"ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ABŞ-nin mümkün addımlarına dair Azərbaycan kütləvi informasiya vasitələrinin sualına cavab verməyib və sadəcə bu ölkənin işğaldan azad edilmiş Azərbaycan ərazilərində hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib".
Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Qeyd olunur ki, bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib:
"Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən kütləvi informasiya vasitələrinin sualını "aldadıcı" kimi dəyərləndirməklə ABŞ-nin hər zaman vurğuladığı "söz azadlığı", "fikir müxtəlifliyi" prinsiplərinə əslində necə "hörmət" bəslədiyini nümayiş etdirib.
Qərbi Azərbaycan İcması olaraq, ABŞ-nin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edirik. Qayıdış hüququmuzun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprel ayında ABŞ dövlət katibi Antoni Blinkenə göndərdiyimiz məktuba bu günədək cavab verilməyib. Halbuki, ötən dövr ərzində ABŞ hökuməti "insan hüquqları" adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib. Hamıya məlumdur ki, ABŞ-nin hazırkı administrasiyası "insan hüquqları" və "mədəni irs" mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır".
"ABŞ-nin hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayır və qərəzli siyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış son verməyə, o cümlədən, dövlət katibi Antoni Blinkeni göndərdiyimiz məktuba cavab verməyə çağırırıq. Bundan əlavə, biz regional məsələlərə dair müxtəlif birtərəfli dinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsan Hüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarının növbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakının təmin ediləcəyinə dair gözləntimizi ifadə edirik", - bəyanatda qeyd olunub.
Milli.Az