Siyasət

Özünü tükənməyə aparan Ermənistan: xəstəlik sürətlə ağırlaşır

16 İyul 2024 11:53
Baxış: 1 487

İrəvanda ədliyyə nazirinin müavini Karen Karapetyanla ölkə parlamentinin insan haqları və ictimai məsələlər üzrə daimi komissiyasının sədr müavini Rüstəm Bakoyanın sədrliyi ilə "Milli azlıqlar haqqında" qanun layihəsinin müzakirəsi keçirilib.

Ermənistanın hakimiyyət dairələrinin yaydıqları məlumata görə, "qanun layihəsi ölkədəki milli azlıqların hüquqlarının gerçəkləşdirilməsinin qanunvericilik müstəvisində təminatına yönəlib".

Müzakirə zamanı Avropa Şurasının Baş Direktorluğunun demokratiya və ləyaqət məsəllələri üzrə müşavirləri Venesiya Komissiyası ilə Avropa Şurasının Baş Direktorluğunun qanun layihəsi barədə birgə mövqeyini açıqlayıblar, Ermənistandakı milli azlıqlarının hüquqlarının və haqlarının təminatı ilə bağlı sualları cavablayıblar

Müzakirə və ümumiyyətlə, qanun layihəsi rəsmi İrəvanın daha bir saxtakarlığı, gerçəyi retuşlamaq cəhdidir. Faktiki olaraq monoetnik dövlətə çevrilən və ermənilərdən başqa istənilən etnosun, millətin, xalqın mənsublarını "natamam insanlar" hesab edən cəmiyyətin hansısa multikultural, yaxud polietnik meyllərindən danışmağa dəyməz.

Ermənistanın hakimiyyət dairələrinin, mass-mediasının və siyasətçilərinin uca səslə, bəlağətlə "milli, etnik və dini azlıqlar" kimi qələm verdikləri insanların sayı həddən ziyadə azdır.

Son rəsmi statistik məlumatlara görə, hazırda Ermənistanda 35308 yezid, 11911 rus, 2769 assuriyalı və 2152 kürl yaşayır. Yəni əhalisini - yenə də rəsmi statistikaya görə - 2,8 milyon nəfər olan Ermənistanda etnik və dini azlıq sayılan sakinlərin sayı 50 min nəfərdən azacıq çoxdur. Bu isə əhalinin ümumi sayının 0,18 faizini təşkil edir.

İlk baxışdan ümumi sayları heç 0,2 faiz olmayan etnik və milli azlıqların mənsubları Ermənistanda titul etnosu olan ermənilərin demoqrafik vəziyyəti üçün ümumiyyətlə, heç bir təhlükə kəsb etmirlər.

Yaponiya, Cənubi Koreya, Madaqaskar, Esvatini və ya Papua-Yeni Qvineya kimi ölkələrdə də əhalinin tam əksəriyyəti bir xalqın mənsublarıdır ki, onlar dominant etnos sayılırlar. Sadalanan dövlətlərlə yanaşı, cəmiyyəti monoetnik sayıla biləcək başqa dövlətlər də var.

Ancaq onların heç birində dominant etnos sayı həddən ziyadə az olan milli, etnik və ya dini azlıqlara qarşı aqressiv davranmırlar.

Ermənistandan fərqli olaraq.

Ölkə əhalisinin 99, 98 faizini təşkil edən ermənilər çox az saylı milli və dini azlıqlara qarşı olduqca kobud, aqressiv və yolverilməz şəkildə kobud davranırlar.

Ermənistandakı ermənilər üçün özlərindən savayı istənilən (!) xalqın və ya etnosun nümayəndələri "tam inkişaf etməmiş insanlar"dır ki, bu da Adolf Hitlerin nasional-sosialist ideologiyasının təkrarı sayıla bilər.

Nasistlər Almaniyadakı və Avropadakı xalqların total əksəriyyətini "untermenş" (Untermensch), yəni "natamam insan" sayırdılar və onların "ari və ali irqin mənsubları olan almanlardan bütün cəhətlər baxımından geridə qaldıqlarını" deyirdilər.

Eyni düşüncə tərzi erməni cəmiyyətində hökm sürür. Problem sadəcə, baş nazir Nikol Paşinyanın hakimiyyətinin milli siyasətinin yarıtmaz olmasında yox, erməni cəmiyyətində əsrlərdən bəri hökm sürən milli və dini dözümsüzlüyüyün yaramaz olmasındadır.

Ermənistandakı ruslar arasında ölkəni tərk etmək istəyənlər və ya buna hazırlaşanların sayı artır. Söhbət təbii ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra səfərbərliyə cəlb olunaraq savaş meydanına göndərilmək üçün Rusiyanı təcili tərk edərək dünyanın müxtəlif ölkələrinə, o cümlədən Ermənistana üz tutan "relokant"lardan getmir.

Rusiyanı tərk etmiş təqribən 1,8 milyon relokant arasında 120 min nəfər hazırda Ermənistandadır və təbii ki, onlar statistia baxımından milli, etnik və ya dini azlıq sayıla bilməzlər.

Ukraynadakı hərbi əməliyyatlara Rusiya ordusunun tərkibində məcburi şəkildə göndərilməkdən yayınaraq Ermənistana üz tutmuş relokantlar qapalı həyat sürür, müvəqqəti yaşadıqları ölkənin siyasi, sosial və s. proseslərində aktiv iştirak etmirlər.

Onlar hərbi əməliyyatların başa çatmasını gözləyirlər ki, Ermənistanı tərk etsinlər və bu səbəbdən sosial baxımdan amorf kütlə sayıla bilərlər.

Ermənistandakı milli, dini və etnik azlıqlara gəldikdə isə, tam fərqli, hətta əks mənzərə müşahidə olunur. Orta aylıq gəlirləri rusiyalı relokantlardan fərqli olaraq çox aşağı səviyyədəki yerli azlıqlar siyasi və sosial həyatda aktiv iştirak etmək istəyirlər, amma buna qeyri-rəsmi şəraitdə, məişət formatında çox ciddi əngəllər yaradılır.

Ermənistanın daxili siyasəti faktiki olaraq yezidlərin, assuriyaların, rusların və kürdlərin üzlərinə qapalıdır.

Ölkə qanunvericiliyi sadəcə, yezidlərə "güzəşt" edib və onlara parlamentdə 1 mandatlıq (!) kvota ayırıb.

Həmin mandatı indi Ermənistanda iqtidarda olan "Mülki müqavilə" partiyasının funksioneri, yezid Rüstəm Bakoyan daşıyır.

Ermənistanda "ən çoxsaylı milli azlıq" təşkil edən yezidlər əsasən kəndlərdə yaşayırlar. Yezidlərin məskunlaşdıqları kəndlər arasında ən böyüyü Ararat vilayətindəki Verin Artaşat kəndidir ki, oranın da cəmi 4270 nəfər sakini var.

Tam əksəriyyəti heyvandarlıqla məşğul olan yezidlər erməni cəmiyyətində fasiləsiz aşağılanma, ələ salınma və lağlağı obyektidir. Ermənistandakı lətifələrin total çoxluğunun baş qəhrəmanı "axmaq, savadsız, şəhər mədəniyyətindən və dünyadakı hadisələrdən bixəbər, sadəölvh və köntöy yezid"dir.

Rəsmi olaraq Ermənistanda yezidlər üçün 28 orta məktəb, 2 teatr, 2 qəzet, radiostansiya fəaliyyət göstərir. İrəvandan 30 km aralıdakı Ağnaliç (Ağnallı) kəndində yezidlərin "Quba Mərə Divane" adlı böyük məbədi də var.

Bütün bunlar görüntüdür, gerçək vəziyyətin pərdələnməsinə yönəlmiş tədbirlərdir.

Reallıq isə budur ki, ermənilər yezidlərə nifrət edir, onları az qala "kəmağıl və natamam", hər an "böyük erməni xalqına xəyanət edə biləcək insanlar" sayırlar.

Halbuki yezidlər bu münasibəti dəyişmək üçün əllərindən gələni ediblər və edirlər.

Erməni qaniçən cəllad Andranik Ozanyan Osmanlı Türkiyəsində və Azərbaycanda dinc, silahsız osmanlı türklərinə, kürdlərə, azərbaycanlılara divan tutanda, on minlərlə insanı amansızlıqla qətlə yetirəndə onun "sağ əli" yezid Cahangir ağa idi.

1988-1990-cı illərdə Ermənistandakı azərbaycanlılar təqiblər, işgəncələr və ölüm təhdidləri ilə üzləşərək yurd yerlərini tərk etməyə məcbur olunanda ermənilərə dəstək verənlər də yezidlər olmuşdular.

Birinci Qarabağ müharibəsində yüzlərlə yezid erməni silahlı dəstələrinin tərkibində yer almış, Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalına məruz qalmasında aktiv iştirak etmişdilər.

44 günlük İkinci Qarabağ Müharibəsində isə Azərbaycan Ordusuna qarşı Ermənistan Müdafiə Nazirliyinin hərbi birləşmələrinin tərkibində 500 nəfərlik 2 yezid dəstəsi vuruşmuşdu.

Bütün bunlara rəğmən, yezidlər Ermənistanda ikinci, hətta üçüncü dərəcəli insanlar sayılırlar.

Ermənistandakı yezidlərin "Veto" ictimai təşkilatının sədri Narek Salyan və "Yezid İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi"nin rəhbəri Saşik Sultanyanın dediklərinə görə, ölkədə yezidlər üçün məktəblər yalnız kağız üzərində fəaliyyət göstərir: "28 məktəbin olduğu deyilir, amma faktiki olaraq yezid dilində tədrisin olduğu bir məktəb də yoxdur. Həmin məktəblərdə yezid dili fakultətiv əsaslarla tədris olunur. Teatrlar, radiostansiya, qəzetlər də yalnız "rəsmi mövcudluq" xətrinə var. Reallıq budur ki, Ermənistan cəmiyyətində yezidlərə qarşı seqraqasiya var. Hüquqlarımız pozulur, natamam insanlar sayılırıq. Milli kimliyimizi və etnik-dini identikliyimizi qorumağa çalışsaq da, çox ağır diskrimasiya halları ilə qarşılaşırıq. Ermənistanın hakimiyyət dairələri etiraf etmirlər, amma ölkədə şovinizm və milli-dini zəmində dözüülməzlik pik həddə çatıb. İş o yerdədir ki, ölkədəki yezidlərin çoxu Ermənistanda gələcəklərini görmür, hər hansı yaxşı perspektivə malik olduqlarını düşünmürlər".

Ermənistan ordusunda da yezid əsgərlərə qarşı dözülməz münasibətlə bağlı faktlar adi haldır. Yezidlər Artur Acamyan və Yurik Broyanın müəmmalı şəkildə qətlə yetirilməsi hələ də araşdırılmayıb, bu cinayətlərə müvafiq hüquqi qiymət verilməyib.

Sovet Ermənistanının bolşeviklər tərəfindən ermənilərin motoetnik dövlət prototipi qisminldə yaradıldığı faktdır. Amma indiki süni dövlət Ermənistan yaradılana qədər İrəvan xanlığının ərazilərinə Osmanlı Türkiyəsindən və Qacar İranından fasiləsiz olaraq ermənilər köçürülürdü. Monoetnik erməni dövləti idefiksinin reallaşmasının qarşısında duran yeganə "maneə" həmin torpaqların əzəli sahiblər və sakinləri olan azərbaycanlılardı.

1948-ci ildən başlayaraq azərbaycanlılar məhz "monoetnik Ermənistan" idefiksinə görə kütləvi şəkildə sürgün olundular, Azərbaycana köçürüldülər.

Son məcburi köç 1990-cı illərdə oldu ki, bu zaman da 280 mindən artıq soydaşımız Qərbi Zəngəzuru tərk etmək məcburiyyətində qaldı.

Məhz bu səbəbdən Ermənistan yüz minlərlə soydaşımızın geri dönüşünü, onların digər sakinlərlə bərabər haqq və hüquqlarının təminatını reallaşdırarsa, qonşu ölkədə milli azlıqlardan danışmaq olar.

İndi Ermənistanda "milli, etnik və dini azlıqların hüquqlarının təminatı"ndan bəhs edən rəsmi İrəvan "çoxmillətli Ermənistan dövləti" görüntüsünü yaratmağa çalışır.

Avropa İttifaqı və ümumiyyətlə, kollektiv Qərb isə yüz minlərlə soydaşlarımızın məcburi köçə vadar edilikdəri torpaqlarına, Qərbi Azərbaycana qayıdışlarının təminatı barədə düşünmək istəmir.

Əvəzində onlar "qarabağlı ermənilərin qayıdışının zəruriliyi"ndən danışmağı çox sevirlər.

Qərbi Azərbaycana qayıdış olacaq və Ermənistan yalnız həmin halda milli, etnik və dini azlıqlara malik ölkə sayılacaq.

Avropa İttifaqı istəsə də, istəməsə də...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.