Siyasət

Dövlət ittihamçısı: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqətdir - MƏHKƏMƏ

11 Dekabr 2025 17:32
Baxış: 221

Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqət olmaqla məhkəmə iclasında təqdim edilmiş çoxsaylı sübutlar təsdiq edilsə də, bu fakt onun formalaşdırdığı cinayətkar birliyin əsas fiqurları olan hazırki təqsirləndirilən şəxslərin məsuliyyətini azaltmır, onları məsuliyyətdən azad etmir.

Milli.Az xəbər verir ki, bu sözləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev 15 nəfər Ermənistan vətəndaşının məhkəməsində ittiham tərəfinin replika çıxışı zamanı deyib.

"Çünki qeyd edilən çoxsaylı cinayətlər məhz Ermənistanın hərbi və siyasi rəhbərliyinin təşkilatçılığı və dəstəyi ilə törədilsə də, hazırkı təqsirləndirilən şəxslərin müxtəlif vaxtlarda qoşulduğu cinayətkar birliyin də iştirakı ilə törədilib. Müəyyən vaxtlarda isə hazırki təqsirləndirilən şəxslərin bir qismi formal olaraq da Ermənistan dövlətinin hərbi və ya siyasi rəhbərliyində yer tutublar. Yəni bu mənada, işğalın təşkilatçılığı, həyata keçirilməsi və saxlanması kontekstində Ermənistan dövləti və qondarma qurum vahid orqanizm kimi fəaliyyət göstərib", - deyə dövlət ittihamçısı əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.