Maraqlı

Burulğanlı dünya dənizindən sahilə çıxmağın yeganə vasitəsi

12 Fevral 2019 21:45
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Əyyami-Fatimə (s.ə) günlərini yaşamaqdayıq. Bu günlər İslam tarixinin ən hüznlü, ən kədərli və ən ibrətamiz günləridir. Bu günlərdə Həzrət Zəhra (s.ə) haqq dünyasına səfər edərək, ümməti yetim qoymuşdur.

Nəql edirlər ki, İmam Əli (ə) Həzrət Fatiməni (s.ə) torpağa tapşırarkən buyurmuşdur: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti - belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram.

Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur - (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək.

Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi.

Salam olsun sizə, bezikmək deyil, vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil. Əgər qalsam, bu, Allahın səbir edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil".

Həzrət Fatimə (s.ə) irsi

Bəli, belə bir kədər dolu günlərdə yaşayırıq. Həzrət Fatiməni (s.ə) anarkən, onun ideallarına diqqət etmək düzgün olardı. Burada Həzrət Fatimənin (s.ə) irsini yada salmaq gərəkdir. Bu irsdən söz düşərkən, ilk növbədə göz önünə hicab gəlir. Zaman-zaman basqılara məruz qalan hicab...

Həzrət Fatimə (s.ə) - bir kamil insan nümunəsidir. Onun qısa, lakin başdan-başa məna ilə dolu olan həyatının hər anı Allaha Təalaya xidmətdən ibarətdir.

Həzrət Fatimənin (s.ə) insanlara vəsiyyət etdiyi ən mühüm dəyər - təqvadır. Təqva mövzusunda dinimizin çoxlu əməli göstərişləri vardır. Bununla əlaqəli Məsumlardan (ə) nəql edilən hədislərə nəzər salaq.

Həzrət İmam Musa Kazım (ə) cənab Loğmandan (ə) oğluna dediyi bir mövzunu nəql edir. Həzrət Loğman (ə) oğluna buyurur: "Dünya - dərin dənizə bənzər. Çox insanlar onda qərq olublar. Buna görə də, xilas olmaq üçün sənin bu dənizdə mindiyin gəmin gərək İlahi təqva, onun yükü - iman, yelkəni - təvəkkül, idarə edəni - ağıl, yol göstərəni - elm və sükanı da səbir olsun".

Həzrət Loğmanın (ə) bu mübarək buyuruşuna diqqət etsək, bir neçə incə mətləblərə varmış olarıq.

Dünya elə bir dəniz kimidir ki, özündə çoxlarını qərq edib

Birincisi, dünyanın dərin dənizə bənzədilməsi məsələsidir. Yəni, dünya bir dərin dəniz kimidir. Dayaz deyil, səthi deyil - dərindir. Burada bir məsələ çıxır ki, insan özünü dərin dənizdə necə aparmalıdır? Necə ki, insan dərin dənizdə hazırlıqsız olmayır, eləcə də dünyada necə gəldi mövcud olması düzgün deyil.

Həzrət Loğman (ə) bizlərə öyrədir ki, dünya - dərin bir dəniz kimidir. Özü də bu dəniz o qədər dərindir ki, çox insanlar orada qərq olublar. Çoxlu sayda insanlar həmin dənizdə məhv olub, aradan gedib. Bu dərin dənizdə baş çıxarmaq çox çətindir. Qərq olanlar o kəslərdir ki, lazımi davranışları olmadığından həmin dənizdə qərq olublar. Dünya bax, belə bir yerdir. Çox dərin yerdir, burada burulğanlar olur, çoxlu keşməkeşlər olur. Bura - sadə və səthi bir yer deyil. İnsanın bu dünya üçün hazırlığı olmalıdır.

Təqvadan başqa bütün miniklər bizi dərin okeanda yalqız qoyacaq

Bəli, çoxları bu dünyada bədbəxt olublar. Dünyanın belə bir çətinliklərə malik olduğunu bilən təqdirdə, istəyirik ki, bu burulğanlarda məhv olmayaq. İstəyirik ki, bu dünyada xilas olaq. Bunun üçün uyğun miniyimiz, gəmimiz olmalıdır. Həzrət Loğman (ə) bizlərə dənizin dərinliklərində batmamağımız, üzərində hərəkət edə bilməyimiz və salamat şəkildə sahilə gedib çıxmamız üçün ən yaxşı miniyin - İlahi təqva olduğunu çatdırır. Yəni, bizlər Allahın istəyinə uyğun yaşamalı, Allahın rizası olmayan məsələlərdən uzaq olmayıyıq. Təqva - budur. Təqva budur ki, Allah istəyən kimi baxasan, Allah istəyən kimi danışasan, Onun istədiyi kimi davranasanvə bu kimi. Və eyni zamanda Allahın istəmədiklərindən də çəkinəsən.

Bu, hər məsələyə - istər fərdi həyatımıza, istər ictimai həyatımıza, ailə həyatımıza, iqtisadi həyatımıza - hər bir işimizə aiddir. Əgər biz təqvanı özümüz üçün minik seçsək - fərdi, ailə, ictimai, iqtisadi həyatımızda gedib sahilə çıxa biləcəyik. Lakin, əgər onu minik seçməsək, boğulub məhv olacağıq.

Əgər istəyiriksə həyatımızın bütün sahələrində nicat tapaq və sahilə gedib çıxa bilək, gərək miniyimiz təqva olsun. Bundan başqa etibarlı minik yoxdur. Yediyimizdə təqva, içdiyimizdə təqva, oxuduğumuzda təqva, baxdığımızda təqva, dostluğumuzda, qonşuluğumuzda təqva və s. Əgər miniyimiz bu olmasa, bizi suda qoyacaq. Bu dərin, burulğanlara malik olan dünyadan xilas olmaq üçün, gərək öz mövcudiyyətimizi təqva mövzusu ilə uyğunlaşdıraq.

İman yükü olmayan gəmi sahilə çata bilməyəcək

İkinci məsələ budur ki, gərək həmin gəminin yükü olsun. Əgər o yük olmasa, biz bir yerə gedib çıxa bilmərik və minikdən də doğru-dürüst istifadə edə bilmərik. Bu yük - imandır. İmanımız nə qədər inkişaf edərsə və nə qədər artarsa, bizim sahilə gedib çıxmamız üçün bir o qədər yardımçı olar. Biri var, insanın imanı bu həddə olar ki, deyər: "Bilirəm, Allah var" və bununla bitər. Biri var, imanı bir həddədir ki, deyər: "Düzdür, namaz vacibdir, amma yəqin ki, qılmasan da olar". Təbii ki, belə iman yetərli deyil. Az imanla insan gedib sahilə çıxa bilməz. Elə bir burulğanlar meydana gəlib çıxar ki, orada lazım olduğu kimi davrana bilməz. Ona görə də insan gəminin yükünə, yəni öz imanına xüsusi diqqət etməlidir.

Bütün işlər görüldükdən sonra, özünü Allahın tofiqatına təhvil ver

Bir mühüm məsələni də Həzrət Loğman (ə) bizə öyrədir ki, bu da təvəkküldür. Gərək gəminin yelkəni təvəkkül olsun. Yəni, insan ondan asılı olanı edəndən sonra, bacardıqlarını gördükdən sonra, gərək özünü Allahın tofiqat küləyinə təhvil versin. Bütün görülməlilər olduqdan sonra, gərək insan özünü Allahın xüsusi inayətlərinə təhvil versin. Bəndə olaraq, nə mümkündür etdikdən sonra, gərək bu küləyə təhvil verəsən işlərini. Bundan sonra külək gəmini hansı istiqamətə aparacaqsa - səndən deyil, ondan asılıdır. Gərək insan özünü Allaha təslim etsin. İnsan ondan asılı olanları yerinə yetirdikdən sonra, özünü mənəvi, nurani küləklərin ixtiyarına buraxmalıdır.

Digər məsələ gəmini idarə edənlə bağlıdır. Həzrət Loğman (ə) bizlərə çatdırır ki, həmin gəminin idarə edəni, kapitanı - ağıldır. Əqlani rəftar etməlisən. İnsanın hərəkətləri ağlabatan olmalıdır. Həyatın bütün sahələrində hərəkətlərimizin tədbirliliyi ağıla söykənməlidir. Əql - idarə edəndir. Əql olmayan bir yerdə İslam yoxdur. Bir işlərdə, bir davranışlarda ki, orada əql yoxdur - orada İslam yoxdur. İslam bizə fərdi, ailə, ictimai, iqtisadi işlərimizi görərkən əqlə söykənməyi öyrədir. Dünyada bizim işlərimizi başında əql dayanmalıdır. Əqllə uzlaşmayan işlərin İslama aidiyyəti yoxdur. İşlər əqlə uyğun olmalıdır.

"Emosional durumum belədir", "hisslərim coşub", "ürəyim belə istəyir" kimi məsələlərin İslama aidiyyəti yoxdur. İslam deyir ki, işlərin idarəsi əqlə söykənməlidir. İnsan çalışmalıdır özünü elə aparsın ki, bir gün, bir həftə, bir ay, bir il sonra da, on il sonra da deməsin ki, o zaman bir qədər emosional idim və bunu etdim. İşlərin əqlani yükü olmalıdır. Əqlani görülən işlərə görə insan sonradan peşman olmaz. Beləliklə, bu dünyanın dərin burulğanlarının içində təqva miniyinə minərkən, imanla yüklənərkən, mənəvi küləklərə təvəkkül edərkən - tədbirliliyi də ağıl üzərində qurmalıyıq.

Elmsiz sürət insanı hədəfdən xeyli uzaqlaşdıra bilər

Bəs gəminin yol göstərəni, kompası, xəritəsi nədir? Həzrət Loğman (ə) bizə öyrədir ki, bu, elmdir. Əgər insan bir işi yalnız beyninə təsadüfən gələnlə deyil, seçimlə, iradə ilə görmək istəyirsə, gərək bu işin görülməsi bilgiyə, elmə söykənsin. Yaxşı miniklə sürətlə gedirsən, heç bir problem də yoxdur. Amma yol ayrıcına çatanda hansı tərəfə dönəcəyini bilmirsən. Sürətlə sağa getsən, bir də görərsən ki, səhv yolla getmisən və o sürət əslində nə qədər çox olubsa, bir o qədər sənin ziyanına işləyib.

Amma, yolu bilən, sağa lazımdısa - o istiqamətə, sola lazımdırsa da həmin istiqamətə gedir və hədəfə çatır. Deməli, bilgisi olmayanın sürəti nə qədər böyükdürsə, hədəfdən bir o qədər uzaqlaşa bilər. İnsanın məlumatlılığı, bilgiliyi çox önəmlidir. Elmsiz hərəkətlərin İslama aidiyyəti yoxdur. Düşüncəsiz hərəkətlərin İslama heç bir aiddiyyəti yoxdur. Əgər İslami həyat yaşamaq istəyiriksə, gərək bütün hərəkətlərimiz elmə söykənsin. Yoxsa bu dərin, ucu-bucağı bilinməyən dənizdə yolu itirəcəyik.

Həzrət Loğman (ə) həmin gəminin bir çalarını da açıqlayır. Buyurur ki, gərək həmin gəminin sükanı səbir olsun. Belə olmamalıdır ki, səni hansı tərəfə istəsələr, apara bilsinlər. Səbirlə baxmaq lazımdır ki, miniyin mahiyyəti haraya uyğundursa, o tərəfə də hərəkət edəsən. Miniyin mahiyyəti təqvadırsa, deməli gəmi Allahın rizası olan yerə sürüləcək.

İslam tarixi Peyğəmbər (ə) ailəsinin müsibətini yaşayıb

Əyyami-Fatimə (s.ə) günlərinə qayıdaq. Süleym ibni Qeysdən nəql olunur ki, "Xilafətin bir dönəmi idi və o dönəmdə işçilərin maaşını iki dəfə azaltmışdılar. Bu baş verən zaman Qunfuzun (lən) maaşını bütövlükdə ödədilər. Gördüm Əmirəlmöminin Həzrət Əli (ə) Peyğəmbər (s) məscidinə daxil oldu və orada bir küncdə əyləşmiş müsəlmanlar Həzrət Əmirəlmöminindən (ə) bunun səbəbini soruşdular ki, bəs nəyə görə belə rəftar ediblər, Qunfuzun (lən) maaşını tam ödəyiblər, amma qalanların maaşını azaldıblar.

Həzrət Əli (ə) ətrafına baxıb gözlərindən yaş axıdaraq, buyurdu: "Qunfuzun (lən) pulunu ona görə kəsmədilər ki, ona bu yolla təşəkkürlərini bildirdilər. Çünki onun Həzrət Fatiməyə (s.ə) vurduğu qamçının izləri Həzrət Zəhranın (s.ə) vəfat edənə qədər qolunda qolbaq kimi qaralmış halda qalmaqda idi". Yəni, Əhli-Beyt (ə) davamçıları bunun fərqində olmalıdırlar ki, İslam tarixində belə bir müsibətli dövrlər olub. Bir vaxt olub ki, Həzrət Əmirəlmöminin (ə) bütün bunların dərdlərini, müsibətlərinin ağırlığını öz üzərində daşıyıb.

Allahdan istəyimiz budur ki, dünyanın bu çətin və imtahanlı durumunda miniklərimizi təqva, yüklərimizi iman, yelkənlərimizi təvəkkül, tədbirliliyimizi ağıl, yol göstərənimizi elm, sükanlarımızı isə gerçək səbir qərar versin.

Həzrət Fatimənin (s.ə) həyatında Qurani-Kərim

Qurani-Kərim Böyük Peyğəmbərimizin (s) canlı möcüzəsi, cavidan bir kitabdır ki, Peyğəmbərimizin (s) vəfatından sonra belə, yenə də möcüzə olaraq qalır. Allah Təala bu kitabı həyatımızın hidayət kitabı elan etmişdir. Belə ki, Allah buyurur: "Həqiqətən bu Quran (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir".("İsra" surəsi 9).

Quranın həyatımızdakı mühüm roluna və Peyğəmbərimizin (s), Məsum İmamların (ə) və İlahi övliyaların Quran ayələrindən bəhrələnməyimiz üçün verdikləri tövsiyələrə diqqət edək. Peyğəmbərimiz (s) "Səqəleyn" həidisində buyurur: "Mən sizi tərk edirəm, halbuki sizin aranızda iki qiymətli şeyi qoyub gedirəm. Əgər bu ikisinə söykənsəniz, yolunuzu azmazsınız: Allahın kitabı və Əhli-Beytim".

Peyğəmbərimizin (s) bu vəsiyyətinə uyğun olaraq, Həzrət Fatimə (s.ə) öz məşhur xütbəsində mühacir və ənsarlara xitab edərək, buyurmuşdur: "Agah olun ki, Allahın Peyğəmbəri (s) qiymətli və böyük bir əmanəti, yəni səma kitabı olan Quranı sizə əmanət qoyub getmişdir. O, səadət və təkamülün kamil nüsxəsidir. Allahın nuru və bürhanı, Böyük Allahın gücü, hüccət və İlahi qanunlar məcmuəsi bu Kitabda aydın verilmişdir. Əgər onun hökmlərinə əməl etsəniz, səadət və təkamülün son həddinə çatarsınız. Zəlalət və cəhalətin zülmətindən nicat taparsınız. Bu, elə bir təkamüldür ki, başqalarının həsədinə səbəb olar".

Həzrət Zəhra (s.ə) elə bir ailədə böyümüşdü ki, bu ev Quranın nazil olma yeri idi. Həzrət Zəhra (s.ə) vəhy ab-havasında böyüyüb, boya-başa çatmışdı.

Həzrət Zəhra (s.ə) da Quranla yaxından ünsiyyətdə idi. Səlman nəql edir: "Allahın Rəsulu (s) məni iş görmək üçün Fatimənin (s.ə) evinə yolladı, evin qapısına yaxınlaşanda evin içində Quran tilavət edən Fatimənin (s.ə) səsini eşitdim".

Səlman başqa bir hədisdə deyir: "Zəhranın (s.ə) evinə daxil oldum, gördüm ki, öz işi ilə məşğul ola-ola, Quran oxuyur".

Həzrət Fatimə (s.ə) buyurur: "Sizin dünyanızdan üç şey mənim üçün sevimlidir: Quranı tilavət etmək, Rəsulallahın (s) simasına baxmaq və Allah yolunda infaq etmək".

Allah Təala bizləri Həzrət Zəhranın (s.ə) yolunu tanıyıb, bu yolla gedənlərdən qərar versin! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.