Siyasət

Delimitasiya sərhəddə harada davam edəcək?

31 May 2024 14:25
Baxış: 1 179

32 il əvvəl Ermənistanın işğal etdiyi və öz ərazisinə qatdığı 4 kəndimiz azad edilərək Azərbaycana qaytarıldı. Bu, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı aparılan danışıqların ilkin mərhələsinin uğurla başa çatdığının göstəricisi sayıla bilər.

Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın rəhbərlik etdikləri heyətlər arasında birbaşa aparılan danışıqlar rəsmi Bakının ciddi diplomatik uğurudur. Danışıqlarla müzakirələr Rusiya və İranın, habelə ABŞ, Fransa və Avropa İttifaqının fasiləsiz "təkliflər"lə "məsləhət"lərinə rəğmən vasitəçilərsiz aparılır. Bu isə öz növbəsində yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin də hər hansı subregional dövlət, təşkilat və ya siyasətçilərin iştirakı olmadan başa çatması ehtimalını gücləndirir.

Hazırda Ermənistanın Tavuş (Tovuzqala) rayonu ilə Azərbaycanın Qazax rayonunun arasındakı şərti dövlət sərhədi legitimləşir, həmin məkana hər iki ölkənin sərhədçiləri yerləşdirilib və müvafiq infrastruktur yaradılır.

Ölkəmizin Ermənistan ərazisində, Tavuş rayonunda eksklavları olan Yuxarı Əskipara, Soyulu və Barxudarlı kəndlərinə gəldikdə isə, onların işğaldan azad olunaraq Azərbaycana təhvil verilməsi ilə bağlı müvafiq danışıqlara başlanacaq.

Bakı və İrəvan arasında müzakirə predmetinə çevriləcək həmin kəndlərin sonrakı taleyini ermənilər mübahisələndirməyə çalışsalar da, beynəlxalq hüququn prinsipləri İrəvanın süni manevr imkanlarını yetərincə məhdudlaşdırıb.

Üç kəndin Azərbaycan ərazisi olması, işğala məruz qalması, həmin yaşayış məntəqələrində qanunsuz məskunlaşmanın aparılması və s. kimi əməllər birmənalı olaraq müharibə cinayətləri sayıldığından Ermənistanın hər hansı beynəlxalq normaya istinad edərək, müəyyən apellyasiyalara əl atmaq cəhdləri, şübhəsiz ki, olacaq. Amma onların məntiqi, siyasi və hüquqi əsasları olmadığından yalnız demaqogiya ilə pərdələnmiş revanşizm, işğala haqq qazandırmaq istəyi qismində dəyərləndiriləcək.

Üç kəndin taleyi ilə bağlı danışıqların başlanma tarixi və keçiriləcəyi məkanla bağlı hələlik heç bir rəsmi məlumati yoxdur. Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdikləri komissiyaların bundan sonrakı fəaliyyətinə gəldikdə, müzakirə predmetinin Azərbaycanın Tovuz və Gədəbəy rayonları ərazilərinin Ermənistanla şərti dövlət sərhədi boyunca xəttin delimitasiyası olacağını təxmin etmək mümkündür.

Ermənistan mediasında yer alan xəbərlərə görə, Ermənistanın Gekarkunik mərzinin (Göyçə mahalı) Çəmbərək kəndinin sakinləri dağlıq ərazilərdə geodezistləri görüblər. Guya onlar deyiblər ki, həmin ərazilərdə Ermənistan ordusunun 12 döyüş-müdafiə mövqeyi ləğv ediləcək.

Bəhs olunan mövqelərin əksəriyyəti 1990-cı illərdə, Ermənistan ordusunun Azərbaycan ərazisinin 20 faizinin işğalına başladığı dönəmdən sonra yaradılıb. Ermənistan ordusu bütün cəhdlərinə rəğmən, Tovuz və Gədəbəy rayonlarının ərazilərinə çox kiçik ərazilər istisna olmaqla, daxil ola bilməmiş, həmin rayonların torpaqlarının bir hissəsini işğal etmək planlarının darmadağını ilə üzləşmişdi.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Tovuz və Gədəbəy rayonlarında, Ermənistanla şərti dövlət sərhədi boyunca ermənilərin "irəliləyiş" hesab etdikləri mövqeləri ləğv edilib.

Şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi sabiq SSRİ-nin Müdafiə Nazirliyinin Baş Qərargahının 1975-ci tarixli hərbi xəritələri, həmçinin, 1991-ci ildə Alma-Ata şəhərində imzalanmış bəyannamə əsasında aparılır.

Bakı və İrəvan prosesin bundan sonra da sözügedən prinsiplər əsasında aparılmasında maraqlıdır.

Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədinin Tovuz və Gədəbəy istiqamətindəki hissəsinin delimitasiyası ilə demarkasiyasında Qazax rayonunun 4 kəndi ilə bağlı müzakirələrdən baza kimi istifadə olunacağını demək olar.

Qazaxın yerdə qalan üç kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hazırda Ermənistan ərazisində qalmış eksklavlarımızdır.

Təbii ki, Ermənistanın da öz şərtləri var. İrəvan Azərbaycanın Gədəbəy rayonundakı Başkəndi öz ərazisi hesab edir, "Artsvaşen" adlandırır.

Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi çərçivəsində Azərbaycan Başkənd kəndini ermənilərə qaytarmalıdır.

İrəvanın bu şərti paradoksal olduğundan, müzakirə ediləcək və Ermənistan cəmiyyəti Başkəndlə bağlı illüziyalarının reallaşmaya biləcəyinə indidən hazır olmalıdır.

Şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, yekun sülh sazişinin imzalanması, kommunikasiyaların bərpası və yeni logistika marşrutlarının işə salınması, sonda isə normal dövlətlərarası münasibətlərin qurulması Azərbaycanın təklif etdiyi gündəmdir.

Ermənistan ya bu prosesdə fəal iştirak edərək, Cənubi Qafqazda stabil sülhün və dayaıqlı təhlükəsizliyin təmin olunmasına çalışmalı, ya da ərazi iddiaları, revanşizm və zooloji irqçilik ideologiyasına əsaslanan narrativlər istiqamətini tutaraq, dövlətçiliyini təhlükə altına atmalıdır.

İrəvana sülh marşrutunda tam dəstək verdiyini sürəkli bəyan edən Qərbin məsələlələrə baxışı, yumşaq desək, fərqlidir. Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (EUMA) şərti dövlət sərhədinin Ermənistan tərəfində tam təhlükəsizliyin təminatına çalışmaq əvəzinə, militar kontingent kimi davranır, sülhün əldə edilməsi üçün etməli olduğu işlərin heç birini reallaşdırmır.

Tam əksinə, Avropa İttifaqının müvafiq qurumları və siyasətçiləri Fransanın təhriki ilə Ermənistanın hakimiyyəti ilə yanaşı, siyasi elitalarında, xüsusilə də müxalifətində çox təhlükəli, yanlış özünəəminliyin formalaşmasına rəvac verirlər.

Məhz Qərbin təşviq etdiyi belə hisslər Nikol Paşinyan administrasiyasını bəyanatlarla əməllər arasında uçurum yaratmağa sövq edir, revanşist qüvvələri və kənardan idarə olunan müxalifət qurumlarını isə radikallaşmağa təşviq edir.

Erməni Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş yeparxiyasının arxiyepiskopu, keşih Baqrat kimi tanınan Vazgen Qalstanyanın simvolik rəhbər olduğu "Vətən uğrunda Tavuş" hərəkatında birləşmiş kilsə, sabiq prezident Robert Köçəryan və Serj Sarqsyanın siyasi-maliyyə strukturları, erməni diasporu, xaricdən maliyyələşərək, idarə olunan kiçik müxalifət qruplarının hazırda birgə keçirdikləri etiraz aksiyalarının mahiyyəti revanşizm, ərazi iddiaları və saxta narrativlərdir.

Məhz Qərbin yürütdüyü siyasət nəticəsində ruhlanan erməni kilsəsi hazırda aşkar şəkildə siyasətə qatılır, keşiş Baqratı baş nazir etmək istəyir.

Aprelin 19-da etiraz aksiyaları başlayandan bəri bu prosesə təqribi olaraq 600 min dollar xərclənsə də, Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün kritik kütlə hələ də yoxdur.

Vədlərə və şirnikləndirmələrə rəğmən, Qərb ermənilərin maraqlarını yox, öz mənafeyin düşünür.

Ermənilərin xəyallarından fərqli olaraq, real siyasətin siması budur.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.