Maraqlı

Meymunların qiyamı: onlar bizi qul edəcək?

26 İyul 2011 08:00
Baxış: 3 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mümkün qədər çox tamaşaçının baxması və filmin populyar olması üçün ssenaridə vəhşətli səhnələri artıran, amerikalıların "horror suspense" dedikləri motivlərin dozasını artıran və lentlərdə bəşəriyyətin müxtəlif təhlükələrlə üzləşməsindən bəhs edən ssenaristlərin yeganə məqsədi puldur. Onlar iri studiyaların gəlirlərini çoxaltmalı, filmin baxımlı olmasına çalışmalıdır və təbii ki, bunun üçün də ssenarini maraqlı etməlidirlər.

Belə filmlərdə Yer kürəsi ən çeşidli təhlükələrlə qarşılaşır. Asteroid gəlir və o, planeti tam məhv edə bilər, ya da Yerin harasındasa vulkan püskürür, sunami başlayır və bütün insanlar məhv astanasında qalır. Yaxud da yadplanetlilər Yerə hücum çəkir, şəhərləri alt-üst edir, insanları qırır və yalnız bir qəhrəman - təbii ki, amerikalı - bəşəriyyəti xilas edir...

Okeanın o tayında çəkilmiş və çəkilən filmləri təhlil etmək, bundan sonra çəkiləcək filmlərin məzmunlarını qismən də olsa, təxminləmək niyyətində deyilik. Sadəcə, yazaq ki, həmin filmlərdən bəziləri sırf kommersiya məqsədilə hazırlanmış məhsul yox, həm də alimlərin müəyyən əndişələrini əks etdirən lentlərdir.

Belə filmlər arasında yetərincə maraqlı ssenari ilə yanaşı, antiutopiyası ilə fərqlənəni "Meymunlar planeti" kinosaqasıdır.

Fransız yazıçı Pyer Bulun "Meymunlar planeti" (La Planète des singes) romanı əsasında çəkilmiş həmin lentdə Yerdən çox uzaqda, Orion bürcündə bir planetdə meymunların üsyan etməsi və insanları kölə halına salmasından bəhs olunur.

Meymunların sivilizasiya yaratdıqları həmin planetdə insanlar mağara dövrünün adamları təki qəbilələr və dəstələr halında yaşayır, ov etmək və ot-ələf toplayıb yeməklə ömür sürürlər.
Meymunlar isə onları tələyə salır, tutur, sonra tibbi və elmi sınaqlarda istifadə edir, ya da qəfəslərə salıb zooloji parklarda balaca meymunların əylənməsi üçün saxlayırlar.

O planetdə hər şey tərsinədir: insanlar meymunların, meymunlar da insanların yerini tutublar.
Bulun 1963-cü ildə yazdığı roman, əsl antiutopiyadır və əslində, hamımıza xəbərdarlıq kimi də qəbul edilə bilər.

Orion bürcündəki Betelgeyze ulduzu ətrafında dövrə vuran Sorora planetindəki hadisələr Yerdə də təkrarlana bilər.

Bu, antiutopiya yox, acı həqiqət və fəlakətli proqnoz sayıla bilər.

Amerikalı kinorejissor Franklin Şeffner 1968-ci ildə "Meymunlarn planeti"ni çəkəndə də insanlara mesaj vermək istədiyini deyirdi.

"Vaxt gələcək və insanlar meymunların əsarətində, onların kontrolu altında olan məxluqlara çevriləcəklər?! Təbii, buna indi inanmaq çətindir, daha doğrusu, mümkün deyil. Fəqət, hadisələrin inkişaf məcrası və ən başlıcası - insanların ətraf mühitə münasibəti, elmi araşdırmaların istiqamətləri və əldə edilən nəticələr belə proqnozlarla bağlı qətiyyətlə "Olmayacaq!" deməyə imkan vermir. Mən deyirəm - hər şey ola bilər! Çünki biz tədricən yolumuzdan çıxmağa, irəli getmək əvəzinə, geriləməyə başlayırıq", - Şeffner demişdi.

Şeffnerin söylədiklərini onun həmkarları və jurnalistlər az qala sayıqlama hesab etmişdilər. Onu "hadisələri olduğu kimi görməyən, yaxud da görmək istəməyən" adam adlandırmış, söylədiklərini isə növbəti "rejissor xülyası" sayaraq ciddiyə almamışdılar. Halbuki Şeffner təlaşa düşməkdə, narahat olmaqda və ən mühümü - aparılan elmi araşdırmalarla tədqiqatların nəzarətdə saxlanmasını tələb etməkdə haqlı idi.

Çünki...

İnsandan iki dəfə balaca olan meymunlar adamları kölə halına salaraq qul edə bilərmi? Sual fantastik ritorika təsiri bağışlasa da, ona cavab axtarmağın vaxtı çatıb.

İnternetin ən böyük videohostinq servisi "YouTube"-dakı videolardan birində Somalidə dəniz quldurlarının bazası çəkilib. 4-5 silahlı dəniz qulduru bazada oturub danışdıqları zaman, cəngəllikdən çıxan şimpanze onlara yaxınlaşır. Meymunu görən somalililər onunla oynamağa, ağızlarını əyib eynən meymun kimi səslər çıxarmağa başlayırlar. Dəniz quldurlarından biri əlindəki "Kalaşnikov" avtomatını meymuna uzadır və yoldaşlarına da qəhqəhə çəkərək qaş-göz edir ki, bəs "görək, meymun avtomatla nə edir".

Şimpanze ona uzadılmış avtomatı alır, bir müddət insanlara baxır, sonra isə tətiyi çəkərək ətrafı güllə ilə "sulamağa" başlayır. Oradakı somalililərin qaçıb aradan çıxdıqlarını yazmaq yəqin ki, artıqdır. Meymun adamların qaçdığını görür və avtomatı da əlləri ilə qaldıraraq hadisə yerini qalib görünüşü ilə tərk edir.

Bəhs etdiyimiz video meymunların şüur imkanlarına və əqli qabiliyyətlərinin çox aşağı səviyyədə olduğunu deyənlərə tutarlı cavab sayılar. Və elə əslində həmin video ABŞ ilə Böyük Britaniya alimlərini dərindən narahat edib.

Onlar meymunların insanları qul etməsi perspektivinə yol verməmək üçün elə indidən zəruri, özü də təcili tədbirlərə əl atılmasını tələb edirlər.

Amerikalı və ingilis alimlərin hazırladıqları birgə hesabatda, dünyanın müxtəlif elmi mərkəzlərində gen mühəndisliyi və biogenetika, nanotexnologiyalar, molekulyar biologiya, klonlaşdırma və insan genomu ilə bağlı aparılan araşdırmalar, reallaşdırılan sınaqlar və təcrübələrin çox təhlükəli həddə yaxınlaşdığı vurğulanır.

Onların fikrincə, lülə hüceyrələri, androidlər və süni şüurun yaradılması, xüsusilə də insanabənzər meymunların əqli qabiliyyətlərinin öyrənilməsi və artırılması sahəsindəki sınaqlar ciddi kontrol altına alınmazsa, həmin işlərə zəruri məhdudiyyətlər tətbiq edilməzsə - yaydan çıxmış oxu geri qaytarmaq mümkün olmayacaq.

Alimlər onu da deyirlər ki...

bəhs etdikləri elmi araşdırmalar son etik sərhədlərə yaxınlaşıb. Laboratoriyadakı heyvanlara, xüsusilə də meymunlara insan şüuru və davranış atributlarının süni şəkildə əxz etdirilməsi ilə bağlı təcrübələr isə qadağan edilməlidir.

Hesabat müəlliflərinin fikrincə, dünyanın müxtəlif elmi mərkəzlərində aparılan eksperimentlər, xüsusilə də meymunlarla bağlı sınaqlar insanların mövcudluğu üçün real təhlükə mənbəyinə çevrilə bilər.

Britaniyadakı Kembric Universitetinin tibbi genetika laboratoriyasının rəhbəri professor Martin Bobrovun fikrincə, cəmiyyətin yolverilməz hesab etdiyi tibbi eksperimentlərin aparılmasının qadağan edilməsi üçün zəruri addımlar atmağın vaxtı çoxdan çatıb.
"Bəşəriyyət, insanlar üçün təhlükəli anın yetişəcəyinə qədər hərəkət etməliyik. Antihumanist sınaqlar yasaqlanmalı, insan genomu və klonlaşdırma, xüsusilə də "süni insan beyni" və "süni şüur" əldə etməyə yönəlmiş eksperimentlər dayandırılmalıdır", - Bobrov deyir.

Vəziyyət isə gerçəkdən də, narahatlığa əsas verir.

Belə ki, ABŞ, Cənubi Koreya, Britaniya, Fransa, Yaponiya və İranda aparılan biogenetik təcrübələr zamanı siçanlarla meymunlara insan genləri yerləşdirilir. Alimlərin məqsədi ən müxtəlif xəstəliklər, o cümlədən xərçəng, osteoporoz, bədxassəli şişlər, vərəm, iflic, kardioloji fəsadlar və s. xəstəliklərin effektiv müalicəsi üçün vasitələr, farmasevtik preparatlar əldə etməkdir.

Məsələn, belə sınaqların bir istiqaməti meymunlara insan genlərinin yerləşdirilməsidir. Məqsəd qan laxtalanması pozuntularının qarşısını almaq üçün insan zülalı əldə etməkdir.

Meymunlar üzərində aparılan başqa bir sınaqda isə onlara insan beynindəki xərçəng şişininin hüceyrələri implantasiya olunur, bununla da bədxassəli şişlərə qarşı preparatların effektivliyi yoxlanılır.

Və ən nəhayət, Avropa Birliyi ölkələri ilə ABŞ-da aparılan digər sınaqlarda meymunlara insan hüceyrləri köçürməklə immun sistemi xəstəliklərinə qarşı effektiv preparatların alınması, habelə böyrəyi və qaraciyəri hepatitdən müalicə etmək üçün dərmanların hazırlanması məqsədi güdülür.

ABŞ Bioloqlar Assosiasiyasının son hesabatında bildirilir ki, 2011-ci ilin əvvəlindən bəri insan DNK-sını daha dəqiq, daha dərindən araşdırmaq üçün genetik modifikasiyaya məruz qalmış heyvanlar üzərində 1,4 milyondan artıq sınaq keçirilib.

Milli.Az xəbər portalı "Science Daily"yə istinadən bildirir ki, belə "transgen" heyvanlardan xərçəng və Alsgeymer xəstəliklərinə qarşı dərmanların əldə olunması, habelə ayrı-ayrı genlərin insan orqanizmində rolunu öyrənmək üçün istifadə olunur.

Yaponiyada isə biogenetiklər insanın lülə hüceyrələrini heyvan, ən çox da meymunların embrionlarına daxil edərək "insanlaşdırılmış hüceyrələr" əldə etməyə çalışırlar. Belə "ximera"lar insult, hepatit və xərçəng xəstəliyinə qarşı effektiv dərman preparatları əldə etmək üçündür.

Hesabatın daha bir məqamı bəhs etdiyimiz eksperiment və sınaqların heç bir etik-hüquqi çərçivədə olmaması, əksər hallarda isə qanun pozuntuları ilə aparılmasıdır.

Britaniyalı alimlərin fikrincə, biogenetika sahəsində aparılan sınaqların istisnasız olaraq hamısına Daxili İşlər Nazirliyi nəzarət etməli, bu sahədə aparılan işlər kontrolda saxlanmalıdır.
Boston Universitetinin professoru Martin Neylin rəhbərlik etdiyi, 16 məşhur alimdən ibarət qrup isə bəyanat yayaraq bildiriblər ki, heyvanlar, xüsusilə də meymunlar üzərində aparılan təcrübələrə nəzarət gücləndirilməlidir: "Əks halda, bizi çox dumanlı və qorxunc gələcək gözləyir.

İnsanabənzər meymunların cəlb olunduğu sınaqların sayı

ilə yanaşı, miqyası da genişlənir. Biz yalnız gedişatı və nəticələri rəsmi açıqlanan sınaqlardan bəhs edə bilərik. Lakin əminik ki, öizli aparılan, başlanğıcı, gedişatı və nəticələri neç bir yerdə açıqlanmayan sınaqlar da az deyil. Biz belə sınaqlar barədə təfərrüatlı məlumatlar əldə edə biləcəyimizi düşünəcək qədər sadəlövh deyilik. Anlayırıq ki, iri şirkətlərlə yanaşı, bir çox dövlətlərin rəsmi strukturları belə sınaqları keçirir və onlar həmin sınaqlar barədə hansısa məlumatın, hətta ən kiçik detalların aşkarlanmasında, geniş ictimaiyyətin diqqətinə çatmasında maraqlı deyillər. Lakin belə şirkətlərin və dövlətlərin nəzərinə çatdırmaq istəyirik ki, onların məxfi olmaqla yanaşı, məsuliyyətsiz davranışları "Meymunlar planeti"ndəki ssenarinin gerçək olması ilə nəticələnə bilər".

Neylin rəhbərlik etdiyi qrup insanın lülə hüceyrələrinin meymunların beyninə yerləşdirilməsi və bununla bağlı inyeksiya sınaqlarının qəti qadağan olunmasını, eyni zamanda həmin sınaqların qanundankənar sayılmasını səbəb edirlər.

Alimlər haqlıdır, çünki son təcrübələrin nəticələri göstərirlər ki, insan və meymun beyinləri arasında "körpü" yaradılmasına yönəlmiş sınaqların bəzilərinin nəticəsində meymunlarda insan beyninin rüşeym formasında da olsa, yaddaş funksiyası yaranır. Hətta bəzi meymunlar ibtidai insanlar kimi səslər çıxararaq danışıq və ünsiyyətlə bağlı primitiv bacarıqlar əldə edirlər.

Oksford universitetinin professoru, dünyanın ən məşhur genetiklərindən biri Tomas Bolduin "Scientist"ə verdiyi açıqlamasında deyib ki, Alsgeymer xəstəliyinin müalicəsini reallığa döndərə biləcək dərman preparatlarının alınması məqsədilə aparılan təcrübələr insan intellektinə malik yeni meymun növlərinin yaranması ilə nəticələnə bilər.

"Meymunların beyinlərinə çoxsaylı insan beyin hüceyrələrinin implantasiya edilməsi primatları insanla meymun arasındakı məxluqa çevirə bilər. Ən son sınaqların nəticələrinə nəzər salsaq, görərik ki, təcrübələr zamanı laboratoriyada hüceyrə köçürülməsinə məruz qalmış meymunların istisnasız olaraq hamısında sosiallaşma, ictimailəşmə ilə bağlı primitiv funksiyalar peyda olur, onların davranışlarında şüurlu hərəkətlər sistemi yaranır və belə primatlar meymunla insan arasında aralıq məxluqlara çevrilirlər. Bədii ədəbiyyatda "meymunlar inqilabı" barədə yazılanları oxuyanda gülürdük. Amma indi görürük ki, artıq gülməyin vaxtı keçib: meymunlar inqilabı reallığa dönə bilər. Əgər hər şey indiki vəziyyətdə qalarsa, primatların insanları köləyə çevirə biləcəklərini istisna etmirəm".

Belə gələcək bizə gərəkdirmi?

Tural Sarı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.