Dünya qlobal yenidənqurma astanasında tarazlıq axtararkən, Avropa diplomatiyası öz ziddiyyətləri içində boğularkən, Fransa - sanki Üçüncü Respublika dövrünün müstəmləkəçi xəyallarında ilişib qalmış kimi - yenidən "rol almaq" fikrinə düşüb. Və bu dəfə - coğrafiyasını ancaq Jül Vern xəritələrindən tanıdığı Cənubi Qafqazda.
Fransa Milli Assambleyasının (ölkə parlamentinin aşağı palatası, - red.) bir qrup qatı ermənrpərəst deputatı təklif etdiyi qətnamədə Paris rəsmi şəkildə Ermənistanı Azərbaycanla sülh prosesində dəstəkləməyə, onunla strateji tərəfdaşlıq bağlamağa və Bakıda saxlanılan - Xankəndidə sabiq separatçı-terrorçu xuntanın keçmiş rəhbərləri olan - erməni məhbusların azad edilməsinə çalışmağa çağırılır.
Qətnamənin izahatında iddia olunur ki, guya Ermənistan 2023-cü ilin payız hadisələrindən sonra "səmimi şəkildə sülhə can atır", Azərbaycan isə keçmiş "arsax" başçılarını hüquqi prosedurlarsız saxlayaraq, Cenevrə Konvensiyasını pozur. Sənəddə vurğulanır ki, Fransa "tarixi rol oynamalıdır" - Bakıya təzyiqləri artırmalı, İrəvanla strateji əməkdaşlığı təşviq etməli və erməni məhbusların dərhal azad olunması üçün çağırış etməlidir.
Deputatlar həmçinin, Fransanın və bütövlükdə Avropa İttifaqının Ermənistana siyasi, iqtisadi, hərbi və humanitar dəstəyi artırmasını tələb edirlər. Onlar Azərbaycanı "Ermənistanın mövcudluğunu inkar siyasəti"ndə ittiham edir, azad edilmiş ərazilərdə guya erməni mədəni irsinin "məhv edilməsinin davam etdiyini" iddia edirlər.
Qətnamə hüquqi baxımdan məcburi xarakter daşımır, lakin Fransanın siyasi elitasının bir hissəsinin Ermənistana açıq lobbiçilik və Cənubi Qafqaz işlərinə "humanitar bəhanə" ilə müdaxilə kursunu nümayiş etdirir.
Fransa Milli Assambleyasının deputatlarının bu təşəbbüsü sadəcə Ermənistana ünvanlanmış siyasi jest deyil. Bu, Fransa xarici siyasətinə çoxdan xas olan ikiüzlülüyün, neo-müstəmləkəçiliyin və təkəbbürlü qərəzin aşkar ifadəsidir.
"Fransanın tarixi rol oynamaq zərurəti" haqqında pafoslu bənd XIX əsr teatr pyeslərindəki kobud monoloqları xatırladır, diplomatik təşəbbüs yox. Afrika, Yaxın Şərq və hətta öz dənizaşırı ərazilərində ardıcıl şəkildə nüfuzunu itirən Paris, indi qəfil Cənubi Qafqazda "sülh zəmanətçisi" obrazına girib. Özü isə daxildə nə etiraz aksiyalarını, nə də ictimai parçalanmanı cilovlaya bilmir.
Sənədin mahiyyəti isə sülhyaratma deyil. Bu, humanitar ritorika ilə örtülmüş təzyiq alətidir - birbaşa Azərbaycana qarşı yönəlib. Deputatların arasında tanınmış ermənipərəst lobbiçilər də var. Onlar Ermənistana "strateji tərəfdaşlıq" təklif edir, Bakını "mövcudluğu inkar siyasəti"ndə günahlandırır və separatçı rejimin keçmiş liderlərinin azad olunmasını tələb edirlər. Görünür, Fransanın siyasi lüğətində separatizmə qarşı mübarizə ancaq öz maraqları ilə ziddiyyət təşkil etdikdə cinayət sayılır.
Fəqət daha böyük paradoks budur: Fransa özü daxilində - Korsika və ya Yeni Kaledoniyada - milli birliyə yönəlmiş istənilən təşəbbüsü qadağan edir, "separatizm" adlandırdığı milli-azadlıq mübarizəsinin istənilən formasını ağır repressiyalarla boğur. Amma Azərbaycan söz mövzusu olanda birdən-birə "demokratiya və hüquq"dan danışmağa başlayır. Beynəlxalq hüquqa açıq hörmətsizlik? Bəli. İkiqat standartların növbəti nümunəsi? Heç bir şübhə yoxdur.
Fransız siyasi elitası uzun illərdir ki, zamanında regionlara hökm edə bildikləri illərə nostalji ilə yanaşır. Bu səbəbdən Ermənistan onların gözündə demək olar ki, müqəddəs status qazanıb. Amma bu münasibət nə faktlara, nə beynəlxalq hüquqa, nə də real maraqlar balansına söykənir.
"Barışa can atan Ermənistan" obrazı xüsusilə gülünc görünür - silahlanmanın artdığı, minalanmış sahələrin səhih xəritələrinin təqdim olunmadığı, erməni mediasında revanşist ritorikanın açıq şəkildə səsləndiyi bir vaxtda. Üstəlik, buradakı ikiüzlülük insanı dəhşətə gətirir: Fransa separatizm ittihamı ilə həbs edilənlərin azad olunmasını tələb edir, amma özündə - məsələn, islamçıları dəstəkləyən tvitə və ya "Indépendance Kanaky" bayrağına görə adamları məhkəməsiz həbs edir.
Qarabağlı ermənilərin separatçı-terrorçu xuntasının sabiq liderlərini "vicdan məhbusları" kimi təqdim etmək - sadəcə siyasi manipulyasiya deyil. Bu, separatizmi leqitim siyasi alət kimi təqdim etmək cəhdidir. Sual yaranır: sabah Marseldə silahlı bir qrup şəhəri "müstəqil ərazi" elan etsə, Paris onları da müdafiə etməyə qalxacaqmı?
Fransız deputatlarının məzkur təşəbbüsünün təməlində seçmə humanizm modeli durur. Fransa nüfuz dairəsinə aid olmayan ölkələrdə istənilən həbsi "siyasi repressiya" adlandırır. Amma öz daxilində bunu "ictimai təhlükəsizliyin qorunması" kimi təqdim edir. Bu siyasi şizofreniya dəfələrlə ikili standartlara səbəb olub.
Fransada "sarı jiletlər" zorla dağıdılır, kilsə əleyhinə fikirlərə görə insanlar həbs olunur, məhkəməsiz şəkildə məscidlər bağlanır. Bütün bunlar isə "respublika dəyərlərinin qorunması" kimi təqdim olunur. Amma Azərbaycanda konstitusion nizamın bərpası - "cinayət" sayılır. Fransa separatizmə qarşı mübarizəyə görə Bakını ittiham edir, amma eyni zamanda Yeni Kaledoniyada müstəqillik tərəfdarlarına qarşı ordu yeridir, sərt repressiyalar həyata keçirir.
Bu - artıq absurd yox, Fransa üçün norma halını almış bir riyakarlıqdır.
Unutmayaq: sənəd Fransa hökumətindən deyil, ayrı-ayrı deputatlardan qaynaqlanır. Onlar - erməni lobbi forumlarının daimi iştirakçıları, Ermənistanın "faciəsi" və revanş arzusu üzərindən siyasi kapital toplayan aktivistlərdir. Çağırışlarla təkliflər hüquqi qüvvəyə malik olmasa da, təzyiq və niyyətlərin nümayişi üçün güclü vasitədir. Bu - sadəcə rəmzi sənəd deyil, siyasi müraciətdir. Ona yalnız Azərbaycan deyil, beynəlxalq hüququ ikili standartların aləti yox, universal mexanizm kimi qəbul edən hər kəs cavab verməlidir.
Bugünkü Azərbaycan - başqalarının diktəsini dinləyən, postsovet dövrün "kiçik dövləti" deyil. Bu, artan nüfuzu, enerji resursları və prinsipial mövqeyi ilə regional və subregional gücdür. Fransalı deputatların qətnamə layihəsi beynəlxalq siyasətdə qalan son təsir imkanlarını nümayiş etdirməyə cəhdləridir. Amma Azərbaycan cavab verməyi bacarır - sözlə deyil, əməli addımlarla.
Dünyada heç bir dövlət Azərbaycanı öz ərazisində kimə və hansı cinayətə görə hökm çıxarmaq məsələsində sorğulaya bilməz. Qarabağdakı sabiq separatçı-terrorçu xuntanın keçmiş rəhbərlərinə qarşı cinayət işləri - "intiqam siyasəti" yox, qanunun aliliyi və icrasıdır. Onlar sadəcə "keçmiş məmurlar" deyil - etnik təmizləmələrə, qanunsuz silahlandırmaya, azərbaycanlı əhaliyə qarşı təqiblərə, dağıdılmış şəhərlərə görə məsuliyyət daşıyan şəxslərdir.
Onların azad olunması çağırışları - humanizm deyil. Bu, şəhidlərin xatirəsinə, ədalətə, dövlət suverenliyinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlikdir. Azərbaycan terrorda və kütləvi qətllərdə şübhəli bilinənləri azad etmir, ədalətlə sövdələşmir. Parisdə bu çağırışlar nə qədər səslənsə, bir o qədər aydın olur: Fransa artıq ədalət haqqında danışmaq mənəvi haqqını itirib.
Avropa Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı bir dövrdə, Azərbaycan əsas təchizatçılardan birinə çevrilir. Cənub Qaz Dəhlizi - sadəcə boru deyil, təminat və təhlükəsizlik vasitəsidir. Əgər Paris "siyasi sanksiyalar oyunu"na başlayarsa, Bakı enerji marşrutlarını yenidən istiqamətləndirə bilər. Əlcəzair, Türkiyə, İtaliya, Balkan ölkələri - Azərbaycanın sakit, səmərəli işlədiyi istiqamətlərdir.
Fransa şirkətləri Qarabağda tenderlərə ümid edirdilərsə rəsmi Paris fərqli davranış sərgiləməlidir. Hələlik məhz rəsmi Parisin yürütdüyü siyasət səbəbindən bazarlarda onların yerini başqaları tutar. İroniyaya baxın: Paris bərpa işlərinə dəstək çağırışları edir, amma faktiki olaraq özü-özünü prosesdən kənarlaşdırır.
Əgər Fransa sonda Ermənistanın xarici siyasət vəkili roluna keçəcəksə, Azərbaycan onu Cənubi Qafqazla bağlı istənilən formatlardan kənarlaşdırmaq üçün rəsmi təşəbbüslə çıxış edə bilər. Bədnam Minsk Qrupu artıq yoxdur, amma Parisə qarşı simvolik zərbə - keçmiş imperiya illüziyalarına son qoymaq üçün vasitədir. Sülh prosesində iştirak - etimad tələb edir. Fransa isə bu etimadı özü-özlüyündə itirib.
Bakı eyni zamanda frankofon təşkilatları ilə əməkdaşlığı genişləndirə, bu strukturlar daxilində Parisin neokolonial siyasətini gündəmə gətirə bilər. Abican, Nuakşot və digərləri qoy eşitsin: Fransa bəzilərinin separatizmini müdafiə edir, digərlərinin isə üzərinə tanklarla gedir.
Tamam, Paris "qanunsuz həbslər"dən danışır? O zaman izah etsin - niyə Paris və Liondakı etirazlarda polis dinc nümayişçiləri xəsarətlərlə saxlayırdı? Niyə jurnalistlər qəddarlıqla və xüsusi amansızlıqla vəhşicəsinə döyülür, polis zorakılığı lentə alanlar "dövlət nüfuzuna zərbə" ittihamı ilə saxlanılırdı? Niyə Yeni Kaledoniyada kanak liderləri məhkəmə qarşısına çıxarılır? Niyə Fələstinə dəstək tviti ilə istintaqa cəlb olunmaq rutinliyə dönüb?
Fransa özü təqsirkar kürsüsündə əyləşməyə layiq olarkən başqalarına hakimlik edə bilməz. Əvvəl "Amnesty International" və CPT qarşısında cavab versin, sonra Azərbaycana dərs keçməyə qalxsın.
Reallıq budur: Parisin teatr səhnəsindəki pafoslu çıxışlarına qarşı Bakı - faktlarla, hüquqla və siyasi iradə ilə cavab verir. Fransanın reallığa dönməkdən başqa çıxış yolu yoxdur. Əks halda, özü-özünü diplomatik təcridə məhkum etmiş olacaq.
Bir məqamı dəqiq ayırd etmək vacibdir: fərdi deputatların təşəbbüsü ilə Avropa İttifaqının ümumi siyasəti əsla eyni deyil. Fransa daxilindəki siyasi dairələrin təzyiqlərinə baxmayaraq, Avropa Komissiyası Azərbaycanla bağlı məsələlərdə hələ ki soyuqqanlı və ölçülmüş mövqe tutur. Enerji maraqları, təchizat marşrutları, regional sabitlik - bütün bunlar Brüsselin Parisin avantürist təşəbbüslərinə dəstək verməsinə imkan vermir.
Məhz bu səbəbdən Azərbaycan diplomatiyası Almaniya, İtaliya, Macarıstan, Baltikyanı və Şərqi Avropa ölkələri ilə sıx işləməkdədir. Bu, Fransanın içində olduğu Avropa İttifaqında anti-Paris balansının formalaşdırılmasına xidmət edəcək. Çünki Parisin siyasəti Avropanın siyasəti deyil. Və bunu Avropa liderlərinin özləri də anlayır.
Fransa təhlükəli bir yola qədəm qoyub. Ermənistanı şərtsiz, total formatda və kor-koranə dəstəkləməklə, o, özünü tarixdən kənara atmaq riski daşıyır. Bu gün Cənubi Qafqazda baş verən heç bir ciddi beynəlxalq proses Fransanın vasitəçiliyinə ehtiyac duymur. Nə Ankarada, nə Tehranda, nə Tbilisidə, nə də, xüsusilə, Bakıda Fransanın "sülh təşəbbüsləri" ciddiyə alınmır.
Ölkəmiz protektorat deyil. Bu, ərazi bütövlüyünü bərpa etmiş, tam və absolyut suverenliyini dünyaya sübut etmiş dövlətdir. Azərbaycanla ultimatum dili ilə deyil, qarşılıqlı hörmət əsasında danışmaq lazımdır. Paris bunu hələ də başa düşməyibsə - öz suçudur və bu suç, Fransanın regional siyasətdə yol verdiyi kobud səhvlərin davamını şərtləndirən məqamdır.
Bu gün imperiyalar dövrü bitmək üzrədir. Dünya yeni reallıqlar doğurur. Amma Fransa hələ də oyuncaq əsgərlərlə oynamaq istəyi ilə yaşayır. Lakin Qafqaz nə oyuncaq müharibə meydanıdır, nə də Parisin ssenarisi ilə idarə olunan teatr səhnəsi.
Rəsmi Paris bunu artıq anlamalıdır...
Elçin Alıoğlu
Trend