Siyasət

9-cu sinif şagirdini ata-anasının gözləri qarşısında tonqalın içinə atdılar - Erməni vəhşilikləri - FOTO

25 Yanvar 2023 10:22
Baxış: 2 849

1988-ci ilin noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatlarının iştirakı olmadan növbədənkənar sessiyası çağırılmışdı. Ermənistanda rayon rəhbərlərinə bir həftə vaxt qoyulmuşdu və bir həftə ərzində, yəni noyabrın 28- dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası başa çatdırılmalı idi.

Ermənistan KP MK, Ali Sovet və Nazirlər Sovetinin orqanı olan "Коммунист" (rusca) qəzeti 13 dekabr 1988-ci il tarixli sayında dərc edilən "Fəlakət anı, məsuliyyət anı" məqaləsində həmin günlərdə törədilən qırğınlardan bəhs edərək yazırdı:

"Noyabrın 26-da 500 nəfər erməni Kirovakan (indiki Vanadzor) sakini Şaumyan (əvvəlki adı Vartanlı olmuşdur) kəndinə doğru hərəkət etdi. Əvvəlcə Vartanlı kəndində, sonra isə Kuybışev kəndində qırğınlar törədildi".

XX əsrin əvvəllərində tamamilə azərbaycanlılar yaşayan Vartanlı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Ermənilər noyabrın 25-dən 26-na keçən gecə kəndə silahlı hücum etdilər. Həmin gün güclü qar yağırdı, boran idi. Azərbaycanlılar əsasən kəndi tərk edib ətraf meşələrə çəkilməyə məcbur olmuşdular.

Vartanlıda yaşayan ermənilər azğınlaşmış dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan verirdilər. Azğınlaşmış dəstəyə isə Vartanlı kənd sovetinin sədri J.Arakelyan bələdçilik edirdi.

Hazırda Vanadzor şəhərində yaşayan jurnalist Mane Papyanın 29 aprel 2015-ci il tarixində www.epress.am saytında "События в Гугарке. Как громили азербайджанцев в Армении" başlıqlı yazısı yerləşdirilib. Mane Papyan faciəli hadisələrin baş verdiyi Vartanlı kəndinə gedərək hadisənin canlı şahidləri ilə söhbət edib.

Həmin məqalədə Vartanlı qırğınlarının baş verdiyi zaman Kirovakan şəhər prokuroru olmuş Qriqori Şahverdyanın jurnalistə verdiyi məlumatlardan aydın olur ki, Sumqayıt hadisələri ərəfəsində Ermənistanda milli münasibətlər gərginliyin pik həddinə çatıbmış. Şahverdyanın dediyinə görə, 1988-ci ilin mart-noyabr aylarında Quqark rayonunda 634 azərbaycanlının işdən qovulması barədə onun əlində rəsmi sənəd olub.

"Qarabağ" komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib ki, gecə vaxtı Quqark rayonunun Arçut kəndindən azərbaycanlıları aparan avtobuslara ermənilər yolda hücum etmişdilər.

Mane Papyan yazır: "Rəsmi məlumata əsasən, o zaman Vartanlı kəndində 11 azərbaycanlı öldürülüb. Bu hadisə təkcə Ermənistanda deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurdu. Təqsirkarları aşkar etmək üçün Moskvadan 100 nəfərdən artıq istintaq qrupu gəlmişdi. Nəticədə, Quqark Rayon Partiya Komitəsinin bürosunda birinci katib Lavrenti Bağdasaryan, İcraiyyə Komitəsinin sədri Samvel Qazaryan və Şaumyan milisinin bütün əməkdaşları işdən azad edildilər"

Vartanlı kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan müxbirə 9-cu sinifdə oxuyan Alim İsgəndərovun ermənilər tərəfindən qayadan atılaraq öldürüldüyünü söyləyib.

Əslində isə Alim İsgəndərovun ölümü daha dəhşətli olur.

Tarixçi-alim Nazim Mustafa qeyd edir ki, Kirovakan erməniləri Edik Martirosyanın başçılığı altında noyabrın 26-dan 27-nə keçən gecə kəndə silahlı hücum edirlər. Həmin gün güclü qar yağır, boran əsirmiş. Azərbaycanlıların əksəriyyəti erməni silahlılarından ibarət maşın karvanının kəndə daxil olduğunu görüb, evlərini tərk edib, ətrafdakı meşələrə tərəf çəkilməyə məcbur olmuşdular.

"Erməni quldurları əvvəlcə kənddə rastlarına çıxan Mehralı İsgəndərovu ağaca bağlayır, onun gözləri qarşısında arvadı Xanım İsgəndərovanın boynuna kəndir keçirib hər cür təhqir edərək, kəndin içində gəzdirdilər. Onların 9-cu sinifdə oxuyan oğlu Alim hadisədən xəbər tutaraq ata-anasını xilas etmək üçün ov tüfəngini götürüb dağdan ermənilərə atəş açmağa məcbur olur. Ermənilər güllələri dolu kimi Alimin üzərinə yağdırır. Yaralı Alimi ata-anasının gözləri qarşısında yanan tonqalın içinə atırlar. Bu dəhşətli mənzərəni görməmək üçün anası Xanım özünü Pəmbək çayına atır ki, boğulsun. Ermənilər onu çaydan çıxarıb işgəncə ilə öldürürlər. Vəhşicəsinə döyülüb hər cür təhqirlərə məruz qalan Mehralı İsgəndərov oradaca gözlərini əbədi yumur".

Vartanlı kəndinin sakini olan Samvel adında bir qatil kəndi tərk edərək dağlara çəkilən azərbaycanlıları necə güllələdiyini, onları sıldırımlı qayalardan necə tulladığını müxbirə fəxrlə danışıb. Moskvadan gəlmiş istintaq qrupu Samveli həbs etsə də, sonradan azad edib.


Mane Papyana verdiyi müsahibəsi zamanı Samvel vaxtilə azərbaycanlıları qətlə yetirdiyi silahların fonunda şəkil çəkdirib.

Vartanlı sakini Stepan Ayvazyan isə kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürüldüklərini və sonra isə yandırıldıqlarını etiraf edib:

"Vanadzordan gələn qruplar Edik Martirosyanın rəhbərliyi altında Şaumyana gəldilər. Meyitləri yandırırdılar ki, onları tanıyan olmasın".

Direktor müavini Rima Sarqsyan xatırlayır ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırdılar. Rima Sarqsyan azərbaycanlının yandırıldığı yeri müxbirə göstərib. Vartanlıda azərbaycanlılara qarşı soyqırım törədilməsindən dərhal sonra ermənilər onların evlərini zəbt etmiş, daha sonra isə kəndin qəbiristanlığını vandalcasına dağıtmışdılar.

Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülüb və yandırılıb. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə, gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar. Onlarca vartanlılı dağlarda itkin düşmüşdü. Toqquşma zamanı aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarca vartanlılı vəfat etmiş, bir çoxları ömürlük şikəst olmuşdular.

Mənbə:
"Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix" kitabı
Unudulmuş soyqırımlar silsiləsindən... - Quqarkdakı erməni dəhşətləri (məqalə)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics