"Ermənistanın bu yanaşması savaşı qaçılmaz edir" - Vəziyyət getdikcə gərginləşir

13 Sentyabr 2018 07:00

Paşinyan "qırmızı xətti" keçdi - Ona "aprel dərsi" verməyin vaxtı gəlib çatıb

 "Beynəlxalq birlik hərəkətə keçməli və Ermənistan rəhbərliyini ağıllandırmalıdır!".

"Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edilməlidir ki, onun tutduğu mövqe qətiyyən Ermənistanın öz öhdəsinə götürdüyü beynəlxalq öhdəliyə uyğun gəlmir.

Prezident İlham Əliyevin ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşdə vurğuladığı kimi, ilk növbədə ATƏT-in sədri, eləcə də, vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın yeni rəhbərliyinə xəbərdarlıq etməlidirlər ki, onlar üzərlərinə düşən beynəlxalq öhdəliyə əməl etsinlər.

Eyni zamanda, cənab prezident qeyd etdi ki, sonra bununla bağlı atılacaq hər hansı bir addımın məsuliyyəti Ermənistanın və onun rəhbərliyinin üzərinə düşəcək".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, əməkdar jurnalist Sahib Alıyev bildirib.

Məqsədlərinə çata bilməyən Paşinyandan "ört-basdır" taktikası - Özü qorxur, amma qorxudur

Onun fikrincə, Ermənistan rəhbərliyinin mövqeyi qəbuledilməzdir və bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə tam ziddir: "Azərbaycanın atılacağı addımların hansılar olacağını hamı bilir. Çünki Azərbaycan oturub illər boyu gözləyəsi deyil ki, hər dəfə yeni bir "paşinyan" çıxsın meydana, ya danışıqlar xatirinə danışıq aparmaqla, ya da bu cür ziddiyyətli, eyni zamanda aqressiv bəyanatlar verməklə prosesin həllini uzatsın. Aydın məsələdir ki, bu ya onun bir siyasətçi kimi təcrübəsizliyindən, səbatsızlığından və populistliyindən, ya da bütövlükdə Ermənitan hakimiyyətinin Dağlıq Qarabağ məsələsində tutduğu mövqedən qaynaqlanır. Fərqi yoxdur. Paşinyanın sərgilədiyi bu yanaşma istər-istəməz savaşı qaçılmaz edir."

Millət vəkili Azərbaycana məsləhət verənlərə xitabən ritorik görünsə də, bəzi məntiqli suallar da səsləndirib: "Bizə problemin sülh yolu ilə həllini tapmalı olduğunu məsləhət görənlər reallığı da nəzərə almalıdırlar. Problem necə sülh yolu ilə həllini tapa bilər ki, işğalçı dövlətin yeni rəhbərliyi açıq şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən və formatın dəyişdirilməsindən danışır?! Axı bu Minsk prosesi çərçivəsində müəyyənləşdirilmiş və hər iki tərəfin razılığı ilə meydana gəlmiş bir formatdır. Belə olan halda problemin sülh yolu ilə həllindən hansı söhbət gedə bilər?! Və Azərbaycan nə qədər gözləməlidir?! Azərbaycana bu məsləhəti verənlər özləri bu qədər gözləyə bilərdilərmi?"

Ermənistanın Rusiyadan uzaqlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək - Sabiq nazir

Azərbaycanlı parlamentari hesab edir ki, beynəlxalq birlik tezliklə Ermənistanın yeni rəhbərliyini ağıllandırmalıdır. Əks təqdirdə nəticələr çox ağır olacaq: "Mənə belə gəlir ki, cənab prezidentin ATƏT-in Baş katibi ilə söhbətində dedikləri təcrübəli, savaş baş verə biləcəyi halda proseslərin nə ilə nəticələnəcəyini dərk edən, onun məsuliyyətini daşıyan bir dövlət xadiminin fikirləri idi. Çox təəssüf ki, qarşı tərəfdə isə biz populist, məsuliyyətsiz, eyni zamanda davakar bir şəxsi görürük. Adamın ona ölkə rəhbəri deməyə də dili gəlmir, çünki o, dövlət adamı kimi danışmır. Nə xarici auditoriyaya münasibətində, nə də daxildə erməni auditoriyası qarşısında bu cür çıxışı, davranışı görürük. Biz belə bir reallıqla üzləşmişik. Ona görə də doğrudan da beynəlxalq birlik artıq hərəkətə keçməli və Ermənistanın yeni rəhbərliyini ağıla gətirməlidir.

Fikrimcə, doğrudan da bu məsələdə az-çox obyektiv mövqe tutmaq bir yana, regionda yeni gərginlik ocağının yaranmasını istəmirsə, Minsk qrupunun başqa bir həmsədri - Fransa prezidenti Emmanuel Makron Ermənistan rəhbərliyi ilə görüşdə bunu onlara çatdırmalıdır. Paşinyan başa salınmalıdır ki, həmsədr dövlətlərin özünün də son bəyanatlarında bildirildiyi kimi, tezliklə substantiv danışıqlara başlamaq lazımdır. Belə davakar bəyanatlar isə yolverilməzdir!"

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son olaraq sentyabrın 7-də Rusiyaya səfəri zamanı ""Dağlıq Qarabağ respublikası" gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır" və "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi bəyanatlar verib, Moskvaya yola düşməzdən əvvəl isə Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu və bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.

Prezident İlham Əliyev: "Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır" - FOTO

Sentyabrın 12-də Bakıda ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

ATƏT-in Baş katibi Tomas Qreminger isə jurnalistlərə açıqlamasında deyib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".

İlkin İzzət
Milli.Az