Siyasət

Zəngəzur layihəsi: 2,4 milyard dollar nəyə xərclənəcək?

23 İyul 2025 13:28
Baxış: 935

Rəsmi Ankara regionun nəqliyyat infrastrukturunu gücləndirmək və ekoloji baxımdan davamlı inkişafı təmin etmək istiqamətində mühüm bir addım atıb: Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi Kars - Iğdır - Aralık - Dilucu marşrutu üzrə strateji dəmir yolu xəttinin tikintisi üçün təxminən 2,4 milyard avroluq "yaşıl" maliyyələşdirmə müqaviləsi imzalayıb. Bu xətt Türkiyəni Naxçıvanla birləşdirəcək.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun dediyinə görə, ayrılmış bu vəsait təkcə bir sərmayə deyil, həm də beynəlxalq ictimaiyyətin Türkiyənin hazırkı iqtisadi siyasətinə və investisiya proqramına yüksək etimadının açıq göstəricisidir. Nazir vurğulayıb ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi ölkənin logistika potensialını artırmaq və onun qlobal səviyyədə rəqabət qabiliyyətini gücləndirmək məqsədilə iri miqyaslı infrastruktur layihələrini ardıcıl şəkildə həyata keçirir.

Maliyyələşdirmə Yaponiyanın MUFG Bank-ının rəhbərlik etdiyi beynəlxalq kreditorlar konsorsiumu tərəfindən təmin olunub. Layihədə həmçinin İsveçin EKN və Avstriyanın OeKB adlı ixrac kredit agentlikləri, bir neçə aparıcı beynəlxalq bank və institusional investorlar iştirak edir. Kreditin sığortalanması və zəmanətləri isə İslam İnkişaf Bankının tərkibində fəaliyyət göstərən və İƏT üzvü olan ölkələrdə davamlı inkişafa dəstək göstərən ICIEC - İslam İnvestisiya və İxrac Kreditləri Sığorta Korporasiyası tərəfindən təmin edilir.

Layihə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi nəzdində fəaliyyət göstərən İnfrastruktur İnvestisiyaları Baş İdarəsinin koordinatorluğu altında reallaşdırılır. Məqsəd - Türkiyə ilə Naxçıvan arasında etibarlı və ekoloji cəhətdən dayanıqlı bir dəhliz yaratmaqdır. Bu dəhliz regionda ticarətin, logistikanın və sənaye sahəsinin inkişafına töhfə verməlidir.

Uzunluğu 224 kilometr olan dəmir yolu xətti Kars şəhərini Azərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsi ilə birləşdirəcək. Bu xətt regionun nəqliyyat karkasının mühüm elementi olacaq. Layihə, eyni zamanda, Şərqi Anadoluda yerləşən istehsal klasterlərinə beynəlxalq bazarlara birbaşa çıxış imkanı verəcək, logistika xərclərini azaldacaq və Türkiyənin şərq vilayətlərində iqtisadi artım üçün güclü bir təkan rolu oynayacaq.

Türkiyə dəmir yollarının Naxçıvanla birləşdirilməsi layihəsi Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz strategiyasının bir parçasıdır və bu kontekstdə Zəngəzur dəhlizi ilə birbaşa bağlıdır. Ankara tərəfindən bu layihəyə milyardlarla avro məbləğində maliyyə ayırması, Türkiyənin Bakı ilə İrəvan arasında Zəngəzur marşrutu üzrə razılaşmanın tezliklə əldə olunacağına inamını göstərir. Daha öncə bildirilmişdi ki, ABŞ administrasiyası bu dəhlizin yüz illik icarəyə verilməsi ideyasını irəli sürüb.

Ankaranın dəstəklədiyi plana əsasən, Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirən 43 kilometrlik dəmir yolu və avtomobil hissəsinin idarəçiliyi bir ABŞ şirkətinə həvalə olunmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan da bu dəhlizin idarəçiliyinin erməni-amerikan birgə şirkəti tərəfindən həyata keçirilməsini istisna etməyib. Azərbaycan isə qəti mövqeyini bildirib: Zəngəzur dəhlizindən Naxçıvanla maneəsiz əlaqə tam şəkildə təmin olunmalıdır.

Vaşinqtonda siyasi elitalar ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən irəli sürülmüş Zəngəzur dəhlizini ABŞ-nin geoiqtisadi və strateji alətinə çevirmək planını ciddi müzakirə etdikləri bir vaxtda, Türkiyə artıq hərəkətə keçib. Fokusda - Naxçıvanla quru əlaqə yaradılması perspektivinə əsaslanaraq, Türkiyənin nəqliyyat sistemini Naxçıvanla birləşdirəcək dəmir yolu üçün ayrılmış çoxmilyardlıq beynəlxalq kreditdir.

Açıqlanan məlumatlara əsasən, Türkiyə Yaponiyanın MUFG Bank-ının rəhbərlik etdiyi kreditorlar konsorsiumundan 2,4 milyard avro məbləğində kredit alıb. Bu müqavilənin özəlliyi yalnız məbləğində deyil, həm də onun siyasi-iqtisadi strukturundadır: kreditə zəmanət verən qurumlar arasında İsveçin EKN ixrac agentliyi, Avstriyanın OeKB bankı və Ciddə mərkəzli İslam İnkişaf Bankının tərkibinə daxil olan ICIEC sığorta korporasiyası yer alır. Başqa sözlə, layihəyə Tokio, Stokholm, Vyana, Ciddə və London kimi bir neçə maliyyə paytaxtı cəlb olunub.

İnvestisiyaların məqsədi Kars - Iğdır - Aralık - Dilucu marşrutu üzrə dəmir yolunun tikintisidir. Bu nöqtədən Azərbaycan sərhədinə məsafə olduqca azdır. Layihəyə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi rəhbərlik edəcək, beynəlxalq maliyyə institutları ilə əlaqəni isə Maliyyə və Xəzinədarlıq Nazirliyi koordinasiya edəcək. Beləliklə, Ankara özünü Orta Dəhlizin - Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan böyük nəqliyyat oxunun - tərkib hissəsinə çevirir.

Türkiyə bu bölgədə geosiyasi saatların öz xeyrinə işlədiyini hesablayır. Dəmir yolu layihəsi üçün ayrılmış kredit - Zəngəzur dəhlizinin reallığa çevriləcəyi ssenariyə verilmiş bir avansdır. Və bu tənlikdə getdikcə daha qabarıq şəkildə özünü göstərən əsas oyunçu - Amerika Birləşmiş Ştatlarıdır. Məlumata görə, Ağ Evdə Zəngəzur marşrutunun 100 il müddətinə icarəyə verilməsi və onun idarəsinin ABŞ-yə məxsus özəl şirkətə tapşırılması məsələsi müzakirə olunur.

Bu miqyasda bir icarə razılaşması ideyası ABŞ prezidenti Tramp tərəfindən Avrasiya üçün yeni strategiyanın elementi kimi bəyənilib. Hazırda müzakirə olunan konfiqurasiyaya görə, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən 43 kilometrlik hissə ya amerikalı şirkətə, ya da erməni-amerikan kapitallı birgə struktura verilməlidir. İrəvan hələlik qeyri-müəyyən bəyanatlarla kifayətlənir, baş nazir Nikol Paşinyan isə yalnız "hibrid model" ehtimalını istisna etmir.

Bakı isə tam aydındır: Zəngəzur dəhlizi açıq, maneəsiz olmalı, üçüncü tərəflərin müdaxiləsi, Ermənistanın gömrük və sərhəd nəzarəti istisna edilməlidir. Bu, nəzarət məsələsi deyil - bu, Azərbaycanın öz bölgəsi - Naxçıvanla quru əlaqə hüququdur. Bu hüququ çətinləşdirən istənilən model, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın pozulması kimi qiymətləndirilir.

Yeni tranzit marşrutunun - Zəngəzur dəhlizinin Türkiyənin fəal iştirakı və ABŞ-nin strateji himayəsi ilə reallaşması Tehranda ciddi narahatlıq doğurur. İran Cənubi Qafqazda öz mövqeyi, tranzit loqistikası və ən əsası - regional təcrid riski ilə üz-üzədir. 2025-ci ilə qədər İran Çin, Mərkəzi Asiya və Qərbi Avrasiya arasında alternativ quru körpüsü kimi müəyyən sabitlik qoruyub saxlayırdı. Amma bu balans sürətlə pozulur.

Son onilliklər ərzində İran münaqişə və böhran dövrlərində ehtiyat logistika dəhlizi rolunu oynayıb: İraq müharibəsindən tutmuş Rusiya əleyhinə sanksiyalara və Türkiyəyə qarşı təzyiqlərə qədər. İranın infrastruktur potensialı - Bəndər-Abbas, Çabahar limanları və Kirman dəmir yolu qovşağı - regional təchizat zəncirlərinə daxil idi. Fəqət 2024-cü ildən etibarən güc mərkəzləri dəyişməyə başladı. Azərbaycan və Türkiyə arasında Horadiz - Zəngilan - Mehri - Naxçıvan - Qars xətti üzrə tranzit imkanlarının genişləndirilməsi barədə imzalanmış sənədlər və ABŞ-dən gələn infrastruktur investisiyaları regionda yeni geoiqtisadi reallığı formalaşdırdı.

2025-ci ilin ilk altı ayında bu logistika xətti üzrə yük dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb. İran üçün bu, sadəcə tranzit gəlirlərinin azalması deyil - Şərq ilə Avropa arasında mal axınlarına təsir imkanlarının əldən çıxmasıdır.

Maraqlıdır ki, layihə Çin təşəbbüsü olan "Bir kəmər - bir yol" strategiyası ilə formal şəkildə əlaqələndirilir. Halbuki İran bu layihədə Cənub qovşağı rolu oynayacağını düşünürdü. Lakin Çin, Türkiyə ilə toqquşmalardan yayınmaq və stabil, ucuz marşrutlar istədiyindən, 2025-ci ildən etibarən yüklərinin böyük hissəsini Xəzər və Azərbaycan üzərindən keçən yollara yönəltməyə başlayıb.

Çinin COSCO logistik şirkətinin məlumatına görə, 2025-ci ilin ilk rübündə Sian şəhərindən Avropaya Azərbaycanın üzərindən keçən konteyner daşımalarının həcmi 67 faiz artıb, İran üzərindən keçən marşrutların payı isə 2017-ci ildən bəri ilk dəfə olaraq 20 faizdən aşağı düşüb.

Tehran üçün ən ağrılı məqam ABŞ-nin İran ətrafında "əngəlləmə həlqəsi" qurmağa çalışmasıdır - Mosuldan Cənubi Qafqaza qədər. İranın yurisdiksiyası xaricində bir dəhlizin formalaşması Tehranda belə qiymətləndirilir: bu, İslam Respublikasını Cənubi Qafqazdan kənarlaşdırmaq cəhdidir. Halbuki Tehran uzun müddətdir ki, Ermənistandakı dayaqları, Gürcüstandakı bəzi elitlərlə təmasları ilə bu regionda aktiv mövqe tuturdu.

Vaşinqtondan səslənən bəyanatlar da bu şübhələri təsdiqləyir. ABŞ Dövlət Departamentinin Avrasiya infrastruktur əməkdaşlığı üzrə nümayəndəsi 2025-ci ilin iyun ayında açıq şəkildə bildirib: "Dəhlizin məqsədi Qərblə qarşıdurma yaşayan ölkələrdən asılı olmayan dayanıqlı logistikanı təmin etməkdir".

Bu, əslində belə deməkdir: nə İran, nə Rusiya; nəzarət Türkiyədə və uzunmüddətli perspektivdə - Qərb fondları və ABŞ agentliklərinin maliyyələşdirdiyi infrastruktur arxitekturası. Birləşmiş Ştatların investiisiya və development şirkətləri Türkiyə və Azərbaycanla birlikdə Qars - Naxçıvan - Zəngilan xətti üzrə nəqliyyat infrastrukturunun inkişafı üçün 2,1 milyard dollar ayırmaq barədə saziş imzalamağa hazır olduqlarını bəyan edirlər.

Bu, İran üçün təkcə iqtisadi itki deyil - həm də regional arxitekturada "söz haqqı"nın əldən çıxmasıdır.

İran hakimiyyətini ən çox narahat edən isə ABŞ-nin Şimal sərhədləri boyunca mümkün hərbi və kəşfiyyat mövcudluğudur. İraqda sabitliyin olmaması, Əfqanıstandakı problemlər və Suriyada İsraillə qarşıdurma fonunda Tehran bölgədəki istənilən amerikalı logistika fəaliyyətini blokada və ya hətta əməliyyata hazırlıq kimi qəbul edir.

Unutmayaq ki, 2024-cü ildə İran kəşfiyyatı artıq Ermənistanın Sünik bölgəsində amerikalı podratçıların fəaliyyəti barədə məlumat yaymışdı. Onlar guya "humanitar infrastruktur" adı altında ikili təyinatlı avadanlıqlar gətirirdilər. 2025-ci ilin may ayında İran parlamentində Ermənistan hakimiyyətinə qarşı ittihamlar səsləndi ki, guya onlar "infrastruktur layihələri bəhanəsi ilə Mərkəzi Kəşfiyyat İdarəsinin bölgəyə daxil olmasına yol açır".

İranın hərbi diskursunda fəal şəkildə radar sistemlərinin, logistika bazalarının və müşahidə məntəqələrinin yerləşdirilməsi riski müzakirə olunur - bunlar İranın şimalını və raket-pilotlu qüvvələrinin hərəkətini izləmək potensialına malik ola bilər. SEPAH komandanı general Hüseyn Səlami bəyan etmişdi: "Düşmənin yol və körpü tikintisi adı altında qapımıza qədər gəlməsinə imkan verməyəcəyik".

İranın cavabı çoxşaxəlidir. Əvvəla, Tehran diplomatik təzyiqləri artıraraq İrəvanı ABŞ, Türkiyə və Azərbaycanla razılaşmalardan çəkindirməyə çalışır. İranın Ermənistandakı səfiri 2025-ci ilin iyul ayında Ermənistan Xarici İşlər Nazirliyində keçirilən qapalı brifinqdə Sünikdəki nəqliyyat qovşağının ABŞ-yə verilməsini "İslam Respublikasının həyati maraqlarına müdaxilə" adlandırıb.

İkincisi, İran Moskva ilə koordinasiyanı gücləndirməyə çalışır, Rusiyanın Qərblə qarşıdurmasından faydalanaraq öz mövqeyini gücləndirmək istəyir. Lakin hazırkı şəraitdə Moskva özü də bölgədə təsir imkanlarını itirir və İrana real rıçaqlar təklif edə bilmir. Rusiya hərbi-siyasi resurslarını Ukrayna və Mərkəzi Asiyada cəmləşdirib.

Nəhayət, Tehran dini kartı da işə salır, İraqda, Livanda, Suriyada və Azərbaycanda anti-Qərb ritorikasını gücləndirməyə çalışır. Amma bu istiqamətdə də uğur zəifdir: Bakı dünyəvi kursunu qətiyyətlə davam etdirir, Türkiyə dini təsir kanallarını sərt şəkildə nəzarətdə saxlayır, İraq şiələri isə daxili böhranlarla məşğuldur.

Zəngəzur layihəsinin hər yeni mərhələsində İran regiondakı geoiqtisadi proseslərin daha çox kənarında qalır. Bu isə təkcə diplomatik gərginlik yaratmır, həm də sistemli zəifliklərə səbəb olur. İran nəinki logistika sahəsində, həm də regional gündəmi müəyyən etmək hüququnda uduzur. Son 30 ildə ilk dəfədir ki, Cənubi Qafqazın konturları İranın iştirakı olmadan formalaşır - bu isə təkcə logistikanı deyil, regionun təhlükəsizlik arxitekturasını da dəyişə bilər.

Qlobal təcrid və sürətlənən ABŞ infrastruktur ekspansiyası fonunda, Tehranın əlində getdikcə daha az rıçaq qalır. Zəngəzur dəhlizinin reallığı - İransız bir reallıqdır. Məhz bu səbəbdən də bu layihə Tehran üçün bu qədər ağrılıdır.

ABŞ-nin Zəngəzur dəhlizinə dair ideyası, elə bu ideyanın özü belə, Cənubi Qafqazda və ondan kənarda ciddi şübhələr doğurur. Erməni ekspertlər hesab edirlər ki, Vaşinqton Cənubi Qafqazdakı vəziyyətin mürəkkəbliyini və həssaslığını tam anlamır və ABŞ-nin strateji dəhliz hissəsini icarəyə götürmək cəhdi daha çox piar kampaniyasını xatırladır, nəinki reallaşdırıla biləcək konkret siyasi planı.

Bundan əlavə, Ermənistan dəmir yolları üzərində real nəzarət hələ də Rusiya Dəmir Yollarına (RJD) məxsusdur. Bu isə o deməkdir ki, Moskvanın razılığı olmadan belə bir layihənin həyata keçirilməsi praktiki olaraq mümkün deyil.

Zəngəzur dəhlizinin ABŞ tərəfindən icarəyə götürülməsi ssenarisi yalnız regionda deyil, onun hüdudlarından kənarda da rezonans doğurur. Türkiyə - Azərbaycanın strateji tərəfdaşı kimi - artıq hesab edir ki, bu dəhliz mütləq açılacaq. Ankara artıq pul yatırır, yollar çəkir, infrastruktur qurur. Vaşinqton - geosiyasi layihələr qurur. Bakı - üçtərəfli razılaşmaların yerinə yetirilməsini tələb edir. Tehran - narahatlıq içindədir.

Cənubi Qafqaz yenidən "Böyük Oyun"un səhnəsinə çevrilib. Amma bu dəfə oyun nə neft, nə də hərbi baza üstündə gedir. Bu dəfə proseslər dəhlizlər uğrundadır.

Marşrutlar uğrunda, hansı ki, qarşıdakı yüz il ərzində kimin ticarətə, investisiyalara, ideyalara və təsir rıçaqlarına sahib olacağını müəyyən edəcək.

Elçin Aloğlu
Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.