Siyasət

“Ermənistan başa düşməlidir ki, yaratdığı əngəllər dünya birliyi tərəfindən qəbul olunmur"

23 May 2022 12:21
Baxış: 612

Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Ş.Mişelin mətbuata səsləndirdiyi bəyanat Azərbaycanın növbəti uğurudur. Bu bəyanat Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bəyanatda regionda sülhün təmin edilməsi ilə bağlı mühüm məqamlar öz əksini tapıb.

"Şarl Mişel bəyanatda qeyd edib ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Əlbəttə ki, bu ölkəmiz üçün olduqca vacib məqamdır. Azərbaycan Vətən müharibəsindən sonra sərhədlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində müəyyən edilməsi ilə bağlı qəti mövqeyini bildirirdi. Ş.Mişelin bəyanatı Azərbaycanın mövqeyinin qəbul edildiyini bir daha təsdiq edir", - deyə deputat bildirib.

Onun sözlərinə görə, bəyanatda digər vacib məqam Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılması ilə bağlıdır. "Azərbaycan bu məsələ üzərində təkidlə dayanırdı. Ermənistan müəyyən müddət dəhlizin açılmasını yubatmağa çalışsa da artıq mövqeyinin doğru yolda olmadığını anlayaraq Azərbaycanın mövqeyini qəbul edir", - deyə A.Həsənova əlavə edib.

Deputat vurğulayıb ki, digər vacib məqam isə sülh sazişi ilə bağlıdır. "Bəyanatda qeyd edilir ki, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Hesab edirəm ki, bu bənd Azərbaycanın mğövqeyini daha da gücləndirir. Məlumdur ki, Azərbaycan sülh sazişi üçün özünün əsas prinsiplərini bəyan edib. Bu bəyanat onu göstərir ki, Azərbaycanı bu istiqamətdə də mövqeyi qəbul edilir", - deyə A.Həsənova qeyd edib.

A.Həsənova vurğulayıb ki, bu bəyanat Ermənistanın bundan sonrakı mərhələdə təxribatlara əl atmaq və indiyə qədər imzalanmış sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq imkanlarından məhrum edir:

"Ermənistan artıq başa düşməlidir ki, onun təxribatçı mövqeyi, regionda dayanıqlı sülhün əldə olunması yolunda yaratdığı əngəllər dünya birliyi tərəfindən qəbul olunmur. Ermənistanın baş naziri Nikol Paşinyan indiyə qədər müxtəlif bəhanələrlə 10 noyabr bəyanatını yerinə yetirməkdən yayınsa da artıq onun qarşısında belə bir imkan qalmır. Ermənistan anlamalıdır ki, əldə olunmuş razılıqlardan yayınmaq ölkə üçün yaxşı heç nə vəd etmir", - deyə deputat qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.