Siyasət

"Ermənistanda Konstitusiya dəyişiklikləri sülh müqaviləsinin bağlanması üçün açardır"

26 İyun 2025 16:33
Baxış: 558

Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Ermənistanı öz Konstitusiyasını ölkələr arasında təklif olunan sülh sazişinin şərtlərinə uyğunlaşdırmağa çağırıb, onun imzalanmasına əsas maneənin məhz Konstitusiya ilə bağlı ziddiyyətlərin olduğunu qeyd edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə İspaniyanın "El Mundo" qəzitenə müsahibəsində deyib.

E.Əmirbəyov bildirib ki, bütün maddələr razılaşdırılıb, lakin sazişin imzalanmasına Ermənistan Konstitusiyasında sülh sazişinin məzmununa zidd olan müddəalar yer alması mane olub.

"Biz Ermənistan tərəfinin öz Konstitusiyasına düzəlişlər etməsini, onu sazişin mətninə və ruhuna uyğunlaşdırmasını istəyirik", - o vurğulayıb.

E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan revanşizmə və ya erməni tərəfinin mövqeyində yeni dəyişikliklərə məruz qalmayan davamlı sülh əldə etməyi hədəfləyir.

O qeyd edib ki, Ermənistan hökumətinin lazımi dəyişiklikləri etməkdən imtina etməsi Bakıda bəyan edilən niyyətlərin səmimiliyinə şübhələr yaradır. "Ermənistan tərəfinin Konstitusiyaya dəyişikliklərdən imtina etməsi bəyanatlarının səmimiliyinə Azərbaycanda müəyyən şübhələr yaradır", - Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib.

Eyni zamanda, E.Əmirbəyov danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib: "Görülən bütün işləri dəyərləndirsək, Ermənistan və Azərbaycan böyük məsafə qət ediblər. Odur ki, biz ümid edirik ki, Ermənistan tərəfi qalan iki məsələnin həlli üçün siyasi iradə nümayiş etdirəcək".

Ermənistanda konstitusiya islahatının vaxtı ilə bağlı E.Əmirbəyov qeyd edib: "Ermənistan tərəfindən eşitdiyimiz odur ki, yeni konstitusiya layihəsini gələn il - yəni 2026-cı ilin iyunundakı seçkidən sonra referenduma çıxarmağı planlaşdırırlar". O əlavə edib ki, Azərbaycan bu müddətin çox uzun olduğunu düşünənlərlə eyni fikirdədir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.