Maraqlı

Modern elmin doğuluşu və düşüncə azadlığı

17 İyun 2019 23:20
0 Şərh     Baxış: 595

On yeddinci əsrdə elmin yüksəlişinin təməlində yatan düşüncələr Roma İmperatorluğunun çöküşündən sonra Bizansda və Ərəb dünyasında təzahür etməyə başladı. Barbarlıq dominant olduğu zamanlarda belə Boesius kimi elm adamları Veronada, Teodorik sarayında dərs verib araşdırmalar apararaq zehni fəaliyyəti davam etdirirdilər. Ancaq bu elm adamları, Boesiusun timsalında olduğu kimi Şahzadənin gözündən düşür və saray əhlinin qısqanclığı və həsədi ucbatından işgəncəylə öldürülürdülər.

Milli.Az bilge.az-a istinadən bildirir ki, ancaq modern elmin doğuluşunun Qalileyin çalışmalarıyla və empirik metodların zəfəriylə eyni zamanda həyata keçdiyini dəqiqliklə təsdiqləyə bilərik. Elmin və riyaziyyatın on yeddinci əsrdə nümayiş etdirdiyi inkişaf, əvvəlki əsrlərdə görülməmiş dərəcədə yüksək səviyyəyə çatdı. Bu proses Renessans dövrünün kültür inqilabının və texnoloji inkişafla əlaqəli ticarət və iqtisadiyyatın genişləməsinin nəticəsiydi. Bu dönəmdə Qaliley, Dekart, Paskal, Torriçelli, Malpigi, Huygens, Nyuton və Leybnits kimi bir qrup elm insanlarının yanında sənət və fəlsəfənin bir neçə, örnəyin Şekspir, Milton, Spinoza, Molyer, Kalderon, Rubens, Rembrant, Velaskez, Karavaggo və Palladi kimi böyük ustadlarının adını da sıralayıb düşünsək, on yeddinci əsrin "Dahilər çağı" adlanması təəccüb doğurmaz.

İnsan dühasının bu cür tumurcuqlanması üçün gərək duyulan şəraiti yaradan nə idi? Xüsusən onu vurğulamaq lazımdı ki, modern elmi ortaya çıxaran əsas təkanlardan biri Orta Əsrlərin sonlarında baş verən sosial dəyişikliklər idi. Sənətkarların və inşaat sahəsində çalışıb yenilik yaradanların, Antik Yunanıstanda olduğu kimi, əzələ gücündən doğan məharətlərə sahib olduqları üçün sosiumun aşağı dərəcələrində yer alan insanlar olduğu düşüncəsi bundan belə söhbət mövzusu deyildi. Əksinə, zaman keçdikcə bu sosial kateqoriyada yer alan insanlar getdikcə ənənəvi qüvvələrdən xilas olmağa və müstəqil bir sinfə çevrilməyə başladılar. Artıq təşəbbüskarları və tacirlərinin işgüzarlığı nəticəsində Avropa cəmiyyətləri elmin qət etməkdə olduğu dinamik və proqressiv dönüş nöqtəsini bəsləməyə hazır vəziyyətə gəlmişdi. Öncəki əsrlərin texnoloji inqilabları da dünyaya münasibətdə yeni elmi baxışların mümkünlüyünə rəvac verən bu yolda öncüllük etdilər.

Məhz bu proseslərdən sonra elm tarixində əsas simalardan biri, elm və insanlıq tarixinə dərin damğa vuracaq nəzəriyyələr irəli sürən və araşdırmalar aparan sima ortaya çıxdı: Qalieo Qaliley (1564-1642). Qaliley eyni zamanda elm və iqtidar səhnəsində rol oynayan ən böyük aktyorların portretlərinin sərgiləndiyi sərgimizdə simvolik simadır, ancaq bu hekayəti ona xas olan mədəni kontekstə oturtmağımız gərəkdi.

İnduksiya metodunun dəyəri getdikcə daha çox qəbul edilməkdəydi və Qalileyin araşdırmaları təkcə böyüməkdə olan Renessans texnologiyasına damğasını vurmaqla qalmamış, eyni zamanda modern elmin başlanğıcını yaratmışdı. Qaliley düşüncə tarixində üç əsas fikrin yaradıcısıdı: Birincisi, təbiət dəqiq qanunlarla uyğunlaşan faktlarla doludur. İkincisi, nəhəng ölçülərdə olan hansısa təbiət mexanizmləri də, astronomiyanın göstərdiyi kimi, güllə kimi bəsit və bizə tanış olan nəsnələrin hərəkətlərini müşahidə edərək əldə etdiyimiz fiziki qanunlar əsasında izah oluna bilər. Deməli, bunun nəticəsində zəkamız təbiət hadisələrinin dəruni həqiqətini qavraya bilər. Üçüncüsü və son olaraq: Təbiət hadisələrinə dair həqiqətlərin riyazi qanunlarla ifadə edildiyini nəzərdə tutmaqla, eynilə həndəsə kimi, hesablama işinin də ağlın ideal modelini əmələ gətirdiyi qənaətini əldə edirik. Əgər fəlsəfə ümumiləşdirmələrin səthiliyindən sıyrılmaq istəyirsə, gərək o da bu həqiqəti qəbul etsin.

Qaliley və ardıcılları modern elmi təbiət gerçəklərinin kəşf edilməsində üz tutulacaq riyazi alət kimi təsəvvür edirdilər. Bu dünyagörüşə görə, təbiətdəki qarmaqarışıqlıq sadəcə görünüşdə belədi, onu, qüsursuz və təmiz riyazi terminlər vasitəsilə təsvir edilən bir sıra fundamental qanunlar şəklində ifadə etmək mümkündü. Mütləq şəkildə Tanrıya inanan Qalileyin düşüncəsinə görə, Tanrı simasında yaradılan ruh, yaradılışı idarə edən həqiqətlərə nüfuz etməyə və Tanrının malik olduğu dolğun təbiət bilgisinə doğru irəliləməyə qadirdi. Əgər belədisə, deməli elmin təbiətdə kəşf etdiyi həqiqətlər müqəddəs yaradılışın həqiqətləridir. Buna görə də bu düşüncələr Müqəddəs Kitabla ziddiyyət içindəymiş təsəvvürü oyatsalar da keçərliklərini itirməzlər. Həmin dövrə qədər Müqəddəs Kitabın vəhylərini həqiqət kimi şərh edərək nəhəng bir mənəvi qüvvəni əllərində saxlayan teoloqları qəzəbləndirən düşüncə, daha əvvəllər Bruno və Kampanella tərəfindən dəstəklənən məhz bu arqument idi.

1609-cu ildə özüyçün teleskop icad edən Qaliley Yupiterin peyklərini və Ayın fazalarını müşahidə edərək yeni bir kosmoloji həqiqəti açıqlığa çıxardı. Telezio, Bruno və Kampanella kimi elm adamları və fəlsəfəçilər Sxolastikanın və Aristotelçi fəlsəfəçilərin tənqidçiləriylə birgə bu yeni gerçəkliyi nəzəri olaraq çoxdan sezmişdilər.

Qalileyin bütün elmi vurğularıyla təməldə Kopernikçi olan Siderius nuncius (Ulduzların xəbərçisi) başlıqlı çalışmasının yayımlanması, elmdəki yeni düşüncələrlə ənənəvi fəlsəfəçilər və Kilsə arasında baş verən sərt hesablaşmaya səbəb oldu. Tomas Skott yaxud Okkamlı Vilhelm və digər düşünərlərin müdafiə etdikləri cüt həqiqət nəzəriyyəsinin (bu nəzəriyyəyə görə həqiqətə çatmağın iki yolu vardı, biri fəlsəfi, digəri teoloji) cəfəngiyyat olduğunu Qaliley cəsurcasına təsdiqlədi. İnkvizasiyanın getdikcə daha qatı və acımasız olduğu bir dövrdə Qaliley, müqəddəs kitabların ifadə etdiyindən daha fərqli izahlara ehtiyac duyulduğunu və təbiət qanunlarıyla əlaqəli dartışmalarda Müqəddəs Kitabın istənilən halda ikinci rol oynaması gərəkdiyini qorxmadan irəli sürdü.

Qaliley eyni zamanda insanın yaradıcılığa və xəyal gücünə sahib olduğunu müdafiə edirdi. Dünyada kəşf ediləcək və bilinəcək hər nəsnəni, hər prosesi artıq bildiyini iddia etməyə kim cəsarət edə bilərdi ki? Elm özünü Müqəddəs Kitabın şərhlərinə deyil, Müqəddəs Kitab öz şərhlərini elmin ortaya qoyduğu qənaətlərə- araşdırmaların, təcrübələrin və təriflərin nəticələrinə uyğunlaşdırmalıydı. Qalileyin müdafiə etdiyi inqilabi dünyagörüş beləydi və sadəcə bu bənzərsiz hadisənin təsirləri bəs edər ki, modern elmin doğuluşunu Qalileyə borclu olduğumuzu söyləyək.

Kopernik və Qalileyin düşüncələri təkcə elm və din arasında toqquşmaların yaranmasına səbəb olmaqla qalmadı, eyni zamanda Katolik kilsəsinin öz içində də ziddiyyətlərə rəvac verdi. O dönəmdə Katolik kilsəsinin mühafizəkar və mürtəce qanadını təmsil edən Dominikanlar ilə kültür və elmə daha açıq olan İezuitlər arasında şiddətli mücadilə başladı. On yeddinci əsrin əvvəllərində Katoliklər Birliyinin İezuit riyazıyyatçıları və astronomları ən yüksək elmi avtoritetlər sayılırdılar.

Ancaq Qalileyin Dialogo dei massimi sistemi (İki Dünya Sistemi haqqında dialoq) adlı əsərinin yayılması, başlanğıcda Qalileyin xoşməramlı dəstəkçilərindən biri olan Papa 7-ci Urbanonu çətin vəziyyətdə qoydu. Bu kitabın diqqət cəlb etməsi, Protestantların Kopernikçi nəzəriyyələri qəbul etməkdə gecikmələri və İezuitlərin Reform hərəkatına qarşı apardıqları mücadilə Qalileyin İnkvizasiya tərəfindən muhakimə edilməsini qaçılmaz etdi. Beləcə dünyanın ən böyük zəkalarından biri, artıq ciddi şəkildə xəstələnən və korlaşmağa başlayan bu dahi, Müqəddəs İnkvizasiyanın dustağı vəziyyətində 8 yanvar 1642-ci ildə həyata gözlərini yumdu. Qaliley ölmüşdü, amma qaranlıqlar içində dustaq olan dövrlərdən sonra elm Kilsəyə qarşı apardığı düşüncə azadlığı mücadiləsindən nəhayət ki qalibiyyətlə çıxdı.

Digər elm adamları, məsələn, Fransız İnqilabı ərəfəsində Lavuazye və Stalin hakimiyyəti dövründə Rusiyada Lisenkonun dünyagörüşünə qarşı mübarizə aparan elm adamları da öz elmi nəzəriyyə və düşüncələrini zamanlarının iqtidarına qarşı müdafiədə həyatları bahasına ödədilər. Ancaq Qalileydən və modern elmin doğuluşundan sonra elm və iqtidar arasındakı toqquşmaların dünyaya dair yeni bir baxış bucağı yaratdığını söyləyə bilərik. Bu baxışlar əsasında elm, insanlıq tarixində təməl, güclü və müstəqil bir zehni əsas halına gəldi.

Qalileyin düşüncələri əlbəttə boşluqdan ortaya çıxmadı. Bu düşüncələri anlamaq üçün bir neçə addım geri gedib Orta Əsrlərin sonunda yaşayan ən görkəmli elmi şəxsiyyət olan Kopernikin (1473-1543) fəaliyyətinə göz atmalıyıq. Kopernikin kosmologiyası Renessansın ən təkanverici qüvvələrindən biriydi və elm ilə dinin dünyəvi iqtidarı arasındakı zəruri mübarizəsinin qaynağıydı. Kopernik Polşa və İtalyada Padua, Bolonya və Ferrara universitetlərində təhsil aldı və çalışdı. Bu gün Koperniki, siyasi və mədəni gələcəyini hazırlaya bilmək üçün birlik axtarışında olan Avropanın simvolik siması olaraq seçə bilərik. Kopernikin yeni həndəsi qavramları Bruno, Qaliley, Dekart, Nyuton və Volterin elmi və fəlsəfi baxışlarının təkamülündə əsaslı rol oynadı. Fəqət həndəsi və astronomik mövzularda irəli sürülən bu yeni düşüncələr, yalnız Bruno və Qalileyin ənənəvi fəlsəfə və dini doqmatizmin basqıcı təzyiqlərinə qarşı girişdikləri dartışmalardan əlli il sonra və Nyutonun Principiası sayəsində bütün zamanların ən geniş və nəhəng rasional məbədi kimi ucalıq mərtəbəsinə çatdı.

Renessansın yenilikçi atmosferinə rəğmən yerli mədəni güclərin hamısı, on yeddinci əsrin ikinci yarısından on səkkizinci əsrin ilk iyirmi ilinədək Kopernikçi nəzəriyyələrə qarşı çıxdılar. Ənənəvi Aristotelçi və Sxolastika alimləri Kopernikçi nəzəriyyələrə qarşı təkcə riyazı baxımdan çətin olduqları üçün deyil, eyni zamanda dünyanın nizamlı şəkildə qurulan kainatın, Divine Comedydə (İlahi Komediya) Dantenin təsvir etdiyi kainatın mərkəzində olduğu inancı səbəbindən qarşı çıxdılar. Yeni modelin mövqelərinə qarşı təhdid yaratdığını instinktiv olaraq sezdilər. O dövrün fizikası Qalileyin irəli sürdüyü ətalət qanununu bilməzdən gəlirdi və son olaraq Kalvin, Lüter, Bellarmina və 7-ci Urbano kimi dini zehniyyətlərin təsiriylə mücərrədləşən dini doqmatizmin gücü, Kopernikçi nəzəriyyələri sapqınlıq olaraq qələmə verirdi. Məsələn, Melançton 1541-ci ildə avtoritetləri bu "məsuliyyətsiz fantaziyalar" barəsində təsirli bir ölçü götürməyə çağırır, Lüter isə Koperniki dəli elan edirdi. Bunun əksinə, Papa 7-ci Klements Kopernikin çalışmalarını başlanğıcda təqdirə layiq hesab etsə də, əsrin sonuna gəldiyində o da Kilsə həndəsəsinin bu dəbdəbəli cənnətində hiyləgər bir ilanın gəzişdiyini kəşf etdi.

Kopernikçilər arasında ən məşhur olanları Bruno ve Qaliley idi. Daha öncə gördüyümüz kimi, Qaliley düşüncə dünyasına modern elmin təməlini atan yeni bir mexanika və astronomiya anlayışı gətirmişdi. Digər tərəfdən Bruno, daha sonralar Kampanella, Spinoza və digər romantik filosof və yazıçıların inkişaf etdirəcəyi yeni bir panteist dünyagörüşünün ilk cizgilərini yaratdı. Kopernik 1543-cü ildə vəfat edərkən, son çalışmaları yatağının altından tapıldı. Gizləmişdi.

Qalileyin çağdaşı olan Ser Fransiz Bekon (1561-1626) elmin və onun toplumla əlaqəsinin yenilənməsi prosesində önə çıxan digər önəmli simaydı. Məhsuldar bir yazıçı və empirik bir alim olan Bekon ətin qar altında təzə qalıb-qalmayacağı barədə təcrübə apararkən həyatdan köçdü. Əsərlərində Ser Tomas Morun Utopiasına, ya da Kampanellin City of the Sun-ına (Günəş ölkəsi) bənzəyən xəyali və işıqlı bir cəmiyyət təsvir etməyə çox maraq göstərirdi. Ancaq Bekonun yeni cəmiyyətin inşasına yönəlik düşüncələrə qatdığı ən önəmli fikirlər, texnologiyanın bəşəriyyətin rifahında oynayacağı rolla bağlı sezgiləriydi.

Bu tarixdə iqtidar tarazlığını elmin lehinə dəyişən bir-birinə paralel olan iki düşüncə məktəbi ortaya çıxdı. Bruno və Qalileyin düşüncə məktəbi olan birincisi fəlsəfi əsaslara daha yaxın idi, ikinci məktəbsə toplumun yenilənməsində texnologiyanın dəstəyini öncədən təsəvvür edən Ser Frensiz Bekonun düşüncə cizgisi idi. Bekonun nəzəriyyələrinin Volter və Dalamberin aydınlanma inqilabına xeyli ideoloji təsiri oldu, ancaq Fransız İnqilabından sonrakı restavrasiya dönəmi boyunca Bekonun düşüncələri "utopist cəfəngiyyatlar" adıyla damğalanıb, xüsusən De Mestrdan qaynaqlanan hücümlara yenidən məruz qaldı.

On altıncı əsrin ikinci yarısında Avropa, yuxarıda işarə etdiyimiz kimi elmi düşüncənin gəlişməsinə öz tövhəsini verən başqa bir azad ruhun fəaliyyət mərkəzi oldu. Nisbilik və sonsuzluq qavramlarını Cordano Brunoya (1548-1600) borcluyuq. Bruno kainatın üzərlərində həyat təzahür edən çoxlu sayda planet sistemləriylə dolu və sonsuz olduğuna inanırdı. Üstəlik, Bruno mütləq həqiqətin var olmadığını və hər kəsin dünya duyumunun zaman və məkan içərisində işğal etdiyi yerlə məhdudlaşdığını iddia edirdi. Bu düşüncələr modern elm adamının qavramaqda çətinlik çəkməyəcəyi, fəqət o dövr üçün Brunonu Kilsəylə düşmənçiliyə sürükləyəcək iki yeni anlayış idi. Bruno 1591-ci ildə İnkvizasiya tərəfindən həbs olundu, mühakimə edildi və 1600-cü ildə edam edilərək yandırıldı. Bruno Praqada olarkən bu peyğəmbəranə sətirləri yazmışdı:

Nə gördüyüm həqiqətləri gizləməkdən xoşlanıram, nə də bunu açıq şəkildə ifadə etməkdən qorxuram. Qaranlıq və aydınlıq, elm və cəhalət arasında baş verən mübarizəyə hər yerdə qatıldım. Buna görə hər yerdə nifrətlə qarşılandım və cəhalətin ataları olan rəsmi akademiklərlə yan-yana kütbeyin və axmaq çoxluğun da hiddətinə, qəzəbinə hədəf kimi yaşadım.

Azad zehniyyətlər dözümsüzlüklərlə qarşılaşdıqda eyni duyğuları bu gün də paylaşırlar.

Bir nəsil sonra modern düşüncənin ustadı olaraq qəbul edilən və Aydınlanma hərəkatını kökündən təsirləndirən yeni sima Rene Dekart (1596-1650) ortaya çıxdı. Dekart tibb təhsili almışdı, ancaq fizika və riyaziyyat sahələrinə də böyük qatqısı oldu. Kopernik nəzəriyyələrinin tamamilə qəbul edilməsi tərəfdarı olmuş və yerkürəsinin köklərinə dair Yaradılış hekayətiylə bir çox tərəfdən ziddiyyət təşkil edən hipotez ortaya atmışdı. Dekart, dostlarının, "əgər yayımlayarsa həyatını təhlükəyə atmış olar" xəbərdarlığına görə Le Monde: ou le traite de la luimere (Təbiət işığı altında həqiqət arayışı) başlıqlı əsərini gün işığına çıxarmaq üçün uzun illər gözlədi. Bu dönəmdə elm adamları düşüncə mübadiləsi etmək və nəzəriyyələrini qapışdırmaq məqsədilə tez-tez bir arada toplaşırdılar. Dekart Savoyya Hersoğunun xidmətində, Bavaryalı birliklərdə savaşaraq bütün Avropanı gəzmişdi və La Roşel bölgəsində Huqenotların mühasirəsində şəxsən iştirak etmiş qılınc ustasıydı. Bu dövr 1662-ci ildə Kral Akademiyasının və 1666-cı ildə Fransız Kral Elm Akademiyasının quruluşuna şahid oldu. Elmin əsrlərlə qatlanmaq məcburiyyətində qaldığı doqmatik maneələrə qarşı bu "Görünməz Birlik" və beynəlxalq tolerantlıq ruhu bu şəkildə doğulmuş oldu. Krallıq Akademiyasının qurucularından biri olan Tomas Sprat bunları söyləyirdi: "Təbiət fəlsəfəsi parçalanmalara yol açmaz, əksinə, düşüncələrimizin düşmənçilik yaratmadan bir-birindən ayrılmasına imkan yaradar və bir-birinin ziddi, əksi, qarşılığı olan dünyagörüşlərin, daxili savaşa səbəb olmadan hesablaşmalarını dəstəkləyər".

1633-cü ildə Dekart Le Monde: ou le traite de la luimere başlıqlı elmi-fəlsəfi essesini tamamladı. Dekart bu essesində yer kürəsinin hərəkətinə dair Kopernikçi və Qalileyçi düşüncələri, sonsuz kainat qavramını və Yaradılış hekayətlərinə zidd olan bir çox zehni nöqtəni qəbul edirdi. Qalileyin İnkvizasiya tərəfindən məhkum edilməsi barədə xəbərləri eşidəndən sonra əlyazmalarını gizlətdi və bu kitab ancaq onun ölümündən on dörd il sonra yayımlandı. Elm adamları və dini iqtidar arasındakı toqquşmalar hələ də şiddətliydi, hətta Kilsə qadağan olunmuş kitablar arasına Dekartın da bütün əsərlərini daxil etmişdi. Cənazəsinin qalıqları İsveçdən (Kraliça Kristinanın xidmətindəykən kral sarayının və kitabxanasının çox soyuq olması ucbatından xəstələnib öldüyü söylənilir) Fransaya gətirildiyində riyaziyyatçı Yakobi, hər şeyə rəğmən bu böyük adamın canlısından ziyadə cansız qalıqlarına sahib olmağın daha xeyirli olacağını söyləmişdi.

Dekart fizikadan çox riyaziyyata düşkün idi və Discourse sur la methode (Metod haqqında söhbət) adlı çalışması modern elmin doğumunda məhəng daşlardan biridir. Zehni fəaliyyət pazlının müxtəlif parçaları Dekartın cogito ergo sumundan (düşünürəmsə, deməli varam) və riyaziyyatın öncüllüyünə aid şərhlərindən keçərək yavaş-yavaş birləşir və bizi addım-addım modern elmi, fəlsəfi və humanist kültürün formalaşmasına yaxınlaşdırırdı. Bunun qaçılmaz nəticəsi isə elmin kilsə avtoritetliyindən və o dövrdə hələ də güclü olan doqmatik inancların təzyiqindən qurtulmasıydı.

On yeddinci əsrin ikinci yarısında Avropanın digər özgür ruhu Spinoza (1632-1677) Kartezian düşüncəni zirvəyə qaldırır. Həndəsədən və riyaziyyatdan götürdüyü qavramlardan törəmiş təriflərlə yazdığı Etica more geometrico demonstrata (Etika) adlı əsərində dürüst tərzdə düşünməyin bir insanın fikirlərini inkişaf etdirərək onları gerçəkliyin müşahidəsi əsasında tənqidə açıq saxlamaq anlamına gəldiyini müdafiə edirdi. Bunun səbəbi, fəlsəfənin izləyəcəyi yeganə yolun Evklidin irəli sürdüyü riyazi modelin izindən gedəcək yol olmasıydı. Spinoza həm də Kilsənin dövlətə tabe olmalı olduğunu söyləyirdi və Tractatum theologica politicusda (İlahıyyat və Siyasət haqqında traktat) vətəndaşlara heç bir məhdudiyyəti olmayan geniş bir düşüncə azadlığının tanınması gərəktiyini müdafiə edirdi.

Yuxarıda söylədiyimiz kimi modern elmin doğuluşu həm də Kilsənin yenilənməsinə dair aparılan daxili dartışmalarda da önəmli rol oynadı. Bu mənada riyazıyyatçı və fizik olan Blez Paskalı (1623-1662) görməzdən gələ bilmərik. Paskal Yansençilər və İezuitlər ilə birgə Por Royal des Şan Monastrını maraqlandıran dartışmalarda tərəfkeş oldu. İpr Yepiskopu Yansen (1585-1638) Əziz Avqustin haqqında yazdığı kitabda Xristian kilsəsinin yerli iearxiyalarının formalizmini və qatılığını tənqid edərək dini düşüncənin özgür olduğunu müdafiə etmişdi. Beləcə, Yansençilər dini avtoritarizmin xidmətində olan və məsuliyyətsizlikdə, fürsətçillikdə günahlandırdıqları İezuitlərə qarşı düşüncə azadlığını qorumağa hazır oldular. Yansençilər Por Royal Monastrını dini reformun ən canlı və açıq görüşlü mərkəzlərindən biri vəziyyətinə gətirdilər. Onlar yeni elmi düşüncələrə açıq idilər və Kartezian məntiqini mənimsəmişdilər. Paskalın Düşüncələr adlı çalışmasında qeyd etdiyi kimi, Kardinal Mazarin və Kardinal Rişelye yetərincə katolik və kralçı hesab etmədikləri bu yenilikçi və azad düşüncəli insanların toplandığı mərkəzə qarşı çıxdılar. İezuit natiqlərindən güclü şəkildə təsirlənən və Protestantları qılıncdan keçirməsiylə məşhur olan 14-cü Ludovik bu qədim rahibə monastrını dağıdıb yıxdı, məzarları silib-süpürdü və məkanı darmadağın etdi. Buna rəğmən Yansençilik ruhu Paskalın əsərlərində yaşamağa davam etdi. Paskal o dönəmdə son dərəcə yayğın olan esprit geometriqueni rədd etdi və Dekartın əksinə, zəhmətli riyazi düşüncənin təcrübələrin təsvirində istifadə olunacağını, fəqət nəticələrin əvvəlcədən bilinməyəcəyini irəli sürdü və beləliklə riyaziyyatın, Dekartın bir yana qoyduğu tam ədədlər nəzəriyyəsi və yeni sonsuz parçacıqlar anlayışı kimi sirli sərhədlərinin kəşfinə çıxdı. Paskalın düşüncələri və sezgiləri inanılmaz dərəcədə moderndir. Məsələn, Popperin yanlışlama nəzəriyyəsini əvvəlcədən analiz etdiyi De Lesprit geometrique (Həndəsi əsaslar haqqında) adlı kitabının bəzi bölümləri buna sübutdur.

Kopernik, Qaliley, Bruno, Dekart və bu tarixi dönəmin bütün böyük mütəfəkkirlərinin bir araya gəlməsiylə, modern bir cəmiyyətin köklərini yaradan böyük freska, parçalarını birləşdirərək tamamlanır. Elm bu mərhələdən etibarən mədəniyyətimizin və bəşəri qürurumuzun təməl dəyərinə çevrildi.

Modern elmin doğuluşu və iqtidarla olan münasibəti haqqında yazmağa çalışdığımız bu qısa məzmunu, Qalileyin öldüyü ildə doğulan İsaak Nyutonun (1642-1727) elm tarixində oynadığı rolu xatırlatmadan bitirə bilmərik. Nyuton hələ gənc olarkən, optika və riyaziyyat sahəsində böyük maraq oyandıran tezis irəli sürdükdən sonra Kembricdə kürsü başqanlığı vəzifəsinə layiq görülmüşdü. Planetlərin elliptik orbitlərinə dair riyazi izahlar və Günəş ilə planetlərin kütlələrinin hesablanmasında irəli sürdüyü çözümlərlə birlikdə yeni kosmoloji nəzəriyyələrə aparan yolu sonsuzadək açmışdı. Nyutonun qurduğu riyazi sistem insan ağlının o günədək gerçəkləşdirdiyi ən heyrətamiz zehni bəhər oldu. Bu elmin inkişafı baxımından olduqca pozitiv bir dövr idi. İezuitlərin dəstəklədiyi və 14-cü Ludovikin dostu olan 2-ci Ceymsin İngiltərə taxtından uzaqlaşdırılıb yerinə liberal dünyagörüşlü Oranlı Vilhelmin keçməsiylə (1688-ci il) yeni kosmoloji nəzəriyyə tədricən qəbul edilməyə başladı.

İngiltərədə "Şanlı İnqilab" adıyla xatırlanan və kral ilə xalq arasında yeni anlaşmanın (İnsan Hüquqları haqqında vəsatət) damğasını daşıyan bir dövr həm də informasiya azadlığının doğuşuna və işgəncəylə mühakimə edilmənin ləvğ olunmasına şahid oldu. Nyuton yeni dövlətin qurulmasında iştirak etdi və Kembric Parlamentinin nümayəndəsi oldu. Nyuton eyni zamanda Kral Akademiyasının katibi və Kral Zərbxanasının müfəttişi vəzifələrində də çalışdı.

Bu mənada xeyli sayda zərərçəkənin bədəlini ödədiyi elm və dini doqmalar arasında baş verən toqquşmaların bu dönəmdə nəhayət ki, həll yoluna qovuşduğunu söyləyə bilərik. Elm nəhayət bütün zəncirlərindən qurtulmuş, dünyəvi və dini iqtidarın hakimiyyətindən çıxıb müstəqil olmuşdu. Eyni zamanda modern elmin doğuşuyla birgə düşüncə özgürlüyünün də yayılmağa başladığı çağa qədəm qoyuldu. Əlbəttə, düşüncə azadlığı üçün girişilən savaş tam halda zəfər qazana bilmədi. Gələcəkdə avtoritar rejimlər ideologiyalarına qarşı dirənən elm adamları arasından xeyli sayda qurban seçəcəkdilər özlərinə. Ancaq elmin yoluna dikilən dini inancın gücü kifayət qədər pozulub zəifləmişdi və daha heç bir zaman öz əngəlləyici potensialını əvvəlki kimi, yenidən və bütöv şəkildə əldə edə bilmədi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.