Maraqlı

Sufi təriqətləri

19 İyun 2021 23:40
Baxış: 909

Oxucu marağını nəzərə alaraq, İslam dünyasında keçmiş zamanlarda böyük nüfuz sahibi olmuş, bu gün də müəyyən ölkələrdə və dairələrdə öz nüfuzunu qoruyub-saxlayan məşhur sufi təriqətləri barədə silsilə şəklində qısa məlumatlar verməyi qərara aldıq.

Təriqətlərin əqidəvi əsaslarını, fərqləndirici xüsusiyyətlərini, əsas ayinlərini açıqlamaq, müasir dünyada bu və ya digər təriqətin yayılma arealını açıqlamaq məqsədi daşıyan bu yazılarda ən mühüm və yığcam məlumatlar təqdim ediləcək. Silsilə yazılarda müsəlman ölkələrinin, o cümlədən, Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında böyük rol oyamış mövləviyyə, nəşqbəndiyyə, sührəverdiyyə, səfəviyyə, xəlvətiyyə, qadiriyyə, çiştiyyə, nemətullahiyyə, şaziliyyə, rifaiyyə, ticaniyyə, yəsəviyyə, sənusiyyə, hürufiyyə, kübrəviyyə kimi sufi təriqətləri barədə ilkin informasiyanı əldə edəcəksiniz. Silsiləni mövləviyyə təriqəti barədə məqalə ilə açırıq.

Mövləviyyə
Məşhur sufi təriqətlərindən biridir. Banisi Mövlana (ağamız, rəhbərimiz) ləqəbli şair və sufi Cəlaləddin Rumidir (1207-1273). Mövlana əvvəllər kübrəviyyə təriqətinə mənsub idi, daha sonralar Şəms Təbrizi ilə tanışlığından ilhamlanaraq mövləviyyə məktəbinin əsaslarını işləyib-hazırladı.

Mövləviyyə təriqətində ilahi eşq ideyası əsas yerdə durur. Allaha yaxınlaşmağın yolu bütün dünya qayğılarından xilas olub, vəcd (trans) halına düşməkdədir. Buna nail olmaq üçün mövləvi dərvişləri sima adlı ayindən istifadə edirlər. Sima - ney və daha bir neçə köməkçi alətin müşayiəti altında dərvişlərin dəqiq trayektoriya üzrə fırlanaraq hərəkət etmələrinə deyilir. Bu hərəkət zamanı dərvişlər sanki kosmosun səsini eşitdiklərini təsəvvür edirlər ("sima" sözünün ərəb dilindən tərcüməsi "eşitmə" deməkdir).

Simadan əvvəl ayin rəhbərinin ifasında Həzrət Mühəmməd Peyğəmbəri (s) mədh edən şeir parçaları ifa edilir, neyin ifası dinlənilir, sonra enli ətəkli ağ paltar geyinmiş, çiyinlərinə qara örtük salmış, başlarına dəridən ağ uzun papaq qoymuş dərvişlər bir-bir yaxınlaşıb mürşidin əlini öpür, simaya başlayırlar. Hər bir dərviş o birinə toxunmadan, həm öz oxunun, həm də mürşidin ətrafında dövrə cızır. Bu zaman dərvişin sağ əli yuxarıya, sol əli isə aşağıya doğru tutulur. Bununla onlar sanki ilahi enerjini səmadan alıb yerə ötürmüş olurlar.

Fırlanmanı asanlaşdırmaq üçün dərviş başını çox zaman yana əyir.Getdikcə simanın ritmi tezləşir, dərvişlər çiyinlərindəki qara örtüyü yerə atır, Allahın hüzurunda ağ kəfənə bürünmüş kimi durduqlarını təsəvvür edərək rəqsi davam etdirirlər. Sima halında fasiləsiz olaraq fırlanan dərviş trans halına düşür, ətrafdakı hər şeyin bir-birinə qarışdığını, əriyərək yox olduğunu, yalnız özünün qaldığını hiss edir. Mövləvilikdən əvvəlki sufilərin təcrübəsində də simaya rast gəlinirdi; amma sima öz dəqiq, əsaslandırılmış, kompleks həllini məhz mövləviyyə təriqətində tapmışdır.
Mövləviyyə təriqətinin daha bir ayini çillədən ibarətdir. Çillə - dərvişin hamıdan ayrılalaraq tənhalığa çəkilməsi və 1001 gün ibadətlə, Allah barədə təfəkkürlə məşğul olması mənasını verir. Çilləni uğurla bitirmiş dərvişlərə "dədə" adı verilir. Mövləvi təriqətinin şeyxlərini isə "çələbi" adlandırırlar. Təriqət başçılığı Mövlana nəslinin üzvləri arasında irsi qaydada ötürülür.

Mövləviyyə təriqəti əsasən, Türkiyə ərazisində daha geniş yayılmış, bununla belə, Suriya, Misir, Krım və Balkan ölkələrində kifayət qədər intişar tapmışdı.
Hətta Osmanlı sultanı III Səlimin (1789-1807) təriqət üzvü olduğunu yazırlar. Mövləviyyə təriqətinin təkyələri həmişə başqa təriqət ocaqlarına nisbətən daha geniş olmuşdur. Bu da sima rəqsləri üçün onlara iri sahəli binaların lazım olduğu ilə izah edilir. Mövləviyyə təriqətinin mərkəzi Türkiyənin Konya şəhərindəki Mövlana dərgahıdır (Mövlana Cəlaləddin Ruminin məzarı üzərində tikilmiş iri kompleksdir). Təriqət üzvləri tərəfindən ən çox oxunan kitabların başında Mövlananın "Məsnəviye-mənəvi" əsəri gəlir.

1925-ci ildə Türkiyə Cümhuriyyəti ərazisində bütün sufi təkyələrinin fəaliyyəti qadağan edildikdən və Konyadakı Mövlana dərgahı muzeyə çevrildikdən sonra təriqətin inkişafı xeyli zəiflədi. Hal-hazırda Mövlana dərgahında xaricdən gələn turistlər üçün tamaşa şəklində sima rəqsi ifa edilir. Mövləviyyə təriqətinin qeyri-müsəlman ölkələrində də çoxlu ardıcılı vardır. Avropa ölkələrində mövləviyyə təriqətinin əsaslarını təlim və təbliğ edən, sima rəqsini öyrədən ayrı-ayrı dərnəklər mövcuddur.

Mövləviyyə ən az parçalanmaya məruz qalmış təriqətdir. Hal-hazırda təriqət daxilində iki qol mövcuddur. Mövlananın oğlu Vələdin və Şəms Təbrizinin adları ilə adlandırılan bu qolların arasındakı fərq cüzi dərəcədədir.

Nemətullahiyyə
Məşhur sufi təriqətlərindən biri. Banisi Şah Nemətullah Vəlidir (1330-1431). Nemətullahiyyə təriqəti əvvəlcə şəriətdə sünnilik qoluna əsaslanmış, sonra zaman keçdikcə təriqət şiəliyə meyllənmişdir. (Bəzi müəlliflər Şah Nemətullah Vəlinin şafii, bəziləri isə şiə məzhəbində olduğunu yazmışlar). İlk dövrlərdə nemətullahi müridləri mənsub olduqları təriqəti nişan verən xüsusi geyim geyinmirdilər. Lakin sonralar keçədən paltar geyinir, başlarına 5 və ya 12 zolaqlı hündür papaq qoyurdular. Nemətullahiyyə təriqətinə görə tərki-dünyalıq gündəlik həyat sahəsində deyil, dərvişin qəlbində olmalıdır. Bu təriqətdə camaata möhtac olmaq, ianə hesabına yaşamaq məzəmmət olunur. Nemətullahiyyə təriqətinin zikr məclislərində sima rəqsi və musiqi ifa olunmurdu. Nemətullahilərə görə, həqiqətə çatmağın yolları bunlardır: zikr, fikr (təfəkkür), mühasibə (öz vicdanı qarşısında hesabat vermək), müraqibə (həmişə Allahın nəzarəti altında olduğunu hiss etmək) və vird.

Nemətullahiyyə təriqətinin rəmzi kəşkül və təsbehlə birləşmiş iki çarpaz təbərzindən (baltadan) ibarətdir. Kəşkül məşhur sufi atributlarından biridir. Adətən, sərt qabıqlı meyvələrin (məsələn, hindqozu) qabığından yumurtavari formada hazırlanmış içiboş qabdan ibarət olurdu. Keçmişdə sufi təriqətlərinin dərvişləri özləri ilə mütləq kəşkül gəzdirərdilər. Kəşkül bəzən taxtadan, bəzən isə dəmirdən hazırlanırdı. Kəşkül dərviş üçün hər şey demək idi; onun içində yemək yeyir, su içirdi, camaatdan aldığı ianələri də kəşkülün içində gəzdirirdi. Sufi ədəbiyyatında kəşkül kasıblığın və qənaətin rəmzi sayılırdı; çünki sufinin kəşküldən savayı heç bir əmlakı yox idi.
Təbərzinlərin yuxarısındakı sahədə "hu" kəlməsi yerləşdirilib. Təbərzinlər nəfsin öldürülməsini, kəşkül - fəqr halını, təsbeh - zikrə və duaya bağlılığı, "hu" kəlməsi isə Allahı ifadə edir.

Nemətullahiyyə təriqətində mürşid müridlərin həm dini, həm də dünyəvi rəhbəri sayılır.
Ona görə də bu təriqətin şeyxlərinin adına "şah" kəlməsini qoşurdular. Bir qayda olaraq, nemətullahiyyə şexlərinin adı "Əli Şah" kəlməsi ilə bitirdi (məsələn: Məstəli Şah, Məczubəli Şah, Məsuməli Şah, Nurəli Şah və b.). Şah Nemətullah Vəlidən sonra təriqətə onun oğlu, daha sonra isə nəvəsi başçılıq etmişdir.

Nemətullahiyyə uzun müddət əsasən İran ərazisində yayılmışdı. Səfəvilər zamanında siyasi səbəblər üzündən hökumət tərəfindən təqib olunduğu üçün təriqətin mərkəzi bir müddət Hindistana köçdü. XVIII əsrin sonlarında Məsuməli Şah Dəkkani İrana qayıdaraq, nemətullahiyyə təriqətinə yeni həyat bəxş etdi.

Nemətullahiyyə təriqətinə 1953-2008-ci illər arasında doktor Cavad Nurbəxş (II Nurəli Şah) başçılıq etmişdir. Onun zamanında təriqətin Amerika, Avropa, Afrika və Avstraliyada xanəgahları açıldı. İran xaricində ilk nemətullahi xanəgahı San-Fransiskoda fəaliyyətə başladı (1975). Cavad Nurbəxşin vəfatından (2008) sonra təriqətə onun oğlu Əlirza Nurbəxş (Rzaəli Şah) rəhbərlik edir.

Nemətullahiyyə təriqəti başqa dinlərin və təriqətlərin ardıcıllarına tolerant münasibəti ilə seçilir. Təriqət sufilik mövzusunda beynəlxalq konfranslar keçirir, kitablar buraxır, ingilis, rus, fars və ispan dillərində "Sufi" adlı jurnal nəşr etdirir.

Nemətullahiyyə təriqətinin məşhur üzvləri sırasında görkəmli Azərbaycan səyyahı, "Bustanüs-səyahə" və "Riyazüs-səyahə" kitablarının müəllifi Hacı Zeynal-abidin Şirvani (Məstəli Şah), biblioqraf alim Rzaqulu xan Hidayət (Hidayətəli Şah), rus şərqşünası akademik Y.E.Bertelsin oğlu A.Y.Bertels və başqalarının adlarını çəkmək olar.

Sührəvərdiyyə
Məşhur sufi təriqətlərindən olan sührəvərdiyyənin banisi Cənubi Azərbaycan mənşəli sufi Ziyaüddin Əbun-nəcib Əbdülqahir Sührəvərdidir (1097-1168). Onun qardaşı oğlu Şihabəddin Əbu Həfs Ömər ibn Mühəmməd Sührəvərdi (1145-1234) təriqətin formalaşmasında mühüm rol oynamışdır. Əbun-nəcib Sührəvərdinin "Adabül-müridin", Şihabəddin Sührəvərdinin "Əvarifül-məarif" kitabları təsəvvüf aləmində ən məşhur əsərlərdən sayılır.
Şihabəddin Sührəvərdi öz zamanında böyük nüfuza sahib idi, "şeyxüş-şüyux" (şeyxlərin şeyxi) ləqəbi ilə çağırılırdı. Bağdad şəhərindəki bütün sufi təkyələrinin idarəçiliyi ona həvalə edilmişdi.

Sührəvərdiyyə təriqəti əvvəlcə İraq, Suriya və İran ərazisində, daha sonralar isə Orta Asiya, Hindistan və Anadoluda yayıldı. Məşhur müsəlman ədibləri Sədi Şirazi, Fəxrəddin İraqi və Əbdürrəzzaq Kaşani sührəvərdiyyə təriqətinə mənsub idilər.

Hal-hazırda sührəvərdiyyə təriqəti Hindistan və Pakistan ərazilərində daha çox intişar tapmışdır. Təriqət barədə əsas ədəbiyyat da urdu və pəncab dillərindədir. Sührəvərdiyyə təriqətində açıq (cəli) və gizli (xəfi) zikrlərə xüsusi önəm verilir. Zikrlərin əvvəlincisi "La ilahə illəllah", ikincisi "Muhəmmədun rəsulüllah" cümləsidir. Zikrlərin sultanı "hu" kəlməsi sayılır. Hər zikrin öz deyilmə vaxtı və şəraiti var. Hətta hər zikrin müəyyən bir bədən üzvündən süzüldüyünə inanırlar.

Sührəvərdiyyə təriqətində yuxunun da özünəməxsus yeri var. Yuxuda insana bəzi irfani mətləblərin (mükaşifə) verildiyini iddia edirlər. Təriqətə daxil olmaq istəyən şəxs yatmazdan əvvəl dəstəmaz alır, Həzrət Muhəmməd Peyğəmbərə (s) və nəslinə min dəfə salavat söyləyir, 22 dəfə "ya Vədud" (əsmaül-hüsnadandır) zikrini deyib yatır. Yuxuda nə gördüsə, səhər onu şeyxə danışır və bundan sonra şeyxin icazəsi ilə təriqətin üzvü sayılır.
Sührəvərdiyyə təriqətində mistik inanclar böyük yerə malikdir. Məsələn, təriqət şeyxlərinin öldükdən sonra həmin bədənlə başqa bir ölkədə yenidən yaşaya bildiyinə inanırlar. Xəfi (gizli) zikri söyləyərkən bədəndəki 10 dəliyi psixoloji təmrin vasitəsilə bağlamağa çalışırlar ki, həmin dəliklərdən nəfəs kənara çıxmasın və zikr pozulmasın.

Yəsəviyyə
Bu təriqətin əsası Şeyx Əhməd Yəsəvi (vəf. 1166-cı il) tərəfindən qoyulmuşdur. Əsasən, Orta Asiyanın türkdilli xalqları arasında daha geniş yayılmışdı. Orta əsrlərdə Anadolu, Balkan yarımadası və Qafqaz bölgələrində mühüm təsir gücünə malik təriqətlərdən biri idi. Yəsəviyyə təriqəti türkdilli xalqların şüurunda İslam təfəkkürünün möhkəmlənməsinə böyük yardım göstərmişdir.

Bu təriqətdə cəhri zikr, yəni uca səslə zikr söyləmək ayini əsas yer tuturdu. Yəsəvilərin zikri adətən "Həyyü hu" sözlərindən ibarət olurdu. Yəsəviyyə təriqətinin müridləri nəfsin istəklərinə qalib gəlmək üçün riyazət (fiziki məhrumiyyətlərə dözmək) üsullarından istifadə edirdilər. Camaatdan uzaqlaşıb xəlvətə çəkilmək, susmaq bu təriqətin ardıcıllarının xarakterik xüsusiyyətlərindən sayılırdı.

Yəsəviyyə təriqətinə görə şəriət, təriqət, həqiqət və mərifət adlı dörd mərhələnin hər biri 10 məqama bölünürdü. Əsl sufi bu məqamların hamısından keçməli idi. Müridliyə qəbul olmaq istəyənləri ciddi-cəhdlə seçirdilər; müridin zəkalı, doğrucul, azdanışan və öz şeyxinə itaətkar olması əsas şərt sayılırdı.

Yəsəviyyə təriqəti nəqşbəndiyyə və bəktaşiyyə kimi böyük sufi təriqətlərinin yaranması üçün zəmin rolunu oynamışdır. Bu gün də Orta Asiyanın türkdilli xalqlarının dini həyatında və məişətində onun təsiri duyulmaqdadır.
Yəsəviyyə tarixdə ilk türk sufi təriqəti sayılır.

Qadiriyyə
Məşhur sufi təriqətlərindən biridir. Banisi Əbdülqadir Gilanidir (1077-1166).
Qadiriyyə ən qədim sufi təriqətlərindən sayılır. Bağdadda yaranmış, bundan sonra müridlər vasitəsilə İndoneziyadan Avropaya, Sibirdən Mərkəzi Afrikaya kimi dünyanın müxtəlif ölkələrində yayılmışdır.

Qadiriyyə təriqətinin əsasında dinin göstərişlərinə ciddi riayət etmək tələbi durur. Qadirilər Allahın halal-haramına riayət etmək istiqamətində tam ciddilik nümayiş etdirir, dünya ləzzətlərindən uzaq qaçır, bununla belə, bəzi dərvişlərdən fərqli olaraq, miskin və möhtac halda yaşamağı bəyənmirdilər. Qadiriyyə təriqəti ucadan zikr söyləyən (cəhri) təriqətlərdəndir.

Onların zikr məclisləri 3 növ olur: dairəvi şəkildə oturmaqla yerinə yetirilən qüudi zikr, ayaq üstə durmaqla yerinə yetirilən qiyami zikr, qrup halında ahəstə dairəvi hərəkət etməklə icra olunan dəvərani zikr. Zikr məclislərində bir qayda olaraq, "Allah", "hu", "həyy", "ya Lətif" kəlmələri, "la ilahə illəllah", "bismillah" cümlələri, Fatihə, İxlas və Nəsr surələri təkrar edilir, Peyğəmbərin (s) ruhuna salam və salavat deyilir. Qadiriyyə təriqətində 40 günlük oruc tətbiq edilir.

Təriqətdə şeyx kultu çox güclüdür. Əbdülqadir Gilani "ğavsül-əzəm" (böyük yardım) adlandırılır.
Təriqətin əsas iqamətgahı Əbdülqadir Gilaninin Bağdaddakı məzarı üzərində tikilmiş təkyədir. Qadiriyyə təriqəti artıq XV əsrdən müxtəlif qollara bölünməyə başladı. Hal-hazırda bu təriqətin qalibiyyə, ərusiyyə, budşişiyyə, əşrəfiyyə, rumiyyə, əsədiyyə, mühəmmədiyyə kimi qolları mövcuddur. Bu qolların bir çoxu qadiriyyə ilə başqa təriqətlərin sintezindən yaranmışdır. Qadiriyyə və rifaiyyə təriqətlərinin birləşməsindən yaranmış qalibiyyə təriqəti Türkiyədə böyük nüfuza malikdir. Qalibiyyənin banisi Şeyx Qalib Həsən Quşçuoğludur.

XV əsrdə qadiriyyə təriqətini Anadolu torpaqlarına gətirmiş Əşrəfoğlu Rumi (məşhur sufi Hacı Bayram vəlinin kürəkəni) təriqətin ikinci şeyxi (piri-sani) adlandırılır. XVII əsrin əvvəllərində İsmail Rumi (bəzən piri-sani ləqəbini ona aid edirlər) İstanbulun Topxana məhəlləsində qadiriyyə təkyəsi açmaqla, Türkiyənin dini-ictimai həyatında bu təriqətin rolunu gücləndirdi. Osmanlı sultanı II Əbdülhəmidin də qadiriyyə təriqətinə üzv olduğunu yazırlar.
Qadiriyyə müridləri təriqətə daxil olduqdan bir il sonra başlarına 18 zolaqlı yaşıl papaq qoymaq hüququ qazanırlar. Təriqətin simvolu yaşıl rəngli qızılgüldür. Qızılgülün yarpaqları 5, 6 və 7 olmaqla üç cərgədə düzülüb. 5 rəqəmi İslamın əsaslarının, 6 rəqəmi imanın şərtlərinin, 7 rəqəmi isə qadiriyyə zikrlərinin sayına işarədir.

Rifaiyyə
Banisi İmam Hüseynin (ə) nəslindən olduğu iddia edilən şafii məzhəbli Seyid Əhməd Rifaidir (1118-1182).

Rifaiyyə təriqətinin əsasında nəfslə mübarizə ideyası durur. Bunun üçün 40 günlük çillə, müxtəlif riyazət üsulları, musiqi alətlərinin çalğısı ilə müşayiət olunan zikr məclisləri nəzərdə tutulur. Rifai müridlərinin simvolu qara rəng idi, onlar başlarına qara çalma bağlayırdılar. Mühərrəm ayında 7 gün camaatdan ayrılıb xəlvətə çəkilir, oruc tutur, səhur və iftar yeməklərini mürşidin tapşırığına uyğun olaraq seçirdilər (bu xəlvət növünə "mühərrəmiyyə" deyilirdi).

Rifailər zikr vasitəsilə elə bir vəcd (ekstaz) halına çatırdılar ki, yanan tonqalın içində gəzir və bu zaman qətiyyən ağrı hiss etmirdilər. Rifai dərvişləri xalq içində gəzib möcüzəyə bənzər müxtəlif qeyri-adi işlər görürmüşlər (məsələn, alovu udur, şüşə parçalarını yeyir, zəhərli ilanları oynadırmışlar). Bütün bu ənənələr Seyid Əhməd Rifainin vəfatından sonra meydana gəlmişdir.

Orta əsrlərdə Misir, Anadolu və Balkan ölkələrində rifaiyyə təriqəti geniş yayılmışdı. Hal-hazırda Türkiyə ərazisində bu təriqətin qalibi qolu (banisi Şeyx Qalib Həsən Quşçuoğludur) fəaiyyət göstərir.

Kübrəviyyə
Kübrəviyyə məşhur sufi təriqətlərindən biridir.
Banisi Nəcməddin Kübra adı ilə tanınan Əbu Cənab Əhməd ibn Ömərdir (1146-1220). Nəcməddin Kübra Orta Asiya, İran, Ərəbistan, Misir ölkələrini qarış-qarış gəzmiş, axırda vətəni Xarəzmə qayıtmış və monqolların hücumu zamanı şəhəri müdafiə edənlərə qoşularaq şəhid olmuşdur.
Nəcməddin Kübranın keçdiyi təsəvvüf yolu Azərbaycanla bağlıdır. Belə ki, o, Cənubi Azərbaycan əsilli, sührəverdiyyə təriqətinin banisi Şeyx Əbu Nəcib Sührəverdinin şagirdindən, eləcə də, Təbrizdə Baba Fərəc Təbrizi adlı mürşiddən dərs almışdır.

Nəcməddin Kübranın sistemləşdirdiyi kübrəviyyə təriqətinə IX əsrdə yaşamış məşhur sufi Cüneyd Bağdadinin fikirləri mühüm təsir göstərmişdir. Nəcməddin öz şagirdlərini Cüneyd kimi yaşamağa, yəni daim dəstəmaz, oruc, sükut halında olmağa, dünya qayğılarından uzaqlaşmağa və şeyxin rəhbərliyi altından kənara çıxmamağa çağırırdı.
Kübrəviyyə təriqətində əsmaül-hüsnaya (Allahın gözəl adlarına) xüsusi diqqət yetirilir.

Kübrəvilərə görə insan kamilləşdikcə, onda Allahın bütün sifətləri təcəlla edir (yalnız "Rəhman" və "Rəhim" sifətlərindən başqa). Kamil insan kainatın kiçik modelidir. O, maneəsiz olaraq, fəzanın ənginliklərində seyr edə bilər. Kübrəviyyə təliminə görə Allahın bütün sifətləri səmanın müəyyən bir qatında məkan tutmuşdur. Sufi həmin məkanları seyr etdikdə oradakı ilahi sifətləri də dərk edir və mənimsəyir. Əlbəttə, bu dərketmə və mənimsəmə fiziki hissiyyat üzvləri ilə deyil, qəlb vasitəsilə mümkün olur.

Kübrəviyyə təriqətində rənglərin də xüsusi mənası vardır. Sufi ilahi sifətlərin təcəllasına nail olduqca, hər mərhələdə bir rəngi duyur və özünü həmin rəngə boyanmış hiss edir. Rənglərin hər birinin öz izahı var: ağ rəng İslamın, sarı imanın, tünd göy ehsanın, mavi yəqinin, qırmızı irfanın, qara rəng isə Allahın cəlalının rəmzidir. Qara rəngi "görən" şəxs fəna halına çatmışdır. Rənglərin sonuncusu yaşıldır. Yaşıl rəngi "görən" sufi seyrü-süluk yolunun sonuna yaxınlaşdığını bilir.

Bütün sufi təriqətlərində olduğu kimi kübrəviyyədə də mürşid kultu güclüdür.
Seyrü-süluk yolunda sufinin düzgün istiqamətdə irəliləməsi və ilahi təcəllanı şeytani vəsvəsələrdən ayıra bilməsi üçün həmişə kamil bir mürşidin nəzarəti və rəhbərliyi altında olması vacibdir.

Kübrəviyyə təriqətinin silsiləsi Kümeyl ibn Əsəd və Həsən Bəsri vasitəsilə İmam Əli ibn Əbutalibə (ə) və Həzrət Mühəmməd Peyğəmbərə (s) bağlanır.

Seyrü-süluk yolunda irəliləyən sufinin qəlbində aşağıdakı 10 hal yaranır: tövbə, zöhd, təvəkkül, qənaət, üzlət (tənhalıq), zikr, təvəccüh (dünyaya aid olan hər şeydən uzaqlaşıb, qəlb gözünü Allaha yönəltmək), səbir, müraqəbə (hər an Allahın nəzarəti altında olduğunu duymaq) və riza. Göründüyü kimi seyrü-süluk yolunda arifin keçdiyi halların burada verilmiş təsnifatı klassik təsəvvüf mənbələrindən sayılan Əbu Nəsr Sirac Tusinin "əl-Lümə" əsərində verilmiş məqam və hal sistemindən fərqlənir və onların sintezini xatırladır.

Kübrəviyyə təriqəti Nəcməddin Kübranın müridləri vasitəsilə Türkiyə və Hindistan ərazisində də yayılmışdır. Bu təriqətin məşhur nümayəndələri və Nəcməddin Kübranın şagirdləri sırasında Mövlana Cəlaləddin Ruminin atası Bəhaüddin Vələd, məşhur şairlər Fəridəddin Əttar, Əlaüd-dövlə Simnani, məşhur arif Əzizəddin Nəsəfi kimi məşhur şəxsiyyətlərin adlarına rast gəlirik. Xüsusilə, Əlaüd-dövlə Simnani kübrəviyyə təriqətinin inkişafında mühüm rol oynamış, bu təriqətin ideya əsaslarında bəzi islahatlar aparmış, onu vəhdəti-vücud təlimindən ayırmışdır.

Maraqlıdır ki, Şeyx Nəcməddin Kübranın məşhur ləqəblərindən biri də "şeyxi-vəlitəraş", yəni vəli yonan (yaradan, düzəldən) şeyx olmuşdur. Səbəb budur ki, Nəcməddin Kübra mürşidlik etdiyi şəxslərin üzərində güclü təsir qoyaraq, onları vəli məqamına çatdırırdı. Görünür, bu ləqəbdə Nəcməddin Kübranın məhsuldar fəaliyyəti də nəzərdə tutulur. Yəni bu böyük şəxsiyyət vəlilər yetişdirən bir məktəb, vəlilər hazırlayan bir cihaz qədər güclü və məhsuldar idi.

XIV əsrin sonlarından etibarən kübrəviyyə təriqətinin əsas fəaliyyət mərkəzi Hindistan olmuşdur. Lakin sonralar çiştiyyə, sührəvərdiyyə, nəqşbəndiyyə kimi təriqətlərin rəqabətinə dözməyən kübrəviyyə zəifləyib müridlərini itirdi. Hal-hazırda kübrəviyyə təriqətinin izləri Orta Asiya ölkələrində qalmaqdadır.

Ticaniyyə
Əsasən, Afrika ölkələrində geniş yayılmış sufi təriqətlərindən biridir.
XVIII əsrdə seyid olduğunu iddia edən Əbül-Abbas Əhməd ibn Mühəmməd Ticani (1737-1815) tərəfindən yaradılmışdır. Əhməd Ticani Əlcəzair əsilli idi və öz şəcərəsini İmam Həsənə (ə) bağlayırdı (Nəfsüz-zəkiyyə xətti ilə). Ticani yeniyetməlik yaşlarında Qurani-Kərimi hifz etmişdi. O, Şimali Afrikanın süfi mərkəzlərində öz dövrünün böyük təsəvvüf xadimləri ilə görüşmüş, bu görüşlər əsnasında Ticani qadiriyyə, xəlvətiyyə, şaziliyyə, sührəvərdiyyə kimi böyük sufi təriqətləri ilə yaxından tanış olmuşdu.

Təxminən iki il Məkkə və Mədinə şəhərlərində mənəvi təmizlənmə dövrünü yaşamış Ticani bundan sonra əvvəlcə Misrə, daha sonra Mərakeşə səfər edir. Təxminən 35-40 yaşlarında ikən o, yuxuda Həzrət Mühəmməd Peyğəmbəri (s) görür. Guya yuxuda Peyğəmbərdən (s) bəzi təlimlər aldığını iddia edən Ticani yeni təriqətin əsasını qoyur. O, fiqhdə maliki məzhəbinin ardıcılı idi. Ticani 80 ilə yaxın ömür sürmüş və Mərakeşin qədim elm mərkəzı sayılan Fəs şəhərində dəfn olunmuşdur.

Ticaninin vəfatından sonra təriqət əvvəlcə iki əsas qola, bunun ardınca daha bir neçə şöbəyə parçalandı.
Təriqətin üzvləri XIX-XX əsrlərdə Afrika xalqlarının müstəmləkəçilik əleyhinə çıxışlarında fəal iştirak etmişlər. Ticaniyyə təriqəti Mərkəzi və Qərbi Afrika torpaqlarında daha geniş yayılmışdı. Bu təriqətin ardıcılları onilliklər boyunca fransız müstəmləkəçilərin işğalına qarşı mübarizə aparmışlar. Həmin ərazidə yaşayan bir çox xalq və qəbilələr məhz ticaniyyə təriqətinin vasitəsilə İslam dini ilə tanış olmuş və müsəlmanlığı qəbul etmişdilər.
Hal-hazırda bu təriqət Misir, Mərakeş, Sudan, Əlcəzair, Nigeriya, Seneqal, Mavritaniya kimi ölkələrdə kifayət qədər geniş intişar tapmışdır, Qana ölkəsində isə xüsusilə güclüdür. Ticaniyyə müridləri dünyanın müxtəlif ölkələrinə səpələnmişlər. Ticaniyyənin xarakterik xüsusiyyətlərindən biri təriqətdaxili vəhdət və qardaşlıq inancının güclü olmasıdır. Ticanilər bir-birini həqiqi qardaş kimi qəbul edir, hər təriqət üzvünün problemini hamının ümumi dərdi sayırlar.

Ticaniyyə təriqətini bəziləri haqlı olaraq xəlvətiliyin şaxəsi hesab edirlər. Bu təriqətdə müridin xəlvətə çəkilib zikrlə məşğul olması əsas sayılır. Ticani ənənəsinə görə, əvvəla, hər gün səhər və axşam vaxtı 100 dəfə "əstəğfirullah" deyilir, 100 dəfə Həzrət Mühəmməd Peyğəmbərin (s) ruhuna salavat göndərilir və 100 dəfə "la ilahə illəllah" zikri söylənilir. İkincisi, gündə ən azı bir dəfə aşağıdakı zikrləri demək lazımdır: 30 dəfə istiğfar etmək, 50 dəfə salavat söyləmək, 100 dəfə "la ilahə illəllah" demək və 12 dəfə "Cövhərətül-kəmal" adlı duanı oxumaq.

Ticanilər cümə günləri əsr namazından sonra "həzrə" adlı zikr məclisi təşkil edirlər. Onlar həzrə məclisində sanki Peyğəmbərin hüzurunda olduqlarını təsəvvürə gətirirlər. Zikr məclisi üçün nəzərdə tutulmuş ağ rəngli uzun paltar geyinən ticanilər əvvəlcə asta səslə "la ilahə illəllah" zikrini deyirlər. Get-gedə səs və ritm güclənir. Günəş batmağa üz qoyanda məclis üzvləri "Allah" zikrinə keçirlər. Zikr Günəş batana kimi davam edir, sonra camaatla məğrib namazı qılınır. Zikr zamanı ticani müridləri vəcd (trans) halına düşməyə çalışırlar. Bu məclislərdə iştirak edə bilməyən ticani müridi fərdi olaraq 1000 dəfə "la ilahə illəllah" və 500 dəfə "Allah" zikrlərini söyləməlidir.

Ticaniyyənin müxtəlif qollarında zikrlərin növü və sayı fərqlənir.
Milli.Az islam.az-a istinadən bildirir ki, bu təriqətin ardıcılları məğrib namazından sonra ağ parçanın (süfrənin) ətrafına toplaşıb, kollektiv surətdə vird (zikr) söyləyirlər. Rəvayətə görə, məhz bu vird qaydasını Ticani yuxuda Peyğəmbərin (s) özündən öyrənmişdi.

Ticaniyyədə Peyğəmbərə (s), Əhli-beytə (ə) və səhabələrə təvəssül inancı güclüdür. Təriqət daxilində ciddi iyerarxiya mövcuddur, şeyx xəlifələr üzərində, xəlifələr də sıravi müridlər üzərində ixtiyar sahibidirlər. Ticaniyyə xanəgahları müridlərin ianələri və vəqf hesabına maliyyələşir. Təriqətdən çıxmaq qadağandır, amma hər kəsin təriqətə daxil olması icazəlidir. Ticaniyyə təriqətinə qoşulanlar xüsusi mərasimdən keçməli, 40 bənddən ibarət öhdəliyə riayət etməyə söz verməlidirlər.

Ticani təriqətinin ardıcılları söylədikləri zikrlərin sayına uyğun olaraq 12, 18 və 20-yə bölünən 100 dənəcikli təsbehdən istifadə edirlər.

XX əsrin əvvəllərində ticaniliyin "həmaliyyə" adlı qolu yarandı. Həmalilərin qalan ticanilərdən əsas fərqləri "Cövhərətül-kəmal" duasını 12 dəfə deyil, 11 dəfə oxumaları, zikr məclislərində qadınların da kişilərlə bir sırada iştirakına icazə vermələri və zikrləri xüsusi çılğınlıqla söyləmələridir.

Ticaniyyə təriqətinin əksər üzvləri şəriət hökmlərində maliki məzhəbinə təqlid edirlər. Lakin təriqətdə bir məzhəbə bağlı olmaq vacib şərt deyil. Ticaninin özü guya Peyğəmbərdən (s) aldığı ilham nəticəsində tam fərqli fiqhi hökmlər verirdi; bu hökmlərin bir qismi əhli-sünnə alimləri tərəfindən ciddi tənqid edilir.

Ticaniyyə təriqəti milli ünsürləri özündə ehtiva edən bir təlimdir. Bu təriqətin üzvləri Afrika xalqlarının milli düşüncəsinə, mədəniyyətinə aid elementlərə tam tolerant yanaşır, hətta təriqət yığıncaqlarında milli nəğmələr oxuyur, təbil çalır, milli (aborigen) rəqslər ifa edirlər.

Əksər Afrika sufi təriqətləri kimi ticaniyyə ardıcılları da öz təriqətlərinin nəzəri əsaslarından, ibadət və əxlaq normalarından daha çox öz gündəlik yaşam tərzlərində təriqəti təmsil etməyə maraq göstərirlər. Xüsusilə, ticaniyyə şeyxləri öz müridlərini rüşvət, yalançılıq, sərxoşluq və siqaretə aludəlik kimi mənfi vərdişlərdən uzaq tutmaq uğrunda mübarizə aparırlar.

Səfəviyyə
Təriqətin banisi Səfəvilər sülaləsinin əcdadı, Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin İshaq Ərdəbilidir (1252-1334). Şeyx Səfiəddin əvvəlcə məşhur sufi Şeyx Zahid Gilaninin müridi olmuş, onun vəfatından sonra (1301-ci il) səfəviyyə təriqətinin əsasını qoymuşdur.

Səfəviyyə təriqətinin ideoloji əsasları sührəvərdiyyə, xəlvətiyyə, zahidiyyə təriqətlərinin görüşləri əsasında formalaşmış, öz növbəsində bəktaşi və hürufi ənənələrinə böyük təsir göstərmişdir.

Səfəviyyə təriqətinin Azərbaycan, İran və Anadolu torpaqlarında çoxlu ardıcılı vardı. Elxanilərin vəziri Rəşidəddin Fəzlüllah, onun oğlu Qiyasəddin Rəşidi və hətta Elxani hökmdarı Əbu Səid bu təriqətin müridi idilər. Təriqət o qədər güclü idi ki, Elxani sərkərdəsi Əmir Çobanın: "Mənim əsgərlərimin sayı çoxdur, yoxsa sənin müridlərinin?"sualına Şeyx Səfiəddin belə cavab vermişdi: "Təkcə İran ərazisində sənin hər qaniçən cəlladının müqabilində mənim 100 nəfər müridim var".

Səfəviyyə təriqəti hökmdarların yanında böyük nüfuz qazanmışdı və iri vəqf sahələrinə malik olan ən zəngin sufi təriqətlərindən sayılırdı. Şeyx Səfiəddinin oğlu Şeyx Musa Sədrəddinin zamanından başlayaraq hər il Osmanlı sultanları təriqətin Ərdəbildəki iqamətgahına bahalı hədiyyələr göndərirdilər. Şeyx Sədrəddinin oğlu Xacə Əli Siyahpuş Teymurlənglə görüşmüş, onun rəğbətini qazanmışdı. Hətta Xacə Əlinin xahişi ilə Teymurləng Türkiyə səfərində ələ keçirdiyi 30 min nəfər əsiri ona bağışlamışdı. Bu əsirlərin hamısı Xacə Əli tərəfindən azad edildikdən sonra səfəviyyə təriqətinə qoşuldu.

XV əsrin ikinci yarısından etibarən Səfəviyyə şeyxləri siyasi fəaliyyətə başladılar. Xacə Əlinin nəvəsi Şeyx Cüneyd və onun oğlu Şeyx Heydər hakimiyyət uğrunda Şirvanşahlarla mübarizə səhnəsinə daxil oldular. Nəhayət, Şeyx Səfiəddinin 6-cı nəsildən xələfi Şah İsmayıl Səfəvi möhtəşəm Səfəvilər dövlətinin əsasını qoydu.

Çiştiyyə
Əsasən, Hindistan ərazisində yayılmış sufi təriqətlərindən biridir.
Banisi Müinüddin Həsən Çişti (1142-1236) sayılır. O, öz dövrünün məşhur sufilərindən olan Əbdülqadir Gilani, Əbu Həfs Ömər Sührəvərdi və Nəcməddin Kübra ilə görüşmüşdü. Herat yaxınlığındakı Çişt kəndində öz şeyxinin yanında məskunlaşdığı üçün, ona Çişti deyirdilər. Çiştiyyə təriqətinin bundan xeyli əvvəl Xacə Əbu Əhməd Abdal Çişti (vəf. 966-cı il) tərəfindən yaradıldığını da yazırlar.

Çiştiyyə təriqətinin əsas atributları gizli və açıq zikr, 40 günlük çillə və sima musiqisini dinləməkdir. Bu təriqət vəhdəti-vücud sistemi üzərində qurulmuşdur. Çiştiyyə təriqətinin üzvləri zahidanə həyat tərzi sürürdülər. Onların şüarı bu idi: "Dərya kimi səxavətli, Günəş kimi mehriban, torpaq kimi sadə olmaq".

Hindistan və Pakistan ərazisində İslam dininin yayılıb möhkəmlənməsində çiştiyyə təriqətinin rolu böyükdür. Çiştinin müridləri bu təriqəti Benqal, Malayziya və İndoneziya torpaqlarında yaymışlar. Hindistanda başqa sufi təriqətlərinin də mövcud olmasına baxmayaraq, çiştiyyə və sührəvərdiyyə tərəfdarlarının sayı həmişə üstünlük təşkil etmişdir.

Çiştiyyə sima musiqisini həqiqətə çatmağın yollarndan biri (meditasiya üsulu) kimi təklif etmiş ilk təriqətlərdən sayılır. Çiştiyyənin əsas kitabları risalə halında qələmə alınmayıb, təriqət şeyxlərinin yazıya alınmış çıxışlarından ibarətdir. Çiştiyyə təriqətində 5 böyük şeyx möhtərəm sayılır: Müinuddin Həsən Çişti, Qütbəddin Bəxtiyar Kaki, Fəridəddin Gənci-şəkər (Baba Fərid), Nizaməddin Övliya və Nasirəddin Çıraği-Dehli. Çiştiyyə təlimində hind yoqlarına məxsus bəzi ünsürlərin də təsiri görünür. Zaman keçdikcə çiştiyyə təriqəti bir neçə qola bölünmüşdür ki, bunların ən məşhurları nizamiyyə, sabiriyyə və mövdudiyyədir.

Şaziliyyə
Şaziliyyə məşhur sufi təriqətlərindən biridir.
Onun əsası tunisli Əbül-Həsən Əli ibn Abdullah Şazili (1196-1258) tərəfindən qoyulmuşdur. Şazili öz əsil-nəsəb zəncirini İmam Həsən (ə) vasitəsilə Həzrət Mühəmməd Peyğəmbərə (s) bağlayırdı. O, Tunis və Misir ərazisində sufiliyi yaymqala məşğul olmuşdur. Deyilənlərə görə, Şazili əvvəlcə kimiya elminə (müxtəlif maddələrdən qızıl almaq yolları barədə elm) maraq göstərmiş, sonra dini elmləri dərindən mənimsəməyə başlamış, axırda mənəviyyat elmlərinə üz tutmuşdu.

Şaziliyyə təriqətinin silsiləsi İmam Əli ibn Əbutalib (s) vasitəsilə Peyğəmbərə (s) bağlanır. Bu silsilədə Həsən Bəsri, Həbib Əcəmi, Davud Tai, Mərif Kərxi, Səriyy Səqəti, Cüneyd Bağdadi, Şibli, Əbdülqadir Gilani kimi böyük sufilərin adına rast gəlirik. Əbül-Həsən Şazili təriqət silsiləsində Peyğəmbərdən (s) sonra 17-ci halqanı təşkil edir.
Şaziliyyə digər sufi təriqətlərinə nisbətən, daha mülayim xarakterlidir və ortodoksal İslam təlimlərinə daha yaxındır. Belə ki, bu təriqətdə həqiqətə çatmağın yolları ardıcıl ibadətdən, orucdan, zikrdən, duadan ibarətdir. Başqa təriqətlərdə rast gəlinən riyazət (fiziki məhrumiyyət), çilə, sima kimi ənənələrə şaziliyyədə demək olar ki, rast gəlinmir. Bu təriqətdə sufi musiqi təcrübəsi yox dərəcəsindədir, hətta şaziliyyə müridləri Qurani-Kərimi də cəld üslubda qiraət etməyə üstünlük verirlər.

Şazili xəlvətə çəkilməyi, ucadan zikr söyləməyi sufiliyə uyğun hesab etmirdi. Onun fikrincə, bəzi sufilərə məxsus olan şəthiyyat (zahirən dinə zidd olan və vəcd halında söylənilən sözlər), kəşflər (vəcd halında Allahdan alındığı iddia edilən ilham və gizli elmlər) əsl təsəvvüfün ruhuna ziddir. Hər bir sufinin əməlləri və sözü ilk növbədə Quranla və sünnə ilə müqayisə edilib dəyərləndirilməlidir, bunlara uyğun gəlməyən bütün söz və davranışlar batildir.

Əbül-Həsən Şazilinin özü əkinçiliklə məşğul olur, əlinin zəhməti ilə dolanırdı.
Şazili müridləri tərki-dünya həyat tərzi sürmür, öz dolanışıqlarını təmin etmək üçün işləyirdilər. Onların fikrincə, təriqət həyatına zəruri miqdarda dünya işlərini qatmaq mənəvi kamillik üçün maneçilik yarada bilməz. Şaziliyyə təriqətində heç vaxt başqasına möhtac olmamaq və yalnız Allaha təvəkkül etmək əsasdır. Bu təriqətin kökündə ibadət vasitəsilə özünü tərbiyə etmək üsulları durur. Şazili muridləri sair sufilərdən fərqli olaraq ictimai həyatdan və ətrafdakı insanlarla ünsiyyətdən qaçmırdılar. Bütün bu xüsusiyyətlərə görə şaziliyyə sufi təriqətləri içində ən "asan" təriqət adlandırılır.
Əbül-Həsən Şazili öz təriqətini beş əsas prinsip üzərində qurmuşdu:

Zahirdə və batində Allahdan qorxmaq (təqva);
Söz və əməldə sünnəyə əməl etmək;
İstər xoş, istərsə də çətin günlərdə insanlara əl açmamaq və onlardan yardım gözləməmək;
Həm mühüm, həm də kiçik məsələlərdə Allahın qəza-qədərinə razı və təslim olmaq;
Sevinc və kədər zamanı yalnız Allaha təvəkkül etmək.
Əbül-Həsən Şazili təsəvvüflə bağlı görüşlərini yazılı şəkildə qələmə almağı xoşlamırdı. O, deyirdi: "Mənim kitablarım mənim şagirdlərimdir". Şaziliyyə ardıcılları xanəgahlara çəkilmir, normal sosial həyat tərzi sürürdülər.
Şaziliyyə təriqəti Şimali Afrika ölkələrində, eləcə də, Suriyada kifayət qədər geniş yayılmışdı. Məşhur sosioloq İbn Xəldun şaziliyyə təriqətinə bağlı idi. Əllamə Süyuti şaziliyyə təriqətinin düzgünlüyü barədə risalə yazmışdı ("Təyid əl-həqiqət əl-əliyyə və təşyid əl-həqiqət əl-şaziliyyə"). Bu gün də Misirdə və Məğrib ölkələrində şaziliyyə təriqəti yaşamaqdadır.

Şaziliyyə təriqətinin 13 qola bölündüyü məlumdur. Bunların içində Dəruqiyyə və Məryəmiyyə qolları xüsusi seçilir. Hal-hazırda Avropa və Amerika müsəlmanları arasında şaziliyyə təriqətinin məryəmiyyə qolu kifayət qədər geniş yayılıb. XX əsrin birinci yarısında yaşamış şərqşünas alim Rene Genon şaziliyyə təriqətinin üzvü olmuşdur. Sonralar İslam dinini qəbul etmiş tədqiqatçı alimlərdən Titus Burkhardt (vəf. 1984), Frityof Şuon (vəf. 1998), Martin Linqs (vəf. 2005) və başqalarının şaziliyyə təriqətinə qoşulduqları yazılır. Amerikada faəliyyət göstərən İran əsilli məşhur müsəlman alimi Seyyid Hüseyn Nəsr (doğ. 1933) də şaziliyyə təriqətinin məryəmiyyə qoluna mənsubdur.

(Doqquzuncu hissə)

Sənusiyyə
Sənusiyyə XVIII-XIX əsrlərdə Şimali Afrika torpaqlarında yayılmış məşhur sufi təriqətlərindən biridir. Banisi imamların nəslindən olduğu iddia edilən Mühəmməd ibn Əli Sənusidir (1787-1859). Mühəmməd ibn Əli İmam Həsənin (ə) nəvəsi İdris ibn Abdullahın (745-791) nəslindən olduğunu və 42 vasitə ilə şəcərəsinin Peyğəmbərə (s) çatdığını iddia edirdi. İdris ibn Abdullah Şimali Afrikada İdrisilər dövlətinin əsasını qoymuş şəxsdir. İdrisilər dövləti Abbasilər xilafətinin zamanında təqribən 200 il müstəqil mövcud olmuş, nəhayət, yaxın qonşuları olan Fatimilər və Əməvilər (Kordova əmirliyi) tərəfindən hücumlara məruz qalaraq süqut etmişdir.

Mühəmməd ibn Əli Sənusi əvvəllər qadiriyyə, şaziliyyə kimi təriqətlərin üzvü olmuş, 1837-ci ildə Məkkədə sənusiyyə təriqətini təsis etmiş, daha sonra Liviya torpaqlarında təbliğatla məşğul olmağa başlamışdır. İlk sənusi xanəgahı Məkkədəki Əbu Qübeys dağının ətəyində tikilmişdi. Sənusiyyə təriqəti əsasən, Liviya və Sudan ərazilərində fəaliyyət göstərir və köçəri səhra qəbilələri tərəfindən daha asanlıqla qəbul edilirdi. Hələ İslamı qəbul etməmiş qəbilələrin müsəlman olmasında sənusiyyə şeyxlərinin rolu böyük olmuşdur.

Sənusiyyə təriqətində başqa sufi təriqətlərinə məxsus olan xüsusi ayinlər yox dərəcəsində idi.
Bu təriqətə daxil olmaq da çox asan idi. Sadəcə olaraq, şeyxin əlinə əl sürtüb beyət etmək və Fatihə surəsini oxumaq kifayət edirdi. Sənusi müridləri təriqətə daxil olarkən bütün məzhəbi və milli təəssüblərini kənara atmalı, şeyxin buyurduğu dəyərlər əsasında yaşamalı idilər. Bu şərtlər daxilində hər kəsin öz peşəsi ilə məşğul olmasına icazə verilirdi. Sənusilər Afrika qəbilələri arasında mövcud olan bəzi xurafat halları ilə ciddi mübarizə aparırdılar.
Sənusiyyə İslamın ilkin dövrlərindəki vəziyyətə qayıtmağı təbliğ edən sələfi yönümlü təriqət idi. Onun kökündə Malik ibn Ənəs, Əhməd ibn Hənbəl və Qəzzali kimi müsəlman alimlərinin dini-əxlaqi yönümlü təlimləri dururdu. Sənusi müridləri özlərini maliki məzhəbinə aid etsələr də, namazda əllərini sinələrinin üzərinə qoyurdular.

Afrikanın ucqar səhra bölgələri Osmanlı imperiyasının nəzarət dairəsindən kənarda qaldığı üçün burada sənusiyyə təriqəti sürətlə yayılırdı. Sənusilər camaatı Osmanlı imperiyasından ayrılmağa, hər cür yadelli təcavüzü dəf etməyə çağırırdılar. Bu baxımdan, sənusiyyə təriqətinin təməl prinsipləri arasında siyasi görüşlərin mühüm rol oynadığının şahidi oluruq. Sənusiyyə təkyələrində başqa sufi təriqətlərindəki kimi çillə və sair ayinlər icra edilmirdi. Bu təkyələrin bir çoxünda dini kitablardan ibarət zəngin kitabxanalar var idi. Hər bir sənusi müridi özü üçün silah və minik tədarük etməyə borclu idi. Bunu edə bilməyən kasıb insanlara sərvətli müridlər yardım göstərirdilər. Sənusiyyə təkyələrində həm dini biliklər, həm də hərbi təmrinlər öyrədilirdi. Sənusiyyə mədrəsələrində qadınların da təhsil almasına şərait yaradılırdı; sonra onları ətraf qəbilələrin qadınları arasında təbliğat aparmağa göndərirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Afrika torpaqları fransız, ingilis və italyan müstəmləkəçilərinin hücum hədəfinə çevrildi.
Bu zaman sənusilər yadelli işğalçılara qarşı mübarizənin əsas hərəkətverici qüvvəsi hesab edilirdilər. 1931-ci ildə Liviyanın italyanlar tərəfindən işğalı sənusiyyə təriqətinin tənəzzülünə səbəb oldu.

Mühəmməd Sənusinin nəslindən olan sənusiyyə şeyxi Mühəmməd İdris 1951-69-cu illərdə Liviyanın ilk kralı olmuşdur. 1969-cu ildə Müəmmər Qazzafinin həyata keçirdiyi dövlət çevrilişi sənusilərin siyasət səhnəsindən tam uzaqlaşdırılması ilə nəticələndi. Buna baxmayaraq, Liviya, Sudan, Nigeriya, Çad, Əlcəzair, Kamerun kimi ölkələrdə sənusiyyə təriqətinin çoxlu ardıcılı yaşayır.

"Səhra aslanı" filminin (1981) qəhrəmanı, italyan işğalçılarına qarşı Liviya müsəlmanlarının silahlı mübarizəsinə başçılıq etmiş Ömər Muxtar (1861-1931) sənusiyyə təriqətinə mənsub idi.

Bəzi məlumatlara görə, sənusiyyə təriqətinin banisi Mühəmməd ibn Əlinin oğlu Mühəmməd Mehdi özünü "mehdi" elan etmişdi. Digər məlumatlara görə, o özü mehdəviyyət iddiasında olmamış, sənusi müridləri onu bu şəkildə təbliğ edirmişlər.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.