Maraqlı

Yuxugörmə: növləri və sirləri

16 Mart 2019 21:50
0 Şərh     Baxış: 3 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yuxugörmə həmişə insanlara heyrətamiz gəlib. Beynimiz bizimlə oyunmu oynayır, yoxsa yatarkən ruhumuz bədənimizdən çıxıb sərbəstləşirmi? Bu suallar illərdir insanları maraqlandırır.

Bir çox mənbə hələ də iddia edir ki, yuxuda olarkən doğurdan da insan ruhu bədəndən ayrılır. Tibb isə bütün bu vəziyyəti beyin prosesləri ilə izah edir. Yuxugörmənin ən böyük sirri də budur ki, bir neçə saniyə ərzində çox uzun sürən və bir-birini əvəz edən hadisələri görə bilirik. Bəs yuxuda olarkən oradakı zaman anlayışı necə hesablanır? 1-2 saniyə ərzində bu qədər hadisəni necə görə bilirik? Özü də nəinki görə, hətta içində olduğumuz hadisəni bütün duyğuları ilə yaşayırıq. Bəs bu necə ola bilər?

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, alimlər bu sualların cavabını verməyə çalışıblar. Məsələn, bəzi mənbələr bildirir ki, insan vücudu günün sonunda yorğun olur və daxili orqanlar, əsas da beyin tamamilə zəifləyir. Və insan tam dərin yuxuya keçmədən yuxugörmə baş verir, bu isə düşüncələrimizin sintezidir. Aparılan araşdırmalara görə, görülən yuxuların çoxu unudulur, sadəcə bizə güclü təsir edənlər yadımızda qalır.

Bəzi alimlər isə bildirirlər ki, yuxugörmələr şüuraltı prosesin nəticəsidir. Belə ki, beynimizdə arxa planda qalan hadisələr özünü göstərir və s.

Məşhur psixoloq, eyni zamanda yuxu şərhçisi olan Ziqmund Freyd yuxugörmə barəsində "Röyalar gündəlik həyat qayğıları ilə basdırılan şüuraltı istəklərimizin üzə çıxmasıdır" deyib. Freydə görə, bizim hansı istəklərimizi basdırdığımızdan xəbərimiz olmaya bilər, buna görə də yuxuda gördüyümüz simvolların mahiyyətini tapmaq və bunu izah etmək çox önəmli məsələdir.

Araşdırmalara görə, insan tamamilə yorulub əldən düşmədiyi günlərdə 4-7 yuxu görə bilər. Amma ola bilər ki, biz bunların heç birini də xatırlamayaq. Bəzən insanlar gördüyü yuxunu unudur, sonra isə həmin yuxuda baş verən hadisəyə oxşar bir halla rastlaşanda onu "mən bunu haradan xatırlayıram", - deyir. Bu isə narahatlıq yaradır.

Alimlərin qeydinə görə, yuxunun bir neçə növü var: 

1. Sadə yuxular. İnsanlar gün ərzində və ya elə yatmazdan əvvəl yaşanan hadisədən təsirlənərək yuxu görür. Bunlar sadə yuxulardır.

2. Həqiqi yuxular. Bəzi insanlar yuxuda gördüyü hadisələrlə həyatda mütləq rastlaşır. Yuxu şərhçiləri deyirlər ki, bu insanlar daha diqqətli olmalı və yuxularını yaxşı dəyərləndirməlidirlər.

3. Gözəl yuxular. Yuxularda uçmaq və üzmək gözəl röyalara nümunə olaraq çəkilir. Bildirildiyinə görə, bu cür yuxular, adətən, səhərə yaxın görülür.

4. Təkrarlanan yuxular. Bu növ yuxularda insan təkrar olaraq eyni hadisəni görür, eyni insanlarla söhbət edir və s. Çox vaxt bu yuxulardakı yerlər və insanlar tamamilə yad olurlar. Ancaq yuxunu görən şəxsə nədənsə elə gəlir ki, oraları tanıyır. Alimlər deyirlər ki, təkrarlanan yuxular, adətən, o zaman ortaya çıxır ki, insanlar xoşbəxt anları zehinlərində dayanmadan düşünürlər.

5. Yuxu içində yuxugörmə. Bəzi hallarda yuxunun içində belə yuxu görə bilirik. Şərhçilər deyirlər ki, bu cür hallarda diqqətli olmaq lazımdır, çünki bunların gerçək olması ehtimalları çox yüksəkdir.

6. Kabuslar. İnsanlar gördükləri yuxudan çox qorxurlar, hətta dəhşətə gələ bilirlər. Bunlara kabus deyilir. Bildirildiyinə görə, bu cür vəziyyət təkrarlanarsa, insan mütləq həkimə müraciət etməlidir, çünki beyində hansısa proses pozğunluğunun olması ehtimalı yaranır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.