İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi Xameneinin ölümündən sonra İran xalqına və hərbçilərinə müraciət edərək, İslam Respublikasını tamamilə devirməyə çağırıb.
Milli.Az xəbər verir ki, Pəhləvi Xameneini qədim İran əfsanələrindəki qan içən "Zəhhaq" obrazı ilə müqayisə edərək, onun tarixin səhifələrindən silindiyini bildirib.
O, iranlıları "küçələrdə geniş və qətiyyətli iştiraka" hazırlaşmağa çağırıb. Təhlükəsizlik baxımından küçəyə çıxa bilməyənlərdən isə gecələr evlərinin pəncərələrindən etiraz şüarları ucaltmalarını istəyib.
Şahzadə İran ordusuna, polisinə və təhlükəsizlik qüvvələrinə səslənərək, silahlarını "cinayət respublikasını" qorumaq üçün deyil, "böyük İran millətini" müdafiə etmək üçün istifadə etməyə səsləyib. O, bunu rejim rəsmiləri üçün "təslim olmaq" və millətə qoşulmaq üçün son şans adlandırıb.
Pəhləvi vurğulayıb ki, rejimin hər hansı bir xələf (varis) təyin etmək cəhdi uğursuzluğa məhkumdur və xalq tərəfindən qəbul edilməyəcək.
Tehrandakı Ekbatan kimi müxalif məhəllələrdə insanlar pəncərələrdən qışqıraraq və rəqs edərək xəbəri bayram edirlər. Eyni zamanda, mərkəzi meydanlarda rejimin tərəfdarları yas tutur və "sərt qisas" tələb edirlər.
İran Konstitusiyasına görə, Ali Rəhbərin ölümündən sonra ölkəni keçid dövründə prezident və bir neçə rəsmi idarə etməlidir. Lakin Pəhləvi bu sistemin artıq legitimliyini itirdiyini bildirir.
Lalə Qüdrətova
Milli.Az





