Siyasət

Gürcüstan və Avropa Birliyi münasibətləri dalana dirənib - Avrointeqrasiya arzuları həmişəlik bitir?

31 May 2024 11:01
Baxış: 500

Böyük fransız yazıçısı Onore de Balzakın "Şaqren dərisi" romanında bir oğlan bütün arzularını reallaşdıran möcüzəli dəri tapır. Ancaq oğlanın arzuları reallaşdıqca dəri kiçilir və onun fiziki enerjisinin tükənməsinə səbəb olur. Dəri demişkən, böyük gürcü yazıçısı Şota Rustavelinin gürcü ədəbiyyatının zirvəsi sayılan "Pələng dərisi geymiş pəhləvan" adlı məşhur əsəri var. Balzakı nahaq yerə xatırlamadıq: çünki bugünkü Gürcüstan pələng dərisi geymiş pəhləvandan şaqren dərisi geyinmiş həmin o gəncə çevrilib. Elə bir vaxtlar pələng dərisi geymiş pəhləvanların ölkəsinin prezidenti Salome Zurabişvili bir neçə gün öncə ölkədə gedən prosesləri yoluna qoymaq üçün məhz Fransa prezidenti Emmanuel Makronu öz ölkəsinə dəvət edib.

Milli.Az xəbər verir ki, Trend Gürcüstanın Avropaya hədəflənmiş yolçuluğuna nəzər salıb.

2003-cü il qərbyönümlü olmasına heç bir şübhə olmayan qüvvələrin səbəb olduğu Qızılgül inqilabından sonra Rusiya ilə onsuz da pisləşən münasibətlər 2008-ci ildə Abxaziya və Cənubi Osetiyada vəziyyətin qarışmasına, pik həddə çatmasına, nəhayət, Gürcüstanın Avropa yolunda "qanadları"nın qırılmasına və beynəlxalq hüquqa əsasən suveren ərazisi sayılan bölgələri itirməsinə səbəb oldu. Əslində elə həmin vaxt Gürcüstan başa düşməli idi ki, seçdiyi yolu sona qədər getmək üçün bütünlüklə Qərbin tələblərini yerinə yetirməlidir. Ancaq proseslər nəzərdə tutulduğu kimi getmir. Aİ-yə üzv üçün namizəd statusu alan ölkədə parlamentin təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanununa etiraz olaraq ciddi çaxnaşma başlayıb və bu dəfə Avropanın müxtəlif ölkələrinin deputatları Gürcüstanda etirazçıların sıralarına qoşularaq aksiyalarına dəstək veriblər.

Tam mənzərəni görmək üçün həmin ölkələrin adlarını qeyd edirik:

Çexiya Parlamentinin xarici əlaqələr komitələrinin rəhbəri - Pavel Fişer,
Polşa Sentanının xarici əlaqələri komissiyasının sədri - Boqdan Klix,
Almaniya Parlamentinin xarici əlaqələr komitələrinin rəhbəri - Mixael Rot,
Litva Seyminin xarici əlaqələr komitəsinin sədri - Zigimantas Pavilyonis
Finlandiya Parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri - Sebastian Tinkinen

Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Mixael Rot etiraz aksiyası iştirakçılarına müraciət edir

Hadisələrin pik nöqtəsi isə yəqin ki, artıq yuxarıda qeyd etdiyimiz məqam - ölkə prezidentinin Fransa dövlət başçısı Emanuel Makronu köməyə çağırmasıdır. Burada isə daha maraqlı bir məqam var, Emanuel Makron qanunun qəbulunu istəməyən, parlamentin üçüncü oxunuşundan keçən qanuna veto hüququndan istifadə edən Salome Zurabişviliyə kömək üçün Gürcüstana dəvət olunur, ancaq Fransa senatı 23 may tarixində "Xarici agentlər" haqqında qanun layihəsini qəbul edib.

Çox maraqlıdır, niyə Fransaya bu qanunu qəbul etmək olar, Gürcüstana yox?

Burada Gürcüstanın nəzərdən qaçırdığı bir məqam var, Avropaya inteqrasiya sadəcə vizasız gediş-gəliş, BVF-dən rahatlıqla maliyyə dəstəyinin alınması, Gürcüstanın Cənubi Qafqaz bölgəsində Avropanın yaxın dostu olması ilə yekunlaşmayacaqdı, Avropaya inteqrasiya onların qoyduğu bütün tələblərin yerinə yetirilməsini nəzərdə tutur. Gürcüstana qucaq açanlar məgər başqa məsələlərdə ona sərbəstlik verəcəkdilər? Məsələn, Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının (INCB) hesabatına əsasən Gürcüstan Cənubi Qafqazda narkotik istifadəsinə görə liderdir. Ölkədə yeniyetmələr arasında narkotik istifadəsi Avropadan iki dəfə artıqdır. 2018-ci ildə Gürcüstanda marixuananın istifadəsi leqallaşıb. Çox təəssüf ki, Gürcüstan həm də Cənubi Qafqazda LGBT təbliğatının rahatlıqla aparıldığı ölkədir. Ancaq ölkədə bununla qətiyyən razılaşmayan böyük kəsim də mövcuddur.

İnteqrasiyanı qəbul etmək Avropanın dəyər adını verdiklərinin hamısını qəbul etməyi nəzərdə tutur. Bu gün bu yolu tutan ölkələr məhz bunu nəzərə almalıdırlar. Təəccüblüdür ki, bu qədər yolu gələn, Avropa İttifaqına üzvlük üçün namizəd statusu alan Gürcüstan indi bu məqamda dalana dirənib və yolun elə bir mərhələsindədir ki, seçim etmək məcburiyyətindədir. Bu qanunu dünya tarixində ilk dəfə qəbul edən ABŞ-nin dövlət katibi Blinken elə bu günlərdə Gürcüstanı açıq-aşkar təhdid edib ki qanun qəbul olunsa, Gürcüstanla münasibətlərə yenidən baxılacaq, viza məhdudiyyəti isə artıq qüvvədədir. Göründüyü kimi, Qərb özünə məxsus hər şeyi hətta ikili standartları da Gürcüstana sırımaq niyyətindədir. Əlbəttə, ABŞ da, Fransa da bu qanunu qəbul edə bilər, ancaq məsələ Şərqi Avropa ölkəsi olan Gürcüstandırsa, o zaman bütün hər şeyi, eyni zamanda Qərbin ikili standartlarını da qəbul etmək lazımdır.

Bəli, Gürcüstan "Şaqren dərisi"ni tapmışdı, ancaq indi onun bütün gücü, enerjisi tükənmək üzrədir, indi Gürcüstan tarixi seçim qarşısındadır və bəlkə də bu yola çıxarkən vəziyyəti düzgün proqnozlaşdıra bilsəydi, indi nəticə də fərqli olardı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.