Siyasət

Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir

29 İyun 2024 11:20
Baxış: 1 315

ABŞ Azərbaycanla normal əlaqələr qurmaq və Cənubi Qafqazdakı proseslərə real təsir imkanlarına yiyələnmək istəyirsə, öz maraqlarından çıxış etməli, məhz öz mənafeyini güdməlidir. İlk baxışdan paradoksal görünsə də, belədir.

ABŞ-nin dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Ceyms O-Brayen dünən Bakıya rəsmi səfərə gəldi. Yüksəkçinli amerikalı diplomatın Azərbaycana səfərinin səbəbləri və məqsədləri çox olsa da, onların arasında ikisi xüsusi yer tutur:

1. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi,

2. "Zəngəzur dəhlizi" layihəsi.

Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilmiş dinləmələr zamanı C.O-Brayen bəyan edib: "Birləşmiş Ştatlar bir daha bəyan edir ki, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasında, habelə "Zəngəzur dəhlizi" adlandırılan ticari-loqistika marşrutunun açılmasında maraqlıdır. Bakıya səfərimə gəldikdə, sülh məsələsi indi sadəcə Azərbaycan üçün yox, bütün region və Mərkəzi Asiya üçün aktualdır".

O daha sonra bildirib: "Hazırda bir yol Gürcüstan ərazisindən Qara dənizə gedir. Digər daha geniş marşrut Azərbaycan, Ermənistan və Türkiyə ərazisindən keçə bilər. Bu səbəbdən bizə 1990-cı illərdən bəri davam edən ağır münaqişəyə son qoyacaq Azərbaycanla Ermənistan arasında sülh sazişi gərəkdir. Sülh sazişini imzalamağın və savaşın nəticələrini aradan qaldırmağın vaxtı çatıb".

Göründüyü kimi, ABŞ Zəngəzur dəhlizi layihəsinin mümkün qədər tez gerçəkləşməsini istəyir. Amma bir şərtlə: dəhlizin təhlükəsizliyi heç bir halda Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən təmin olunmamalıdır.

C.O-Brayen dinləmələrdə "nədənsə" etiraf etməyib ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına indiyədək ən inadlı şəkildə mane olan tərəflərdən biri də məhz Vaşinqton idi.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 20-də Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında azad hərəkəti təmin edəcək Zəngəzur dəhlizi marşrutunda sərhəd və gömrük nəzarətini Rusiya FTX təmin etməlidir.

Bu şərtə hazırda Ermənistanla yanaşı, İran da qətiyyətlə etiraz edir.

İran hesab edir ki, Zəngəzur dəhlizi layihəsi onun bölgədəki maraqlarına ciddi zərbə vura bilər.

Ermənistanın və İranın tutduqları mövqe nəticəsində rəsmi Bakı gözləmə mövqeyi tutmadı, bu layihəyə alternativ olaraq İran ərazisindən keçəcək nəqliyyat kommunikasiyası marşrutu ilə bağlı işlərə başladı. Həmin layihəyə əsasən, gələcəkdə İranın dəmiryol və avtomobil yollarının da qoşulacağı bu marşurt beynəlxalq "Şimal-Cənub" marşrutunun bir hissəsinə çevrilə bilər.

Birləşmiş Ştatlar, təbii ki, Azərbaycanla İranı birləşdirəcək yeni nəqliyyat kommunikasiyalarına qarşı çıxır.

Vaşinqtonun fikrincə, Zəngəzur dəhlizində Rusiya FTX-nin nəzarət funksiyalarına yiyələnməsi Moskvanın Ermənistandakı hərbi kontingentinin sayını artırmaqla yanaşı, Gümrüdəki 102-ci hərbi bazanı da nəzərə alsaq, yeni layihəni Rusiyanın Ermənistanda ikinci "hərbi baza" yaratmaq cəhdlərinə şərait yaradacaq.

Birləşmiş Ştatlar Zəngəzur layihəsini işə salmaqla yanaşı, Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasında nəqliyyat kommunikasiyalarının bərpasında maraqlıdır.

Vaşinqton üçün bu məqam Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi təsir imkanlarının azaldılması baxımından çox böyük önəm kəsb edir.

Son müsahibələrindən birində isə Ceyms O-Brayen ABŞ-nin regional siyasətinin bir sıra məqamlarını aydınladan etiraflar edib:

"Mərkəzi Asiyadan Aralıq dənizinədək ticari marşrutu gerçəkləşdirmək üçün nəsildə bir dəfə ələ düşən imkan var. Bu isə yalnız Azərbaycanla Ermənistan arasınla sülh əldə ediləndən sonra mümkündür. Sülh əsas ticari yollarla yanaşı, həmin yollarda yeni istehsalatlar yaratmağa da imkan verəcək. Mümkündür ki, bir neçə il sonra bu, o qədər də mühüm olmasın. Bir neçə il əvvəl mümkün deyildi. Mən də düşünürəm ki, yaxşı zamandır, çünki bu yol üzərində olan ölkələr Rusiyadan asılılıqlarını azaltmaq istəyirlər. Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək marşrut Cənubi Qafqazla yanaşı, Orta Asiya ölkələrinə Rusiyadan yan keçmək şərtilə Avropa bazarlarına çıxış imkanları yaradacaq. Biz bu imkanı qətiyyətlə dəstəkləyirik. Görəcəksiniz, həmin imkan sayəsində region ölkələrinin iqtisadiyyatı çiçəklənəcək, insanların azad hərəkət və yaşam yeri seçimi imkanları artacaq".

Birləşmiş Ştatlar aydın, konkret şəkildə məqsədlərini açıqladı.

Bütün bu bəyanatlar, açıqlamalar və məram təzahürləri indi yox, ən azı üç il əvvəl, 2021-ci ildə olmalı idi.

Fransa və Avropa İttifaqı ilə birlikdə, ABŞ da, əfsuslar olsun ki, son üç ildə Cənubi Qafqazdakı proseslərlə bağlı danışıqlarda, müzakirələrdə və görüşlərdə faktiki olaraq Ermənistanın mövqelərini dəstəkləyib, az qalıb rəsmi İrəvanın narrativlərini təkrarlasın.

Zəngəzur dəhlizi layihəsinin həddən ziyadə önəmli olduğunu rəsmi Bakı 2020-ci ildən deyir - Vaşinqton deyilənləri eşitsə də, indifferent davranırdı. Halbuki sözügedən layihə bilavasitə Birləşmiş Ştatların subregional geosiyasi maraqlarının təminatıdır və Vaşinqtonun bölgədə mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Di gəl, İrəvana tam dəstək siyasəti yürüdən Qərb, xüsusilə də Vaşinqton öz maraqlarını təmin etmək əvəzinə, Ermənistanın mənafelərindən bəhs edirdi.

İndi çox gec olsa da, Birləşmiş Ştatlar bölgəmizdəki yanlış siyasətində düzəlişlər etmək imkanına malikdir. Bunun üçün Vaşinqton rasional, praqmat və Cənubi Qafqazdakı geosiyasi reallıqlara əsaslanan siyasət yürütməlidir.

Orta Asiyadan Aralıq dənizinədək yeni, strateji və qlobal marşrutun işə düşməsini istəyən Vaşinqton bunun üçün nə etməli olduğunu bilir.

ABŞ ifrat dərəcədə geciksə də, anlamalıdır: Vaşinqtonun Cənubi Qafqazda uğuru onun Bakı və Tbilisi ilə münasibətlərindən asılıdır. Regional kommunikasiyalardan kənarda qalan, geosiyasi perspektivləri mücərrəd, daim kənardan idarə olunan və uzaq güclərdən asılı qalmağa adət edən Ermənistan amerikalılara gələcəkdə uğur qazandıra bilməz.

Orta Asiyanı Aralıq dənizi sahilləri ilə birləşdirən kommuniksiyalara gəldikdə isə, Xəzər və Qara dənizlər arasında yeganə dəmiryol kommunikasiya marşrutu olan Bakı-Tbilisi-Qars dəmiryol marşrutunun inşası layihəsi gündəmə gələndə məhz ABŞ Konqresinin ölkənin banklarına, şirkətlərinə və maliyyə strukturlarına sözügedən layihəyə investisiya yatırmağı yasaqladığını da unutmamışıq.

Əgər Orta Asiya-Aralıq dənizi vektoru üzrə daşımalar ABŞ üçün bu qədər önəmlidirsə, nə üçün Bakının təşəbbüsü olan layihəyə qarşı sanksiyalar tətbiq olunmuşdu?

Vaşinqtonun Bakı ilə münasibətlərində belə absurdlar, paradoksal, qərəzli yanaşma və subyektivizmlə bağlı xeyli misallar çəkə bilərik, amma zərurət yoxdur: hər şey onsuz da bəllidir.

Azərbaycan bölgə ilə bağlı yürütdüyü siyasətdə ABŞ-dən sadəcə məntiq, rasionalizm, praqmatizm və konstruktivlik gözləyir.

Məsələn, Birləşmiş Ştatlar bəyan edir ki, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək avtomobil və dəmiryol marşrutlarının İrandan keçməsini "məqsədəuyğun" saymır.

Bəs yaxşı, Ermənistanın İranla çox sıx və şaxələnmiş kommunikasiyaları necə, amerikaları narahat etmir?

Ermənistanın hazırda N.Paşinyanın və komandasının bütün bəyanatlarına rəğmən, MDB ölkələrinin Avrasiya İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, Avrasiya Gömrük İttifaqında yer alması, nominal və de-yure olaraq Rusiyanın hərbi-siyasi müttəfiqi olması Vaşinqtonu qayğılandırmır?

Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Rusiyanın tranzit dövlət kimi istifadə etdiyi ölkələr arasında Ermənistanın olması, Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu, Ermənistandakı dəmiryol və qazpaylama şəbəkələrinə bütünlüklə (!) Rusiyanın nəzarət etməsi ABŞ-ni əndişələndirmir?

Görürük ki, yox. Tam əksinə, Azərbaycan üçün qapanan imkanlar və resurslar Ermənistan üçün açıqdır.

Nikol Paşinyanı və Ermənistanı total dəstəkləyən amerikalı siyasətçilərlə diplomatlar Azərbaycana gəldikdə sərt ritorikaya əl atırlar.

Halbuki Azərbaycan bölgədə sülhə və stabilliyə can atır, ötən ilin sentyabrından bəri Ermənistan üçün təhdid sayıla biləcək heç bir addım atmayıb.

ABŞ dərk etməlidir ki, Cənubi Qafqazda Ermənistandan alət kimi istifadə edərək, İrəvanı tam dəstəkləmək strategiyası Vaşinqtonun maraqlarına xidmət etmir - maraqlarına qarşıdır.

Bir zamanlar Rusiya da Ermənistanı tam dəstəkləyir, bölgədə Ermənistanın maraqlarından çıxış edən siyasət yürüdürdü.

Amma məhz Ermənistan Rusiyaya arxa çevirdi və Rusiya bölgədəki mövqelərinin zəifləməsi ilə qarşılaşdı.

ABŞ indi Rusiyanın səhvlərini təkrarlayır.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.