Siyasət

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi regionda təhlükəsizlik və əməkdaşlığı möhkəmləndirəcək - Tokayev

27 Mart 2025 15:27
Baxış: 687

Qazaxıstan İrəvan və Bakı arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

Trend-in məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı bildirib.

"Bu əlamətdar hadisə Ermənistan və Azərbaycan arasında möhkəm sülhün bərqərar olmasının müjdəçisi olacaq və regionun, o cümlədən Qazaxıstan və bütün Mərkəzi Asiya ölkələri ilə təhlükəsizliyin möhkəmlənməsinə, fəal əməkdaşlığın inkişafına töhfə verəcək", - deyə Tokayev vurğulayıb.

Xatırladaq ki, martın 13-də Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.