Maraqlı

9 yaşından dayıları və anasının sevgililəri tərəfindən zorlanan, 1 kəlməsi ilə dünya nizamını dəyişən qadın - DƏHŞƏTLİ FAKTLAR - FOTO

8 İyul 2019 07:35
0 Şərh     Baxış: 32 082

"Mən Opra Uinfriyəm..."

Uşaqlıq illərimin əsas xatirələri məni tez-tez döyən nənəmlə və səfil həyatımızla bağlıdır.

O, "İncil" qəhrəmanlarından biri olan Orfanın adını daşımalı idi. Amma doğumu qəbul edən həkim körpəni qeydə alarkən hərflərin yerini dəyişik yazır. Elə o vaxtdan Orfa dönüb Opra olur. Əsmər kraliça bu faktı təkzib edir. Dediyinə görə, Opra həm dilə yatımlı, həm də nadir addır.

Milli.Az bildirir ki, anası dünya televiziya məkanının ikonası Opranı dünyaya gətirəndə cəmi 15 yaşı vardı. Atası isə həmin vaxtlar doğma şəhərindən çox uzaqlarda hərbi qulluqda idi. Valideynləri rəsmən evli deyildilər. Qızı doğulandan bir az sonra ana başqa şəhərə gedib xadimə işləməyə başlayır. Körpəni nənəsi böyüdür. Hətta Opranın 3 yaşı tamam olanda oxuyub-yazmaq öyrədir. Opra illər sonra etiraf edəcəkdi ki, onun tək anası nənəsi olub. Amma tale ana anlayışını da Opranın çarəsiz başına çırpmışdı. Ömrünün ilk 6 ilini kəndin kar sükunətində keçirən qızcığaz çox sərt tərbiyə alır. Sözə baxmayanda isə nənəsi ona şiddət tətbiq edirdi.

6 yaşı tamam olanda anası itmiş duyğularını tapıb Opranı özü ilə Miluoki gettosuna aparır. Ömür kitabının bu səhifələrini Opra ağrı-acı ilə xatırlayır. İçindəki boşluğu doldurmaq üçün elə o yaşdan şeir yazmağa başlayır. 8 yaşı tamam olanda atası qızını onunla birgə yaşamağa çağırır. Opra anasından pul oğurlayıb atasının yanına qaçır, amma bir ildən artıq tab gətirə bilməyib yenidən anasının yanına qayıdır.

Hələ 9 yaşımda dayımoğlu məni zorlayıb, bir dondurma ilə günahını yumağa çalışdı.

Opranın uşaqlığı ilə çoxumuzun bütün həyatını əzab tərəzisinə qoysaq, o məsumiyyətin çəkisi daha ağır gələcək. Hələ 9 yaşında ikən dayısı oğlu onu zorlayır. Bir yandan da kasıblıq, təhqirlər onun ruhunu incidir. Opranın məsumiyyətini öldürən qatil onu cəmi bir dondurma ilə susdurmağa çalışır.

Bundan sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı. Hər gün atam yaşında kişilərin cinsi istismarına məruz qalırdım.

Getto milli azlıqların yaşadığı şəhərkənarı bölgələrə deyilir. Miluoki gettosunda da qaradərililər yaşayırdı. Burada yaşayan qadınların vəziyyəti çox acınacaqlı idi. Bəzən onlarla kişinin cinsi istismarına məruz qalırdılar. Anası nə sevgisi, nə də davranışları ilə Opraya gözəl örnək olacaq insan deyildi. Yatağına girən kişilərin sayını unutmuşdu. Evdə yetişən qızı görən azğın kişilər, hətta Opranın dayıları onu zorlayır, sinirlərini tarıma çəkirdilər. 13 yaşına qədər bu acılara dözən Opra məktəbdən də, anasının yanından da qaçır. Qəddar ana qızından imtina edir. Opranı çətin tərbiyə olunan yeniyetmələrin sığınacağına gətirirlər. Amma atası qızını orada çarəsiz qoymayıb öz yanına gətirir.

14 yaşım olanda, hamilə olduğumu öyrəndim. Dünyaya gələn övladım tələf oldu. O gündən etibarən, həyat məni ana olmaq həzzindən məhrum etdi.

14 yaşında hamilə qalıb övlad dünyaya gətirir. Opranın ilk və son beşiyinin taleyi məzarda yazılır. Ondan sonra bir daha ana ola bilmir. Hətta deyir ki, tanrı mənə ana olmaq həzzini çox gördü. Atası Opranı yenidən təhsilə yönəldir. O, həmçinin natiqlik sənəti ilə məşğul olur, müsabiqələrə qatılırdı. Atasının ciddi nəzarəti sayəsində Opra özünü, gələcəyini tapır. Qısa müddətdə məktəbin ulduzuna çevrilir. Dram dərnəklərinin əvəzsiz üzvü olur.

16 yaşında Tennesi Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinə daxil olur. Peşə seçimi gələcək karyerasında çox dadına çatacaqdı...

Yəqin ki, çoxu mənim aldığım zərbələrə tab gətirməyib, əzilərdi. Lakin mən əzilmədim, yıxılmadım, mübarizə aparıb, qalib gəldim.

Opranın televiziya karyerası 1971-ci ildən start götürür. Hətta bir müddət CBS kanalında ikinci dərəcəli xəbərlər aparıcısı kimi çalışmağa başlayır. Telekanalın ilk qaradərili aparıcısı Opra olduqca sentimental, həssas təbiətə malik idi. Zəlzələ, ölüm xəbərləri səsləndirəndə dodağı əsir, ürəyi döyünürdü. Həddən artıq incə qəlbli gənc qadın, kanal rəhbərliyini qane etmir və işdən qovulur.

Amma Opra taleyini televiziya ilə bağlamaq fikrindən bir an da olsa, vaz keçmirdi. 1976-cı ildə yenidən karyerasına davam etməyə qərar verir. Öncə xəbərlər, sonra isə səhər verilişinin aparıcısı olur. Qısa zamanda proqramın reytinqi kəllə çarxa qalxır.

İllər keçir, Opra pillə-pillə şöhrətə yaxınlaşırdı.

1985-ci ildə Uinfri özünü akrtisa kimi sınamaq qərarına gəlir. Oskar və Qızıl Qlobus mükafatlarına layiq görülür.

Fərqi yoxdur, sən kimsən, haradan gəlmisən. Əgər savaşa hazırsansa, mütləq qalib gələcəksən.

Əsmər gözəlin həyatını kökündən dəyişən əsas vulkan "Opra Uinfrinin şousu" olur. Bu layihə onu nəinki dünyanın ən məşhur qaradərili aparıcısına, eləcə də ən varlı qadın aparıcısına çevirdi. Opranın şousu 138 şəhərdə canlı yayımlanırdı. İlk iki il ərzində şou 125 milyon dollar gəlir gətirdi. 1993-cü ildə Opranın verilişi ölkənin ən çox baxılan şousuna çevrildi və 64 dövlətdə yayımlanmağa başladı.

Verilişin qonaqları adətən biznesmenlər, aktyorlar, musiqiçilər və digər peşələrin məşhur simaları olurdu. Layihənin nə az, nə çox 5 min bölümü çəkilir. Şounun ən məşhur bölümü pop kral Maykl Ceksonla müsahibə olur. Müsahibəni tək Amerikada 85 milyon tamaşaçı izləyir. Maykl həyatında ilk dəfə Opraya atasının uşaq ikən ona etdiyi zülmlərdən danışır. Yadda qalan bölümlər arasında Tom Kruzun dəli etiraflar etdiyi müsahibə də var.

Opranın verilişinin maraqlı məqamlarından biri də məşhurlardan master klass adlı süjet idi. Bu layihədə qonaq olan minlərlə ulduz uğurlarının sirlərini publika ilə bölüşürdü.

Unutmayın - Biz olduğumuz kimi qalaraq, olmaq istədiyimiz insana çevrilə bilmərik!

2011-ci ildə Opra şan-şöhrətini riskə atıb "özünün "OWN" kanalını yaradır. Bu gün Opranın öz jurnalı, restoranı və xeyriyyə işləri ilə məşğul olan fondu var. Onunla ünsiyyətdə olan, tanıyan və sevən hər kəs deyir ki, bu qadının qarşısındakını tamlıqla duymaq bacarığı var. Onun ən böyük özəlliyi odur ki, duyğularını və həddini aşan həssaslığını gizlətməyə cəhd etmir. Əksinə, onu Opra edən də elə budur.

Opra 20 ildən çoxdur ki, Stedman Qrehemlə vətəndaş nikahında yaşayır. Amma təəssüf ki, o bədbəxt hadisədən sonra övladı olmur.

Bir müddət əvvəl KİV-də sensasion xəbər yayılır. Guya Opranın Kalvin adlı oğlu var. Əsmər kraliça bütün şayiələri rədd edərək, Kalvinə uşaqlıqdan maddi yardım göstərdiyini bildirir.

O, özünü nəinki Kalvinin, əsasını qoyduğu qız məktəbindəki qızların da mənəvi anası hesab edir. Həmçinin təqaüdə çıxandan sonra universitetdə evdarlıqdan dərs verib yenə qızların yanında olmaq arzusundadır. Opranın instaqram səhifəsinin izləyiciləri ölkəmizdəki vətəndaşların sayına bərabərdir.

Opra kulinariya ilə də maraqlanır. Hətta bu mövzuda iki kitab yazıb.

Son iki ildə film və seriallarda çəkilməyə davam edir.

Mən bilirəm ki, uğur zirvəsinə qalxan yolda, ən yaxın dostum təmkindir. Məhz bu xüsusiyyətim üzləşdiyim uğursuzluqlara göz yummağa imkan verir. Hər yeni uğursuzluq məni daha dözümlü edir. Yadda saxlayın, müvəffəqiyyətsizliyə tab gətirməyən insanlar, alçaq zirvələri hədəf seçənlərdir.

Opra cəmiyyətə ancaq pozitiv və ruhlandırıcı mesajlar verir. Əvəzində isə milyon dollarlar qazanır. Onun bir cümləsi ilə ən sadə ədəbiyyat bestsellerə çevrilir, hətta prezident seçkilərinin nəticəsi dəyişir.

Bəs onun sirri nədədir? Məncə, Opra artıq dünyanın ən varlı qaradərili qadını, aparıcısı, biznes ledisi, xeyriyyəçisi olmaqdan özü də bezib. Aparıcı bəzən zarafatla etiraf edir ki, quql onun haqda özündən çox bilir. Adı Barak Obama, Kraliça Viktoriya, Konfutsi, hətta İsa Məsihlə bir hallanır.

Bir dəfə Opra şousunda artıq burger yeməyəcəyini bildirir. Ertəsi gün ABŞ-da ətin satış qiyməti qəribə şəkildə minimuma düşür. Hətta vəziyyət elə yerə çatır ki, fermerlər aparıcını məhkəməyə verib məğlub olurlar. Merilend Universitetinin mütəxəssisləri hesablayıb açıqlama vermişdilər ki, Opranın dəstəyi olmasaydı, Barak Obama prezident seçkilərində çətin ki, qalib gələrdi. Bu "Opra Uinfri" adlı aysberqin yalnız görünən hissəsidir.

Nail olduqlarıma şükür etməyi bacarıram. Bu xüsusiyyətim sərvətimi artırmağa təkan verir.

"Forbes" jurnalının ən son hesablamalarına görə, xanım Uinfrinin 2,9 milyard dollarlıq sərvəti var. Bundan başqa, o, bir çox nüfuzlu mükafata layiq görülən ilk qaradərili qadındır.

Opra "türkün məsəli" çox sulu gözdür. Demək olar ki, bütün müsahibələrində gözündən tökülən yaş da ağlayır. Onun çıxışlarının da əsas özəlliyi budur. Nitqləri insanları maqnit kimi özünə çəkir.

Hətta Amerika əhalisinin bir hissəsi Opranı ölkənin ilk qadın prezidenti kreslosunda görmək istəyirlər. Bu təklif əvvəllər Uinfrinin xoşuna gəlsə də son anda etiraf etdi ki, siyasətlə yola getmir.

"Mən bu işlə məşğul ola bilmərəm. Bu, təmiz peşə deyil. Siyasətçi olsaydım, özümü öldürərdim".

Xatırladım ki, Opra Amerika prezidentinin "Azadlıq" medalı ilə də təltif olunub.

Müqəddəs Opra

Çoxları deyir ki, Opra mediadan getsəydi, siyasətçi yox, din xadimi olardı. Sərt dindar nənənin tərbiyəsində böyümüş Uinfrinin nitq qabiliyyəti də buna imkan verərdi. Opranın olduqca duyğulu səslə "İncil" oxumağı da ətrafının diqqətindən yayınmayıb. Hətta uşaq vaxtı hər bazar günü getdiyi kilsədə kənd camaatı onu ilahi səsinə görə müqəddəs hesab edirdi.

Bəli, çağdaş insan onu narahat edən bütün problemləri həm televiziyada, həm də sosial şəbəkələrdə rahat müzakirə edə bilir. Opra isə hələ 30 il bundan əvvəl homoseksuallıq, zorakılıq və digər məsələləri verilişində tamaşaçılara daha aydın izah edirdi. O, televiziyaya çox bağlıdır, hətta deyir ki, ilk dəfə nəfəs aldığını kamera qarşısında hiss edib.

Opra nəinki Amerikanın, eləcə də bütün dünyanın media kraliçası sayılır. İnsanlar uşaqlıqda aldıqları travmalarını, dərdlərini, problemlərini onunla müzakirə etmək istəyirlər. Çünki əmindirlər ki, kraliça pis yol göstərməz, yanlış məsləhət verməz.

Gözəl yemək reseptləri bilən Opranın xoşbəxtlik tərifi də var - arzulamaq, ətrafına ruhlandıran insanlar toplamaq, və çalışmaq.

Amerikalılar kraliçanı öz ailə üzvləri kimi sevirlər. Vaxt keçir, zaman dəyişir, hətta prezidentlər dəyişir. Sabit qalan tək şey xalqın Opra sevgisidir.

Uğurumun sirri bilirsinizmi nədir?

Gələcəyə baxanda xoşbəxtlik şəfəqləri gözlərimi qamaşdırır.

Gücüm yetdiyi qədər, ətrafımdakılara maddi və mənəvi yardım edirəm, çünki, bu yaxşılıqları Allah "gül çələngi" şəkilində mənə geri qaytarır.

Mənim həyat devizim: "Bəşəriyyətin əsas məqsədi, bizi istədiyimiz yerə gətirib, çatdırmaqdır".

Əzizlərim, Allahın sizin üçün nəzərdə tutduğu gözəlliklər, siz təsəvvür etdiyinizdən qat-qat artıqdır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.