Maraqlı

Günahların mənfi nəticəsi

31 Mart 2020 23:01
0 Şərh     Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Əli ibn Əbutalibin (ə) dilindən çıxmış ən məşhur və təsirli dualardan biri "Kümeyl duası"dır. Bu dua İmam Əlinin (ə) sədaqətli səhabəsi, o həzrətə olan sevgisi üstündə Həccac tərəfindən şəhid edilmiş Kümeyl ibn Ziyad Nəxəinin adı ilə adlandırılır. Çünki Həzrət Əli (ə) bu duanı Kümeylə öyrətmiş və Kümeyl də duanı özündən sonrakılara rəvayət etmişdi.

İmam Əli (ə) Kümeylə buyurmuşdu ki, bu dua Həzrət Xızr Peyğəmbərə (ə) məxsusdur və o həzrət bu dua ilə Allahın dərgahına üz tutarmış.

"Kümeyl duası"nın təxminən əvvəllərində buyurulur:

"İlahi! Həya pərdələrini yırtan günahlarımı bağışla!

İlahi! Özü ilə birlikdə cəza endirən günahları mənə bağışla!

İlahi! Nemətləri dəyişdirən (yəni nemətləri əzaba çevirən və ya halal neməti harama döndərən) günahlarımı bağşla!

İlahi! Duaları həbs edən (yəni duaları ilahi dərgaha qalxmağa qoymayan) günahlarımı bağışla!

İlahi! Ümidimi üzən günahlarımı bağışla!

İlahi! Özü ilə bəla gətirən günahlarımı bağışla!"

Duanın bu cümlələrini oxuyan şəxslərdə belə bir sual yarana bilər: İmam Əli (ə) burada hansı günahları nəzərdə tutmuşdur? Hansı günahlar duada xatırlanan mənfi təsirlərə malikdir? Burada söhbət ayrı-ayrı konkret günahlardan gedir, yoxsa ümumilikdə günah anlayışından?

Məsələyə iki istiqamətdə yanaşmaq mümkündür. Daha geniş və qlobal miqyada yanaşma bu nəticəyə gəlməyə əsas verir ki, öz-özlüyündə hər bir günah bəndənin həya pərdəsini yırtır. Yəni onu Allahın hüzurunda, bəndələrin qabağında və tövbə edilməzsə, həm də qiyamətdə, bütün insanların gözü qarşısında rüsvay edir. Hər bir günah duanın qəbul olunmasına əngəl yarada bilər, nemətlərin bərəkətini aradan aparar, bəla və müsibətlərə səbəb olar və s. Bu mənfi xüsusiyyətlər bütün günahların mahiyyətində var. Müxtəlif Quran ayələrində, hədis və rəvayətlərdə günahların insan həyatına, insan şəxsiyyətinə dərin mənfi təsir buraxdığı qeyd edilib.

İmam Əlinin (ə) xütbələrinin birində buyurmuşdur: "And olsun Allaha ki, nemət bolluğunda və həyatın şadlığında qərq olan heç bir tayfanın firavanlığı, etdiyi günahlardan başqa bir səbəb üzündən zavala uğramayıb. Çünki Allaha bəndələrə əsla zülm edən deyildir". Daha sonra İmam (ə) bu vəziyyətdən çıxış yolunu da göstərir: "Əgər insanlar çətinliklər onlara üz tutanda və nemətlər onlardan alınanda düzgün niyyət və vurğun qəlblərlə öz Rəbbinə pənah aparsalar, əldən çıxanı onlara qaytararam, hər bir fəsadı onlar üçün islah edər, düzəldərəm" (Nəhc əl-bəlağə, 177-ci xütbədən).

Alimlərin bir qisminin fikirncə, Həzrət Əmirəlmöminin (ə) "Kümeyl duası"nda günahları fərqli ifadələrlə sadalayarkən, ümumilikdə günah anlayışını nəzərdə tuturdu. Çünki əslində bütün günahlar ruh üçün qorxulu və təhlükəlidir. Ümumi mənada götürüdükdə günah bütün mənfi xüsusiyyətləri özündə birləşdirən anlayışdır. Bu nəzəriyyə "Kümeyl duası"ndan yuxarıda qeyd etdiyimiz cümlələrdən dərhal sonra gələn cümlə ilə də uzlaşır. Duanın növbəti cümləsində oxuyuruq: "İlahi! Etdiyim bütün günahları və etdiyim bütün xətaları bağışla!" Göründüyü kimi, İmam (ə) əvvəlcə günahları, onların mənfi təsirləri üzrə fərqləndirsə də, axırda bütün günahları ümumiləşdirir.

Allahın Rəsulundan (s) rəvayət edilən məşhur bir hədisdə buyurulur ki, etdiyin günahın böyüklüyünə ya kiçikliyinə baxma. Buna diqqət et ki, nə qədər əzəməti olan bir varlığın (yəni Allahın) qarşısında günah etmisən! Yəni Allahın əzəməti və nöqsansızlığı qarşısında bütün günahlar eynidir və böyükdür, qorxuludur. Günahı xırda saymaq insana arxayınlıq, laqeydlik gətirir, onu yeni günahlara təşviq edir. Bu mənada insanın gözündə öz günahlarını xırda və əhəmiyyətsiz göstərmək şeytanın ən böyük və qorxulu hiyləsi sayılır...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.