ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə görüşərkən iclası dayandıraraq Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.
Milli.Az xəbər verir ki, Tramp və Putin arasında baş tutan telefon danışığı 40 dəqiqə davam edib. Uşakov bunu "açıq və olduqca konstruktiv" görüş adlandırıb. Ən əsas mövzunun Moskva və Kiyev arasında danışıqlarda təmsil səviyyəsinin artırılması olduğunu bildirib.
Bu açıqlama Trampın iddialı bəyanatları ilə bir qədər fərqlidir. Tramp görüşdən sonra Rusiya və Ukrayna liderləri arasında ikili zirvənin planlaşdırıldığını, hətta gələcəkdə üçtərəfli görüşün də mümkün ola biləcəyini söyləmişdi. Kremlin "təmsil səviyyəsinin artırılması" ifadəsi Putinin birbaşa zirvəyə qatılıb-qatılmayacağına dair suallar doğurub.
Almaniya Kansleri Merz bildirib ki, ABŞ, Ukrayna, NATO Baş katibi Mark Rutte və digər Avropa liderləri ilə Ağ Evdə görüşərək Zelenskini dəstəkləmək və Avropanın birgə maraqlarını qorumaq məqsədilə ABŞ-yə gediblər. Merz vurğulayıb ki, müzakirələrə Ukrayna da daxil olmalıdır və belə bir zirvə yalnız atəşkəs əldə olunduqda baş tuta bilər. Merz əlavə edib ki, Trump görüş zamanı Putin ilə danışaraq Rusiya və Ukrayna liderləri arasında iki həftə içində bir görüş təşkil olunmasına qərar verib.
Merz qeyd edib ki, Rusiyanın Ukraynanın Donbas bölgəsini tərk etməsini istəməsi, ABŞ-nin Floridadan imtina etməsinə bənzəyir və suveren dövlət belə bir qərarı asanlıqla verə bilməz. Merz Trampın Ukraynaya təhlükəsizlik təminatı verəcəyini açıqlamasını müsbət addım kimi qiymətləndirib.
NATO Baş katibi Mark Rutte isə görüşdən sonra açıqlama verərək, 30 ölkənin Ukrayna üçün təhlükəsizlik təminatları üzərində işlədiyini bildirib. O, ABŞ-nin də bu çərçivəyə qatılmaq istədiyini və rolunun detalları ilə bağlı müzakirələrin yaxın günlərdə davam edəcəyini qeyd edib.
Rutte bildirib ki, Tramp Rusiya Prezidenti Vladimir Putin ilə dialoq quraraq vəziyyəti yumşaltmağa çalışıb və eyni zamanda Rusiyaya təzyiq göstərib, buna görə də görüşü "çox uğurlu" adlandırıb. O qeyd edib ki, Trampın Putin ilə telefon danışığı zamanı Rusiya liderini Zelenski ilə üçtərəfli görüşdən əvvəl danışıqlara razı salıb və görüşün yeri tərəflər tərəfindən müəyyən ediləcək.
O əlavə edib ki, görüş zamanı Ukraynanın torpaq güzəştləri məsələsi müzakirə olunmayıb. Gələcək günlərdə təhlükəsizlik təminatları üzərində işlər davam etdiriləcək, onlayn iclaslar keçiriləcək və daha sonra ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüşünə hazırlıq aparılacaq.
İslam
Milli.Az