Maraqlı

14 fevral Sevgililər Günü manifesti: Uzaq dur, eşq!

14 Fevral 2019 21:08
1 Şərh     Baxış: 2 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adətən, eşq sevginin çata bildiyi ən uca mərtəbə hesab olunur. İddia edilir ki, eşq olmasa, həyatdan zövq almaq mümkün olmaz. Ətrafınızda hara baxsanız, onun cazibəsinin izlərini görərsiniz, həm də təkcə Sevgililər günündə yox.

Məsələn, toy mərasimi. Orta səviyyəli bir toyun xərcləri sürətlə artmaqdadır. İngiltərədə bu xərc artıq 20 min funt-sterlinqi keçib. Sanki insanlar sevgilərini maddiyyatla qiymətə mindirməyə çalışırlar. Ya da romantik komediya filmlərinin nə qədər populyar olduğunu yada salaq. Doğru formulunu tapa bilsəniz və filmin sonunda sevgililər bir-birilərini qucaqlasalar, yüz milyonlarla dollarlıq gəlir götürə bilərsiniz.

İqtisadi problemlərin heç təsir etmədiyi tanışlıq saytı da sizə böyük qazanc gətirə bilər - bu, sürətlə inkişaf edən, demək olar ki, hər gün yeni proqramlar tətbiq olunan bir biznes sahəsidir.

"Eşqin gözü kor olar" deyiblər. Əslində, gözümüz şişirdilmiş sevgi nağıllarıyla kor edilir desək, daha doğru olar. Bu baxımdan mən romantika əfsanəsini münasibətlərə ziyan vuran ən böyük problem hesab edirəm. Bu əfsanəyə görə, hardasa bir yerdə həyatınızı bütövləşdirəcək bir insan var; onsuz həyatınız yarımçıq qalır. Əsas hədəflərdən biri həmin şəxsi tapıb ona vurulmaq, onunla birləşib iki ayrı insandan bir insan yaratmaqdır.

Hiper-romantizm bitəndən sonrakı xoşbəxtlik

İnanmaq çətindir, amma bu bir gerçəkdir ki, hiper-romantizm anlayışı "xoşbəxtliyi bir-birində tapmaq" tezisiylə cütlüklər üzərində böyük təzyiq formalaşdırır və nəticə etibarilə münasibətləri möhkəmlətmək əvəzinə korlayır. Bu, cəmiyyət üçün də yorucudur.

Çünki eşqi "bəslənib böyüdələcək" deyil, "tapılacaq" bir şey olaraq təqdim etdiyinə görə toplum onu ideallaşdırır. Amma eşq hərəsinin öz qüsurları olan iki müxtəlif insanın enişli-yoxuşlu yollarla birlikdə ərsəyə gətirməli olduğu "məhsuldur".

İnsanların böyük qisminin inamsızlığından da göründüyü kimi, eşqin mif olması fikri çox populyardır. Onlar sevginin real həyatda yox, sadəcə romantik film və romanlarda, bir də tanışlıq saytlarındakı yazışmalarda mövcud olduğunu düşünürlər.

Amma bir çoxlarını rəngli jurnallara, filmərə və internetə cəlb edən də bu mif deyilmi? Son illərdə Google-da ən çox "Eşq nədir?" sualına cavab axtarılmasından da göründüyü kimi, biz zərərli miflərə inanmadığımızı düşündükcə, onların bizim üzərimizdəki təsiri artır.

boşanma

Boşanmaları artıran həm də romantizmdirmi?

Təəccüblü də olsa, faktdır: hiper-romantizmdən vaz keçilərək qurulan ikinci evliliklər daha uğurlu olur. Bir araşdırmanın nəticəsinə görə, bunun üçün 3 vacib şərt daha var: cütlüklərin bir-birini anlaması, cəmiyyətin dəstəyi və iqtisadi sabitlik.

Həyatdan aldıqları dərslər hesabına bu cütlüklər üzləşdikləri çətinliklər barədə daha açıq danışa bilir; təkcə partnyorlarının yox, ailələrinin və dostlarının da sevgisindən güc alır; iqtisadi baxımdan özlərini daha inamlı hiss edirlər.

Məsələnin ən pis tərəfi budur ki, romantizm daha çox ölümlə əlaqələndirilir. Romeo və Culyettanı xatırlayın. Sanki onların hekayəsi düşünüb-daşınmadan, tələsik evlənmək lazım olduğunu - həqiqi, ehtiraslı və bəxtsiz eşqin ancaq bu şəkildə yaşana biləcəyini öyrədir.

Amma onu da unutmaq olmaz ki, Shakespeare (Şekspir) hekayəni faciə olaraq təqdim edib. Çünki yazıçı bu gerçəyi anlamışdı - romantizmin iti "caynaqları" aşiqlərin ürəyini ələ keçirəndə faciə qaçılmaz olur.

Tək yaşayanların sayı artır

Zamanla daha çox insanın romantizmdən imtina etdiyini görmək mümkündür. Statistik məlumatlar göstərir ki, ailə qurmayanların sayı ötən əsrin sonlarından etibarən 50% artıb.

Təkliyi seçənlərin bəziləri subay olduqlarına görə özlərini azad hiss etdiklərini, başqa münasibətlərə, məsələn, dostluqlara daha çox vaxt ayıra bildiklərini deyirlər. Adətən, onlar azadlığa və dostluğa qısqanclıqla, şübhəylə yanaşaraq bir-birindən başqa hər şeyi inkar üdən cütlük olma halının despotizmini yaşamış adamlardır.

love sevgi

Nə üçün romantizm eşqi məhv edən səbəbə çevrildi?

Mənə elə gəlir ki, şiddətli aşiq olmaq istəyi eşqin başqalarına duyulan bir hiss olması gerçəyini kölgədə qoydu. Romantizm əfsanəsi insanları bir-birinə deyil, eşqə aşiq etdi. Bu yanlış eşq anlayışı bizə təlqin etdi ki, əsas məsələ aşiq olmaqdır, kimə vurulmağımızın heç bir fərqi yoxdur.

Amma romantizmə bağlılığın mənəvi tərəfi də var. Filosof Simon May hesab edir ki, Qərbdə insanların bir çoxu tanrıdan artıq heç nə gözləməsələr də, onun "təklif etdiyi" şərtsiz-təmənnasız sevgi üçün darıxırlar.

Tanrı yoxdursa, biz təmənnasız sevgini insanlardan gözləyir, onları tanrılaşdırırıq. Təbii ki, bir gün onlar bizi xəyal qırıqlığına uğradırlar və sevgi nifrətə çevrilir. O ölçüsüz pərəstiş eşqi məhv edir. "Hamı sevdiyi şeyi öldürür" - Oscar Wilde (Oskar Vayld) belə deyirdi. Amma psixoloq Erich Fromm (Erik From) sevmək sənətini "eşqə düşmək"dən (falling in love) "eşqlə yaşama"ğa (standing in love) keçməyi bacarmaq kimi tərif edirdi.

Romantizmdəki "eşqə düşmə" kiməsə sahib olmaqdan və/və ya kiməsə aid olmaqdan yaranan başgicəllənmədir. Amma bu vəziyyət uzun çəkmir. Çünki bir əşya kimi birinə aid olmaq insanın öz həyatını yox edir. Bu zaman eşqin bitməsi hissinə qapılma riski yaranır, çünki romantizmin əfsanəsinə görə, eşqin yeganə əlaməti alovlu hisslərdir.

Halbuki "eşqlə yaşamaq" sevdiyinlə bərabərkən azad ola bilmək bacarığıdır. Bu, çox gözəl hissdir, çünki həyatla harmoniyadadır, daha incə xüsusiyyətlərin: bağlılıq və səxavətliliyin, dürüstlük və açıqlığın önə çıxmasına şərait yaradırdır.

Yeni bir Sevgililər günündə yaralarımıza məlhəm olacaq ən yaxşı dərman eşqlə yaşamaqdır.

(*)Yazıçı və filosof. Yoldaşlıq və şəxsi həyat mövzularında yazır. "Lav: All That Matters" (Məhəbbət: Yeganə Vacib Şey) kitabının müəllifi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.