Siyasət

Qlobal güc bölgüsünün yeni mərhələsi: yerimiz haradadır?

15 İyul 2025 11:13
Baxış: 429

Bu il dünyanın iki qütblü sistemə keçidinin rəsmiləşdiyi il oldu. ABŞ və Çin - artıq təkcə güc mərkəzləri deyil, ətraflarında sabit ittifaqlar arxitekturası qurmaqla uzunmüddətli qarşıdurmaya hazırlaşan qüvvə qütbləridir. Dünya artıq "körpülərlə birləşdirilmiş sistem" yox, getdikcə bir-biri ilə ziddiyyətli və tez-tez toqquşan paralel marşrutlar şəbəkəsinə çevrilir. Belə bir mürəkkəb mənzərədə Azərbaycanın qarşısında olduqca çətin və məsuliyyətli bir missiya dayanır: geosiyasi oyunların alətinə çevrilmədən, müstəqilliyini, hərəkət sərbəstliyini və strateji əhəmiyyətini qorumaq.

Vaşinqtonda keçirilmiş NATO-nun yubiley sammiti transatlantik həmrəyliyin nümayişindən daha çox, qərarların getdikcə daha mərkəzləşdirilmiş qaydada qəbul olunduğunun sübutu oldu. Avropa İttifaqı, demək olar ki, ABŞ-ın strateji direktivlərinə dərhal reaksiya verən intizamlı blok rolunu qəbul etdi. Sammitin yekun kommunikesinin tərkibi də bunu təsdiqlədi: əsas prioritetlər - Rusiyaya qarşı mübarizə, Çinin qarşısının alınması, Şərqi Avropada hərbi mövcudluğun gücləndirilməsi və Asiya-Sakit okean regionunda Yaponiya və Cənubi Koreya ilə koordinasiyanın artırılması.

NATO artıq Sakit okeana qədər genişlənir, Şərqi Avropa isə geri dönməz şəkildə ön cəbhə mövqeyinə çevrilir. ABŞ, Yaponiya - Cənubi Koreya - Avstraliya - Filippin oxunu aktiv şəkildə gücləndirir. Bu ölkələrin asılılıq səviyyələri fərqlidir, lakin onları birləşdirən ortaq məqam Çinin güclənməsindən doğan qorxudur.

Rəsmi Pekin isə cavab olaraq klassik blok yaratmır, əvəzində öz ətrafında siyasi təsir dairəsi formalaşdırır. 2025-ci ilin iyununda Çin, İran, Rusiya və Şimali Koreya xarici işlər nazirlərinin birgə görüşünün hazırlandığı xəbəri yayıldı. Formal olaraq - məsləhətləşmələr, amma əslində Pekin bu ölkələrin müttəfiq yox, özünün siyasi idarəetməsi altında olan aktivlər kimi təqdim olunmasına çalışır.

Di gəl, bu model də qüsursuz deyil.

Rusiyada resurs çatışmazlığı daha kəskin hiss olunur. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin ilk yarısında Rusiyanın valyuta gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31 faiz azalıb. Çin Rusiyaya ehtiyat hissələri, mikroelektronika və avtomobil hissələri ilə dəstək verməyə davam edir. Fəqət kəskin kadr və texnika çatışmazlığı Moskvanı Şimali Koreyadan yardım istəməyə məcbur etdi - bu isə presedent hesab olunur və "Rusiya-Çin tərəfdaşlığı kifayət qədər özünütəminatlıdır" iddiasını ciddi şəkildə sarsıdır.

İran isə daha həssas vəziyyətdədir. 2025-ci ilin yazında İran ərazisinə edilən yeni raket hücumları göstərdi ki, ölkənin hava hücumundan müdafiə sistemi hava məkanını effektiv şəkildə qoruya bilmir. İsrailin İsfahan, Qum və Tehran istiqamətlərində yüksək dəqiqliklə həyata keçirdiyi zərbələr əsas hərbi obyektləri sıradan çıxardı. Vaşinqtonun mövqeyi isə tam aydın oldu: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Brüsseldə keçirilən təhlükəsizlik konfransında bəyan etdi ki, "İran ərazisində müasir xarici istehsal olan hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi regionda sabitliyi pozan addım kimi qiymətləndiriləcək və dərhal cavab veriləcək".

Yəni Çin istehsalı olan zenit-raket komplekslərinin İranda yerləşdirilməsi açıq şəkildə yasaqlanır.

Bu fonda Hindistan maksimal dərəcədə ehtiyatlı davranır. Bir tərəfdən BRİKS+ sammitlərində iştirak edir, Pekindən gələn nümayəndə heyətlərini qəbul edir. Digər tərəfdən isə ABŞ, Fransa və İsraillə hərbi-texniki əməkdaşlığı genişləndirir. Hindistan parlamenti iyul ayında rekord məbləğdə - 87 milyard dollarlıq hərbi büdcəni təsdiqlədi. Bu vəsaitin əhəmiyyətli hissəsi İsrail radarlarının, ABŞ istehsalı olan PUA-ların və Fransa qırıcılarının alınmasına sərf olunacaq.

Beləliklə, Hindistan vacib oyunçu kimi qalır, amma sərt antixətti alyanslara qoşulmur.

Qlobal geosiyasətdə aşkar "cəbhə frontirləri" formalaşıb və hazırda üç istiqamətdə toqquşma müşahidə olunur. Həmin istiqamətlərə nəzər salaq:

1. Rusiya - Ukrayna - Qərb. Münaqişə artıq mövqe savaşına çevrilib. Britaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhə xətti sabitləşib, Rusiya ordusunun itkiləri 500 min nəfəri keçib, aylıq hərbi xərclər isə 12 milyard dollara çatıb. ABŞ artıq münaqişəyə birbaşa müdaxiləni tədricən azaldır, maliyyə yükünü isə Avropa İttifaqının üzərinə ötürür. Bu isə Pekin üçün fürsət yaradır: Vaşinqton Ukraynaya fokuslandığı üçün Asiyada imkanları məhdudlaşır.

2. İran - İsrail. Bu artıq klassik müharibə deyil, İranın hərbi potensialının sistemli şəkildə sıradan çıxarılması prosesidir. İsrail cərrah dəqiqliyi ilə radarları, rabitə mərkəzlərini və HHM anbarlarını məhv edir. ABŞ bu məsələdə Təl-Əvivlə tam şəkildə koordinasiya olunur. Tehranın müdafiəni bərpa etməyə cəhd göstərməsi belə "casus belli" - müharibə səbəbi kimi qəbul olunur.

3. Cənubi Çin dənizi və Tayvan. Ən həssas və potensial partlayış nöqtəsi məhz buradır. Hələlik münaqişə yalnız manevrlər, kibermüharibə və silahlanma yarışı ilə məhdudlaşır. Pekin yeni "Dəniz sərhədlərinin təhlükəsizliyi haqqında" qanun qəbul etdi. Bu qanun Çin donanmasına 200 dəniz mili daxilində xarici gəmiləri saxlamaq səlahiyyəti verir. Nəticədə ABŞ və müttəfiqlərinin hərbi donanması ilə qarşıdurma riski kəskin şəkildə artır.

Belə bir geosiyasi reallıq fonunda Cənubi Qafqaz artıq beynəlxalq oyunların kənarında qala bilməz. 2023-cü ilin payızında Qarabağda erməni separatizminin ləğvi və konstitusiya quruluşunun tam bərpasından sonra Azərbaycan bölgənin yeganə siyasi sabitliyi olan, müasir ordusu və müstəqil xarici siyasəti ilə fərqlənən dövləti kimi ön plana çıxıb. Bakı Türkiyə ilə strateji koordinasiyanı davam etdirir, Avropa İttifaqı ilə enerji tərəfdaşlığını genişləndirir, Çinin "Orta dəhliz" təşəbbüsündə aktiv iştirak edir, Moskva ilə bərabərhüquqlu dialoqu saxlayır və eyni zamanda NATO ilə əlaqələri ardıcıl şəkildə gücləndirir.

Bu çoxvektorlu kurs yüksək diplomatik dəqiqlik tələb edir. Bir tərəfdə ABŞ-ın Gürcüstandakı artan hərbi varlığı, digər tərəfdə isə İranın Ermənistandakı təsir imkanları. Məhz bu geosiyasi üçbucaqda "Şimal-Cənub" marşrutuna və regionun enerji infrastrukturuna nəzarət uğrunda mübarizə gedəcək. Azərbaycanın bu oyunda qalib gəlməsi onun prinsipial şəkildə neytral, çevik və strateji baxımdan ağıllı qərarlar verməsindən asılı olacaq.

Dünya sistemi balansdan bölgü mərhələsinə keçib. Yeni geosiyasi mənzərə artıq yalnız çeviklik deyil, həm də strateji subyektivlik tələb edir. 2025-ci ildə Azərbaycan unikal mövqeyə sahibdir: Bakı heç kimin tərəfində yer almağa məcbur deyil, amma öz maraqlarını seçməyə borcludur. O maraqlar isə - dövlət müstəqilliyinin qorunması, davamlı inkişaf, düşünülmüş təhlükəsizlik siyasəti və ideoloji bloklar deyil, yalnız praqmatik tərəfdaşlıqlara əsaslanan əlaqələrdir. Qalan hər şey - dəqiqlik məsələsidir.

2025-ci ilin iyuluna dünya beynəlxalq münasibətlərin köhnə qaydalarının artıq işləmədiyi yeni bir mərhələyə qədəm qoydu. İdeoloji qütblərin, qarşıdurmaların və sanksiyaların hökm sürdüyü bu şəraitdə Azərbaycan unikal, balanslaşdırılmış və çoxvektorlu siyasət yürüdür. Burada söhbət klassik diplomatik şüarlardan getmir. Söhbət strateji əlaqələrin dəqiqliklə qurulduğu, ölkənin suverenliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edən bir sistemdən gedir.

2025-ci ildə Azərbaycan-Türkiyə-İsrail formatı regional təhlükəsizlik məsələləri üzrə fəal koordinasiyaya çevrilib. İyun və iyul aylarında Bakıda Suriya ətrafındakı vəziyyətlə bağlı İsrail və Türkiyənin nümayəndələrinin iştirakı ilə ən azı üç texniki məsləhətləşmə raundu keçirilib. Bakı bu danışıqlarda iki rəqib regional güc arasında vasitəçi rolunu oynayaraq öz geosiyasi çəkisini bir daha təsdiqlədi.

Enerji sahəsində də İsraillə əməkdaşlıq genişlənib. IHS Markit agentliyinin hesabatına görə, 2025-ci ilin ilk yarısında Azərbaycanın İsrail limanlarına neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb. Türkiyə ilə əlaqələr isə strateji xarakter daşıyır və hərbi-infrastruktur tərəfdaşlığı formatında inkişaf edir - TANAP layihəsi və Zəngəzur dəhlizinin bərpası bu istiqamətdə önəmli elementlərdir.

23 aprel tarixində Pekində Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığa dair sənədlər imzalanıb. Prezident İlham Əliyevin Çinə səfəri nəticəsində 20-dən çox müqavilə bağlanıb - iqtisadiyyatın rəqəmsallaşdırılması, yaşıl enerji, gömrük əməkdaşlığı və təhsil sahələrini əhatə edən sənədlərdir.

11 iyulda tərəflər mülki aviasiyanın inkişafına dair ayrıca saziş imzalayıb. Bu sənəd logistik mərkəzlərin yaradılmasını, Azərbaycanın hava limanlarının modernləşdirilməsini və Çin vilayətləri ilə birbaşa uçuşların açılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan Rusiyanı və Avropanı yan keçərək, Asiya logistik zəncirlərinə birbaşa inteqrasiya imkanları qazanır.

Xüsusi diqqət çəkən bir istiqamət - Qızılağacda külək, Cəlilabadda isə günəş elektrik stansiyalarının tikintisidir. Ümumi gücü 800 meqavattı keçən bu layihələr "China Energy Engineering Corporation" ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. "BloombergNEF"in hesablamalarına görə, bu stansiyalar Azərbaycanın 2028-ci ilə qədər Gürcüstan və Türkiyə istiqamətində yaşıl enerji ixracını 12 faizədək artırmasına imkan verəcək.

28 may tarixində Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli sammiti keçirilib. Tədbirdə müdafiə, enerji və xarici işlər nazirləri iştirak edib. Pakistanın baş naziri Şahbaz Şərifin sözlərinə görə, Bakı Pakistana 2 milyard dollara qədər investisiya qoymağa hazır olduğunu bildirib. Söhbət əczaçılıq, nəqliyyat infrastrukturu və maye qaz logistikası sahələrində birgə layihələrdən gedir.

Eyni zamanda hərbi əməkdaşlıq və kadr mübadiləsinə dair sənədlər imzalanıb. Azərbaycanın hərbi akademiyalarında pakistanlı zabitlərin hazırlanması və ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində birgə tədqiqat mərkəzinin yaradılması razılaşdırılıb.

Bu əməkdaşlıq dini və ya ideoloji platformaya deyil, real praqmatik maraqlara əsaslanır. Bakı bu yolla İslam Əməkdaşlıq Təşkilatında nüfuzlu oyunçu statusunu gücləndirir, lakin Yaxın Şərqdəki ziddiyyətlərə qarışmır.

3-4 iyul tarixlərində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammiti keçirilib. Tədbirdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Türkiyə, İran, Pakistan və Azərbaycan iştirak edib. Gündəlikdə - Rusiyanı və İranı yan keçən alternativ nəqliyyat dəhlizlərinin yaradılması olub. "Buxara-Bakı-Qars" marşrutu üzrə yeni magistralın perspektivləri müzakirə edilib. Bu yol Çin ilə Avropa arasında transasiya logistik xəttinin bir hissəsi olacaq.

Azərbaycan Xəzər üzərindəki limanların modernləşdirilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yeni anbarların tikintisini maliyyələşdirməyə hazır olduğunu bəyan edib. Dünya Bankının 2025-ci il üzrə Logistika İndeksinə əsasən, Azərbaycan 12 pillə irəliləyərək 139 ölkə arasında 59-cu yerə yüksəlib.

Azərbaycanın Rusiya ilə münasibətləri mürəkkəb və çoxşaxəlidir. Bir tərəfdən, Bakı Moskva ilə BMT, MDB və təhlükəsizlik məsələləri üzrə (Laçın dəhlizi və sərhəd xətti) əməkdaşlıq edir. Digər tərəfdən isə Kreml bərabərhüquqlu dialoqa hazır olduğunu nümayiş etdirmir. Ermənistanla danışıqlara təzyiqlər, sülhməramlı kontingentin bölgədə qalmasına yönəlik cəhdlər və Azərbaycanın enerji siyasətinə müdaxilələr Moskvanın etibarlı tərəfdaş olmadığını açıq şəkildə göstərir.

Avropa İttifaqı ilə münasibətlər isə daha da incə və ziddiyyətlidir. 2024-cü ildə Avropaya təxminən 11,4 milyard kubmetr təbii qaz ixracına baxmayaraq, Brüssel Qarabağ məsələsi kontekstində Bakıya təzyiqləri artırır. 2025-ci ildə Aİ Ermənistana Global Gateway proqramı çərçivəsində 2,5 milyard avroluq investisiya paketi təsdiqləyib. Bakı bu addımı siyasi motivli jest kimi qiymətləndirir.

Bütün bunlara baxmayaraq, Azərbaycan nə Rusiya, nə də Aİ ilə dialoqu dayandırmır. Əksinə, Bakı qeyri-formal diplomatik kanallar və elastik siyasi davranışla münasibətləri balansda saxlamağa çalışır.

İyulun 10-da Əbu-Dabidə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında vacib görüş baş tutub. Görüşdə 1 000 kilometrlik sərhədin demarkasiyası, Naxçıvan dəhlizinin fəaliyyəti, erməni silahlı dəstələrinin üzvlərinə amnistiya məsələsi və dəmir yolu xətlərinin bərpası müzakirə olunub. Hərçənd bu görüşdə qəti dönüş baş vermədi, tərəflər arasında danışıqlar konstruktiv keçdi.

Bölgədə gərginlik hələ də qalır. Sünik bölgəsində və Qazax ətrafında atışmalar qeydə alınıb. Amma Azərbaycan, Ermənistandan fərqli olaraq, emosional ritorikadan uzaq, real dialoqa hazır olduğunu nümayiş etdirir.

Azərbaycan qlobal böhran şəraitində hərbi-siyasi bloklara qoşulmadan, heç bir böyük gücdən asılılığa düşmədən, manevr imkanlarını və siyasi muxtariyyətini qoruyaraq. özünəməxsus və çevik davranış modeli formalaşdırır.

Azərbaycan Qərblə, Şərqlə, həm İslam, həm də Türk dünyası ilə əlaqələrini inkişaf etdirərək siyasi suverenliyini itirmir. Bu model daimi analiz, strateji ayıqlıq və ideoloji meyllərdən imtina tələb edir. Artıq köhnə qaydaların işləmədiyi yeni dünyada Bakı himayədar axtaran ölkə deyil - o, özü təhlükəsizlik və inteqrasiya arxitekturasını formalaşdıra bilən müstəqil aktora çevrilir.

Ölkəmizin mövqeyi aydındır: ideoloji düşərgələrə deyil, maraqlara əsaslanan siyasət. Geosiyasi parçalanma dövründə sağ qalmağın yeni modeli məhz budur - soyuqqanlı, rasional və tam suverenlik üzərində qurulmuş strategiya. Azərbaycanın bu mürəkkəb şərtlərdə öz yolunu seçmək imkanı var. Seçim isə artıq yalnız diplomatik yox, tarixi məsuliyyətdir.

Elçin Alıoğlu
Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.