Siyasət

İlham Əliyevin Davos mesajları: Sülh və strateji sabitlik, liderliyini gücləndirən Azərbaycan

21 Yanvar 2026 21:56
Baxış: 272

Prezident İlham Əliyevin Qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklərin dərinləşdiyi bir mərhələdə sülh anlayışı təkcə təhlükəsizlik məsələsi deyil, dayanıqlı inkişafın əsas şərti kimi ön plana çıxır. Münaqişədən sonrakı dövrdə əldə olunan razılaşmaların real nəticələrə çevrilməsi regionların gələcək taleyini müəyyən edən həlledici amilə çevrilir. Bu baxımdan, Cənubi Qafqazda formalaşmaqda olan yeni reallıqlar sülhün yalnız siyasi deyil, həm də sosial və iqtisadi dəyər daşıdığını aydın şəkildə ortaya qoyur.

Dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirakı postmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğu yeni mövqenin parlaq təzahürüdür. Ərazi bütövlüyümüzün və suverenliyin bərpa olunmasından sonra Azərbaycanda formalaşan təhlükəsizlik mühiti, strateji sabitlik Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf üçün fundamental baza kimi təqdim olundu.

Prezident İlham Əliyevin panel iclasındakı çıxışının əsas intonasiya xəttini məhz sülh anlayışı təşkil edirdi. Söhbət o sülh anlayışından gedir ki, bu fenomen dövlət başçısı üçün siyasi şüar deyil, ölçülə bilən, iqtisadi nəticələr doğuran real vəziyyətdir. Ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni regional reallıq Prezidentin nitqində müvəqqəti razılaşmaların deyil, uzunmüddətli sabitliyin konturları kimi təqdim olundu.

Siyasi şərhçi Əziz Əlibəyli qeyd edir ki, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsindəki çıxışları zamanı Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunması üçün irəli sürdüyü konseptual yanaşmalar siyasi gündəmdə mühüm yer tutur.

"Bu çıxışların ana xəttini münaqişənin artıq keçmişdə qaldığı və regionun yeni bir inkişaf mərhələsinə qədəm qoyduğu mesajı təşkil edir. Dövlət başçısı beynəlxalq auditoriyaya çatdırır ki, Azərbaycanın sülh gündəliyi regionun bütövlükdə təhlükəsizlik və rifah zonasına çevrilməsini hədəfləyir. Bu prosesin mərkəzində isə beynəlxalq hüququn təməl prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması dayanır."

Siyasi şərhçi hesab edir ki, Azərbaycanın sülh fəlsəfəsinin digər mühüm sütunu iqtisadi inteqrasiyadır.

"Davos platformasında vurğulandığı kimi, sülhün davamlılığı regionun iqtisadi cəhətdən bir-birinə nə dərəcədə bağlı olmasından asılıdır. Orta Dəhliz layihəsi və Zəngəzur dəhlizinin açılması perspektivi bu kontekstdə strateji əhəmiyyət kəsb edir. Azərbaycan regionu parçalanmış ərazilərdən Avropa və Asiyanı birləşdirən vahid bir tranzit mərkəzinə çevirməyi təklif edir.

Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli məsləhətləşmələr mexanizminin yaradılması təşəbbüsü regionun taleyinin məhz region xalqları tərəfindən müəyyənləşdirilməsi prinsipinə əsaslanır. Prezidentin mesajları həm də kənar güclərin prosesə müdaxilə edərək vəziyyəti gərginləşdirməkdən çəkinməsinə dair bir çağırışdır".

Prezident İlham Əliyev panel çıxışı zamanı qeyd etdi ki, əldə olunan razılaşmalar artıq kağız üzərində qalan niyyətlər toplusu deyil, praktik nəticələrə çevrilməkdədir. Dövlət başçısı Vaşinqtonda paraflanan sülh sazişini nəzərdə tutaraq deyir: "Bu, artıq günümüzdə praktiki nəticələrə çevrilir. Bu, gələcəkdə 5-6 aylıq sülh deyil. Təbii ki, danmırıq, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq."

Təqdim olunan yanaşma Prezidentin sülhə baxışını açıq şəkildə ortaya qoyur - sülh yalnız münaqişənin bitməsi deyil, dövlətin suveren iradəsinin və inkişaf strategiyasının təminatıdır.

Davosda baş tutan panel iclasındakı çıxışında Prezident sülh mövzusunu yalnız siyasi liderlərin iradəsi ilə məhdudlaşmayan, cəmiyyətlərin davranış və düşüncə tərzində öz əksini tapmalı olan struktur kimi təqdim etdi. Məhz bu səbəbdən postmünaqişə dövründə həm Azərbaycan, həm də Ermənistan üçün əsas çağırış əldə edilən razılaşmaları praktik müstəvidə nümayiş etdirmək, sülhün üstünlüklərini cəmiyyətlərə hiss etdirə bilməkdir.

Prezidentin nitqində xüsusi vurğulanan məqam ondan ibarət idi ki, qarşılıqlı etimad yalnız diplomatik masalarda deyil, ictimai şüurda da formalaşmalıdır. Cəmiyyətlərin bu prosesə fəal şəkildə qoşulması sülhün institusional deyil, sosial legitimlik qazanmasının əsas şərti kimi dəyərləndirildi. Bu kontekstdə İlham Əliyevin nikbin tonu təsadüfi deyildi - əldə olunan nəticələr təkcə iki dövlət arasında münasibətlərin normallaşmasına deyil, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına xidmət edən strateji dönüş nöqtəsi kimi təqdim olundu.

Siyasi ekspert Aqşin Kərimov qeyd edir ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı Azərbaycanın xarici siyasətdə və iqtisadi-ticari sferada perspektivlərini genişləndirmək üçün unikal fürsətlər təqdim edir.

"Bu, mürəkkəb beynəlxalq münasibətlərdə artan mübahisələr, o cümlədən qlobal müttəfiqlər arasında yaranan çatlar fonunda Azərbaycan üçün əhəmiyyətlidir. İlham Əliyevin verdiyi bəyanatlar və ona göstərilən yüksək ehtiram Azərbaycanın aparıcı dövlət kimi konturlarını göstərir. Çünki Azərbaycan dünya sistemində mühüm geosiyasi platformadır və Prezident İlham Əliyev dövlətin potensialını beynəlxalq inkişafa uyğunlaşdırır".

Ekspertin fikrincə, Davos İqtisadi Forumunda Prezident İlham Əliyevin etdiyi çıxışlar və onun keçirdiyi görüşlər Azərbaycana olan etimadı yeni quruluşda təsvir edir.

"Azərbaycan regional nizam və konsepsiya yaradıb onu presedent kimi dünyaya təqdim edən siyasi kursa sahibdir. Prezident İlham Əliyev panel iclasında Azərbaycanın prioritetlərini elan etdi. Bura sülh quruculuğu, regional və qlobal risklərə qarşı preventiv tədbirlərin görülməsi, onların iqtisadi faktorlarla əlaqələndirilməsi daxildir. Bu, təhlükəsizlik risklərindən Azərbaycanı sığortalaya biləcək məqamdır.

Bu, böyük strategiya olmaqla Azərbaycanın beynəlxalq nizamın yenidən qurulması üçün irəli sürdüyü maraqları ifadə edir. Azərbaycan bu istiqaməti Ermənistanla sülh proqramı kontekstində paralelləşdirir. Göründüyü kimi, Prezident İlham Əliyev Davosda daha böyük strategiya təklif edir, münaqişələrin dayandırılması üçün alternativ konstruktiv variantları gündəmə gətirir, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan-Ermənistan sülh gündəminə yönəldir".

Davos auditoriyasına ünvanlanan bu mesaj aydın idi: sülh artıq gələcəyə dair qeyri-müəyyən vədlər toplusu deyil, regionun iqtisadi və siyasi arxitekturasını dəyişdirən real prosesdir. Prezident İlham Əliyevin baxışında bu prosesin uğuru yalnız bugünkü razılaşmalarla deyil, sabahkı nəsillərin təhlükəsiz və əməkdaşlıq mühitində yaşaması ilə ölçüləcək.

TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.