Siyasət

“Hami”ləri Paşinyanı bu dəfə də aldadacaqlar

25 İyun 2024 12:47
Baxış: 790

Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi Cənubi Qafqazda dayanaqlı sülhün və stabilliyin bərqərar olmasının əsas şərtlərindən biridir. İrəvan bunu etməli olsa da, vaxtı uzatmağa, "tələsik sülh"ü reallaşdırmağa çalışır.

Ermənistanın Dövlət Müstəqilliyi Bəyannaməsində və Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiası yer alır. Həmin sənədlərdə sabiq "Dağlıq Qarabağ Muxtar Vilayəti" erməni ərazisi kimi göstərilir ki, bu da Azərbaycanın suverenliyinə, ərazi bütünlüyünə və sərhəd toxunulmazlığına birbaşa təhdiddir.

Ali qanununda belə iddianın yer aldığı ölkə heç bir halda Azərbaycan üçün normal münasibətlərin və adekvat əlaqələrin qurula biləcəyi dövlət sayıla bilməz. Rəsmi Bakı bölgədə əmin-amanlığın bərqərar olmasında maraqlı olduğundan Ermənistanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesini maksimal sürətdə tez başa vurulmasında, yekun sülh müqaviləsinin imzalanmasında, regional kommunikasiyaların bərpasında və yeni logistik marşrutların açılmasında maraqlıdır.

Rəsmi İrəvan çox qəribə, məntiqdən və beynəlxalq hüquqdan kənar mövqe nümayiş etdirir. Ermənistan XİN israrla təkrarlayır ki, sən demə, "ölkə Konstitusiyası ilə bağlı dəyişikliklər Ermənistanın daxili işidir və heç bir halda sülh danışıqlarında müzakirə predmeti ola bilməz".

Erməni diplomatlar, ümid edirik, beynəlxalq hüquqdan və qətnamələrdən, konvensiyalardan və s. sənədlərdən xəbərdardır. Həmin sənədlərin istisnasız olaraq hamısının leytmotivi iki təməl prinsipdən ibarətdir:

1. Bir ölkənin digərinə qarşı ərazi iddiası, bu iddianın dəstəklənməsinə yönəlmiş siyasət, militarist qərarlar, qanunlar, qanunverici aktlar və s. heç bir halda həmin ölkənin daxili işi olmayaraq geniş müzakirə mövzusu, aradan qaldırılması zəruri problemlərdir.

2. Hərbi əməliyyatlarda məğlub olan və ya kapitulyasiyaya uğrayan tərəf qalib tərəfin şərtləri ilə yanaşı, təkliflərini nəzərə almalı, sabit sülhün və əsaslı stabilliyin formalaşması üçün gərəkli bütün addımları atmalıdır.

Bu qədər bəsit.

44 günlük İkinci Qarabağ Müharibəsində məğlub və kapitulyasiyaya uğradılan tərəf Ermənistan olsa da, baş nazir Nikol Paşinyanın komandası qalib tərəf kimi davranır, danışıqlarda şərtləri irəli sürür, tələblər səsləndirir, prosesi öz maraqlarına uyğun dəyişməyə və mənafelərini təmin etməyə çalışır.

Məsələn, Nikol Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsinin hazırlanmasına hazırlıqların başlanması və layihənin 2026-cı ilin sonlarında təsdiqlənməsi barədə fərman imzalayıb.

Rəsmi İrəvan bu minvalla Konstitusiyanın yeni redaksiyasının hazırlanmasına iki il yarım vaxt sərf olunacağını bəyan edib. Təbi ki, yeni mətnin Ermənistanda ümummilli referendumda qəbul edilməsi üçün də daha bir neçə ay gərəkdir.

Yəni Ermənistanda Konstitusiyanın yeni mətni qəbul edilərsə və İrəvan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bəndi aradan qaldırarsa, bütün bunlar, ermənilərin fikrincə, ən yaxşı halda 3-3,5 ildən sonra baş verə bilər.

Rəsmi Bakının tələblərini xatırlasaq, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasının da məhz həmin müddətədək təxirə düşəcəyini ermənilər nəzərə çarpdırırlar.

Eyni zamanda, N.Paşinyan hakimiyyəti ordunun sürətlə silahlandırılması, Fransa, Hindistan, Belçika və s. ölkələrdən silah-sursatla hərbi texnikanın alınması barədə sazişlərin imzalanması ilə məşğuldur.

Ermənistan həm də ABŞ, Avropa İttifaqı və xüsusilə də Fransanın Cənubi Qafqazdakı plasdarmına çevrilmək, Qərbin dəstəyi ilə bölgədə "əsas güc" rolunu oynamaq fikrindədir.

İrəvanın bu siyasi şizofreniyasını qidalandıran Fransa prezidenti Emmanuel Makron olsa da, Avropa İttifaqının məmurları ermənilərə şirnikləndirici vədlər verməklə bölgədə gərginliyi süni şəkildə artırmağa çalışırlar.

Fransa və ya Avropa İttifaqı üçün Ermənistanın inkişafı, ermənilərin rifahı və yaşam səviyyəsinin yüksəlişi, İrəvanın ən müasir texnologiyalarla iqtisadi potensiala sahiblənməsi kimi nüanslar qarşıya qoyulan məqsəd deyil.

Parisin lokomotiv rolunu oynadığı qüvvələrə Cənubi Qafqazda Rusiya və İranın təsir mexanizmlərinin zəiflədilərək sıradan çıxarılması, bölgənin, ümumiyyətlə, Moskva və Tehranın aktiv fəaliyyət orbitindən kənalaşdırılması, Qərb strukturlarının və institutlarının regional gücə çevrilməsidir.

Bütün bunlar postsovet məkanın başqa ərazilərində yaşansaydı, təbii ki, proseslər təhlükəli səciyyə almazdı.

Amma Rusiya və İranın subregional dövlətlər yox, Cənubi Qafqazda bilavasitə bölgə dövlətləri olduğunu və onların heç bir halda kənardan müdaxilələrlə barışaraq, geri çəkilməyəcəklərini nəzərə alsaq, Qərb həddən ziyadə təhlükəli ssenarini reallaşdırmaq istəyir.

Cənubi Qafqaz ölkələri nə üçün, hansı səbəblərdən və nəyə görə Rusiya və İranla əlaqələri kəsməli, yalnız Qərbə meyilli siyasət yürütməlidir - bəlli deyil.

Əgər demokratiyadan, azad seçimdən və liberal dəyərlərdən bəhs ediriksə - Qərbin də fasiləsiz təkrarladığı mantra da elə budur - Cənubi Qafqaz ölkələri nə üçün ABŞ və Avropa İttifaqı ilə bahəm, Rusiya və İranla normal münasibətlərdə olmamalıdır?

Qərblə Rusiyanın və ya Qərblə İranın qarşıdurmasında tərəf olmaq məcburiyyətində olmamışıq, deyilik də.

Azərbaycanın mövqeyi budur. Gürcüstanın hakimiyyət dairələri də soyuqqanlı, rasional xarici siyasət yürütməyə, daxili siyasətdə Qərbin maliyyələşdirərək idarə etdikləri qüvvələrin təsirini azaltmağa çalışır.

Bölgə dövlətləri arasında marionetka durumunda olan təkcə Ermənistandır.

Artıq Rusiya və İran açıq şəkildə bəyan edirlər ki, Ermənistanı sürətlə silahlandırmağa başlayan Qərb, xüsusilə də Fransa Cənubi Qafqazda yeni silahlı qarşıdurma niyyətindədir.

Ermənistan cəmiyyəti bilməlidir ki, Nikol Paşinyan hakimiyyətinin təhlükəli, düşünülməmiş və bisavad siyasəti nəticəsində ölkədə revanşist qüvvələr yenidən fəallaşarsa, Azərbaycanın ünvanına yenidən hədələr səslənərsə, rəsmi Bakı gərəkli və adekvat tədbirlərə əl atmaq məcburiyyətində qalacaq.

Rəsmi Bakı Ermənistanın sürətlə silahlandırılması prosesini laqeydliklə və biganəliklə izləmək niyyətində deyil.

İrəvan bunu nə qədər tez anlarsa, ermənilər üçün bir o qədər yaxşıdır...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.