qoyur.

Qeyd edək ki, ayrı-ayrı postsovet ölkələrində mövcud olan sözügedən problemlərin əksəriyyətinin mövcudluq tarixi elə həmin dövlətlərin yaşı ilə eynidir. Bu problemlərin həll olunmaması Rusiyanın marağında olmaqla həmin dövlətləri bir növ, özündən asılı vəziyyətə salmaq məqsədi daşıyır.

Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ separatizminə nəzər yetirsək görərik ki, bu problem uzun illərdir ki, ölkəmizin inkişafının qarşısında bir növ səddə çevrilib. Problemin mövcud olduğu 26 ildir və hazırda Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Bu torpaqlarda yaşayan 1 milyon əhali isə məcburi köçkün vəziyyətindədir. Əlbəttə ki, onların bütün problemləri dövlətin üzərində bir yükdür. Həmçinin problemin həllinin açarının Rusiyanın cibində olması ölkəmizin müəyyən məqamlarda bu dövlətin maraqlarını nəzərə almasını zəruri edir. Bu isə Azərbaycanın inkişafına müəyyən mənada da olsa. öz təsirini göstərir. (Son dövrlər Rusiyanın Azərbaycana təsir imkanlarını minumuma endirəcək ciddi addımlar atılmışdır. Məsələn, ölkənin iqtisadi-enerji müstəqilliyinin möhkəmləndirilməsi, Qəbələ RLS-in bağlanması və s. Lakin digər ölkələr hələ də bunu reallaşdıra bilmirlər. Bu isə Azərbaycan dövlətinin uğuru kimi qiymətləndirilə bilər).

Abxaziya və Osetiya problemləri isə Gürcüstanın inkişafını və Avropaya inteqrasiyasını əngəlləməkdədir. Bu separatizm Rusiya tərəfindən xüsusilə açıq dəstək görməkdədir. Hətta məlum olduğu kimi, Rusiya bu separatçı qurumları dövlət kimi də tanıyıb.

Dnestryanı, Qaqauziya problemləri isə Moldovanın qarşısında səddir. Dnestyanı problemi çoxdan mövcud olsa da, Qaqauziya Moldovanın assosiativ üzvlüklə bağlı Avropa İttifaqı ilə bağladığı müqavilədən sonra ortaya çıxıb.

Krım bölgəsində baş verən separatçılıq hərəkətləri isə məlum olduğu kimi, Rusiyameyilli Yanukoviçin devrilməsindən sonra aktuallaşdı. Qeyd edək ki, Ukraynada Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlişindən sonra Rusiyanın adekvat addımlar atacağı gözlənilən idi. Lakin onun açıq şəkildə separatist və təcavüzkar reaksiyası dünya ictimaiyyətini bir növ şok vəziyyətinə salıb.

Göründüyü kimi, Rusiya regional proseslərdə öz maraqları naminə hər cür varianta əl atmaqdadır. Xüsusilə də Ukraynanın Gömrük İttifaqı və Avrasiya Birliyi kimi Rusiyanın rəhbərliyi ilə yaradılan birliklərdən imtinası onun üçün bağışlanmazdı.

Müşahidələr göstərir ki, Rusiya postsovet ölkələrini öz təsir dairəsində saxlamaq üçün 20 ildən çoxdur ki, eyni taktikadan istifadə edir. Dünyanın dəyişməsinə, siyasi proseslərin, beynəlxalq münasibətlərin yeni çalarlar kəsb etməsinə baxmayaraq Rusiyanın hələ də öz köhnə metodlarından əl çəkmək fikrində olmadığı ortadadır. Məhz Rusiyanın bu mahiyyəti köhnə müttəfiqlərini ondan üz döndərməyə meyilləndirir.

Rusiyanın separatizmə dəstək vasitəsilə təzyiq siyasəti müəyyən mənada işə yarasa da, əslində həmin dövlətlər, cəmiyyətlər öz yollarına davam etməkdədirlər. Digər tərəfdən Rusiyanın bu metodu cəmiyyətlərdə, xalqlarda ona qarşı bir növ, aqressiya yaradır, ikrah doğurur. Demokratiyanın növbəti dalğasının başlandığı, qloballaşmanın vüsət aldığı bir dövrdə Rusiyanın öz maraqarını yalnız aqressiv metodlarla müdafiə etməsi yalnız müvəqqəti effekt verə bilər. Çünki sirr deyildir ki, Rusiyanın təsir altında saxlamağa cəhd göstərdiyi bütün bölgələr ondan uzaqlaşmağa, Qərbə, Avropaya inteqrasiyaya can atırlar. Bu dövlətləri Qərbə meyilləndirən nədir? Əlbəttə ki, sivil demokratik cəmiyyət, hüquqi dövlət, sərbəst bazar iqtisadiyyatı, bərabərhüquqlu münasibətlər və s. qurmaq, yaratmaq arzusu.

Lakin Rusiya öz təsir dairəsində olan regionda böyük qardaş funksiyasını yerinə yetirmək iddiasından imina etməməkdə, təzyiq, hədə metodundan istifadə etməkdə israrlı görünür. Bu isə əlbəttə ki, köhnə tərəfdaş dövlətlərin ondan uzaqlaşmasına gətirib çıxarır.

ABŞ və ümumilikdə Qərb ölkələrinin də dünyanın müxtəlif bölgələrində öz maraqlarını reallaşdırmağa cəhd göstərdiyi də sirr deyil. Lakin onlar bunu, müəyyən istisnalarla, daha çox sivill, şirnikləndirici yolla həyata keçirməyə çalışdıqları halda, Rusiya hələ də aqressiv metodlardan əl çəkmir. Bu isə Rusiyanın bir növ, demokratik və sivil dünya ictimaiyyətinə əks olan dövlət imicinin formalaşmasına gətirib çıxarır.

Təhlillər göstərir ki, Rusiya postsosialist dövlətlərini təzyiq üsulları ilə deyil, ancaq şirnikləndirici vasitələrdən istifadə etməklə öz ətrafında saxlaya bilər. Bu, həm siyasi, həm də iqtisadi müstəvilərdə reallaşdırılmalıdır.

Ümumiyyətlə ətrafında Qərblə mübarizə aparmaq gücünə sahib olan bir ittifaq yaratmaq niyyətində olan bir dövlətin xüsusilə yaxın qonşuları və köhnə müttəfiqləri ilə münasibətlərinə həssaslıqla yanaşması zəruridir. Lakin görünən odur ki, bunu Rusiyanın bəzi dairələri dərk etməkdə çətinlik çəkirlər.

Həmin dairələrin atdığı addımlar imperiyaya çevrildiyi on səkkizinci əsrdən uzun bir dövr keçməsinə baxmayaraq Rusiyanın öz imperiya iddialarından bu gün də əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. Rusiya ötən əsrlərdə həm xarici siyasətdə, həm də öz təbəəsi altına keçmiş xalqlarla münasibət aspektindən daxili siyasətdə hansı iş üslubundan çıxış edirdisə bugünkü demokratik adlandırılan siyasi sistemə malik olduğu bir vaxtda da eyni yanaşmalara üstünlük verir.

Bu isə birbaşa Rusiyanın artıq oturuşmuş ənənəvi imperiya iddialarından irəli gəlir. Yəni Rusiya artıq imperiya xüsusiyyətlərini, imperiya baxışlarını, imperiya maraqlarını mənimsəmiş və onlara alışmış bir dövlətdir. Bir vaxtlar "Avropanın jandarmı" rolunda köhnə qitədə baş verən mühüm mütərəqqi tarixi prosesləri əngəlləməyə cəhd göstərən Rusiya Sovet İttifaqı adı altında bu fəaliyyətini davam etdirmiş, özü ilə bərabər, bir sıra postsosialist dövlətlərinin inkişafını da 70 il ləngitmişdi. Rusiya bu gün də müəyyən mənada ənənəvi missiyasını davam etdirməkdədir. Bu onun son dövrlər artan aqressiv siyasi kursunda özünü açıq-aşkar büruzə verir.

Əslində hər bir böyük dövlət istər regional, istərsə də dünya miqyasında öz maraq və iddialarını təmin etməyə cəhd göstərir və bu, normaldır. Lakin Rusiyanın öz iddialarını müəyyən güc və təzyiq metodlarına üstünlük verməklə reallaşdırması qəbuledilməzdir.

Öz nüfuz dairəsi hesab etdiyi regionda Rusiyanın müasir dünyanın qəbul etdiyi metodlardan deyil, özünün ənənəvi yanaşmalarına üstünlük verməsi, region ölkələrinə, Qərbə inteqrasiya xətti götürən cəmiyyətlərə, xalqlara təzyiqlər göstərməsi, müxtəlif iqtisadi- tranzit və enerji layihələrinə maneçilik törətməsi, ən əsası isə separatizmi dəstəkləməsi onun imperialist maraqlarının təzahürüdür.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.